GÖZLƏRİNİ YUM...
Həsrət xurcunu var əynimdə,
ürəyinin hər döyüntüsündə
qırılıb düşmüş daş parçalarını yığıram.
Könlümün dəyirmanında üyüdüb
zirvədən səpirəm ki,
özünə dalıb oxuduğun musiqini
bir də dinləyim...
AKUPUNKTURA
Düşündünmü nədən deyilir belə?
- Xoşbəxtlik insanın ovucundadır.
Nə qədər baxsaq da
görə bilmirik.
Görə bildiyimizi duymuruq nədən?
Boylanıb uzaqdan xoş an gəzirik,
xoşbəxtlik insanın əlində gəzir.
Əlimdən düşürdüb
qoymuşam küncə,
İynələr düzürəm əzalarına.
Donaraq tərpənmir, cəzadır, düşünür,
Demək, xoş anların düşüncəsi var.
Ovcunu dizinin qapağına qoy,
ən uzun barmağın hara dəyirsə,
uzun ömürlülüyün səcdə yeridir.
Bilirsənmi nədir uzunömürlülük?
Qunuta yığılmış sarımtıl üfüq.
SƏNSİZ
Sonda adiləşməkdən qorxub
hislərini içində boğan sevgili,
həssrətdən solanacan
vüsala qovuşub soyumaq
gözəl deyilmi?
Gərək daha rəsmi olsun suallar,
eşqdən, sehrdən sən, sizə dönür...
* * *
sən
bütün gedən Şairlərin sevgilisi,
bütün anaların gəlinlərinə xas olan qadınsan,
bəlkə...
sən
bir çox şeir əvəzi cümlə
yenicə doğulmuş övladına baxan ilk baxış
kimisən.
sən
Adəmin damarında qana çevrilən torpaq,
narıncı ipək kimi səmayla sevişib, pərvaz edən
gözəlliklərsən.
sən
zehində gerçək kimisən...
* * *
... oğru əlindən,
Aşiq sevgilisindən yaralanmışdı.
Müharibə illərində dolmuş palataların
dəhlizinə bənzəyirdi bu küçə.
Mələkləri xatırladan adamlar
yaxınlaşıb pıçıldayırdılar:
sağalmağın bir yolu var:
əl-ələ tutmaq!