İLLƏRİN
Birdən-birə nə düşmüşdü yadına,
Vərəqlədin keçmişini illərin?!
Saydın, seçdin, seçmələdin nə yaxşı
Əllisini, yetmişini illərin?!
Bu seçdiyin ürəyincə deyilsə,
Ələ gələn gərəyincə deyilsə,
Donluq olub, çörəyincə deyilsə,
Nə gəzirsən itmişini illərin?!
Nəyi vardı, xəlbirlədin, ələdin,
Acısını şirininə caladın.
Çağaydımı, - laylaladın, bələdin
Daha vaxtı ötmüşünü illərin.
Sözgəlişi dedim bunu, incimə,
Hövüllənmə savaşına, dincinə.
At zamanın sənə düşən küncünə
Gəlmişini, getmişini illərin?
Nə qədər ki, yerişində dirisən,
Canım-gözüm, beş adamdan birisən.
Çəkmə, çəkmə... Çəkəmməzsən geri sən
Ömrü talan etmişini illərin.
Eh, il vardı, vaxt əlində saz idin,
Bir sarışın, bir alagöz qız idin.
Gərək onda arayaydın, gəzəydin
Düzü əyri bitmişini illərin.
Karvan gedib, izi qalıb yollarda,
Zaman adda tozu qalıb yollarda,
Qaytar geri, gözü qalıb yollarda,
Qəfil yada düşmüşünü illərin.
BAHAR RİTMLƏRİ
Gün – bulud əsiri, dan yeri küskün,
Yagır, yal-yamacın çəməni yağır.
Göydən Yer üzünə kəkotu, yarpız,
Göydən Yer üzünə səməni yağır.
Hələ yumuludur bahar əlləri,
Qaranquş gəlməyib, dimdiyində su.
Novruz xonçasından bağ ətri gəlir,
Gəlir, gözlərində bahar yuxusu.
İncimi səpilir qar dənəsində?! –
Bənövşə dodağı qaçır torpağın.
Gecikmiş qış baba hər dənəsində
Elə bil mirvari saçır torpağa.
Üşüyür qar altda aldanmış çiçək,
Bu sazaqlı gün də nahaq deyilmiş.
Əyninə qar geyib gülən təbiət –
Aprel yalanıymış, bahar deyilmiş.
...Elə cilvələnir aşığın təbi,
əli üzüləmmir saz ətəyindən.
Açır boğçasını axır ki düzlər,
Bənövşə tökülür yaz ətəyindən.
Sinəsi atlanan çəməndən, çöldən,
Çiçək ətri gəlir, yaz ətri gəlir.
Daha şairlərin qələmindən də
İncə, lətafətli söz ətri gəlir.
SAXLADIM
“Kəndimiz” silsiləsindən
Güman məni ünvanımdan qopardı,
Yenə gəlib ayağına döşəndim.
Mən bu yerdə itiyimi tapardım,
Nə ağırmış qəribliyi bu kəndin.
Uzaqlığı qanad açar üstümə,
Yaxınlığı gözlərimin içidir.
Cığırları elə qaçır üstümə,
Deyərsən bəs, el-obanın köçüdür.
Tanış-biliş, dost, müsahib hanı bəs?
Bu kənd mənə qəriblikdən boylanır.
Gəlişimə qaynamırmı qanı bəs?
Mənsiz keçir məclisləri, toyları.
İrmaqları göz yaşımmı? – Quruyub,
Bir keçilməz çaydı daha yaddaşım.
O təpədə mənimçinmi qoruyub
Beş qarışlıq qəbir yeri, baş daşı?
İtirmədim həvəsini bu kəndin,
Xatirəmin mücrüsündə saxladım.
Havasını, nəfəsini bu kəndin
Ciyərimin bir küncündə saxladım.
***
Çəkib bağladım qapısın,
Nə bilim, kimindi bu ev.
Pəncərə gözü də baxmaz,
Hansı miskinindi bu ev?
Maşa burda, kömür burda,
Niyə ocaq sönüb burda?
Kimin sonu gömüb burda?
Kimin ilkinindi bu ev?
Qapısını açanı yox,
Qəfil döyüb qaçanı yox.
“Harda”sı yox, “haçan”ı yox,
“Yox”un, itkinindi bu ev.
***
Çıxdım yola, yol açıq,
Həsrət mənə qol açıb.
Vaxt gecədən qaraçı
Köçünü yığıb gedir.
Səbrə inam yox daha,
Ömrə güman yox daha.
Dinsə, aman yox daha,
Söz məni boğub gedir.
Gün keçər, düşər gecə,
Gah xeyir, gah şər gecə.
Qarasa da... Hər gecə
Bir gündüz doğub gedir.
***
Gün-güzəran dəlilikmiş,
Arzu-ümid zəlilikmiş,
Elə bircə şələlikmiş,
Yüklənib getdim bu ömrü.
Fərlisinə, fərsizinə,
Mağmınına, arsızına,
Sırtığına, hırsızına
Hədiyyə etdim bu ömrü.
Yenmədim tələyə, tora,
Duracağa, işıqfora.
Dabanını qıra-qıra
Yüyürüb otdüm bu ömrü.
Ötdüm əzabın, nəşəsin,
Ötdüm ünün, ötdüm səsin.
Görmür, qoy heç kəs görməsin,
Qapısın örtdüm bu ömrün.
***
Mən yadda qalanları
Yadımdan silib atdım.
Doğma idi, yad idi,
Özümkü bilib atdım.
Hər kim idi, mənimdi,
O “sus” deyən əmimdi.
Onda susmaq dəmiydi,-
Dilimə kilid atdım.
Gah qovdum, gah haqladım,
Dərdi məndə saxladım.
Özgələrə ağladım,
Özümə gülüb atdım.