GECƏNİN SÜKUTU
İşıqları o sönməyən tək evin
pəncərəsin bir göyərçin döyəcək,
dimdiyində gətirdiyi məktubun
hər sözündən sənin ətrin gələcək.
o ətirdən yuxu qalmaz gecədə,
o gecəni xatirələr alacaq,
o gecənin sükutunu pozacaq
adam gəlib düz önündə duracaq.
gözlərinə dikiləcək iki göz,
yanağında o qonağın öpüşü,
lal divarlar yaddaşına köçürər,
pərdələrin izlədiyi görüşü.
bu gecəyə lap ömrünü verərsən,
yalvararsan qaranlığa ilk kərə,
bir ismarış göndərərsən günəşə –
“noolar, sabah sən yuxula, yat” – deyə.
QARABAĞA GÖYDƏN BAXIŞ
Şəhərləri, kəndləri viran edilən,
yollarının izi itən Qarabağın
kosmosdan çəkilən
xəritədəki şəklini gördüm.
Bir də
şəhid olan oğlunu ağlamaqdan
səsi batan ana təki
səsini içinə salmış elin,
Əzanı eşidilməyən,
namazına durulmayan,
divarına yazılmış Quran kəlmələrinin yerinə
ermənilərin hər şey yazdığı
Allah evinin
özgələr tərəfindən çəkilən son video görüntülərini.
Bütün bu allahsızlıqlara
gözə görünməzdən
bir peyk baxırdı,
bir də Allah...
Biri ancaq görürdü,
o biri isə, həm də dözürdü...
YOXLUĞUN ELEGİYASI
Hər dəfə yuxuda görəndə səni,
həyətdə görürəm, evdə görürəm.
Mən səni hər zaman kənddə görürəm.
Yüyürək görürəm, qaçan görürəm,
danışan görürəm, gülən görürəm.
Mən səni, mən səni belə görürəm.
...Bu dəfə üzünü görə bilmədim.
Utandım.
Üzünə baxa bilmədim.
Danışa bilmədim,
dinə bilmədim:
Zaman çox şeyi dəyişib.
Kənd də daha o kənd deyil.
Yollar da,
cığırlar da itib,
evlər də,
adamlar da...
ağaclar da küsüb.
Torpaq da əlini bizdən üzüb.
Orda yer də, göy də
bu dünyadan üz döndərib:
boşluqdan içini qucaqlayan
təndir də,
günbəz də,
ətrini itirən qızılgüllər də,
qana boyanan arxlar da,
o xoş günü itirən xoş baxtlar da.
Sən olmayan evdə hər şey dağınıq,
sən olmayan yerdə hər şey boşluq,
yerini dolduracaq heç nə yox...
Qorxdum boşluqdan, ana,
yaman qorxdum.
Geri döndüm.
Səni itirdiyim yerdə tapmağa.
Sabah yenə ziyarətinə gələcəm.
O gülər üzündən
solğun bənizimə təbəssüm qatmağa,
boşluğu içimdən atmağa.
Qucaqla məni, ana,
qucaqla daşlaşmış qollarınla.
Sığal çək bozarmış üzümə,
sənsiz dünyanı ağ-qara görən gözlərimə,
sığal çək bərkimiş əllərinlə.
Başımı buz kimi dizinə qoyum,
bir günlük səndən doyum.
Qoynuna sığınmaq üçün
daşımı oyum?
Oyummu, ana?
Əvvəlkitək al məni,
al məni qoynuna.
Səni apara bilmədim.
Nə əlindən tutub gedə bildim,
nə yanına düşüb gedə bildim,
nə qoluna girib gedə bildim,
ANA!
Son arzum qaldı ürəyimdə.
Apara bilmədim səni
xoşbəxt olduğun yerə,
deyib-güldüyün yerə,
olmaq istədiyin yerə...
Gücüm çatmadı.
Oğul gücüm, ağıl gücüm.
Nə səni qoruyub saxlaya bildim,
nə yurdu.
Hər şeyi itirdim,
Səni də,
yurdu da,
zamanı da...
