Qəflətən başına ağır zərbə endirilmiş kimi yuxudan dik atıldı. Gözləri alacalanırdı. Sifətini turşutdu. Üz-gözü qan-tər içində idi. Elə bil başını suya basıb çıxarmışdılar. Öskürək sinəsində vulkan kimi püskürürdü. Yatağında oturub ayaqlarını döşəməyə dirəmişdi. Sifətini ovcuna tutub dərin düşüncəyə dalmışdı. Qadının səsi beynində cingildəyirdi. “Axır günlərinlə barışa bilirsənmi?” “Yox, barışa bilmirəm!” – hikkə ilə dedi.
Yataqdan ayağa durmaq istədi. Nəyisə fikirləşib, kimsə ona təkidlə ayağa durmağa icazə vermirmiş kimi, tərəddüdlə qayıdıb yerində oturdu.
- Yox, deyəsən, bu məni boş buraxmaq istəmir. – Təəssüf hissi ilə başını yellədi:
– Barışsam da, barışmasam da, olanım budur, – deyindi. – Adamın əvvəli gəlincə axırı gəlsin.
Qadının son məhkəmə iclasındakı sözlərini xatırladı. “Allah sənin cəzanı versin! Onsuzda hamınız bir bezin qırağısınız. Ortalıqda olan haqq-ədalət itib-batıb, amma mən Allahımın ətəyindən yapışıram, Allahın mərhəmətinə sığınıram”.
– Hə, onda mən də az-çox bezin bir qırağı sayıla bilirdim. – Başını önə, arxaya əyib sifətini turşutdu. – Zamanə elə gətirdi ki, indi heç bezin qırağı da ola bilmədim. Daha heç kiməm. Görünür, qismət beləymiş.
Onda vəkil onun yanına bir neçə dəfə xahişə gəlmişdi. “Möhtərəm hakim, onun heç bir günahı yoxdu, – demişdi. – Özünüz də yaxşı bilirsiniz ki, onu şərləyiblər. Özü də lütün biridir. Atası müharibədə şəhid olub. Yaşlı anasından başqa bir kimi, kimsəsi yoxdu. Anasının göz yaşına, özünün cavanlığına xatir bu işi ədalətlə həll edək getsin. Göydə Allaha da xoş gedər”.
Əhəmiyyət verməmişdi. Sakitcə oturub vəkili dinləmişdi. Vəkil sözünü ona çatdırıb otaqdan çıxmışdı.
Axırıncı dəfə vəkil onun yanına gələndə uzünü bozardıb, “A kişi, deyirsən, günahsızdı, Allaha da xoş gedər” – düzdü?
Vəkil onun sözünü başı ilə təsdiqləyib, – bəli!– demişdi.
- Başqası bilməsə də, sən ki yaxşı bilirsən? –O, səsinin tonunu bir az da qaldıraraq, – az-çox bizim işimizdən xəbərdarsan. Çox şey var ki, bizdən asılı deyil. İndi elə bir zamandır ki, işləmək istəyirsənsə, yuxarının xoşuna gəlməlisən. Vaxtlı-vaxtında dediklərini çatdırmalısan. Özün də deyirsən lütün biridir... Mənə nə! Hamı necə, mən də elə, elə bilirsən, təkcə mən belə işləyirəm... Bu mənlik olan iş deyil. Necə deyiblərsə, eləcə də olmalıdır. Mən özbaşına heç nəyi dəyişə bilmərəm. Yaxşısı budur, get, sən də öz işinlə məşğul ol”.
Gərək belə etməyəydim, axırı necə olsaydı da, vəkilin sözünə baxaydım. Gör aradan neçə il keçib. Heç nə yaddan çıxmayıb. Təəssüflənib başını buladı. - Sonranı nə bilmək olurmuş, eh, vəkil onda düz deyirmiş.
***
Onda məhkəmə zalında, müttəhim kürsüsündə əyləşən o gənc oğlanın (deyəsən, adı Arif idi, yadımdan çıxmayıbsa) etikadan kənar üstünə bağırmışdı. “Deyirsən, təqsir məndə deyil. Yaxşı, bəs özünün mərifət-qanacağın, tərbiyən harda qalıb? Özündən böyüyün, vəzifəli adamın üzünə ağ olursan. Bilirsən o kimdi? Tanıyırdınmı sən onu?
