Həsən Bakının bir-iki mərtəbəli evlərdən ibarət köhnə məhəlləsində anadan olmuş və elə bu məhəllədə də həyatının 33-cü ilinə qədəm qoymuşdu. Yaşlı anası ilə birlikdə yaşayırdı. Ailənin son beşiyi idi. Özündən böyük iki qardaşı ailə qurmuş, alver üçün Rusiyaya getmiş, elə orada da qalmışdılar. Bacısı isə ərə getdikdən sonra rayona köçmüşdü. Yaşlı anasının tək arzusu Həsənin də halal süd əmmiş bir qızla evlənməsi, ailə sahibi olması idi. Həsən isə həyatından tam razıydı. Ümumiyyətlə, Həsən hər şeydən razı qalan, heç bir ambisiyası, təmənnası olmayan, gündəlik 10-15 manat qazancına şükür edən insandı. Anası ilə yaşadığı evdən iki tin aralıda dədə-babadan qalmış balaca bir dükanları vardı. Bir vaxtlar rəhmətlik babası bu dükanda buxara papaqlar tikib satırdı. Millətin papağa tələbatı azalandan sonra atası və anası burada təndir qurub çörək bişirirdi. Atası rəhmətə gedəndən, anası yaşlanandan, qardaşları və bacısı şəhərdən köçəndən sonra dükan Həsənə qaldı. O da ixtisasına ən uyğun gələn və çörək gətirən peşəni seçdi.
Bir vaxtlar lotuların yaşadığı, adı-sanı bütün ölkədə bəlli olan məhəllədən də əsər-əlamət qalmamışdı. Evlər dağılır, sakinlər yeni göydələnlərə köçürülürdü.
Həsən və anasına da xəbərdarlıq gəlmişdi. Üç otaqlı həyət evi və bir otaqlı dükanlarının yerinə onlara 15-ci mikrorayondakı göydələnin 9-cu mərtəbəsində iki otaqlı ev ayrılmışdır. Əlbəttə ki, sınıq-salxaq evlərinin əvəzinə yeni tikilidə ev almaq pis deyildi. Amma yaşayışlarını təmin edən avtomobil təmiri dükanını 9-cu mərtəbəyə köçürtmək imkansızdı.
Lakin Həsən bu problemə də nikbinliklə baxır, buna da şükür deyirdi.
Bu gün də xətasız-bəlasız, qəzasız, xəstəliksiz, ölümsüz, itkisiz bir gün keçirmişdi. Son müştərisini yola salmışdı. İş paltarını dəyişib, əl-üzünü yuyub dükanı bağlamaq istəyirdi ki, bərk gurultu və gözqamaşdırıcı işıq hərəkətlərini iflic etdi. Donub yerində qaldı. Dükanın tam ortasına işıq şüaları içində anadan gəlmə, lümbəlüt bir insan endi. Sanki dükanın damı yoxmuş kimi göydən endi bu insan. Dükanda peyda olan bu insan – gözəl bir qadın idi. Həsənin gözləri bərəlmiş, ağzı açıq qalmışdı. Bütün bədəni diksintidən və qorxudan əsirdi. Gur şüalar yox oldu. Qadın isə qaldı və mavi gözləri ilə Həsənə baxdı. Qadın danışmağa başlayanda Həsəni tam vahimə bürüdü.
– Salam? Həsən! Qorxma, mənim adım Auribiyadır! Likxostisna planetindən gəlmişəm! Qadının gözəl, melodik səsi var idi. Ancaq səsində həyəcan, narahatlıq hiss olunmağa başladı.
– Amma, amma, deyəsən, planetlər arası səfərim zamanı bir problem yaşandı... Əli ilə saçını qaldırıb boynunu göstərdi. – Problem, problem, mexanizmdə problem var... Mənə kömək et! Nə olar, kömək et...
Bu qadının söylədiyi son sözlər oldu. Gözlərini yumdu, şappıltıyla yerə yıxıldı.
Həsən dilini qurumuş dodaqlarına sürtdü. Onun da bədəni bu stressə tab gətirmədi. Gözləri qaraldı, huşunu itirib o da yerə yıxıldı.
* * *
Azər Həsənin ən yaxın dostu idi. Bir məhəllədə qonşu evlərdə böyümüşdülər. Hazırda hər ikisi Həsənin dükanında sallağı oturaraq, səssiz-səmirsiz önlərində divara söykədib oturtduqları və çılpaqlığını maşın brezenti ilə boğazına qədər örtdükləri huşsuz qadının üzünə fikirli-fikirli baxırdılar.
Səssizliyi Azər pozdu:
– Ala, Həsən, gecə saat 12-dir. Anava zəng etmisən? Arvad nigaran qalar e! – Azər Həsənə müraciət etsə də, gözünü qadından çəkmirdi.
