***
nəfəsin çırpınan quş nəfəsidi,
dodağın ən şirin nar dənəsidi,
sənin göz yaşların qar dənəsidi,
əlimi açıram, quşbaşı yağır.
kəsdin qollarımı budaqlar kimi,
adam sığındığı budağı kəsməz.
bayquşlar bəxtimə ağı deyirlər,
günəş gəlməyincə bu ağı kəsməz.
alındı, gözlərin aydın, alındı,
daha əlçatmazsan, yəni, xanım qız.
kaş ki, ayrılırıq bu gün deyəndə
öpüb susduraydım səni, xanım qız.
***
Bu ömür boyunda gəzir, deməli,
Bununçün yorulan intihar edir.
Dünyada ən acgöz torpaqdı, məncə,
Vaxt-bivaxt dayanmır və nahar edir.
Bu ömrün anası yazılı əllər,
Kəndirdən balasın qutarmaq istər.
Göz yaşı torpaqdan adam bitirməz,
Adamlar torpağı suvarmaq istər.
Dünyaya gələndə hamı iz qoyur,
Bir qadın bətnində yadigar qalır.
Bu izin sonuncu məhəlləsində
Adam kölgəsitək məzarlar qalır.
Ölürsən, iynənin gözündən keçib
Gedirsən torpağın ağzın tikəsən.
Ayılıb görürsən bircə il keçib
Amma hələ sağsan, tikə-tikəsən.
Nolar, öləndə də, ilahi, nolar,
Bir qadın yerinə üşüyə bilək.
Səsimiz yaxşıca tanışdı sənə,
Gün gələ səni də eşidə bilək.