Àzərbaycan ədəbiyyatşünaslığı təşəkkül tapdığı ən ilkin zamanlardan klassik bədii irsə həmişə həssas münasibət bəsləmişdir. Hələ orta əsrlərin təzkirə kitablarının müəllifləri öz əsərlərinə daxil etdikləri sənətkarların şeirlərinə geniş yer ayırmaqla bərabər onların yaradıcılıqlarına, sənətdə mövqelərinə dair müəyyən fikirlər söyləmiş, tərcümeyi-halları barədə məlumat verməyə çalışmışlar. “Təzkirələr Azərbaycan ədəbiyyatşünaslığının ilk nümunələridir və klassik irsin toplanması, yayılması və təbliği, ayrı-ayrı yazıçılar haqqında müxtəlif xarakterli məlumatların qorunub saxlanması sahəsində böyük iş görmüşdür”1.
Sonralar müxtəlif yollarla inkişaf edən Azərbaycan ədəbiyyatşünaslığı XIX əsrdə artıq bədii düşüncəni - ədəbiyyatı birbaşa irs kimi dəyərləndirməyə başlamışdır. Bu sahədə ilk və uğurlu təşəbbüs göstərən məşhur ensiklopedik zəka sahibi Abbasqulu ağa Bakıxanov olmuş, əsrin ikinci yarısında isə Şeyx Əhməd Səlyani klassik irsi sistemli öyrənməyin - türk ədəbiyyatı tarixi yaratmağın aydın prospektini təqdim etmişdir2. Həmin dövrdə M.F.Axundzadənin Cəlaləddin Rumi, Nizami Gəncəvi, Məhəmməd Füzuli, M.P.Vaqif kimi sənətkarların yaradıcılığı və ədəbiyyat tarixində mövqeyinə dair söylədiyi fikirləri də klassik bədii irsə, onun ayrı-ayrı yaradıcılarına həssas münasibətin və dəyərləndirmənin görümlü ifadəsi kimi mənalandırmaq olar.
Belə zəngin bünövrə üzərində yüksələn milli ədəbiyyatşünaslıq XX əsrdə həm eninə, həm də dərininə doğru inkişaf edərək tamam yeni keyfiyyətli bir elm sahəsinə, müasir humanitariyanın ən aparıcı qollarından birinə çevrilmişdir. Hələ əsrin əvvəlindən - müstəqil biliklər sistemi kimi fəaliyyətə başladığı ilk dövrlərdən Nizami, Füzuli, Vaqif, Zakir, M.F.Axundzadə kimi sənətkarların yaradıcılığına xüsusi həssaslıq göstərən bu elm özünün bütün mərhələlərində klassik irsin toplanması, nəşri və tədqiqinə qarşı diqqətli olmuşdur. Xüsusilə, əsrin 90-cı illərində Azərbaycanın siyasi-dövlət müstəqilliyinin bərpa olunması elmi düşüncənin başqa sahələri kimi ədəbiyyatşünaslığın da yeni istiqamətdə inkişafına stimul yaratmış, onun klassik bədii irsə yanaşma, onu araşdırma və qiymətləndirmə üsulunda bir sıra yeni meyarlar müəyyənləşmişdir.
Həmin dövrdən ədəbiyyat “ümumproletar işinin təkərciyi, vintciyi” olmaq vəzifəsindən çıxaraq, mentalitet, ruhun sözdə görünən canı və cismi kimi dərk edilir. Bütövlükdə söz sənəti, ayrılıqda hər bir ədibin yaradıcılığı sinfi mövqedən yox, ədəbiyyatın öz meyarları ilə təhlil və şərh olunur. Milli-etnik düşüncədə kök və soy, gen və qan yaddaşı baş qaldırır. Belə idrak üsulu bütövlükdə Azərbaycan ədəbiyyatına, o cümlədən onun klassik dövrünə, tarixi mərhələlərinin təsnifinə dair fikirləri yenidən elmi düşüncənin müzakirəsinə gətirir, diqqəti bir daha hazırlanmaqda olan “Azərbaycan ədəbiyyatı tarixi” adlı çoxcildliyin məzmununa və strukturuna, onun necə yazılması və hazırlanması probleminə yönəldir. Milli ədəbiyyatşünaslıq elminin mərkəzində - AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elmi şuralarında və müxtəlif müşavirələrində söylənən konstruktiv fikirləri ümumiləşdirən Y.Qarayev yazırdı: “Zaman və sənət problemlərini (ədəbi mərhələ təsnifi, tarixi dövrləşdirmə problemii də daxil olmaqla) ədəbiyyat həmişə özü həll edir. Bədii tərəqqi özünün tarixi hərəkətində ədəbiyyatın qanunauyğunluqlarını da, mərhələlərini də yaradır, sabitləşdirir, yaxud yeniləşdirir... Vəzifə - həmin obyektiv qanunauyğunluqların öz meyarını meydana çıxarmaq və onu elmi təsnifin də əsasına qoymaqdan ibarətdir”. 3
Deyilən fikirlər öz ifadəsini əməli işdə tapdı. Klassik irsin tədqiqi və təbliği sahəsində mövcud olan “ağ ləkələr” yavaş-yavaş silinib təmizlənməyə doğru istiqamət aldı. “Yasaq ədəbiyyatı” - “Füyuzat”, “Dirilik”, “Şəlalə”, “Açıq söz”, “Azərbaycan” kimi mətbuat orqanları, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə, C.Hacıbəyli, Ə.Abid, A.İldırım və başqa ədiblərin həyat və fəaliyyəti haqqında tədqiqatların miqyası genişləndi, əsərləri çap olundu, elmi həqiqətlər aşkarlandı. Vaxtilə tədqiqatçıların böyük ehtiyatla və çox zaman birtərəfli - sovet ideologiyasının tələbləri çərçivəsində öyrənib şərh etdikləri ədəbi-fəlsəfi cərəyanlar: ürfan, təsəvvüf, sufilik, hürufilik daha dərindən şərh olunmaq hüququ qazandı. Ayrı-ayrı ədəbi abidələrin və klassiklərin konkret əsərlərinin öyrənilməsində yeni elmi istiqamətlər formalaşdı. Nizamişünaslıq, füzulişünaslıq, xətaişünaslıq, axundovşünaslıq kimi elm sahələrinin üfüqlərində təzə parıltılar göründü. “Avesta”nın və Orxon-Yenisey abidələrinin mətni, dili, bədiilik göstəriciləri Y.Məmmədov, Ə.Şükürlü, E.Əlibəyzadə, B.Şəfizadə, V.Osmanlı və başqalarının tədqiqatlarında əvvəlkilərdən fərqli oxunuşda və yozumda canlandı. Xüsusilə “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin qeyd olunması abidəyə elmi-filoloji marağı daha da qüvvətləndirdi. Anar, T.Hacıyev, B.Abdulla, K.V.Nərimanoğlu, B.Nəbiyev, Y.Qarayev, A.Nəbiyev, K.Abdulla, Ş.Cəmşidov, N.Cəfərov, K.Allahyarov, V.Zahidoğlu, S.Hacılı kimi tanınmış alimlərin məqalə və kitabları qorqudşünaslığın indiyə qədər əsaslı tədqiqatdan kənarda qalan problemlərinə işıq çilədi. Aparılan tədqiqatların real, görümlü nəticəsi kimi ikicildlik “Kitabi-Dədə Qorqud ensiklopediyası” meydana gəldi.1
Azərbaycan ədəbiyyatşünaslığının klassik irsə marağı, adətən, bu irsin ayrı-ayrı yaradıcılarının əsərlərinə müraciət şəklində təzahür edir. Bu baxımdan nizamişünaslıq yenə də irəlidə gedir. Şairin dövrü, mühiti, tərcümeyi-halı, yaradıcılığının dünyəvi-humanist və sufi-mənəvi mahiyyəti, sələfləri və xələfləri, ilhamlandığı qaynaqlar, tarixdən bəhrələnmə yolları, sənətkarlıq xüsusiyyətləri, dünya söz sənətinin, müsəlman mədəniyyətinin inkişafında mövqeyi, sosial baxışları, sənət düşüncələri və poetikası - müasir nizamişünaslığın diqqət yetirdiyi əsas problemlərdir və özünün elmi şərhini R.Azadə, X.Yusifli, Y.Qarayev, A.Hacıyev, T.Kərimli, E.Əlibəyzadə, V.Hacıyeva kimi tədqiqatçıların əsərlərində tapmışdır.
