Sonuncu dua
İndi onun Tanrıya daha çox ehtiyacı var idi. Hamı onu unutmuşdu, tənhalıq Günəş kimi isti və böyük idi. Gecələr yuxu dərmanlarının köməyi ilə birtəhər yuxuya getsə də, gecənin tən ortasında hərarəti onu səhərə qədər incidir, rahat buraxmırdı...
Məscidlərdə oxunan azan səsi onun gözlərində ümid qığılcımı yaradırdı. Bəzən dualarının təsirini göz yaşlarında, bəzən də sevinc qonan simasında görmək olurdu. Tanrı onu səmimi və kövrək bir ürəklə mükafatlandırmışdı. Lakin Tanrının mükafatlandırdığı bu ürəklə o bacarmırdı. Arzuları köhlən at kimi onu həyatın hər çətinliyində yəhərinə alır, köməyinə çatırdı. Yeməyə pulu olmayanda belə o öz nikbinliyini göz bəbəyi kimi qoruyur, üzülmürdü. İnanırdı ki, hər şey yaxşı olacaq... Hər şey deyəndə ki, o bir qism həyat zərurətlərini və ehtiyaclarını nəzərdə tuturdu. Həyat onu nə qədər sıxsa da, o buna əhəmiyyət vermir, əksinə hər gün daha güclü və istəkli olurdu.
Maddi ehtiyac onun mənəvi zənginliyinə güc gələ bilmirdi. Hər dəfə hücuma keçən amansız qayğılar kor-peşman geri qayıtmalı olurdu, yenidən qəfil hücuma keçmək üçün əlverişli bir məqamı gözləyirdi. Bəzən günlərlə evdən çıxmaz, pəncərədən belə çölə baxmazdı. Daraq dəyməyən saçlarında tək-tük ağ saçları səməni buğdası kimi cücərməyə başlamışdı. Onun dağ kolu kimi sərt və qıvrım saçları vardı. Sanki o başında qaya parçası gəzdirirdi. Hətta inanmaq olmurdu ki, bu saçlara od vursan yana bilər...
Külək kimsəsiz küçələrdə “naməlum” istiqamətdə əsdikcə, toz-torpaq göyə sovrulduqca adama elə gəlirdi ki, şəhəri ağır bir xəstəlik bürüyüb və hamı bu xəstəlikdən ölüb. Çünki belə bir mənzərə ortaya çıxmışdı. İşıqfora belə məhəl qoymayan küləklər şəhərə ölü bir sükut gətirmişdi. Belə bir sükut həm də canavar kimi zəhmli idi. Hər an içindən qopan fırtınanın təsiri ilə o adamı yoxluğun qucağına ata bilərdi.
Payız idi. Hər tərəf itaətkarcasına solub saralmışdı. İnsanların üzündə bir itki, bu itkini tapmaq üçün axtarış, bir narahatlıq sezilirdi. Yağışlar ara-sıra yağır, küçələrin toz basmış qırış üzünü yuyurdu. Belə vaxtlarda o, bir yerə tez-tez gedərdi. Burada o rahatlıq tapırdı. Bu yer şəhərin Yaşıl bazar adlanan yerlə üzbəüz olan köhnə məscid idi. Bu yerə həm də “Allahın evi” də deyirdilər. Kin, nifrət, paxıllıq, ehtiras, burada insanları bəzən həmişəlik, çox vaxt isə müəyyən müddətə də olsa tərk edirdi. Belə bir təəssürat yaranırdı ki, sanki insanlar şeytanı çöldə qoyub, məscidə daxil olur, mələklərlə görüşür, sonra isə onları səbirsizliklə gözləyən şeytana qoşulub yenidən işlərinin dalınca gedirlər. Bu kimi hallar onu qətiyyən narahat etmirdi, o özü də bunu dəfələrlə müşahidə etmiş və belə qənaətə gəlmişdi ki, öz müşahidəsində yanılır. Çünki o şeytanla nə yaxından, nə də uzaqdan tanış deyildi. Ömrü boyu halal yaşamış, halal çörəyini qazanmışdı. Heç kimin pulunda, malında gözü olmamış, adamlarla son qəpiyinini də paylaşmağa razılaşmışdı. Bu onu hamıdan uzaq etmişdi, təkliyə təslim olmuşdu. Halal insanları nə cəmiyyət, nə zaman, nə də biz insanlar çox vaxt qəbul etmirik, onlara avam kimi baxır və bir çox hallarda ehtiyat edirik onlardan, yəni halal insanlardan.
