***
Daha könlündə mənə yoxdu məhəbbət, bilirəm,
Çəkirəm boş yerə hicrində müsibət, bilirəm.
Gecə-gündüz gözümün yaşın axıtmaqdır işim,
Yıxacaqdır bu gedişlə məni möhnət, bilirəm.
Nola bir dəfə məni rəhmə gəlib yad edəsən,
Dostu yad etməməyi dosta qəbahət bilirəm.
Düşüb ardınca sənin, mən hara getsən gələrəm,
Sən qədəm basdığın hər bir yeri cənnət bilirəm.
Oluram məst sataşdıqda gözüm gözlərinə,
Səsini duymağı bir özgə səadət bilirəm.
Mən əzəldən elə öyrəncəliyəm qəm daşıyam,
Nə bəla çəkdisə başım, onu ibrət bilirəm.
Bu da bir sözdü ki, yazdı sənə Xatun, oxusan,
Eləyər arifə bu, məncə, kifayət, bilirəm.
***
Eləmiş bunca şəfəq Xaliq əta gözlərinə,
Nəzər etsə, eliyər Zöhrə həya gozlərinə.
Məni bimar elədi çeşmi-xumarın, sənəma,
Yıxa könlüm evini, vermə riza gözlərinə.
Qəsdi düçar eləməkdi məni dərdi-ələmə,
Eləsın qoy, verirəm xeyri-dua gözlərinə.
Əksini həkk elədim könlümə, dilbər, hər gün,
Baxıram şamü-səhər, sübhü-məsa gözlərinə.
Səbr elə, tökmə gözün yaşını, əlbət, gələcəm,
Haşalillah, ki deyildir bu rəva gözlərinə.
Xatuna, mehrü-vəfanı qoruyan yar olsa,
Edərəm canımı, vallahi, fəda gözlərinə.
FƏRAQİNDƏN SƏNİN KÖNLÜM...
Fəraqindən sənin könlüm səhər-axşam fəğan eylər,
Bu qəm mülkündə günlərdir dilim dərdin nihan eylər.
Başımdan huşumu qarət edib vəslin təmənnası,
Əzəl başdan bilirdim can bu sevdadə ziyan eylər.
“Gələr bir gün”, – deyə hər gün gözüm yolda, qulaq səsdə,
Bu adətdir, sevən hər kəs ümid eylər, güman eylər.
Nolur bir gün gəlib rəhmə, məni yad eylə, insaf et,
Qapımdan bir qədəm bassan, könül bayram o an eylər.
Məgər halım sənə, ey şux, deyilmi bəs qədər agah?
Gözüm yaşı axar hicrində, hər sirrim bəyan eylər.
Əsirü-bəndi-eşqəm munisim qəm, həmdəmim nalə,
Bu yetməzmi dilaramım təmənna-qəsdi-can eylər?
Çıxar canım, əgər getsə gözümdən bircə an əksin,
Bu möhnət öldürər, billah, əlif qəddim kəman eylər.
Könül mülkümdə şahənşah olan ol ismi-pünhanım,
Qoyar Xatunu biçarə, gözün yaşın rəvan eylər.
***
Məni ol şux nədəndir, görəsən, yad etməz,
Dili-naşadımızı lütfü ilə şad etməz?
Xəbərim yox, nə zamandır, nə gələn var, nə gedən,
Rəhmə gəlməz, məni bu qüssədən azad etməz.
Eşq abad edən xanəni yıxmaq olmaz,
Kimsə də eşq yıxan xanəni abad etməz.
Çox bəlalar gətirib başıma, çıxdı getdi,
Nə səbəbdən ki bəs halıma imdad etməz?
Gecə-gündüz ki qəmindən çəkirəm nalə, nədən,
Ahım ol məhvəşin könlünü bərbad etməz?
Vəsfi-şirinivi əhsən, gözəl etdin, Xatun,
Qələmin etdiyini tişeyi-Fərhad etməz.
“MƏNİ SALDIN NƏZƏRİNDƏN”
Məni saldın nəzərindən gözünün yaşı kimi,
Sındı könlüm bu səbəbdən qırılan kaşı kimi.
Nə qədər səbr elədim, görmədim amma səmərin,
Mən bu sevdada ziyan etdim əcəb naşı kimi.
Öldürüb dəfn elədim könlümə çox istəyimi,
Gəzirəm indi özüm sevgimə başdaşı kimi.
Xırda pultək nəzərində, demə, yoxmuş dəyərim,
Sən əzizdin mənə yaqut üzüyün qaşı kimi.
Xatunun arif olan kəs oxusa sözlərini,
,,Bərəkallah”-deyəcək, ,,doğrudu nəqqaşı kimi!”