Problemlərinin aktuallığı, orijinallığı və elmiliyi ilə seçilən həmin əsərlər içərisində mərhum ədəbiyyatşünas Azadə Rüstəmin “Nizami və onun poeziya sələfləri” (B., 1999) monoqrafiyası fərqlənir. Böyük sənətkarın bədii irsinin az öyrənilmiş problemlərindən birinə - onun özünəqədərki qaynaqlardan bəhrələnmə üsullarının elmi tədqiqinə həsr olunmuş monoqrafiyada müəllif problemi daha əsaslı işləmiş, Nizami sənətinin orijinallığını və bənzərsizliyini onu öz sələfləri ilə qarşılaşdırmaqla, müqayisə etməklə əsaslandırmışdır.
Məlumdur ki, tarixi-müqayisəli təhlilə əsaslanan tipoloji öyrənmə həmişə ümumi cəhətləri nəzərdə tutur: “Tipologiya mövcud hadisənin mahiyyətini başa düşməyə və müəyyənləşdirməyə imkan verir. Tipologiya öyrənilən hadisənin meydana gəlmə, inkişaf etmə və dağılmasının ümumi qanunauyğunluqlarını açmağa kömək edir. (Q.Pospelov. Problemı romantizma. L., 1967, s.47). Bu baxımdan monoqrafiya müəllifini ilk növbədə Nizami əsərlərinin süjet və obrazlarının qədim tarix, salnamə və digər yazılı qaynaqlardakı prototipləri maraqlandırır. Kitabın birinci fəslində qeyri-islami - “yəhudi və nəsrani” mənbələr xatırlanır; VI-VII əsrlərdə yaşamış Yevaqriy, Sebeos, Simokatta kimi tarixçilərin əsərlərində, VIII əsr müəllifi Feofanın “Tarix” kitabında İran şahı Hörmüzün taxt-tacdan uzaqlaşdırılması, Xosrovun hakimiyyətə gəlişi, onun Bəhram Çubinə ilə münasibətləri barədə deyilənlər şərh olunur.
Monoqrafiyada N.Gəncəvinin “İsgəndərnamə” əsərinin mövzusu İsgəndərin obrazı ilə səsləşən mənbələrin təhlilinə xüsusi səhifələr ayrılır. Bu baxımdan tədqiqatçının məşhur “Saxta Kallisfen” romanı ilə “İsgəndərnamə” arasındakı oxşarlıqları müqayisə etməsi maraqlıdır. Sələflərinin mülahizələrinə söykənən Azadə xanım da bu qənaətə gəlir ki, “Saxta Kallisfen”də təsvir edilən bir çox hadisələr Nizami “İsgəndərnamə”si üçün ilk mənbə rolunu oynamış, Azərbaycan şairi həmin əhvalat və hadisələrdən bəhrələnmişdir.
Nizami obrazları ilə bağlı islami mənbələrin təhlilə cəlb edilməsi kitabın elmi sanbalını daha da artırır. Xüsusilə N.Gəncəvinin dahi Şərq-müsəlman şairi, məşhur “Şahnamə” epopeyasının müəllifi Əbülqasım Firdovsi ilə yaradıclıq əlaqələri, “Xəmsə” süjet və obrazlarının “Şahnamə”dəki təqdimi monoqrafiyada əhatəli şərh edilir. Azərbaycan şairinin “Xosrov və Şirin”, “Yeddi gözəl”, “İsgəndərnamə” əsərlərində təsvir olunan əhvalatların - Nizami süjet və obrazlarının “Şahnamə” epizodları ilə səsləşən məqamları, Firdovsi-Nizami əlaqələri araşdırılır. Tədqiqatın bu yöndə aparılması müəllifə Firdovsi və Nizami yaradıcılığının fərqini, onların hər birinin bədii-estetik özünəməxsusluğunu müəyyənləşdirmək imkanı verir. Alimin fikricə həmin özünəməxsusluğu şərtləndirən amillərdən biri onların sənət, estetika və məqsəd-amal bənzərsizliyidir. “Şahnamə” və “Xəmsə”də süjet, obraz ənənəvi, məqsəd-amal isə ayrı olmuşdur. Eyni mövzuları, hətta eyni əhvalatları təsvir edən əsərlərində belə Firdovsi və Nizamini müxtəlif ideallar düşündürür: xəlqilik, humanizm, ədalət, demokratiya, istiqlal, vətənpərvərlik motivlərinin təsvir və tərənnümü gəncəli dahinin əsərlərində özünün apogeyinə çatır. Tuslu sənətkar isə cəngavərlik və şahlıq tarixinin, mifik və real hakimiyyət ehtiraslarının təsvirinə üstünlük verir. Lakin bunlar məsələnin bir tərəfidir. Azadə xanım Firdovsi ilə Nizami sənətlərini fərqləndirmək, onların hər birinin orijinallığını və təkrarsızlığını göstərmək üçün tədqiqatın istiqamətini onların əsərlərinin poetikasına yönəldir və bizcə, uğurlu qənaətlər əldə edə bilir; qəhrəmanlıq epopeyası olan “Şahnamə”də epik vüsət, hadisələrin panoram təsviri üstünlük təşkil edir. Burada xarakterlər əhvalatların fonunda, əsasən təhkiyə yolu ilə təqdim olunur, obraz “statik, donuq başlanğıcdan sona qədər sabit vəziyyətdə” verilir, “qəhrəmanların bu və ya digər hərəkətini müəyyənləşdirən daxili-ruhani keyfiyyətlər çox zaman səhnə arxasında göstərilir”. Nizami isə xarakteri obrazın iç aləminə enmək, insani fikir və hisslər aləminə müdaxilə yolu ilə açıb şərh edir. Bu mülahizələrin doğruluğunu tədqiqatçı həm “Şahnamə”nin, həm də “Xəmsə”nin aparıcı surətlərindən olan Xosrov, Şirin, İsgəndər, Dara və Bəhram obrazlarının müqayisəli təhlili ilə əsaslandırır.