Həsən də başını fırlatmadan cavab verdi:
– Hə! Özümə gələndən sonra birinci sənə zəng etdim! Sonra da anama zəng etdim ki, müştəri gəlib. Bütün gecəni işləyəcəm. Bəs sən evdən qadın paltarı götürə bildin?
– Hə, bacının sarafanını götürmüşəm.. . Amma buna gödək olacaq. Boyu uzundu e bunun. Birdə sarafanla iş düzəlmir e! Buna, yəqin, alt paltarı-zadı da lazımdır...
– Hə, yəqin ki, ayaqqabı da lazım olacaq...
Hər ikisi də tilsimlənmiş kimi gözlərini qadından ayıra bilmirdi. Aralarında söhbət etsələr də, qadına baxırdılar.
– Ala, deyirsən, elə-belə göydən loppadan düşdü bura?
– Yox! Əvvəl diri idi. Mənimlə danışdı, kömək istədi...
Azər Həsənə tərəf döndü:
– Sən bunların dilini bilirsən bəyəm?
Həsən hələ də şokda idi. Heykəl kimi quruyub qalmış, gözlərini qırpmadan qadına baxırdı:
– Yox, mənimlə azərbaycanca danışdı...
– Uy da! Gör e! Bunlar da azərbaycanca bilirlər. Yaxşı, qədeş, özünə gəl!
– Bax bir saatdır, oturub mal kimi bunun üzünə baxırıq. Ayaqlarım qurudu. Gəl bir dənə çay qoyaq, içək, özümüzə gələk...
Azər ayağa qalxıb rəfdən dəm çaydanını, quru çay qutusunu götürdü. Çaynikə su doldurub onu əldəqayırma sobasının üstünə qoydu. Sonra evdən götürdüyü qadın libasını alıb yad-planetliyə yaxınlaşdı. Üstündən brezenti çəkdi. Narazı halda Həsənə tərəf döndü:
– Ala, gəl kömək elə də! Mən tək geyindirim bunu? Qaqa, bunun da dərisi bizim kimidir e! Görəsən, içalatı da, yəni orqanları da bizimki kimidir?
Həsən, nəhayət, ayağa qalxıb xanıma yaxınlaşdı, əyilib qulağını döşünə yasladı.
Azər gülümsəyərək, Həsənə göz vurdu:
– Ala, yekə kişisən! Ayıbdır! Qızın orasına-burasına...
Həsən Azərin sözünün yarıda kəsdi:
– Gic-gic danışma! Baxıram ki, ürəyi döyünür, ya yox?
– Salam əleykum! Ala, kəndçi, bu başqa planetdən gəlib e! Bəlkə, bunların ürəkləri dabanlarındadır. Gəl ən yaxşısı bunu geyindirək. Heç olmasa abırlı olsun, yoxsa... Tövbə, ya rəbbi! Geyindirək, bir çay içək, sonra fikirləşərik.
Qadının qollarını qaldırıb libasını geyindirdilər. Sonra onu yenidən divara yaslayıb, yanından uzaqlaşdılar. Artıq Həsən də özünə gəlməyə başlamışdı.
Azər dönüb dedi:
– Sən çay düzəlt, mən də Əlişə zəng edim, gəlsin!
– Hə! Əliş gəlib nə deyəcək? O da bunun əhvalatın eşidib tirtap olacaq bunun yanında.
– Alo, Əliş! Salam! Hardasan, ala? Ala, nə klub? Sroçnı min taksiyə, gəl dükana! Azər də buradadır! Səninlə təcili işimiz var!.. Ala, nə qızlar? Dur gəl bura deyirəm sənə!
Azər çayları süzə-süzə Həsənə baxdı:
- Yenə kefdədir? Klub, qızlar, içki... Ala, camaat yaşayır da! Yoxsa biz?. . Bütün günü bir parça çörəyin dalınca qaçırıq... Eh!
– Şükür elə! Bu günümüzə şükür!
– Hə, şükür edərsən də! Oturan yerdə başına bu cür maska düşüb. Sabah səhər gedəcəm anan Nobar xalanın yanına, deyəcəm ki, ay xala, gözün aydın, oğlun evlənir, gedir başqa planetə...
– Boş-boş danışma, arvadı infarkt vurar... Onsuz da qardaşlarımdan narazıdır ki, məni atıb gediblər.
– Ala, Həsən, deyirəm e! Buna elçiliyə kimə getmək lazımdır görəsən, kosmonavtlara?
– Ala, nə elçilik? Görmürsən, ölü kimi qalıb orada. Bunu əvvəl düzəltmək lazımdır e!