Gənc oğlan dilini sürüyərək, - “Bəli. Möhtərəm hakim”, – demişdi.
– Tanıyırdınsa, gərək belə etməyəydin. Ağa deyir sür dərəyə, sür dərəyə. Ağa ilə ağalıq etmək olmaz! Nə desəydi, sən susmalıydın, sözə baxıb bağını girləməliydin. Bəlkə, onun da sizə rəhmi gələrdi.
Gənc oğlan yerindən qalxıb, ədəb-ərkanla söz istəmişdi: – “Möhtərəm hakim, şəhid atama söydü. Mən də dözəmmədim” demişdi. Dedim, “Şərəfsiz, şəhidi söyürsən?” O da elə buna bənd imiş kimi bir neçə şahid tapıb məni həmin andaca polis çağırtdırıb götüzdürdü. Şükür Allaha, indi şahid tapmağa nə var ki! Guya vəzifəli adamı təhqir etmişəm, şərəf və ləyaqətini alçaltmışam. Bir dəfə mənə özü demişdi, “belə ağıllanmırsan, səni başqa cür ağıllandıracam”.
Anası dözməyib söz istəmişdi: – “Möhtərəm hakim, mənim balamı şərə salıb, bəhanəsi də odur ki, bizim daxmanı əlimizdən alsın. Bir neçə dəfə demişdi. “Sənin uçuq daxmanın mənim o boyda imarətimin yanında nə işi var? Çox eybəcər görsənir. Mütləq burdan köçməlisiniz!”
Onda o, ərkyana, bir az da sifətini turşudub demişdi: “Köç deyirdi, köçəydin, burda nə çətin iş var idi!”
Qadın səsini qaldırıb, “sizdə insaf deyilən şey yoxdur. Necə ərimdən qalan evdən çıxım? Onun üçün yöndəmsiz daxma olsa da, mənim üçün çox şeydi o ev. Şəhid ərimlə birgə olan xatirələrmiz yaşayır o evdə. Son dəfə o evdən çıxıb. Onun nəfəsi dəyib o evə, hənirtisini duyuram o evdən”.
Adama üstdən aşağı baxırmış kimi laqeyd cəsinə demişdi:
– Yaxşı, onda oğlun gedib, türmədə çürüyər.
Qadın göz yaşına hakim kəsilə bilməmişdi: “Allah sənin cəzanı versin! Onsuz da hamınız bir bezin qırağısınız. Ortalıqda olan haqq-ədalət itib-batıb, amma mən Allahımın ətəyindən yapışıram, Allahın mərhəmətinə sığınıram” – deyib məhkəmə zalını tərk etmişdi.
Çöldə səs-küy qopmuşdu. Qadın neft töküb özünü yandırmışdı. İçindən bir ağrı keçsə də, büruzə veməməyə çalışmışdı.
Qadının sonrakı taleyi ilə maraqlanmışdı. Xəbər tutmuşdu ki, qadın iki gün xəstəxanada yatıb, yanıq dərin olduğundan sağaltmaq mümkün olmayıb, haqq dünyasına qovuşub.
İşi elə qurmuşdular ki, hər şey yat-yut olmuşdu. Kənara səs sızmağa imkan verməmişdilər, səsi çıxanın səsini içindəcə boğmuşdular.
***
Kaş heç oxumayaydım. Bilsəydim, axırım belə gətirəcək, nəyimə gərək idi bu oxumaq mənim. Elə kənd-kəsəkdə çoban olaydım; maldan, qoyundan saxlayıb başımı girləyəydim. Bircə özümü xoşbəxt hiss eyləyə biləydim. Sən demə, xoşbəxtlik üçün təkcə oxumaq şərt deyilmiş. Hansı yol əl atırsan at, yenə sonda sən cəzalanırsan. Onlar dediyi kimi edirsən, Tanrı tərəfindən cəzalandırılırsan, onlar dediyi kimi etməyəndə özləri səni cəzalandırırlar.