Son illərdə yazılmış və Nizami sənətinə təzə elmi baxış ifadə edən qiymətli tədqiqat əsərlərindən biri Teymur Kərimlinin “Nizami və tarix” (B., “Elm” nəşriyyatı, 2002) monoqrafiyasıdır. Kitabda Nizami yaradıcılığında tarixi şəxsiyyət və tarixi hadisə problemi müxtəlif baxış bucaqlarından izlənilir; bunun şairin ideyalarına, əsərlərinin bədii-estetik qayəsinə xidmət səviyyəsi aydınlaşdırılır. Müəllif indiyə qədər deyilənləri dərindən öyrənərək, lakin onları təkrar etmədən problemin yeni laylarını, ağ qalan səhifələrini araşdırır. “Xəmsə”nin yarandığı tarixi şərait, Nizami yaradıcılığında antropomorf cizgilər kəsb etmiş Tanrı obrazı ilk tarixi şəxsiyyət kimi, şairin əsərlərində Məhəmməd peyğəmbərin obrazı: tarixi şəxsiyyət və dini ideal, tarixi şəxsiyyət və mühit, Nizaminin məmduhları, “Xəmsə” poetikasının tarixi rolu - kitabda tədqiqata cəlb olunan və əhatəli elmi təhlilini tapan ədəbiyyatşünaslıq məsələləri bunlardır. T.Kərimli onların hər birini ağır təmkinlə, özünəxas elmi ləngərlə izah edir. XII əsr Gəncə mühitinin ictimai-tarixi, sosial-siyasi və ədəbi-mədəni səciyyəsini şərtləndirən amilləri göstərir, şairin poemalarının ideya mənbələrindən biri kimi onların yazıldığı dövrdə baş vermiş tarixi hadisələri qiymətləndirir, “Xəmsə”yə daxil olan əsərlərin rəsmi giriş hissələrində təriflənən Tanrı obrazında antropomorf keyfiyyətlər görür. Tədqiqatçının Fələk-Tanrı münasibətlərinə dair mülahizələri orijinal olmaqla yanaşı, həm də düşündürücüdür. Həmin münasibətlərin Füzuli yaradıcılığında izlənməsi isə tədqiqata aydın bir tipolojilik gətirir və nəticələrin doğruluğuna inamı artırır.
Nizaminin təsvir etdiyi Tanrının antropomorf səciyyəli olduğunu əsaslandırmaq üçün T.Kərimli bir məqamı da diqqətə çatdırır; “Xəmsə”də “təkcə şairin Tanrıya deyil, eyni zamanda Tanrının da Nizamiyə müraciət etməsi” ondakı antropomorf cizgiləri xeyli gücləndirir. Şair müxtəlif suallar qarşısında cavabsız qalaraq psixoloji sarsıntı keçirəndə Tanrı ona müraciət edib yol göstərir. Bundan başqa “Nizami poemalarının əsas süjetində də Tanrı müntəzəm olaraq hadisələrə müdaxilə edir, qəhrəmanların davranışını müəyyənləşdirir, gözəgörünməz bir nəzarətçi kimi insanların könlünə əxlaq və inam işığı salır” (s.73). Nəhayət, tədqiqatçıya görə, Tanrının antropomorf sifətlərlə bəzənməsinin “təbii şərtlərindən biri də onun bütün qüvvət və qüdrətinin insanlara xidmət etməyə yönəlməsində özünü götərir. Bütün canlı və cansız təbiətin yaradılmasında məqsəd - insanlara xidmət etməkdir; deməli, belə bir tanrı insana çox yaxın, doğma və munis olmalı, insanı da öz gözəl sifətləri örnəyində yaratmalıdır” (s.71).
Şairin əsərlərində sonsuz məhəbbətlə təsvir edilən Məhəmməd Peyğəmbərin mübarək obrazına, onun meracına - göylərə yüksəlişinin ülvi, ruhi səciyyəsinə, Allahla görüşünə, meracnamələrin məzmun xüsusiyyətlərinə və poetik strukturuna dair təhlillərdə T. Kərimlinin Nizami dünyasına dərindən baş vurduğunu, təkcə Nizami əsərlərini deyil, onların dini-mifoloji qaynaqlarını, bədii-estetik mənbələrini də yaxşıdan-yaxşı öyrəndiyini təsdiq edir. Əlbəttə, kitabda Tanrı-İnsan, Tanrı-Vicdan, Peyğəmbər-tarixi şəxsiyyət məsələlərinin axıra qədər izah və şərh edildiyini söyləmək mübaliğə olar. Xüsusilə, Nizami poemalarındakı hökmdar surətlərinin müsəlman kimi çıxış etməsini şairin müasirlik keyfiyyəti ilə bağlanması, yaxud Tanrının “Vicdan ipostasında” çıxış etməsi, şairin əsərlərindəki Tanrı obrazının “mücərrəd tarixi şəxsiyyət, ümumiləşmiş bir bədii-fəlsəfi obyekt” olması, “Məhəmməd Peyğəmbərin obrazında... Nizaminin müasiri olan və ya ola biləcək tarixi şəxsiyyətin verilməsi” haqda mülahizələr hələ geniş və daha inandırıcı şərhini gözləyir. Kitabda Nizami Gəncəvinin məmduhları - şəxsiyyətlərini mədh etdiyi - təriflədiyi hökmdarlar haqqında ətraflı söhbət açılır. T.Kərimli şairin əsərlərində səxavətlə öyülən Məlik Fəxrəddin Bəhram şah, Sultan Toğrul, Atabəy Məhəmməd, Qızıl Arslan, Axistan, Mənuçehr, Əlaəddin Körpə Arslan, Əbubəkr Bişkin kimi hökmdarları tarixi şəxsiyyət olaraq nəzərdən keçirərkən onların padşahlıq, ölkəni və dövləti idarə etmək üsullarını Nizaminin təsvirlərinə istinadən səciyyələndirir. Tədqiqatçı “Xəmsə”də tarixi şəxsiyyət və mühit məsələsini də tədqiqatın mərkəzinə gətirərək, mühitin şəxsiyyətə və əksinə, şəxsiyyətin mühitə təsirini aydınlaşdırır. O, mühit haqqında Şərq şeirində söylənmiş müxtəlif mülahizələri, fikir və müddəaları təhlildən keçirir, problemin Nizami yaradıcılığında təzahürünü, həmçinin “Xəmsə”də hökmdar surətlərinin tarixi təkamülünü əyani göstərmək üçün “Yedi gözəl”, “Xosrov və Şirin”, “İsgəndərnamə” əsərlərinə istinad edir.