İş elə gətirmişdi ki, hamı kimi, şeytan da bu adamdan xəbərsiz idi. O, “dua” etməyi xoşlayırdı. Həm də o elə dua edirdi ki, ətrafda heç kim bunu bilmir, fərqinə belə varmırdı. Göstəriş naminə edilən duaları, qılınan namazları, oruc və qurbanları o yaxşı duyurdu və bilirdi ki, insanlar bu işdə səmimi deyillər. Necə ki, bir neçə il əvvəl qonşusu Mirsahib ağa həccə gedib qayıdanda ticarətçi kimi dönmüşdü, gətirdiyi bər-bəzəkləri alverçi kimi satmışdı, həm də od qiymətinə, bu onu çox sarsıtmışdı...
“Dua” onun üçün nəfəs qədər vacib bir həyati əhəmiyyət kəsb edirdi. Hər dəfə “dua” edəndə o həyata bağlanır, inanır və ümid edirdi. Ümid edirdi ki, düşdüyü vəziyyət Tanrının iradəsindən kənar deyil və o, səbr etməklə bu vəziyyətdən uğurla çıxa biləcəkdi. Səbrlə yanaşı o, dua etməklə vəziyyəti daha da yüngülləşəcəyinə də adı kimi əmin idi. Tək məsciddə yox, hər yerdə dua etmək olar. O belə də edirdi. Çox vaxt evində, bəzən də küçənin ortasında dua edirdi...
Bir dəfə küçənin zibil yeşikləri qoyulan yerində anası ölmüş pişik balasını görüb, təlaş içində özünü itirmişdi. Nə edəcəyini bilmirdi. İlk dəfə idi, belə bir hal ilə qarşılaşırdı. Bu yazıq və köməksiz pişiyi özü ilə evə aparmaq istəyi onun qəlbini bir anda fəth etmişdi. Lakin naməlum bir qorxu onu bu addımdan çəkindirmişdi. Yenə də dua etməklə ona kömək etdiyini düşünərək, oradan iti addımlarla uzaqlaşmalı olmuşdu.
Havalar qəfil soyuyur, ağaclar küləyin sərt üzünü görür, bunu qırılan budaqlarının hesabına ödəyirdi. Hər yerdə yarpaq topaları var idi, bu topalar qarışqa yuvasını xatırladırdı. Şəhərdə demək olar ki, bütün ağacların yarpaqları etinasız şəkildə tökülür, küləyin uğultusu ilə rəqs etməyə başlayırdı.
Qış yaxınlaşırdı. O, keçən il aldığı yun şərfi hazır şəkildə saxlayırdı. Bu şərf ona əlavə imtiyaz və yaxud səlahiyyət verirdi, o, güclü və xoşbəxt hiss edirdi özünü bu şərf ilə. Qar yağanda bu şərf onun boynuna ilan kimi sarılır, onu möhkəm soyuqdan qoruyurdu. Sinoptiklər bu qışın sərt keçəcəyini, son əlli ilin ən soyuq qışı olacağını bildirirdilər.
İndi onun dualarının ünvanı küçələrdə kimsəsiz adamlar, anası ölmüş pişik balaları, isti yuvası olmayan itlər, hətta çılpaq ağaclar idi. Bir gün mağazaya gedəndə dayanacaqda əllərini nəfəsi ilə isidən yaşlı bir qocanın çarəsiz üzündə donan ümidləri görmüşdü. Onun üzündə ümidlər soyuqdan yox, kimsəsizlikdən və ehtiyacdan donmuşdu. Ona yaxınlaşmaq, halını sormaq, isti bir çaya qonaq etmək nə yaxşı olardı... Lakin yenə də Tanrının iradəsindən kənar olmayan bu hadisəni də o, duanın vasitəsilə kömək olacağına inanmışdı... O, bu dualar ilə sanki Tanrının yadına salmaq istəyirdi ki, hamının evi yoxdu, çöldə qalanlar var, əyni yuxa kimi nazik adamlar var, yeməyə bir parça çörəyi olmayan kimsəsizlər var... Tanrı isə polad əzmi ilə susurdu. Bu susqunluq bəzən Tanrının da “dua” etdiyinə adamı inandırdı. Bəlkə, Tanrının da duaya ehtiyacı var? Kim bilir, bəlkə də...
O, bu duaları ilə artıq Tanrını da bezdirmişdi. Hərdən bunu hiss etsə də, qorxu və təlaş içində fikrindən daşınırdı. Yeni dualar haqda düşünür, forma və məzmuna dəyişiklik edirdi.
Səhər Günəşin qarşısını alan ağ buludlar qalın qar örtüyünün səbəbkarı kimi məğrur və bir o qədər qürurlu görünürdü. Qar elə acgözlüklə yağmışdı ki, sanki illərdi yağmır və bu qış illərdi yağmamağın qisasını almışdı. Ağaclar qarın ağırlığından nökərin ağa qarşısında etdiyi təzim şəklində əyilmiş, küçələrə ölü sükut çökmüşdü. Tək-tük ayaq izlərinə rast gəlinirdi. Sanki şəhər başına böyük bir ağ çuxa papaq qoymuşdu. Hava yenicə doğulmuş uşaq kimi idi.