– Həsən... Bunun hər tərəfinə baxdıq, amma barmaqlarını saymadıq e! Görəsən, neçə dənədi?
İkisi də bir anlıq donub qaldı. Sonra qadına yaxınlaşıb əl və ayaq barmaqlarını saymağa başladılar.
Bir andan sonra ikisi də rahat ah çəkdi:
– Əlhəmdülillah, bizimki kimidir...
Dükanın qapısı döyüldü. Ələsgər keyfi yerində, bir az içkili halda dükana girdi. Hər zamankı şən, yüksək səsi eşidildi:
– Nə olub? Nə var, ala, məni çaşırmışınız?– Qadını gördü: – Ala, ala, bu maska kimdir, ala?
Azər laqeyd tonda:
– İnoplanetyandır. Gəlib düşüb Həsənin dükanına.
Həsən daha ətraflı məlumat verdi:
– Əliş, dükanı bağlayırdım, birdən işıq parladı. Gurultu qopdu, işıqla birlikdə bu gəldi düşdü göydən. Mənə azərbaycanca dedi ki, mənim adım Auribiyadır! Likxostisna planetindənəm. Problemim var, mənə kömək elə! Əli ilə də boynunu göstərdi ki, orada mexanizm xarab olub. Sonra da şappıltıilə düşdü yerə! O vaxtdan da belədir! Mən də huşumu itirdim. Özümə gələndə zəng etdim Azərə. Evdən paltar gətirdi, geyindirdik buna...
Əliş eşitdiklərinə inanmamışdı. Gülümsəyərək dostları lağa qoydu:
– Ala, yaxşı, ala! Deyin, görüm xaricidir? Harda tanış olmusunuz bununla? Niyə bu gündədir? İçirtmisiz? Yoxsa narkomandır?
– Vallah, billah, düzünü deyirəm! Azik, de də buna!
– Anam canı, düz deyir! Əvvəl mən də inanmadım. Amma sonra boynuna baxdım. Ağ birçəyin boynunda, arxa tərəfində əməlli-başlı mexanizm var e! Həkim adamsan! İnanmırsan, özün bax!
Əliş qadına yaxınlaşdı. Əvvəlcə nəbzini yoxladı, sonra qulağını döşünə yasladı, qadının ağzını aralayıb içinə baxdı, saçını qaldırıb, boynundakı mexanizmi nəzərdən keçirtdi. Qadını müayinə etdikcə sərxoşluğu çəkilir, rəngi-rufu ağarırdı. Bir saat bundan öncə Azər və Həsənin halına düşüb, gözləri bərəlmiş, ağzı açıq şəkildə gözünü qadından ayıra bilmirdi.
Azər kəllə qənddən dişləyib, çayından hortlatdı:
– Həsən, qaqa, bax bu da heykəl oldu! Toşnı bizim kimi! Əliş, oy! Qaqa, özüvə gəl! Şşşttt! Nə oldu buna?
Həsən stəkanını qoyub, Ələsgərə yaxınlaşdı, əyilib ona baxdı:
– Ey! Əliş, Əliş... Hə, nə oldu, özüvə gəl!
Əliş dili topuq vura-vura dilləndi:
– Bu, bu, imkansız bir şeydir... Ürəyi döyünmür, nəbzi yoxdur, yəni ölüdür... Amma nəfəs alır, hətta xoruldayır, rəngi ağ deyil, yəni bədənində qan dövran edir. Sanki dərin yuxudadır... Bax barmağımla basıram, görürsən, dəri qızardı? Bax, dırnağımla basıram, əzələlər refleks verir. Bu, ölü deyil! Amma ürək döyüntüsü yoxdur, nəbzi yoxdur... Bu, necə ola bilər?..
***
Saat əqrəbləri səhər beşi göstərirdi...
Həsən qalxıb yenidən dolan külqabın zibilə boşaltdi, qadına baxıb, Əliş və Azərin oturduğu masaya – yerinə qayıtdı. Gülümsəyərək zarafat etdi:
– Ala, bu Likxostisnadan bura gəlib, bizim siqaretin tüstüsündən boğulacaq...
Əliş bir daha təklifini təkrarladı:
– Bilmirəm! Amma yenə də deyirəm, bu, bizim biləcəyimiz iş deyil. Bunu dövlətə təhvil verməliyik... Bu, bütün bəşəriyyət tərəfindən bilinməlidir...
Zarafat eləyirsiz? Bu, bəlkə tarixdə yadplanetli ilə ilk təmasdır. Başqa planet, başqa zəka... Siz isə dükanda buna sarafan geyindirib atmısınız bir qırağa ki, özümüz düzəldək! Başıvız xarab olub?