Əlbəttə, “Nizami və tarix” problemi ədəbiyyatşünaslıq üçün yeni deyildir. Lakin problemin ümumiləşdirilmiş tədqiqinə kəskin bir ehtiyac hiss edilirdi ki, T.Kərimlinin monoqrafiyası ilk növbədə bu baxımdan maraq doğurur... “Nizami və tarix” monoqrafiyası dahi şairin yaradıcılığını, möhtəşəm epik poeziyasını tədqiq etmək istiqamətində müasir nizamişünaslığın yeni və diqqətəlayiq bir uğurudur”.1
Nizami əsərlərində qorunub saxlanan tarixi səbrlə, təmkinlə araşdıran alim həmin əsərdəki bəzi motivlərin kökünü ən qədim türk bədii təfəkkürünün yaratmış olduğu nümunələrdə, məsələn, “Bilqamıs” dastanında, “Avesta” kitabında, “Orxon-Yenisey” kitabələrində görür. Tədqiqatçının “Xəmsə”dəki epizodlarla qədim qaynaqlar arasında apardığı müqayisələr, üzə çıxardığı oxşarlıqlar Nizaminin özündən öncəki mədəniyyət tiplərinə, o cümlədən türk-şumer mədəniyyətinə bələdliyi barədə təsəvvürləri daha da qüvvətləndirir.
Məlumdur ki, Nizami Gəncəvi İskəndər və Nüşabə surətlərini yaradarkən tarixi qaynaqlarla yanaşı şifahi xalq ədəbiyyatı nümunələrindən, Azərbaycan türkləri arasında geniş yayılmış rəvayətlərdən də faydalanmışdır. Şairin təsvir etdiyi qəhrəmanların dolğun, monumental çıxmasında onun özünün misilsiz bədii təxəyyülünün, sənətkar qüdrətinin və məqsədinin də böyük rolu olmuşdur. Nizaminin məqsədi isə heç də Makedoniyalı İskəndərin hökmdarlıq tarixini, yaxud tərcümeyi-halını yazmaq deyildi. Özü deyir ki:
Şeirimdən atsaydım bəzəkli donu,
Azacıq zəhmətlə yazsaydım onu,
Bu böyük fatehin sərgüzəştindən
Bir vərəq yazmaqla bitirərdim mən.
Dastanın baçqa bir yerində deyilir:
Bu dastan haqqında rəvayət çoxdur
Hər kəsi dinlədim, iradım yoxdur...
Vurdum tarixləri mən bir-birinə,
Baxdım Firdovsinin öz əsərinə...
Ən yaxşı bir qoca rəvayət edir.
O köhnə dastandan hekayət edir.
Deməli, Nizami “İskəndərnamə”ni yazarkən təkcə tarix kitablarından, elmi qaynaqlardan deyil, xalq rəvayətlərindən, hətta Firdövsinin “Şahnamə” epopeyasından xəbərdar olmuş, həmin əsərlərdəki “doğru sözlər”dən faydalanmışdır. Bu həqiqətlər E.Əlibəyzadəyə yaxşı məlum olduğu halda, onun əksini yazır: “İskəndərnamə”də şairin eşidib bildiyi rəvayət və əfsanələrdən istifadə etdiyinə bircə işarə, bircə eyham belə yoxdur (s.44). Fikrin çox qəti, az inandırıcı olduğunu, deyəsən, tədqiqatçı özü də hiss edir və monoqrafiyanın başqa bir səhifəsində dediklərinin əksini yazır: “Nizami əsərlərinin el variantları”nda İskəndər və onun Azərbaycanla əhvalatlarına dair 20-dən artıq hekayə-rəvayət verilib. Bunlar Nizamidən əvvəlki dövrün məhsuludur... Nizaminin özü də bu xalq rəvayətlərindən istifadə etmişdi” (s.62). Kitabın digər bir bölməsində həmin fikir belə təkrar olunur: “İskəndərnamə”də tarixdən və xalqdan (yəni xalq ədəbiyyatından, əfsanə və rəvayətlərdən - Z.Ə.) istifadə ilə yaradılan çoxlu süjetlər var... Nizami bu rəvayətləri bir-bir xatırlayır, axırda “ən yaxşı bir qocanın” söylədiyi hekayə üzərində dayanır və dastanı üçün onu əsas götürür” (s.66). Bizcə, tədqiqatçının bu fikirləri əsaslıdır və müasir nizamişünaslıq tərəfindən inkişaf etdirilməli, yeni faktlarla zənginləşdirilməlidir.
Monoqrafiyada Azərbaycan-türk folklorunda Makedoniyalı İskəndərlə bağlı rəvayətlər və onların real həyat zəmini xüsusi bölmədə araşdırılır; “İskəndərin ölümü” və “İskəndərin anası” rəvayətlərinin məzmunu xatırlanır, hadisələrin ictimai-əxlaqi mahiyyəti şərh edilir. Kitabın “Nizami və Flavi Arrian”, “Nizaminin hökmdar qadın surətləri”, “Nizami və zərdüştlük” bölmələri də bu nadir düha sahibinin tarixə münasibətinin, tarixi əks etdirmə ustalığının, Azərbaycan xalqının ictimai-siyasi, fəlsəfi-estetik düşüncə tarixinin öyrənilməsinə xidmət məqsədi daşıyır.
