Hansı ölkəydi, hansı?
bəs neçənci əsrdi?
...orda – o köhnə yolla
bir uşaq tələsirdi...
Fikrindən nə keçirdi,
nə tutmuşdu əlində?
nə vardı çiynindəki
o nimdaş zənbilində?
Tanrı hardaydı onda,
ya xeyirxah mələklər?
bilirdilərmi bir gün
Ona nə deyəcəklər?!..
...sonra güldü qəfildən,
bütün ağrısı keçdi:
...ovcundasa,
soyumuş
qəlbini gizləmişdi....
* * *
Bu il də belə keçdi,
bir yaş da düşdük geri...
...yığmağa yer də yoxdur
dadsız xatirələri...
...indi durub özünə
deməyə nə sözün var?!
...hava da boz-bulanıq,
bizdən də duru kim var?!
...hər qarışda dirənir
dekabrın şaxtası...
...orda – bir soyuq evdə
yanır dörd sətir yazı:
“...maraqsızdı, bilirəm,
bu bitir, o başlayır...
...köhnə ssenaridə,
təzə kino başlayır...”
* * *
…Nə xəbər var şəhərdə?
kim piyada, kim atlı...
...fevralın boz soyuğu
hələ ki, salamatdı...
...hərdən sular kəsilir,
ya da işıqlar sönür...
...yəqin, fikirləşirsən:
“yaxşı tərk etdim səni...”
...yox, heç pis-filan deyil,
bu nisgilli təkliyim...
...cırıb atdım fotonu,
sərçələr dimdikləyir...
...sonra qaranlıq çökür,
dayanmadan yağır qar...
...və eyni o əhvalat:
“... qoca Arxip... Lyonka…