Yoxluğun dəyişdirdi adımı.
Mən də daddım anasızlıq dadını.
Təkcə atama uzanan yolun işığına qısılmışam.
Kəndimizə gedən yolun birinə qaranlıq çökdü.
Buludlar yollara göz yaşı tökdü.
Göy üzünü almış
qapqara buludlar.
Üstümə yüyürür
saralan umudlar.
Anam da yox,
görən məni kim ağlar?...
Qara daşdan
bulaq gözlü
anam ağlar,
DƏNİZDƏ TOY
Sənin gəlişini görən ləpələr
önünə yüyürər, arxanca qaçar.
Səni öz yanında saxlasın deyə,
sənin izlərini yuyub aparar.
Sonra ayağından, izindən öpər,
əyilsən üzündən, gözündən öpər.
Sonra qulağına nəsə pıçıldar,
yanağın allanar, gözlər parıldar...
Sonra bu sevincin sədalarında
ləpə paltarında gəlin olarsan.
Bu gecə toyuna gələn balıqlar
düzülər boy-boya şahidlər kimi.
Sonra bir gecəlik hey sevişərlər –
atılıb düşərlər, alqış deyərlər.
Külək də “Mendelson marşı”nı çalar.
Bu gecə dalğalar dəniz toyunda
ləpəylə ilk dəfə bir vals oynayar.
Ay da olanları göyə yollayar...
Bu gecə bir ülvi sevgi gecəsi,
dəniz qucağında bir eşq nəşəsi...
DAHA DARIXMAĞA DƏYMƏZ BU GECƏ
Gecənin sədası, səsi budursa,
yuxusu, xəbəri, sözü budursa,
gecənin mənası, özü budursa,
daha darıxmağa dəyməz bu gecə.
Gəldim ki, biryolluq gecədə qalam,
ağrını, acını içimə alam,
mən ha çalışdım ki, əzizi olam –
məni bircə kərə öyməz bu gecə.
Nə yatdım, hələ bir yuxu da görəm,
o qədər gözlədim, zamandan döləm,
ortaq nəyim qaldı gecəylə böləm,
məni yuxusuyla döyməz bu gecə,
bir dəli sevdaya dəyməz bu gecə.
ÜZÜNÜ AĞACA SÖYKƏMƏ ELƏ
Üzünü ağaca söykəmə elə...
Qurumuş ağac da unudar özün.
O yerdən bir pöhrə pərvaz eyləyər,
içindən alışıb yanan o ağac
baxıb ağaclara min naz eyləyər.
Üzünü ağaca söykəmə elə…
Ağac havalanıb uçar göylərə.
Yerdə qalanları aya baxantək,
hər axşam üz tutub baxar göylərə.
Üzünü ağaca söykəmə elə…
Həsrətli üzümə bir payız qonar.
Baxışım gözündə ağlayar sənin,
üzümdə öpüşün izləri donar.
Üzünü ağaca söykəmə elə…
APAR MƏNİ
Apar məni dəmir yol.
Aç qapını, bələdçi.
O kimsəsiz məkanda
əylə düşüm, bələdçi...
Bəlkə, elə bu dəfə
bayquş aparsın məni.
Aparıb atsın məni,
köhnə cığır izinə,
uçuq evin yerinə.
Atsın məni, qoy atsın
sökük qəbrin üstünə
bir sinə daşı təki.
Ya çaylağa, daşlığa,
ya quyuya tullasın,
bir gecəlik, bir günlük
sığınım o torpağa...
sürtüm, üzümü sürtüm
o yaylıq yarpaqlara,
o doğma torpaqlara...
yenə sən apar məni,
o köhnə vaxtlardakı
evə aparan təki.
Apar məni dəmir yol.
İtən yol bilinəndə,
sökük ev görünəndə,
xəyalım bitən yerdə,
xatirəm itən yerdə
çək əyləci, bələdçi,
o havanı bir udum,
otu, kolu qoxlayım,
izi, yolu yoxlayım,
ayrılığın ömrünü
kəsim, kəsim, doğrayım.