Müasir nizamişünaslığın uğurlarını xüsusi qalın kitabda əks etdirən sanballı tədqiqat əsərlərindən biri də Nüşabə Araslının “Nizaminin poetikası” (“Elm” nəşriyyatı, 2004) monoqrafiyasıdır. Elmi təhlilə cəlb etdiyi problemlərin bəzilərinin digər nizamişünasların kitablarındakı məsələlərlə səsləşməsinə baxmayaraq, Nüşabə xanım şairin yaradıcılığını tamam yeni baxış bucağından araşdırır. Nizami irsinin poetik qaynaqları, onun qədim türk abidələri ilə bağları, fərdi poetik duyumun özəlliyi və sənət incəlikləri - kitabın fəsillərinin adında və müəllifin təhlillərinin məzmununda maddiləşən, aktuallaşan problemlərin miqyası belədir. Onların ayrılıqda hər biri və bütövlükdə hamısı olduqca müasirdir, həm təkcə, xüsusi halda, həm də bir yerdə, vəhdətdə öyrənilməsi vacib və əhəmiyyətlidir. Kitabın strukturundakı yerinə gəldikdə Nüşabə xanım birinci sıraya “Nizami irsinin poetik qaynaqları”nı gətirmişdir. O, böyük şairin özündən əvvəlki yaradıcılıq təcrübələri ilə əlaqələrini araşdırmış, Nizami irsinin bədii-estetik mənbələrini, şairin həmin mənbələrdən bəhrələnmə yollarını araşdırmışdır.
Monoqrafiyada geniş, əhatəli elmi təhlilə cəlb olunan vacib məsələlərdən biri şairin poetik duyumu, həyatı, insanı əks etdirmək uslubundakı fərdi özəlliklərdir. Məlumdur ki, Nizami hələ məşhur epik əsərlərini yazana qədər Azərbaycan mühitində varlığı hissi-emosional qavrama və inikas üsulu ilə seçilən novator şair kimi şöhrətlənmişdir. O, həm məhəbbət, həm də ictimai-fəlsəfi məzmunlu qəzəl, qəsidə və rübailərində özünəqədərki lirik şeirin məzmun qatını orijinal humanist düşüncələrlə daha da zənginləşdirmiş, klassik lirikanın inkişafına yeni poetik istiqamət vermişdir. Bu həqiqətə söykənən N.Araslı Nizami yaradıcılığında aydın görünən bədii novatorluq keyfiyyətlərini ilk olaraq onun lirik şeirlərində, qəsidə və qəzəllərinin poetik strukturunda - onları təşkil edən beytlərin bir-birinə bağlanma formalarında, daxili vəhdətində izləmiş və konkret nümunələri təhlil etməklə əsaslandırmışdır.
Həyatı bədii inikas üsulunun formasından asılı olmayaraq, monoqrafiyada Nizami yaradıcılığı bütöv bir tam kimi alınmış, tədqiqatçı xəlqilik və humanizm keyfiyyətini şairin həm lirik, həm də epik; ensiklopedizm, məntiqilik, insan xarakterlərinin dolğun təcəssümü kimi xüsusiyyətləri isə təkcə epik əsərlərinin bədii sistemini müəyyənləşdirən əlamət saymışdır. Əlbəttə, N.Gəncəvinin - öz dövrünün, demək olar, bütün elmlərinə və bədii-estetik düşüncə ənginliklərinə dərindən bələd olan bir düha sahibinin yaradıcılığında ensiklopedizm, insanpərvərlik, elmilik, və s. görüb-göstərmək o qədər də çətin deyil və N.Araslı bu vəzifənin öhdəsindən uğurla gəlmişdir. Lakin şairin bədii inikas sistemində - poetikasında xəlqilik axtarmaq olduqca cəsarətli bir işdir. Tədqiqatçı bu məsələdən danışarkən əsasən N.Gəncəvinin əsərlərinin dilinə bədii təsvir və ifadə vasitələrinə istinad edir: “Nizami təkcə bədii sual, xitab, təkrir və başqa bədii vasitələrilə deyil, canlı xalq dilindən alınmış məsəllərlə də şeirinin səmimi ruhunu gücləndirmişdir. Şair danışıq dilində işlənən xalq ifadə və deyimlərini də uğurla şeirə gətirərək qəzəllərini xəlqilik (kursiv N. Araslınındır - Z.Ə.) kimi məxsusi bir cizgi ilə daha da gözəlləşdirmişdir” (s.124). “Nizami poetikası şairin yaradıcılığının əsas başlanğıc nöqtələrindən olan xəlqilik kimi mühüm bir keyfiyyət ilə də səciyyələnməkdədir... Nizaminin poetikası şairin xalq həyatına daha dərindən və çoxcəhətli nüfuzu, insan yaşayışı, məişətin bir çox sahələrini əhatə etməsi, xalq deyimləri, doğma ifadə və el sözlərinin bolluğu ilə seçilir. Nizami əsərlərindəki zəngin və canlı dil, təbiilik şairin sənətinə xas poetik bir məziyyət kimi nəzərə çarpır. Nizami danışıq dilindən alınmış ifadələri xüsusi bir məharətlə işlədir. O, əsərlərində... xalq ədəbiyyatının, demək olar ki, bütün xüsusiyyətlərindən faydalanmış... ozan yaradıcılığı, mənalı el bayatıları və mərsiyyələrin (? - Z.Ə.) sadə, lakin təsirli poetikasından bacarıqla istifadə etmişdir” (s.162-163) “Xəlqilik obrazların nitqində daha aydın görünməkdədir. Nizami poemalarında təsvir olunan obrazlar düşdükləri vəziyyəti, qarşılaşdıqları çətinlikləri və keçirdikləri ruhi-psixoloji anları danışıqlarındakı el deyimləri, xalq zərbi-məsəl və ifadələri ilə daha aydın çatdırmağa nail olurlar” (s.167). “Nizami əsərlərinin bədii dil baxımından zənginliyi, buradakı ifadə rəngarəngliyi təsvirlərin də əlvanlığı ilə nəticələnir. Bu zaman şairin fars-dəri dilinin (seyrəltmə mənimdir - Z.Ə.) bütün zənginliyinə və sözlərin məna incəliklərinə dərindən bələdliyi, dilin bədii ifadə imkanlarından son dərəcə məharətlə faydalanmaq hünəri oxucunu heyrətləndirməyə bilmir. Dilə, xalq məişəti ilə bağlı ifadə və canlı danışıqdan alınan deyimlərə bələdlik, eyni zamanda Nizami şeirinin bədii dəyərinə də böyük təsir göstərdiyindən şairin poetikasının özünəməxsus bir cizgisi kimi mühüm əhəmiyyət kəsb edir” (s.172).
