Şahnaz ŞAHİN
YENİDƏN DOĞULACAĞAM
Nə vaxtsa yenidən doğulacağam,
Təkrar gələcəyəm bu yer üzünə.
Nə vaxtsa diksinib oyanacağam
Mən od işığına, külək səsinə.
Budaqda tumurcuq çatlayan kimi,
Bir ömür yenidən başlayacaqdır.
Bir payız yağışı yağıb keçəcək,
Bir bahar yenidən qayıdacaqdır.
Sevgi - dar ağacı - asılacağam.
Gözümün gözündən sən keçəcəksən.
İlahi ağrının, ilahi qəmin
Şəklini üzümdən köçürəcəksən.
Yenə vədələşib görüşəcəyik,
Bayram eyləyəcək tanış küçələr.
Bu otel otağı, dar dayanacaq,
Bu köhnə skamya ...sevinəcəklər.
Hardasa yoluma çıxan birisi
Mənə vurulacaq ... yazıq olacaq.
Sənin uzaqlardan yazdığın məktub
Mənə çatmayacaq ... hayıf olacaq.
Keçdiyim dağ başı, sıldırım qaya
Ağac kölgəsində əks olacağam.
Təkrar gələcəyəm mən yer üzünə
Şahnaz, sənin üçün doğulacağam!...
MƏNİ TANIDINMI…
Daş üstə yatdığım gecə,
Min il yol getdiyim gecə,
Gözündən itdiyim gecə
Məni axtardınmı, Tanrım?
Qəmi könlümü oxşayan,
Taleyimi naxışlayan,
O gildir- gildir ağlayan
Ahı tanıdınmı, Tanrım?
Yığış, köç edək buradan,
Ağı ayıraq qaradan,
Söylə, anam mən sarıdan
Yenə nigaranmı,Tanrım?
Nigar ƏLƏNUR
ÇİLOV ADASINDA YAŞAYAN QIZIN ŞEİRLƏRİ
* * *
Yağışla yuyulur
axan göz yaşı,
qarışqalar cığır açıb göy dənizə,
bayılmışdı qayalar
ləpələr üzünə su çiləyirdi.
Zaman dayanmışdı uzaq dəniz sahilində,
sevgilərə şahid dəniz
və dənizdə şəhid olmuş sevgilər...
və atasız “nəsillər” yetirir dəniz...
* * *
Dəyisdim,
Kimliyim bərkidi... atam
Yağış torpağı bərkitdiyi kimi...
bərkidim,
qaya parçasıtək...
sənin torpağını yağmur,
məni göz yaşlarım bərkitdi, ata....
Üzulub axıtdığım göz yaşları böyütdü məni....
Yıxılan, sarsılan və yenidən doğulan,
hər an “ata” deyən uşaq düşür yadıma.
Hər kəs yuxarıdan aşağı baxır adama
anamın gözlərindən görünür atasızlığım,
ata…
Salam, atam...
Anama yazdığın məktub əlimdə
Səndən qalan tək yadigar - əmanət…
“Oğlum sağımda,
Qızım solumda olsun” yazmısan...
Olduq, atam hər bayramda...
Məzarının başında olduq
əllərimdə qərənfil,
göy dənizin sahilində,
o uzaq sahildə
məzarın mənim and yerim, Ata.
* * *
Günəş dənizdən çıxır
Qonağımız var, Ana...
Günəşimiz gəlib...
kiçik əllərim açıldı Tanrıma...
Tanrım, qələmim....
İsmayıl XANLARZADƏ
YAD
Doxsan ikidən bugünə kimi nə qədər yatdıq,
Nə qədər ağladıq?!
İnan, bilmirəm...
Nə qədər əzildik,
Nə qədər öldük-kəsildik?!
İnan, bilmirəm...
Doğma olmayan şəhərdə,
İstəməsəm də vətəndən sonra
Məskən olan şəhərdə,
Sevmədiyim şəhərdə,
Nə qədər qalacam?
İnan, bilmirəm...
Bu şəhərdə bəziləri,
Qeyrət sözünü ancaq kişi adı bilir.
Bu şəhər də məni sevmir, yad bilir...
Burdan nə vaxt rədd olacam?!
İnan, bilmirəm...
Fikirlərim içindən sıxılmaz,
Bədənimə söz də dəysə, yıxılmaz.
Baxılmalı nəyim varsa, baxılmaz?!
İnan, bilmirəm...
Yaxşı başlamadı həyatım.
Ana-atamdan başqa hər kəsi
Görmədən sevməyə başladım,
Allaha, vətənə tanımadan bağlandım.
Soruşma axırını...
İnan, bilmirəm...
ÇANTAM MƏNİM
Çantam mənim,
Sənə yığa bilərəmmi
Dərdlərimi;
Ürəyimdə yer qalmayıb.
Çantam mənim,
Sənə yığa bilərəmmi
Fikirlərimi;
Beynimdə yer qalmayıb.
Çantam mənim,
Çətin bilərsən, amma səndən
Bir söz soruşum.
Nə vaxtsa nəysə dəyişəcəkmi?
Sən məni gəzdirəcəksənmi
Çiynində...
Əslində, sənin dünyanla
Mənim dünyam
Çox bənzəyir...
Sənin dünyanın dörd divarı var,
Mənim dünyamın dörd okeanı var.
Sənin dünyanda da
Nəfəs almaq olmur.
Mənim dünyamda da...
Bu şeirə də nöqtə qoyaq,
Sən məni yormusan, mən də səni...
Axıra kim qala, qala...