Döy qapımı, bələdçi,
çağır məni, bələdçi,
səslə məni, bələdçi,
“daha çatmısan” deyə.
Neçə ildi bu səsi,
bu sözü gözləyirəm.
Çək əyləci, bələdçi.
Saxla, mən burda düşüm.
Gedim mən olan yerə...
Görsünlər ki, diriyəm.
Görsünlər ki, gəlirəm...
BU GECƏ GÜZGÜLƏRDƏ
gecəyə ay doğmadı
sənə salam göndərəm
bu gecənin səmtini
sənə sarı döndərəm
yollar gecədən uzun
yollar uzanıb gedir
bu uzanan yolların
hamısı səndə bitir
bu ulduzsuz bu aysız
bu darıxan gecədə
özünü mən əvəzdən
öpərsən güzgülərdə
HƏSRƏT YOLÇUSU
Ay bu yolu gedən balam,
yolu, səmti bilirsənmi?
O tanınmaz cığırlardan
kolun izin silirsənmi?
İz üstünə iz düşdümü,
dərdlər səni üşütdümü?
Öz özünü çağıranda
könlün bir səs eşitdimi?
Təpələr düzəndimi
düzəni çala yerdə?
Bu olmayan canımı
qurtarıb ala yerdə.
Qanad çalan quş varmı,
torpaqda oyanış varmı?
Yarı sökük divarda
oxuyan bayquş varmı?
Nə gördün söylə görüm?
Nə dedi qalanlarım?
Duydumu ayaq səsin
qəbirdə olanlarım?
“Axır ki, gəldin” deyib,
çönüb baxan oldumu?
Cənnəti viran görüb
gözün qanla doldumu?
GÜLLƏ SƏSİ GƏLİR YERİN ALTINDAN
Bu gedişin, zamanın... qəmi var, ağrısı var,
içində naləsi var, dərdi var, yanğısı var.
Körpələr boylanır təpə qəbirdən,
körpələr boylanır qəbir qucaqdan,
körpələr boylanır qan quyusundan.
Bir körpə anasın axtarır hələ
açılan güllənin alovlarında.
Bir gözdə analar güllələndilər,
bir gözdə ataya uçdu güllələr.
Güllələr körpənin son oyuncağı,
güllələr körpənin son dayanacağı.
Körpənin torpaqlı tər sinəsində
sevdiyi qırmızı lalə böyüyür,
üstündə bir qara güllə yarası.
Günahsız körpələr, məsum körpələr
körpə paylarını yaşamadılar,
körpə çağlarını yaşamadılar,
körpə adlarını daşımadılar.
Yarımçıq qoyulan ömür payıyla,
üzündə o donmuş sevinc halıyla,
bir körpə dolaşır, bir körpə gəzir
Qanlı Xocalının gecələrini,
Kərkükün, Mosulun...
Hələb, Kabulun,
köhnə Varşavanın...
Bağdad, Dəməşqin
sevincsiz, uşaqsız küçələrini.
Ötür, illər ötür, zaman dəyişir,
səndə də, məndə də güman dəyişir...
Axşamın birində, günün birində
bu qara dünyada, yalan dünyada
kor fələk dolanan məkan dəyişir.
Baxışlar dəyişmir, sükan dəyişir.
Naqisin xisləti dəyişmir hələ,
nifrətlər sevinclə bölüşmür hələ,
körpə gülüşləri öpüşmür hələ.
Təmiz bildiyimiz o, boz səmadan
mərmilər tökülür, bombalar yağır
körpə evlərinə, uşaqlı evə.
Güllə səsi gəlir yerin altından...
Güllə səsi gəlir oyuncaqlardan...
BİTMƏYƏN QARANLIQ
Qaranlıq gecələrtək
yox gözümdə bir naxış.
Gəl, dayan başım üstə
kölgənə yağdır yağış.
Bəlkə isinə canım,
bəlkə ayılıb duram,
əlini qoy sinəmə,
bəlkə sağala yaram.
Bu gecənin sahili
gündüzdən uzaq düşüb,
bitməyən qaranlığa
sevinclər yasaq düşüb.