Beləliklə, aydın olur ki, tədqiqatçı N.Gəncəvinin ədəbi dilin zənginliyinə bələdliyindən danışarkən fars dilini nəzərdə tuturmuş. Bu isə şairin mənsub olduğu xalqın ünsiyyət vasitəsi deyildi. Onun yaşayıb-yaratdığı Gəncə mühitində xalq doğma türk dilində danışırdı. Deməli, Nizami poeziyasının dil qatında xəlqilik axtarmaq xüsusi incəlik, həssaslıq tələb edir. Onun əsərlərinin dilində işlənmiş xalq ifadələrindən söhbət açarkən həmin ifadələrin genetik mənşəcə hansı xalqa və dilə - farsa, yoxsa türkə məxsusluğu dəqiq bilinməlidir. Bu haqda H.Araslı, M.Quluzadə, Ə.Səfərli, R.Azadə, X.Yusifli, T.Kərimli kimi alimlərin əsərlərində müəyyən elmi qənaətlər var. Məsələn, H.Araslı ciddi elmi araşdırmalara istinadən yazır ki, Nizami öz əsərlərində Azərbaycan “atalar sözlərindən dönə-dönə istifadə etmişdir”. X.Yusifli isə bildirir ki, Nizami “alaçuq, beyrəq, bilək, tutuq, dovğa, tutmac, çalış, çavuş, çirkin, dağ, yaylaq, səncəq, qırmızı, çok, qılavuz, türk, xaqan və s. türk sözlərini sevə-sevə işlətmişdir. Çoxlu türk atalar sözü və məsəllərini olduğu kimi fars dilinə çevirib əsərlərinə daxil etmişdir... Özünü “əcəm türkü” adlandıran çağdaşı Xaqani kimi Nizami də yad bir dildə möhtəşəm ədəbi abidələr yaratdı, ana dili olmayan fars dilində türkün möcüzəsini nümayiş etdirdi”.
Nizami əsərlərinin dil qatında xəlqiliyin səviyyəsi bu dərəcədədir və ondan konkret anlayış kimi bəhs etmək lazımdır. Əks halda məsələlər qarışdırıla bilər və səhv nəticələr meydana gələr. İkinci tərəfdən unutmaq olmaz ki, ədəbiyyatda xəlqilik tarixi kateqoriyadır və ayrı-ayrı dövrlərdə onun əsərlərinin forma qatından çox məzmun qatında, məsələn, şairin xalq mənafeini müdafiə etməsində, zəhmətkeş kütlələrə məhəbbətində, sadə adamları, əməkçi insanları, saray xadimlərindən yüksək tutmasında, şahları, hökmdarları xalq nümayəndələrinin sözləri ilə doğru yola çağırmasında, türk ruhunu qorumasında görmək doğru olar.
Ərəb dilindən alınmaların - Quran ayələrinin, hədis, dini rəvayət, ərəb atalar sözlərinin Nizami əsərlərinə guya “xalq danışığından” gəlməsi, onların xəlqilik əlaəməti kimi dəyərləndirilməsi də əsassız görünür. Bir də ona görə ki, müəllif şairin əsərlərində işlənmiş “Nouzibillah”, “Allah məakə”, “La eyb ləhu” kimi ifadələri Nizami şeirini “dövrün danışıq dilinə yaxınlaşdıran” məziyyət kimi mənalandırır. Tədqiqatçı N.Gəncəvi əsərlərində işlənmiş ərəb mənşəli söz və ifadələrə aid nümunələr verdikdən sonra mülahizələrini ümumiləşdirərək yazır: “Ərəb ifadələrinin Nizami tərəfindən işlədilməsi əgər, bir tərəfdən, ərəb sözlərinin fars dilindəki nüfuzu ilə bağlı idisə, digər tərəfdən… Azərbaycan ədəbiyyatının ərəb zəminində də inkişafından irəli gəlirdi. Bundan əlavə, o zamankı ziyalılar üçün heç bir çətinliyi olmayan bu kimi ifadələr təkcə ədəbi dilə deyil, danışıq dilinə də möhkəm daxil olmuş, xalq arasında da geniş işlənməkdə idi. Odur ki, belə ifadələr Nizami şerinə sünilik gətirmir, əksinə, xəlqilik ruhunu daha da gücləndirir» (s.174).
İstər-iətəməz düşünürsən: görəsən, «dövrün danışıq dili» hansı dil imiş ki, Nizaminin işlətdiyi ərəb ifadələri onun əsərlərinin dilini həmin danışıq dilinə yaxınlaşdırırmış? Bu haqda nüfuzlu mənbələrin birində deyilir: «tarixi şəraitin özü fars dilini XIV əsrədək bir çox xalqların müştərək bədii dili etdi; Azərbaycanda həm əhalinin çox hissəsinin, həm də hakim dairələrin danışıq dili və ünsiyyət vasitəsi doğma türk dili olmasına baxmayaraq, fars dili şeir, bədii və elmi nəsr sahəsində hakimlik etməyə başladı» (Azərbaycan tarixi.7 cilddə, 2-ci cild, s. 477).
Deməli, Nizaminin yaşayıb-yaratdığı dövrdə Azərbaycan əhalisinin çox hissəsinin əsas ünsiyyət vasitəsi türk dili imiş. Belə olduqda ərəb dilindən alınmış söz və ifadələr Nizami şerinin «Xəlqilik ruhunu necə gücləndirə bilərdi?» Təhlillərdə bu məsələnin əhatəli şərhini və izahını vermək maraqlı olar, şairin üslubunun özünəməxsusluğunu görməyə imkan yaradırdı.
Nizami əsərlərində epik təhkiyənin quruluşu, bədii süjetdə lirik ricətlərin yeri, kompozisiya xüsusiyyətləri monoqrafiyada yüksək elmi səriştə ilə izah olunur. Şairin poemalarındakı fəsillərin başlanğıcı - giriş beytləri ilə əlaqədar tədqiqatının müşahidələri elmi maraq doğurur. Həmin başlanğıcları «Nizami poetikasının özünəməxsusluğu ilə bağlı bir cəhət» sayan N.Araslı yazır: «Belə başlanğıclar təsvir olunacaq hadisələrlə mənaca yaxınlığı və məzmun uyarlığı ilə səciyyələndiyi üçün oxucunu baş verəcək əhvalatları dinləməyə hazırlayır» (s.240). Nikbin ruh ifadə edən həmin «beytlər oxucuya hadisələrin uğurlu aqibəti, qəhrəmanların intizarının bəxtiyar sonluqla başa çatacağından xəbər verir» (s, 242).
