DAĞLAR ARXA DURAR...
Mənim getməyim də qayıtmağımdır, –
Dünyaya kal gəlib, kal gedənlərə.
Tüstü bəzək verməz, çırpı od olmaz,
Yalandan alışıb, kül gedənlərə.
Gəl şəkil çəkdirək qoşa qanadda,
Yanıram, üstümə bir az qan at da.
Burda köç gözləyir hərə bir adda,
Demək də olmayır qal, gedənlərə.
Sərhəd tellərini köklə baş-ayaq,
Qərib sevdasıdır, nəyini sayaq?
Dağlar arxa durar, zirvələr dayaq, –
Özü cığır açıb, yol gedənlərə.
QUŞ
Gəldin nəqarətsiz nəğmə şəklində,
De, sənin gözündə belə nəyəm, quş?
Qoy basım bağrıma qanadlarını,–
Hər gün pəncərəmi dimdikləyən quş.
Ahından düşdümü köz pəncərəmə, –
Sevib isinişdin tez, pəncərəmə?!
Elə söykəməkdə üz pəncərəmə, –
Sənin də xətrinə varmı dəyən, quş?
Qərib küncə gələr, bucağa gələr,
Kim belə yaralı qucağa gələr?
Bir namərd əlində bıçağa gələr, –
Başını divana-haqqa əyən quş.
QƏRİB ZİRVƏLƏRİN DUMANI GƏLDİ
Düşüb sümüyümə qürbət havası,
Gözümə dəyirsən Vətən şəklində.
Çarmıxa çəkilən yol ayrıcı var,
Ay zalım, bu başsız bədən şəklində.
Burda nə ayrılıq, nə göz yaşı var,
Burda könül verən yad var, naşı var.
Yaşanmış günlərin qan yaddaşı var,
Kölgəmə qoşulub gedən şəklində.
Qərib zirvələrin dumanı gəldi,
Arxamca su atan hansı gözəldi?
Xatirən sevdiyim gövhərdi, ləldi,
Saçıma hər düşən bu dən şəklində
DUMAN GECİKƏNDƏ
Yolumun üstündə kol var, koğuş var,
Məni yaman yerdə yordu yoxuşlar.
Xırmanda keflənib oynayar quşlar,
Köhnə dəyirmana dən gəlməyəndə.
Son şərqi üstündə neçə qu ağlar,
Bir zalım yaramı tərsinə bağlar.
Sən hardan biləsən nə çəkir dağlar,
Duman gecikəndə, çən gəlməyəndə.
Ayrılıq qədimdir, məhəbbət ulu,
Hər gün imtahana çəkir bu qulu.
Ölümə nə var ki, kəsədir yolu,
Ayrılıq qan salır sən gəlməyəndə.
DAĞLARIN HAVASI ÇATMIR ŞUŞADA
Çarmıxa çəkilib bu Vətən elə,
Qurşunlar torpaqda bitən dən elə.
Bir qərib ahıdır duman, çən elə,
Dağların döşünə yatmır Şuşada.
Bu necə şikəstə, bu nə bayatı?
Sahibsiz hər cığır bir ürək çatı.
Dağılıb obası, köçüb elatı,
Heç kəs murazına çatmır Şuşada.
Hər şəhid bu yurdun Vətən kirəsi,
Bayrağa çəkilib qanı, şirəsi.
Nə Göy yerindədir, nə Yer kürəsi,
Günəş də heç doğub-batmır Şuşada.
Elə qırov tutub saçım, göynəyir,
Siz Allah, yaramı açın, göynəyir.
Xocalı hıçqırır, Laçın göynəyir,
Dağların havası çatmır Şuşada.
YUXUMDA BİR QƏRİB AHI DİKSİNİR
Yuxumda bir qərib ahı diksinir,
Hər yağanda yuvasına qar quşun.
Ruzu gəzir saçlarımın dənində,
Məlhəmidir, bəlkə, bu qübar quşun?!
Xumar-xumar gülür gözü mehin də,
Bir dünya var bir sevdalıq behində.
Aynalanıb solğun çiçək şehində,
Oxumağa bəhanəsi var quşun.
İmtahana çəkmə məni yoxuşda,
Xatirələr üşüyür bu ağuşda.
Lələyindən ocaq çatıb koğuşda,
Deyirlər ki, divanəsi var quşun.