- Ala, ala! Çər dəymiş! Görüm səni it kimi gəbərəsən! Ala!
Havada tez-tez qalxıb enən qamçı zərbələri atın bədəninə dəydikcə ətrafa vıyıltı səsləri yayılırdı. At sakitləşmirdi, hər zərbədən daha da qızışır, yerə cidarlanmış cilovunu qırıb qaçmaq istəyirdi. Zərbələrin təsiri ilə şahə qalxır, kişnəyir, elə bil nalə çəkirdi. Hər dəfə şahə qalxanda nifrətlə palçıgı göyə sovururdu. Qamçıya ram olmaq istəmirdi. Hər zərbədən sonra kişinin qolunun gücü daha da zəifləyir, sanki qamçının ağrısını öz bədənində hiss edirdi. O, atını çox sevirdi, var-dövlətindən yalnız atını götürüb kənddən çıxmışdı. Amma özündən asılı olmayan hirs beyninə hakim kəsilərək onu sakitləşməyə qoymurdu, sanki aramsız zərbələr endirməklə sakitləşmək istəyirdi.
- Səni öldürəcəm! Səsini kəsəcəksən! Hə, nətəhərdi, ala, bu da biri! Qamçı xoşuna gəlir?! - kişi bağırır, vururdu...
- Ay kişi, əl saxla sən Allahın! Yazıq heyvan neynəsin, xiffət eləyir...
Kənarda dayanıb için-için göz yaşı axıdan arvadın dediyi bu cümlə kişinin qollarını zəncirlədi bir anda... söz onu dayandırdı... Heyvan xiffət çəkirdi... donub qaldı, bu onun ağlına gəlməmişdi... axı atda canlı idi, o da sevə, nifrət edə, xiffət çəkə bilərdi... doğulandan dağ çaylarının kənarlarında, yaşıl çəmənlərdə, başı qarlı dağların ətəklərində dördnala çapırdı. Amma indi onu sahibi bomboz bucaqsız çölə gətirib, həbsə məhkum eləmişdi. Buranın nə havası, nə qupquru qurumuş ot-ələfinin tamı ona tanış deyildi. Geri qayıtmaq istəyirdi, doğulduğu yerlərə...
Kişi atın gözündəki yaş damcılarını gördü, ağlayırdı. Qolu boşaldı, qamçı palçığın içinə düşdü... indi hiss etdi ki, nəfəsi tamam kəsilib, ürəyi ağzına gəlirdi. Dizləri üstə palçığa çöküb zarımağa başladı. Aylardır atın ipə-sapa yatmamasını indi anlamışdı, heyvan Vətən, torpaq, su, hava xiffəti çəkirdi...
Hər ilin soyuq dekabr günləri gələndə bu hadisəni xatırlayıram...
Bura İmişlinin zığ-zımırtdağı boğaza çıxan çölü idi. Ucu-bucağı görünməyən düzdə yüzlərlə çadır qurulmuşdu, dörd ay idi kəndləri işğal olunmuş insanları gətirib bura yığmışdılar. Görənlər bilir, belə çöllərdə yayda bir cəhənnəmdi, qışda. Yayda bürkü, ağcaqanad sürüsü, ilan-çəyən camaatı qırırdı, qışda sərt soyuq, xirtdəyə çıxan palçıq. Bura yığılan insanlar hər şeylərini qoyub gəlmişdilər, əldə-ayaqda nə götürə bilmişdilərsə, ancaq o idi. Soyuqlar qəfil düşmüşdü, kim nə tapmışdısa əyninə keçirmişdi. Hələ aclıq... hamı aclıq çəkirdi, kim gecə dörddə-beşdə durub iranlıların verdiyi çörək növbəsinə gedə bilirdisə, günü birtəhər yola verirdi, gedə bilməyənlər xəcalətindən, aclığın verdiyi əzabdan qovrulurdular. Verilən də çörək olsaydı, əl boyda nazik yuxanın nə dadı vardı, nə də doyumluluğu.