Monoqrafiyada əhatəli elmi tədqiqata cəlb edilən mühüm poetika komponentlərindən biri də Nizami şerinin poetik incəlikləri, onun bədii təsvir və ifadə sistemidir. Məlumdur ki. dahi şair həm lirik, həm də epik əsərlərində işlətdiyi hər kəlmənin obrazlı alınmasına xüsusi həssaslıqla yanaşmış, söz dənizindən qiymətli inciləri yalnız seçməklə kifayətlənməyib, onların saf gövhər kimi bir sırada nizamlanmasına da xüsusi diqqət və qayğı göstərmiş, bütün dünyada «Nizami sözü» kimi əvəzsiz mənəvi sərvət - poetik daş-qaş yaratmışdır. Şair özünəqədərki söz sənətinin ən yaxşı bədii vasitələrini yenidən cilalamış, klassik şerin poetik məcazlar sistemini təkrarsız söz inciləri hesabına daha da zənginləşdirmişdir. Elə bu məziyyətlərinə görə N.Araslı «nizamiyanə söz»ün bədii mahiyətini açmağa xüsusi diqqət yetirmiş, həmin sözün estetik gözəlliyini şərtləndirən əlamətlərin izahını aktuallaşdırmışdır.
Nəhayət, Nizami Gəncəvinin poetikasından yazmaq, əslində onun etnik düşüncə tipini və mənşəyini müəyyənləşdirməkdir. Bu mənada şairin bədii inikas sisteminə həsr olunmuş bu kitabda onun mili-etnik təfəkkür tipini, onu farslıqdan və fars ədəbi regionundan ayıran, bilavasitə Azərbaycana -türklüyə bağlayan, yaradıcılığında Azərbaycanı nişan verən, ifadə edən təfsilatın sistemini görmək maraqlı olardı. Lakin belə maksimal məziyyətlər zirvəsinə çata bilməsə də bütövlükdə «Nizaminin poetikası» kitabı müasir ədəbiyyatşünaslığın ən gözəl nümunələrindən olub, klassik ədəbi irsin dərindən və əsaslı öyrənilməsi sahəsində uğurlu bir addımdır.
Problematikanın əhatəli və geniş olması baxımından seçilən «Nizaminin poetikası» kitabından fərqli olaraq Vəfa Hacıyevanın «Nizami Gəncəvinin «İskəndərnamə» poemasında onomastik məkan» (Bakı, 2004, rus dilində) və «Nizami Gəncəvinin yaradıcılığında xüsusi adların poetik-üslubi tipologiyası» (Bakı, 2010. rus dilində) monoqrafiyalarında dahi şairin bədii sisteminin daha konkret, lakin əhəmiyyətli bir tərəfinin tədqiq və təhlili verilmişdir. Bu əsərlər Azərbaycan ədəbiyyatında xüsusi adların bədii funksiyasının elmi araşdırılması sahəsində ilk sanballı monoqrafiyalardır. Hər iki monoqrafiyada V.Hacıyeva tədqiqatı «İskəndərnamə»nin mətni üzərində qurmuş, əsərin poetik onomastikasını təhlil etməklə şairin sənətkarlıq qüdrəti haqqında deyilən elmi fikirləri inkişaf etdirərək yeni faktlarla daha da möhkəmləndirmişdir. Özəlliklə «Nizami Gəncəvinin yaradıcılığında xüsusi adların poetik-üslubi tipologiyası» kitabında şairin işlətdiyi onimlərin üslubi funksiyaları sistemli öyrənilmiş, ləfzi, mənəvi, habelə onların hər ikisini özündə ehtiva edən ləfzi-mənəvi bədii fiqurlar, «İskəndarnamə»dəki xüsusi adların eksrressiv özünəməxsusluğu, onomastik vahidlərin poetik təsir gücünün fonetik, leksik, semantik və tematik səviyyədə təzahürü aydınlaşdırılmışdır. «Xəmsə»də işlədilmiş xüsusi adların poetik üslubi funksiyalarının əsas tipləri: səlislik, ifadəlilik, yığcamlıq, ornamentallıq, obrazlılıq funksiyaları ilə bağlı təhlil və şərhlər, «Xəmsə»dəki onomastik məkanın Firdovsi «Şahnamə»sində verilən onomastik məkanla tipoloji müqayisəsi də yeni olub, Nizaminin poetik qüdrətinin, onun yaradıcılığındakı bədii novatorluğun, estetik təravətin aşkarlanmasına xidmət edir.
Müasir nizamişünaslıqda bir elmi həqiqətin -N.Gəncəvi yaradıcılığında türkə və türklüyə sonsuz sevginin təsbiti tədqiqatdan-tədqiqata güclənir. Hələ XX əsrin ortalarından başlayaraq, M.Ə.Rəsulzadə, H.Araslı, M.Əlizadə, daha sonralar R.Azadə, Q.Beqdeli, N.Araslı, X.Yusifli, R.Əliyev, A.Hacıyev, P.Xəlilov, Y.Qarayev, N.Cəfərov, T.Kərimli və başqalarının əsərlərində tədqiqata cəlb olunan bu məsələyə elmi maraq yenə də öz qüvvəsini saxlayır. Gənc tədqiqatçılar Nizami sənətini bilavasitə Azərbaycana, türklüyə bağlamaq, onu birbaşa türk ədəbi-mədəni mühitinin və bədii mentalitetinin hadisəsi kimi dəyərləndirmək sahəsində sələflərinin əməllərini davam etdirirlər. Bu keyfiyyətlər Xədicə İskəndərlinin «Nizami və türklük» kitabçasına da xasdır. Gənc tədqiqatçı XI-XII əsrlərdə Azərbaycanda türk ədəbi-ictimai mühitinin mövcudluğu barədə söhbət açmış, Nizami yaradıcılığında türk obrazının ideya-estetik funksiyalarını araşdırmaq məqsədi izləmişdir. Əlbəttə, kitabçada söylənən fikirlər ondan əvvəlki tədqiqatlarda da vardır; X.İskəndərli mövzu ilə bağlı sələflərinin fikirlərini diqqətlə öyrənmiş, həmin fikirləri yeni fakt və nümunələrlə zənginləşdirmişdir. Kitabın elmi redaktoru T.Kərimli oradakı elmi tezislərin perspektivlərinə inamını bildirərək yazır ki, bu tədqiqat nizamişünaslıq elminin bir çox cəhətlərinə işıq salmaqla təkcə mediyevistikaya (?-Z.Ə.)deyil, ümumiyyətlə Azərbaycan ədəbiyyatşünaslıq elminə töhfə olacaq, nizamişünasları yeni-yeni tədqiqatlara ruhlandıracaqdır. Ancaq kitabça orfoqrafik qüsurlarının, imla xətalarının çoxluğuna görə daha tez diqqəti çəkir. «Yəğmanaz» sözündəki «yəğma»nın qarət mənasında işlənməsi haqda mülahizə isə inandırıcı deyil; bu sözün qədim türk dilində «gözəl», «hörmətli», «sayımlı» mənaları da vardır.
