QIZIM SƏYALIYA
Gülər gözlərində tapdım xoş günü,
Çəkildi ağrım da, acım da, qızım!
Bu boyda şirinlik tapa bilmərəm
Dünyanın o biri ucunda, qızım!
Nə möcüzə belə, nə sirr beləcə,
Ruhuma can verir səsin beləcə.
Nanə yarpağıtək əsir beləcə
Ürəyim ovcumun içində, qızım!
Ayrı nə diləyim ulu Tanrıdan,
Odur Yaradan da, odur yarıdan.
Yoxdu bir gileyim ağ gün sarıdan,
Sən də yanımdasan, bacın da, qızım!
ÇATINCA
Bir ömrə dəyərdi tək səni sevmək,
Sevərdim imana, dinc çatınca.
Uzaqdan baxanda mələksən, mələk,
Misraya dönürsən mənə çatınca.
O dünya varımdır, bu dünya yoxum,
Yanımda nə qardaş, nə bacı, qohum…
Bəlkə, harayını eşidər ruhum,
Halımı sorarsan yenc çatınca.
Birdən sən gəlincə çiçəklər solar,
Barı son anımda ləngimə, nolar…
Onsuz da mələklər aparmış olar
Sən gəlib mən adda qəmə çatınca.
YAZMIŞAM
Bu mənəm, bir düşün, sınama yüz yol,
Sən məni gətirdin dinc, yazmışam.
Taledən yoluma çıxdığın günü
Qismətə yazılan günə yazmışam.
Bu eşqin vüsalı olamı, bilməm,
Yolsuzmu çıxmışıq yolamı, bilməm.
Sən nəsən, sevgimi, bəlamı, bilməm…
Yazmaram, demişəm, yenc yazmışam.
Söznən yaratmışam dövlət, varımı,
Sevdim səndən gələn intizarımı.
Bütün ömür boyu yazdıqlarımı
Elə bilirəm ki, sənə yazmışam.
TƏRƏFİMDƏ
Günəşmi nur salır dörd bir yanıma,
Gendən boylanıram Tanrı payına,
Nə olsun, dayanıb yer tərəfimdə…
Birimiz divanə, birimiz dəli,
İndi bizim üçün hər şey təsəlli.
Aşikar olanım ellərə bəlli,
Pünhan nağılımsan sirr tərəfimdə.
Səssiz harayımı indi kim duya,
Budurmu dediyin əlçatmaz röya…
Görürsən, bir yanda bu boyda dünya
Təkcə sən durubsan bir tərəfimdə.
PÜNHAN
Nə yazdın, İlahi, ələ düşməsin,
Mələkdi, mələyin dilə düşməsin.
Saxla ürəyimdə, hələ düşməsin,
Aparım məzara adını pünhan…
Sevgindən yaranıb bəşər dediyin,
Bəlkə də, halaldı bu şər dediyin.
İlahi, budurmu məhşər dediyin,
Sinəmə çəkirəm odunu pünhan.
Bir azca su çilə, bir azca dən ver,
İstəsən, sevinc ver, istəsən, qəm ver.
İki divanəyə iznini sən ver,
Saxlarıq bu eşqin dadını pünhan.
Üzünü solduran çəkdiyi qəmmi,
Tərsinə getdiyim yolu… Dönəmmi…
Aşikar ömürdə, ya Rəbb, mənəmmi?
Ya da göndərdiyin odumu pünhan?
TƏK ÖZÜM OLSAYDIM, NƏ VARIYDI Kİ…
Bu şirin bəlanın iki canı var,
Tək özüm olsaydım, nə varıydı ki...
“O” adda, “mən” adda bir həyanı var,
Tək özüm olsaydım, nə varıydı ki...
Bir yolun üstündə bu alov, o nəm,
Bəlkə də, taleyin qarğışı mənəm.
Yaxşı, düşünməyin məni, cəhənnəm,
Tək özüm olsaydım, nə varıydı ki...
Yaşanmaz sevgidir – uludan-ulu,
Nə olsun, həsrətdən düşübdür yolu.
Bir körpə mələk var, ölüm arzulu,
Tək özüm olsaydım, nə varıydı ki...
Ömrü hara çəkə, hara çəkməyə…
Taleyin üstündən qara çəkməyə.
Hazırdı özünü dara çəkməyə,
Tək özüm olsaydım, nə varıydı ki...
Birlikdə çəkirik şirin bəlanı,
Bizsiz yazılanın yoxdur yalanı,
Kimsə ovudammaz mənsiz qalanı,
Tək özüm olsaydım, nə varıydı ki...
BOYUNCA
Çox şey istəmədim Tanrı adından,
Tək səni istədim qədər boyunca.
Gecənin zülməti yaxır adamı
Elə hər açılan səhər boyunca.
Mələksən, imansan, pirsən, bilirsən,
Mənə möcüzəsən, sirsən, bilirsən.
Səni yazdığımı bir sən bilirsən,
Sevinc axtarıram kədər boyunca.
Dondurub ruhumu, donu görünmür,
Dərdin biri üzdə, onu görünmür.
Eşqə aşinayıq, sonu görünmür,
Sonsuzluq gəzirəm səfər boyunca.
Bu ömrü bu eşqin yolunda sərəm,
Ağrıdan usanmaz, dərddən küsmərəm.
Göydə quşlara da nəmər verərəm
Adını gətirən xəbər boyunca.
NƏ OLUR-OLSUN
Alın yazısıdır, tale qisməti,
Axarı-baxarı nə olur-olsun.
Ölümnən olumun mənzilindəyik,
Əvvəli, axırı nə olur-olsun.
Eh, nəyim gedibdi, eh, nəyim qalıb,
Bircə yol Allahı görməyim qalıb.
Yarısı dağılmış ürəyim qalıb,
Bu ömrün çıxarı nə olur-olsun.
Üzündə zülmət var, əlində çıraq,
Bir ömür verilib, qismətinə bax.
Üstü başdaşıdır, ayağı torpaq,
Ta ondan yuxarı nə olur-olsun.
OLACAQSA
Ağrım səndən gəlir... Allaha şükür,
Qoy gəlsin, xoş gəlir, nə olacaqsa...
Dərdim bəs eyləyir, heç nə dəyişməz,
Sevinci nə qədər kəm olacaqsa...
Bəlkə, bu günahı savab bilərəm,
Onu hər müşkülə cavab bilərəm.
Qədərə min şükür... Gülab bilərəm,
Üzümə çilənən qəm olacaqsa...
Dünya başdan-başa ağrı, qəmdimi?..
Ürəyim dərdindən suçəkəndimi?..
Dəyişməm şeirin möhürbəndini,
Sonuncu qafiyə “sən” olacaqsa...
Olmaz, – deyib dayandınız qəsdimə,
Mən sönürəm, indi baxın... Oldumu?...
Bir şirincə əzabıydı, çəkərdim,
Bir dediyim mindi, baxın... Oldumu?...
Üzərimdə olacağın nifrəti.
Olasıydı... İndi qaldı həsrəti.
Nur varıykən, bu dünyanın zülməti
Gözlərimə endi, baxın... Oldumu?...
Əsiriydim mən “o” adda inamın,
Çox dedim ki, bu sevgiyə inanın.
Səcdəsinə dayanmışdım “dünyam”ın,
O da pirdi, dindi, baxın... Oldumu?...