Hər gecə yağan yağış çadırların içini basır, bəzilərini aşırırdı. Soyuq, nəm hava adamın bədənini qıca döndərirdi. İki gün əvvəl 123 nömrəli çadır uçmuşdu, səhər açılanda hay düşdü ki, İsgəndər kişi çadırda keçinib. Çadır şəhərciyinin sakinləri kimsəsi olmayan, yeganə övladı şəhid olmuş kişini düşərgədən xeyli uzaqda qəbir qazıb basdırdılar. Danışırdılar ki, o qədər yağış yağmışdı ki, qəbir ağzına qədər su ilə dolmuşdu, ha boşaltsalar da bir şey alınmamışdı. Ölünü suyun içində basdırıb gəlmişdilər. Burada hər gün ölən olurdu, top-tüfəngdən canını qurtarıb xilas olanlar kədərə, həsrətə, xiffətə məğlub olurdular. Əsas da yaşlılar... köçkün həyatı onları günbəgün əridirdi...
Çadırlardan bütün günü ah-nalə səsləri gəlirdi, işğalda yaxınlarını, ərini, övladını, qardaşını itirən qadınlar inləyirdilər. Ölüsündən dirisindən xəbər almaq istəyənlər gündüzlər çadırın çölündə oturub xəbər gözləyirdilər. Səfalı yerlərdən gəlib palçıqlı çöllərdə yaşamaq onlar üçün çətin idi. İsti geyim, qida olmadığı üçün hamının bənizi solğunlaşmışdı, gözləri çuxura düşmüşdü. Qış hələ yeni başlayırdı...
Hamı kimi onlarda - qoca kişi və arvadı dörd ay idi ki, çadır düşərgəsində yaşayırdılar. Oğlu onu, xəstə arvadını atəş altından çıxararaq səngərdəki yoldaşlarına kömək üçün geri qayıtmışdı. O gündən ondan xəbər yox idi. Kənd işğal olunmuşdu, oğlu sağ idimi, bilmirdi...
Ev-eşiyindən bircə atını gətirə bilmişdi. Di gəl ki, at ucsuz-bucaqsız bu çöllərə gələndən rahat durmurdu. Bütün günü kişnəyir, qəribə səslər çıxarır, qaçıb getmək istəyirdi. Öyrəşə bilmirdi bu yerlərə. Kişi onu sakitləşdirmək üçün hər şeyi edirdi, amma xeyri yox idi. Heyvan xiffət çəkirdi. O heç vaxt atını vurmamışdı, olsa-olsa sürünü dağa-arana aparanda mah-mızlamışdı. İlk dəfə idi, onu döydü. Ona görə döydü ki, bəlkə, sakitləşər, dinclik verər. Bir neçə dəfə istəmişdi, atı açıb çölə buraxsın. Amma bacarmamışdı, at ona oğlunun yadigarı idi. Oğlu bu atı çox sevirdi. Bəlkə, birdən oğlu qayıtdı, atı istədi. Nə deyəcəkdi ona? Onsuz da açıb buraxsaydı, çöldə canavarlar parçalayacaqdı.
Əzab çəkirdi, axı dilsiz- ağızsız heyvana acizliyini başa sala bilmirdi. Deyə bilmirdi ki, o torpaqlar indi çox uzaqlardadır, ora getmək mümkün deyil.
Çadır şəhərciyinin məskən saldığı çöldə soyuq, boz-bulanıq səhər açılırdı... Axşam yenə yağış yağmışdı, çadırlar islanmış, bəziləri uçmuşdu...
Bu gün çadırda yaşayanları atın kişnəməsi, narahat səsləri oyatmadı. Çünki o ölmüşdü... donmuş baxışları çox uçaqlara zillənmişdi... getmək istədiyi yerlərə...
... Onu xiffət öldürmüşdü....
Hava yenə tutqun idi, çiskin sifətini döyəcləyirdi. Qoca ağır-ağır başını səmaya qaldırdı. Göy üzündəki topa, qapqara buludlar harasa baş alıb gedirdi. Elə bil onlar da tələsirdi, bom-boz rəngin hakim kəsildiyi bu çöldən can qurtarmaq istəyirdi. Vıyıltı ilə cölü yalayıb gedən külək buludları tələsdirirdi.