Müstəqillik dövründə Azərbaycan nizamişünaslığının uğurlarını əks etdirən kitabların sırasında Əhmədağa Əhmədovun «Nizami-elmşünas» (Bakı,1992), Məmməd Qocayevin «Nizaminin insan fəlsəfəsi» (Bakı, 1997) Arif Hacıyevin «Nizami «Xəmsə»sinin renessans dünyası» (Bakı, 2000, rus dilində) Xalid Əlimirzəyevin «Nizami Gəncəvinin insan konsepsiyası» (Bakı, 2001), Zakir Məmmədovun «Nizaminin fəlsəfi düşüncələri» (Bakı, 2000) Siracəddin Hacılının “Həzrət Nizami Gəncəvinin yaradıcılığında peyğəmbərlik anlayışı və Həzrət Məhəmməd” (4 kitab, Bakı, 2006-2010) monoqrafiyaları, şairin əsərlərinin yeni nəşrlərinə Xəlil Yusiflinin yazdığı «On söz» lər, habelə Yaşar Qarayev, Nüşabə Araslı, Çingiz Sadıqoğlu, İmamverdi Həmidov, Zəhra Allahverdiyeva, Vəfa Hacıyeva kimi tədqiqatçıların elmi məqalələri, Azadə Rüstəmin çoxcildli «Azərbaycan ədəbiyyatı tarixi»ndə çap olunmuş «Nizami Gəncəvi» oçerki, «Nizami Gəncəvi və Azərbaycan incəsənəti» (Bakı, 1997) adlı məqalələr toplusu da vardır. Bu əsərlərdə Nizami irsinin tədqiqatdan kənarda qalmış, az öyrənilmiş, yaxud səhv, yanlış izah olunmuş məsələləri tədqiqata cəlb edilmiş, daha düzgün və obyektiv elmi mövqedən qiymətləndirilmişdir. Yaxşıdır ki, nizamişünaslıq təkcə şairin həyat və yaradıcılığını araşdırıb təhlil etməklə kifayətlənmir, özünün də keçdiyi yola elmi həssaslıqla yanaşaraq, bu yolun ayrı-ayrı aşırımlarındakı uğur və kəirlərini qədirşünaslıqla qiymətləndirir. Bu baxımdan Zəhra Allahverdiyevanın «Azərbaycanda nizamişünaslığın təşəkkülü və inkişafı (XX əsrin 40-ci illəri)», (Bakı, 2007) monoqrafiyası səciyyəvidir. Adından göründüyü kimi kitabda nizamişünaslığın 1940-cı illər mərhələsi araşdırılır. Müəllif H.Araslı, M.Arif, M.Rəfili, M.C.Cəfərov, M.Quluzadə, C.Xəndan, M.Mübariz, Ə.Ağayev və b. onlarca azərbaycanlı ədəbiyyatşünasla bərabər Y.Bertels, A.Makovelski, Y.Levkilovski kimi digər millətlərdən olan araşdırıcıların da Nizami haqqında məqalə və kitablarını elmi təhlildən keçirib qədirşünaslıqla qiymətləndirir.
Beləliklə, müasir nizamişünaslıq şairin yaradıcılığının çox müxtəlif məsələlərinə toxunur, yeni elmi problemlərlə maraqlanıb həll etməyə çalışır. Bu sahədə fəaliyyət göstərən araşdırıcılar müxtəlif nəsillərdən olsa da onların hamısını birləşdirən vahid bir əlamət var: Nizamiyə məhəbbət. Sevindirici digər bir əlamət isə budur ki, nizamişünaslıq «Nizamidən milli hadisə kimi bəhs edir. Üstəlik, böyük şairdən yalnız dünən və əcdad kimi yox, yalnız mənəviyyat və mədəniyyət keçmişimizin böyük həqiqəti və sənədi kimi yox, həm də sabah və gələcək kimi danışmağa başlamışdır. Biz, axı yalnız Nizami oxucusu və tədqiqatçısı deyilik, həm də Nizami nəsli, Nizami xalqı və millətiyik. Çoxəsrlik və dünya şöhrətli poeziyamız Venera kimi əfsanədən - dəniz köpüyündən yaranmayıb, Nizami irsi üzərində, Nizamidən yaranıb» (Y.Qarayev).
Bütün bu uğurlar Azərbaycan nizamişünaslığı qarşısında yeni və geniş elmi üfüqlər açır, onun gələcək perspektivlərini görməyə imkan verir. Artıq Nizami dünya, əbədiyyət, bəşər kontekstində, Avropa Renessansının kökü, mənşəyi kimi öyrənilməlidir. Onun dövrü, şəxsiyyəti və yaradıcılığı milli səciyyə, milli tarixi həqiqətlər baxımından, özü də həvəskarlıqla yox, peşəkarlıqla araşdırılmalıdır. Şairin bədii sisteminın novator mahiyyəti Azərbaycan ədəbiyyatının tarixi poetikası aspektində təhlil olunmalıdır; «Xəmsə»nin qafiyə, metafora, epitet lüğəti hazırlanmalı, leksikası, təsvir və ifadə sistemi dərindən tədqiq olunmalıdır. Konkret məsələlərə gəldikdə «Nizami və dünya ədəbiyyatında «Xəmsə» yaratmaq ənənəsi», «Nizami və Əmir Xosrov Dəhləvi», «Nizami və Nəvai», «Nizami və xristian ədəbiyyatı», «Yeni dövr Azərbaycan ədəbiyyatında Nizami ənənələri», «Nizami və XIX əsr Azərbaycan poeziyası», «Nizami və XX əsr Azərbaycan ədəbiyyatı», «Nizami və Avropa ədəbiyyatı», «Azərbaycan şifahi xalq ədəbiyyatının inkişafında Nizami əsərlərinin rolu» kimi mövzular özünün səriştəli tədqiqatçısını gözləyir. Bu işlərin uğurla yerinə yetirilməsi üçün nizamişünas-alimlərə, eləcə də bütün ədəbiyyatşünaslara, dilşünaslara, fəlsəfəşünaslara, elmişünaslara, ümumiyyətlə, Nizamisevər ziyalılara möhkəm cansağlığı, yaxşı maddi durum, elmi ehtiras, ilham, maneələri aradan qaldıracaq Fərhad idarəsi, İskəndər iqbalı, nəhayət, bütün bunların hamısı ilə birlikdə «göylərə mehrab», Yerə-planetə dayaq olan Nizami Eşqi arzulayıram!...
“Azərbaycan “ jurnalı