İtirdim, itirdim, hər şeyimi itirdim. Daha itiriləsi heç nəyim qalmayıb.
Günayla elə uşaqlığımız bir yerdə keçmişdi. Onun arzusu müəllim olmaq idi. Sonralar düzgün anlaya bildim, sanki elə bu, müəllim olmaq üçün yaranıb. Müəllimlik elə bil onun boyuna-buxununa, düşüncəsinə biçilib. Mən də ki elə əvvəldən hüquqşünas olmaq istəyi ilə yaşayırdım. Zaman elə gətirdi ki, ağır zəhmət də çəksək, çətinliklərdən də keçsək, istəyimizə nail ola bildik.
İlkin dünyaya çox gec gəldi. Bunu taleyin sınağı kimi qəbul etdik. Heç bir söz-söhbət, dediqodu bəxtimizə, taleyimizə çəpər ola bilmədi. Xoşbəxt günlərimizi keçirdik. Evliliyimizin onuncu ilində ilkinimiz dünyaya gəldi. İlkinin gəlişi evimizə yeni sevinc, xoş əhval-ruhiyyə gətirmişdi.
Bəlkə də, işimlə əlaqədar idi. Məndə o qədərdə dözüm, səbir yox idi. O, uşağın hər şıltaqlığına, nazına dözürdü. Bilmirəm, bu, analıq istəyindən, yoxsa müəllimlik sənətindən irəli gəlirdi.
O hadisədn sonra Günay necə də tam dəyişdi. Əvvəlki şuxluğundan əsər-əlamət qalmamışdı. İnsan bir anın içindəcə necə dəyişərmiş! Niyə də dəyişməsin? O hadisədə özü də ağır xəsarət almışdı, həm də aman, güman bir balamızı itirdik. Xəstəxanadan çıxandan sonra ancaq uşağın xəyalları ilə yaşayırdı.
Onda o hadisə olmasaydı, İlkinimiz on gündən sonra məktəbə gedəcəkdi. Uşağın məktəb üçün hər şeyini alıb əvvəldən hazır qoymuşdu. Elə bil tələsirdi uşağın məktəbə getməyinə. Hər gün bir dəfə məktəbli paltarını geydirib həvəslə uşağa tamaşa edərdi. Bütün arzusu gözündə qaldı. Uşaqdan sonra əşyaları ona göz dağı olmuşdu.
İki il bundan əvvəl Günay da məni tərk etdi. İndi tək-tənhayam. Sığınacaq heç kəsim yoxdu.
Çox məsləhət vermişdilər. Bilirdilər, – Günay düzələn deyil, xəstədi. –Yaxınlarım çox dirəndi, artıq olan olub, – dedilər. – Daha Günaya o dərəcədə ümid bağlamağın yeri yoxdu. Başına indidən bir çarə qıl!
Heç bir məsləhətə əhəmiyyət vermədim. Belə fikirləşirdim, “kim necə düşünür, qoy düşünsün. Qismət olsaydı, elə özümünkülərdən olardı”.
Arada oğlunu yuxuda görürdü. “Ata, məndən ötrü narahat olma, – deyirdi. –Burada bir nənə var, mənə çox yaxşı baxır”. Deyir, “səndən oğlumun ətrini duyuram. Səni bircə an görməsəm, bağrım çatlayar, mənim üçün çox çətin olar”. Mən də ona öyrəşmişəm. Anamdan çox onun xətrini istəyirəm. İstədi bağırsın, “yox, oğlum, o qadına yaxın getmə, onun qarğışına düşmüşük”. Qadın üzünə bozarmışdı. “Mənim uşaqla nə işim var? Mən sənin kimi alçaq deyiləm! Mənim ədavətim səninlədir”.
İstəmişdi desin, “oğlum, anan da dünyasını dəyişdi”... sözünün arxasını gətirə bilməmişdi. Qan-tər içində ağır-ağır nəfəs almışdı. Oğlu onun fikrini anlamışdı. “Yox, ata, mən səni də, anamı da özüm tərk eləmişəm. Mən özüm belə istəmişəm. Mənə heç biriniz gərək deyilsiniz daha”.