Çöldən can qurtaran təkcə təbiət ünsürləri deyildi, insanlar da köçməyə başlamışdılar. Bir neçə gün idi ki, çadır düşərgəsində köçhaköç idi. Deyilənə görə, hardasa bu insanlara daşdan evlər tikib onları çadırlardan köçürürdülər. Onsuzda çadır şəhərciyində çox adam qalmamışdı, insanların bura gəldiyi gündən on iki il keçirdi. Kimisi ölmüş, kimisi canından bezib çoxdan köçüb getmişdi. Tərk edilmiş çadır evlər tənha qalmışdı, külək, yağış yavaş-yavaş onları uçurur, çöl fırtınası zamanı qum selinin altında qalırdı. Amma bu çadırlardan xatirələri heç nə silə bilmirdi, bu çadırlar illərlə insanların torpaq nisgilinə, gizli göz yaşlarına, istirablarına şahidlik etmişdi. Kənardan yazıq görünürdü o çadırlar... Köçənlər hökmən çadırlarında nəsə qoyub gedirdilər... saralmış fotolar, divardan asılı qalmış uşaq oyuncaqları, yeni qurulmuş gənc ailələrin qırmızı toy lentləri, dünyasını dəyişənlərin köhnəlmiş pal-paltarları... bu əşyaları çadırlarda qəsdən qoyub gedirdi insanlar... amma gedənlərin çoxu sonradan geriyə, öz çadırına qayıdırdılar. Deyirdilər ki, doğma yurd-yuvalarının son nişanəsi olan bu çadır şəhərciyi onları geriyə - Qarabağa qaytaracaq yeganə ümid idi... insanların geriyə qayıtmaq ümidi öləzidikcə çadır şəhərciyi balacalaşırdı, əvəzində yaxınlıqdakı çöl qəbirstanlığı böyüyürdü. Ölənlərin vəsiyyəti eyni olurdu “bala, başına dönüm, məni elə basdır ki, birdən, işdi-şayət, torpaq alınsa, çıxarıb kəndə apara biləsən”... ona görə qəbirləri dayaz qazırdılar, başdaşı, sinədaşı qoymurdular. Hər kəs qəbirlərin yerini fəhmlə yadında saxlayırdı. Illər keçir, təbiət hadisələrinin təsiri ilə qəbirlər çökür, dağılırdı. O cəsədlərlə birgə ümidlər də torpağa qarışırdı.
Qoca ayaqlarını sürüyə-sürüyə qəbiristanlığa gedirdi. Külək addımlarına mane olur, əynindəki nimdaş sırıqlını qapıb almağa çalışırdı. İllər idi ki, şəhərciklə qəbiristanlıq arasına yolu addım-addım ölçürdü. İlk dəfə bura atını basdırmağa gəlmişdi. Camaatın qınağına məhəl qoymamışdı, sevimli atının cəsədini çölə tullamamışdı ki, birdən canavarlar parçalayar. Gətirib qəbiristanlıqda basdırmışdı...
Bir neçə ildən sonra atını basdırdığı yeri unutdu. Soyuq bir qış günündə arvadı öldü, onu da gətirib bu çöldə basdırdı. Arvad zarı-ya-zarıya canını tapşıranda “... balam gəlməmiş məni qəbirə qoyma... “ demişdisə də bunu bacarmamışdı. Qonşular dedilər ki, meyidi çadırda çox saxlamaq olmaz. Bir də ki, oğlu heç vaxt gəlməyəcəkdi. Sorağın almışdı. Atəşkəsdən sonra cəbhədən qayıdanlardan bir neçəsi oğlunun döyüşlərdə həlak olduğunu demişdi. Meyidini görənlər var idi, amma basdıra bilməmişdilər. Qoca bu xəbəri arvadından gizlətmişdi, ona dəfələrlə yalan danışmışdı. Demişdi ki, Allahdan ümid kəsilməz, oğlumuz hökmən gəlib çıxacaq. Hətta arvaddan gizli qəbiristanlıqda oğluna qəbir qazmışdı, çöl küləklərinin dartıb gətirdiyi ağac kötüyünü qəbrə uzadıb üstünü torpaqlamışdı. Oğlunun “qəbrini” düzəltmişdi. Özünü inandırmışdı ki, oğlu düşmən əlində olan kənddə yox, burada-çadır şəhərciyində ölmüşdü. Qəbri də budur. Hər gün arvadından gizli qəbiristanlığa gəlib qəbri qucaqlayır, göz yaşı axıdıb çadırına qayıdırdı. Dəli olmamışdı, amma ataydı, övlad həsrətini başqa cür ovuda bilmirdi. Bəzən ağlamaqdan gözləri qızaranda arvadına yalandan deyirdi ki, külək vurub...
