ŞAİR RUHU
Fırlanır başımda söz mirvarisi,
Necə düzməliyəm sapa, bilmirəm.
Bir şair ruhu var içimdə sanki,
Gəzib dolanıram, tapa bilmirəm.
Şairin taleyi qəmlə yoğrulub,
Kağızdır, qələmdir bir tək pənahı.
Mənə ağız dolu şair deyən qız,
Mən şeir yazmağı bilmirəm axı.
Sınıq taleyini, nakam bəxtini,
Qələmin ucunda əzdirir şair,
Doğru deyiblər ki, bütün bəşərin
Dərdini qəlbində gəzdirir şair.
ÇƏKİRƏM
Demə mənə, nə çəkirsən,
Dəmin şəklini çəkirəm.
Hər yanıma düyünlənmiş
Qəmin şəklini çəkirəm.
Zaman aşıb sürətini,
Kaş biləydim niyyətini,
Var olanın həsrətini,
Kəmin şəklini çəkirəm.
Göyərmədi “ək” dediyin,
Dərd çıxdı göyçək dediyin,
“Əyrini düz çək” dediyin
Həmin şəklini çəkirəm.
Ömür yaman ucuzlaşıb,
Səbrimin dəryası daşıb,
Tənhalıqla qucaqlaşıb
Cəmin şəklini çəkirəm.
RAHAT OLASAN
Göy üzünün qapısını
Döyəsən, rahat olasan.
Başını Tanrı önündə
Əyəsən, rahat olasan.
Tapasan xeyir izini,
Görməyəsən şər üzünü,
Hər yerdə sözün düzünü
Deyəsən, rahat olasan.
Nahaq keçib haqq səddini,
Tapmaq olmur söz mərdini,
Özün elə öz dərdini
Yeyəsən, rahat olasan.
Görməyib ömrün sonunu,
Çaldırasan son toyunu,
Nur ətirli ağ donunu
Geyəsən, rahat olasan.
DƏRDİMİN ALOVU
Günəş ətrafı yandırır,
Hərarətdən bezir insanlar.
Kimi çətirlə,
Kimi eynəklə,
Kimi ağaclara sığınaraq
Sipər çəkir səmanın atəşinə...
Ətrafı yandıran günəş
Mənim dərdimdə qızdırır şəfəqlərini.
Mənimiçimidədərdyandırır,
Yandırır qəmin odu ürəyimi.
Bəzən ocağın səsini çöldə də duya bilirəm,
Hərdən tüstüsü də çıxır…
Mən isə ümidsizlikdən qurumuş ümidlərimə bükdüyüm
Arzularımı yandırıram..
Mənim qaladığım tonqal daha böyükdür
Günəşin hərarətindən də,
Dərdlərimin sönməyən ocağından da…
İSTƏYİRƏM
Yoğurmuşam söz kündəmi, təndir uçub,
yapammıram,
Minmişəm ilham atımı, yəhərsizdir,
capammıram,
Dərdimdən dəli olmağa bir ağıllı
tapammıram,
Səhrada həyat axtaran saf məhəbbət
istəyirəm.
Dərd qılıncını qaldırıb, çarəsiz altdan
keçirəm,
Yeni sənət öyrənmişəm, dərd üstündə don
biçirəm,
Dünyanın əlvan rəngini mən axı indi seçirəm,
Yaşamaqçün ilahidən bir az möhlət istəyirəm.
Arzuları yükləmişəm ümidimin boğçasına,
Belə getsə, çox güman ki, yükü arta, boğça
sına,
Sulamağa su tapmıram könlümün gül
bağçasına,
Gözlərimdə nəm doğuran acı həsrət
istəyirəm.
VƏTƏN
Vətən, sənin hər daşına qurbanam,
Hər daş altda bir şəhidin ruhu var.
Sevinc gəzə bilməz yaralı könlüm,
Ürəyimdə anaların ahı var.
Əsirlikdə elim var, axtarmıram,
Çəkir zülüm, dərd, qübar axtarmıram,
Bu halına günahkar axtarmıram,
“Vətən!” deyən hər kəsin günahı var.
Dünya gəzən şöhrətimə göz dikib,
Əsir tutub, qeyrətimə göz dikib,
Torpağıma, sərvətimə göz dikib,
Düşmənimin nə yaman iştahı var.
Vətən oğlu, torpağa yas saxlama,
Hər verilən vədə ümid bağlama,
Müjdə gözlə, dik dur, Anam, ağlama,
Alacağıq, bugünün sabahı var!