Belə havada gəzintiyə çıxmaq ayrı bir gözəllik idi. İndi yorğunluqdan, darıxmaqdan xilas yolu idi belə havada gəzinti... Bu gün o isti şərfini boynuna dolayıb, üzündə təbəssümlə çölə çıxıb, təmiz havanı ciyərlərinə çəkmək, bu gözəl gün üçün Tanrıya dua şəklində “təşəkkür” etmək istəyirdi. Dərindən nəfəs alıb, havaya kömürlə işləyən qatar buxarına bənzəyən nəfəsini verirdi. Özünü on il, bəlkə də, iyirmi il cavanlaşmış kimi hiss edirdi. Deyəsən, onun duaları həyata keçmişdi. Heç kim gecənin soyuğunda donmamış, hər kəs isti bir yuvada gecələmişdi. Bu onu sevindirirdi. O, “dua”larının gücünə, ünvanına və səbəbkarına qarşı anidən rəğbət hissinin gücləndiyini yəqin etdi.
Axşam evə qayıdan kimi, bu günün xoşbəxt insanı kimi şərfini çıxarmadan yatağına uzandı. Əlini başının arxasına balınc əvəzi qoyub, gözünü dan yeri kimi qızarmış tavana zillədi. “Dua”ları haqqında düşünməyə başladı. Düşündükcə yerində qıvrılır, gah ayağa durur, gah oturur, gah da bir nöqtəyə baxıb səssizliyə qərq olurdu.
Çox düşündükdən sonra o qərara gəldi ki, dualarını yazıya alsın, sonra bu duaları yazılı şəkildə məsciddəki adamlara paylasın, sanki bununla onlara yardım edəcəyini, onları düzgün və tez yerinə yetən dualarla tanış etmək istəyirdi. Beləliklə o, gündəlik etdiyi duaları poetik şəkildə, bir az da lirik əhval-ruhiyyə qatmaqla yazıya almağa başladı. Bəzən bu dualar şeiri xatırladırdı. Bir həftəyə yüzdən çox dua yazıb, vərəqə köçürməyi bacarmışdı. Hər dua bir xilas, bir çıxış yolunu özündə ehtiva edirdi. Sanki həkimin xəstə adamlara yazdığı resepti indi o, dua şəklinə salıb kağıza köçürmüşdü ki, insanlar nakam könlünə şəfa gətirsin.
Bir müddət keçdikdən sonra yazdıqlarını ilk olaraq özü oxumağa başladı. Oxuduqca ümidsizləşməyə, bədbinləşməyə doğru getdiyini anladı. Bu onu çox məyus etdi. Bir anlıq o, bu duaların təsir gücünün zəifliyini hiss etmişdi. Qafiyəli və şeir kimi əzbərlənən bu dualar öz sehrini itirmişdi. Ona elə gəlirdi ki, bu dualar pul kimidi, lazım olan yerlərə xərclənməyəcək və Tanrını da qəzəbləndirəcək. Beləliklə, çox da düşünmədən qərara gəldi ki, yazdıqlarını cırıb atsın. Dua edib etdiyi səhvə görə cəza almamağını Tanrıdan dilədi. Belə bir işi bir daha tutmayacağına söz verdi.
Bir neçə ay sonra qonşuluqda hamı kağıza yazılan dualardan və bu dualar yazılan kağızları cıran adamın ölümündən danışırdı. Hamı elə bilirdi bu dualar müqəddəs olduğundan onu cırmaq qətiyyən olmazdı, məhz bu səbəbdən həmin adam Tanrının qəzəbinə tuş gəlmiş və cəhənnəmə vasil olmuşdu. Bu hadisə uzun müddət şəhər sakinlərinin dua işinə olan yanaşmasında məsuliyyət hissini bir xeyli artırmış oldu. Yazıq o adam isə qəfil ürək tutmasından ölmüşdü, 12 saylı xəstəxanadan cinayət işi üzrə xəbərlər aparan müxbirə belə bir məlumat verilmişdi. Lakin hamı duaların toxunulmazlığından, Tanrıya ünvanlanan bu sehrli mesajın böyüklüyündən həvəslə danışırdı. Halbuki ən böyük dua edənlərdən biri olan həmin adam sadəcə olaraq, ürək tutmasından həyatla vidalaşmışdı. Yəqin, özlüyündə o bunun Tanrıya daha yaxın olmaqla, artıq dualara ehtiyac hissinin olmamamsı ilə izah edirdi.
Məsciddə yenə azan oxunurdu, dualar Tanrıdan kömək uman insanların qəlbinə yenə hakim idi... Küçələrdə yenə anası ölmüş pişik balaları gözə dəyirdi.