***
Kimdir, nədir
Kimdir, nədir həyatı sevdirən mənə?
Hər səhər
Pəncərəmi döyən
günəşmi?
Yuxusundan oyanan
çocuğun səsimi?
Yoxsa,
Qış yuxusundan sonra
Yaşıla bürünən
ağaclar,
otlar,
kollarmı?
Kimdir, nədir həyatı sevdirən mənə?
Ən ağır günlərimdə
Qurtuluş əlini uzadan
bir dostmu?
Yoxsa,
Dünyada bir iz qoymaq
həvəsimi?
Kimdir, nədir həyatı sevdirən mənə?
Günlərdir gözlədiyim
məktubu gətirən
poçtalyonmu?
Yoxsa,
Məni yalqızlıqdan qurtaran
telefon zəngimi?
Kimdir, nədir həyatı sevdirən mənə?
Tanımadığım bir insanın
təbəssümümü?
Yoxsa,
İllərdir qəlbimdə yaşatdığım
sevgimi?
Kimdir, nədir həyatı sevdirən mənə?..
Ayrılıq heykəli
Perronda baş-başa qalmış ikisi -
O və ixtiyar vağzal saatı.
Paslanmış əqrəblər
atdıqca özlərini irəli
Daha da uzanır
nankor məsafələr.
Qovuşur feilin keçmiş zaman şəkilçisinə
Birgə yaşanmış günlər,
Görüşlər,
Gülüşlər,
Dərdlər,
sərlər...
Uzaqlaşan qatarın tıqqıltısı,
İxtiyar vağzal saatının paslı əqrəbləri,
Feilin keçmiş zaman şəkilçisi,
Yaradır
Kimsəsiz perronda
Yeni bir
Ayrılıq heykəli.
Çətin iş
Dilləndirmə məni, qardaşım,
Danışsam,
Dodağın uçuqlar.
Düşündüyün kimi deyil yaşamaq -
Səhər - yemək,
Günorta - yemək,
Axşam - yemək,
Günün bir günündə də
Uzanıb ölmək.
Başqa şeydir həyat, qardaşım!
Əngəlləri aşmaq sənətidir o,
qürurunu,
mənliyini qorumaq sənəti.
Çox çətindir, bilirəm,
bu sənət!
Çətindir -
Alnı açıq yaşamaq,
Sinə gərmək yalana,
alçaqlığa,
Çətindir qorumaq
gerçəyi, həqiqəti,
ədaləti, sevgini.
Bilirəm,
Çətindir qorumaq
Səni ana südüylə bəsləyən,
Varlığınla sevdiyin
məmləkətini!
Fərman
Bu gecə
Bir fərman imzaladım:
"Ey, soyuq qəlbli gözəl,
Bu gündən sonra sən
Sevib sevilməyə
Məhkumsan!"
Zəngli saatın nağılı
Şirin yuxumda
Yeni bir dünya qururam,
gözəldən gözəl.
Sərhəd yox olmuş -
birləşmiş cənubla şimal.
Hər tərəfdə
Xoşbəxt dost üzlər.
Meydanlar uşaqlarla dolu -
üzü gülər.
Yalan dönüb doğru olmuş.
Rüşvət nədir -
unudulmuş.
Aclıq,
işsizlik,
pulsuzluq,
Sözlükdən silinmiş.
Gerçək olmuş
Utopik bərabərliyi minilliyin.
O olmuş, bu olmuş
deyərkən,
Xoruzum -
zəngli saatım -
banladı,
Yuxudan oyandırıb məni,
Olmayandan
olana qaytardı.