Başını yerə dikib maddım-maddım bir oğluna, bir də qadına baxmışdı.
***
...Neçə gün idi evdə hazırlıq gedirdi. Səhər toya getməyə hazırlaşırdılar. Yuxusunu qarışdırmağı onu əməlli-başlı dilxor eləmişdi. Gecə yarıdan yerində o yana-bu yana eşələnmişdi. Görmüşdü, oğlu maşın yolundan keçmək istəyir, keçə bilmir. Maşın üstünə gəlir, uşaq qorxudan bağırır. Bir qadın əlini uzanıb onu xilas edir. O da, arvadı da donub durduqları yerə pərçimlənirlər, sanki dilləri tutulur. Qadın uşağı götürüb aparır. Deyinə-deyinə deyir, “Mən neçə illərdir oğul üzünə həsrət qalmışam, indi bu uşağı mən xilas etdim, mənim olmalıdır, özümlə aparmalıyam, – deyir.
Qadın gedəndən sonra arvadı da, özü də çığır-bağır salırlar. Nə qədər çığır-bağır salsalar da, artıq gec idi. Qadın uşağı çoxdan aparıb getmişdi.
Səhər istəmişdi yuxusunu arvadına danışsın, danışmamışdı. – Yox! –demişdi. – Yuxuya görə toya getməmək gülünc alınacaq. Arvadı da, elə onun qohumları da bəhanə gətirdiyini düşünərlər. Heç kəsi inandıra bilməyəcək. Necə yəni, qaynı oğlunun toyuna getməyə. Hamı onun yolunu gözləyir. İndi ən çox diqqətdə olan adamdır. Getməsə, deyəcəklər, yekəxanalıq edir.
Amma yuxunun vahiməsi, həyəcanı hələ canından çıxmamışdı. Çox səksəkəli olmuşdu.
Yolda qəflətən gözünə qaranlıq çökdü. Qabaqdan od-alov içində olan qadın maşına tərəf qaçırdı. Qəflətən, anidən maşını yana çəkdi. Qulaqlarına xışıltı səsləri gəlirdi. Sonrasını bir neçə gündən sonra xəstəxanada ayılandan sonra bildi.
* * *
Heç bunlarda insaf deyilən şey yoxdur. Lazım olanda səndən istifadə edirlər, lazım olmayanda səni şələ-külən qarışıq bayıra tullayırlar. Əvvəlcə səni diş pastası kimi sıxırlar, sıxırlar, sonra da istifadəyə yararsız olduqda “tubik” kimi zibil yeşiyinə atırlar. Daha bundan sonra kimə lazımsan! – deyirlər.
Oğluma görə də məni mühakimə etmədilər. Kimliyindən asılı olmayaraq insanın başına hər an iş gələ bilər. Heç kəs hadisədən sığortalanmayıb. Sən bunu bilə-bilə etməmisən, – dedilər. – Axı cinayət cinayətdi, fərqi nədir. Mən törətmişəm, ya başqası törədib.
Heç o qadına görə, onu oğluna görə də gözün üstə qaşın var deyən olmamışdı mənə, əksinə, hələ alqışladılar da məni.
Ondan asılı olmayaraq bu hadisə baş vermişdi. Bu da onun taleyinin həll olunmasına gətirib çıxarmışdı. Kiminsə qohumunu etdiyi mühakimə kimisə yaman qəzəbləndirmişdi. “Yaman yerdə axşamlamışam”, – deyirdi.
Onun bu hərəkəti kiməsə sataşmaq kimi qəbul edilmişdi. İş işdən keçəndən sonra xəbər tutmuşdu. Demişdilər, “Hər şeyi vaxtında bilmək lazımdır, gərək ayıq-sayıq olasan, kimin kim olduğunu vaxtında biləsən. Ağı qaradan seçməyi bacarasan. “Get”, – demişdilər, – daha bizə lazım deyilsən! İndən sonra vaxtın çox olacaq. Papağını qabağına qoyub düşünərsən, bəlkə ağlın başına gəldi, - demişdilər.