Arvadını oğlunun “qəbri” ilə yanaşı basdırmışdı. “Daha nə dərdin var axı... oğluna qovuşdun... qəbirləriniz yan-yana düşdü. Bəs məni harda basdıracaqlar?! Axı çadır şəhərciyini köçürürlər, məni harasa uzaqlara aparmaq istəyirlər... birdən... birdən apardıqları o yad yerdə ölsəm, məni kim gətirib burada basdıracaq?! Yox, yox... mən gedə bilmərəm... mütləq qalmalıyam...”
Bugünkü gəlişi o birilərinə bənzəmirdi. Hardasa tanımadığı bir yerdəki qəsəbədə ona daşdan tikilmiş ev vermişdilər. Bir azdan yük maşını gəlib onu əşyaları ilə birgə aparacaqdı. Getmək istəmirdi, bilirdi ki, getsə, bu qəbiristanlığa bir daha qayıda bilməyəcək. O, burda ölmək, oğlunun, arvadının yanında torpağa gömülmək istəyirdi. Axı gedəcəyi yerdə onu heç kim tanımırdı. Onun ailəsi burda idi. Geriyə dönüb uzaqda görünən çadır şəhərciyinə baxdı. Sakinlər çadırlarını sökür, əşyalarını bir kənara yığırdılar. “Ay camaat! Getməyin! Qəbirlərinizi qoyub getməyin, ey insanlar! Getsəniz, onlar bu çöldə itib-batacaqlar!..” Bağırmaq, vay-şivən qoparmaq istədi... amma xirtdəyinə yapışmış bir ağrı imkan vermədi. Qoca iki qəbrin ortasına çöküb xırıldadı” ...məni bağışla, Gülüzar, sənə yalan demişdim, oğlumuz çoxdan ölüb, lap çoxdan, səndən əvvəl...” – deyib bağırmağa başladı. Qocanın bağırtıları çöldə əks -səda verir, vıyıltı ilə harasa tələsən külək onun hönkürtü səslərini alıb çölün dərinlilklərinə qaçırdı...
Qəti qərarı idi. O bu çadır şəhərciyindən köçməyəcəkdi. Onu heç bir qüvvə bu balaca çadırındakı xatirələrindən, kədərindən, nisgilindən ayıra bilməzdi! Ona yeni vətən lazım deyildi, on iki il yaşadığı bu çadır ona doğma kəndinə qayıdacağına son ümid yeri olmuşdu...
Tələsmədən dəstəmazını aldı, çadırda yerə salınmış köhnə döşəyini üzü qibləyə sarı çevirdi. İnsan ölümünü hiss edir... uşaqlıqdan yadında qalmışdı, atası deyirdi ki, onlar nəsillikcə sakitcə canlarını tapşırırlar. Dəstəmaz alıb üzü qibləyə sarı salınmış döşəyə uzanır, gözlərini yumur və... onun atası da, babası da, beləcə ölmüşdü... deməli, onun da ölümü belə olmalıydı... Atasının canını tapşırdığı an dediyi sözlərini xatırladı “...biz Allahın sevimli bəndələriyik, O, bizə asan ölüm verir, ölümümüz çətin olmur...” demişdi... Ölüm onu bu çölə bağlayacaq yeganə çıxış yolu olacaqdı...
“Ya Allah! Əşhədu ən la ilahə illəllah...” deyib gözlərini yumdu...
Maşın karvanı şəhərciyə yaxınlaşırdı, ailələr ağır-ağır çadırlarını söküb yığışırdılar...