Azər aramla mövqeyini izah etdi:
– Mənim dediyim odur ki, ömrümüzdə belə şey olmayıb. Heç kimin olmayıb. Amma bu da Moskvaya, Vaşinqtona, Çinə, Yaponiyaya düşməyib ki! Gəlib düşüb Bakıya, Həsənin başına... Deməli, onun qismətidir də! Bax, indi də evindən köçürdürlər bunları 15-ci mikrorayona... Dükanı da bağlanacaq. Ala, Əliş, sən tanınmış həkimsən, müştərilərin zibil kimi... Pula pul demirsən... Səninlə də aramızda danışırdıq ki, bu Həsən qardaşımıza necə kömək edək? Düzdür?
– Hə, hə, amma...
– Dayan, dayan... İndi Allah özü göndərib də bunu Həsənə. Qismət tarapp göydən düşüb başına. Özü də ki bu inoplanetyan hökumətdən kömək istəməyib ki?! Köməyi Həsəndən istəyib! Ala, bax bu Həsən nə yapon dilini bilir, nə də alman dilini... Amma hər ikisinin də maşınlarını söküb təzədən yığır. O boyda maşınları söküb-yığan bu balaca mexanizmdən baş çıxarmayacaq? Həsənin mühəndisliyinə, Həsənin istedadına bir sözün var, ya yox?
– Əlbəttə ki, yoxdur! Həsən fitri istedaddır. Özüm şahidi olmuşam...
– Hə, hə! O cavan fıstırınkə gəlmişdi e... “Ferrari” maşını ilə... Nakladkası yeyilmişdi... Yadında? Həsən “Kamaz”ın nakladkasını düzəldib qoydu “Ferrari”yə, zavadskoydan daha yaxşı oldu...
– Mənim dediyim o deyil e! O maşın idi, bu isə insan!.. Dünyada elmi mərkəzlər var, akademiklər, Nobel mükafatı laureatları...
– Ala, ala!.. Başlama gənə! Akademikmiş, Nobelmiş, Mərkəzmiş... Kəsib doğrayacaqlar gül kimi qızı! Xalxın xata-potası götürüb qızı getsinlər amerikalara, yaponiyalara... Bizdə olmayan, onlarda nə var ki?
– Cihazlar, mexanizmlər...
– Ala, boş şeylərdir hamısı. Bax, bu bərəkət haqqı, orada nə varsa, bizdə də hamısı Sədərəkdə var. Özü də daha ucuz.. . Ala, Həsən, səndən danışırıq, sən də yapışmısan bu qızdan. Nə işlə məşğulsan orda?
– Boynunda mexanizmə baxırdım. Burada bir mikroçip var... Deyəsən, problem ondadır. Əliş, dur gəl bura... Bax bunu deyirəm, bax düz bağlanıb damara. Hə, bax beyinə gedən damara... Gördün?
– Aha, aha! – Bu çipi qopartsaq və mən onu düzəltsəm, yenidən tikə bilərsən damara?
Ələsgər barmaqları ilə damarı o tərəf-bu tərəf yoxlayıb, ağzını büzdü. Sonra dodaqlarını dişləyib dilləndi:
– Prinsipcə mümkündür. Elə bir çətin şey deyil. Amma onu düzəldə biləcəyinə əminsən?
– Nə bilim? Sən gəl onu çıxart ordan, məndə dükanlar açılsın, axtarım görüm eynisini tapa bilərik, ya yox...
– Həsən, qağa! Özün düzəltmək istəyirsən?
– Əliş, qardaş, gəl prob eləyək. Düzəlsə, qız nə edəcəyimizi özü deyər... Düzəlməsə, aparıb verərik hökumətə, hara göndərirlər göndərsinlər. Bizdən günah getdi.
* * *
Azər ticarətlə məşğul olurdu. Ona görə hər yerdə tanışı var idi. Axşam üç dost dükanda görüşəndə hər biri hazırlıqlı gəlmişdi. Əliş bütün cərrahi ləvazimatını gətirmişdi. Azərin tövsiyəsi ilə Sədərəkdəki elektronik dükanlarını araşdıran Həsənin əlində bir neçə dənə çip var idi. Azər isə yadplanetli qadın üçün təzə paltarlar, ayaqqabı, bijuteriya alıb gətirmişdi.
Azər gümrah şəkildə dostlarına baxdı:
– Hə, hazırsınız? Başlayaq?
Əliş narazı halda cavab verdi:
– Sənə nə var ki! Ən rahat iş səninki idi. Dükandan bir-iki paltar alıb gətirmisən. Ala, ağlıma bir şey gəldi. Bəlkə, bütün prosesi telefona çəkək? Xaricdə belə edirlər. Baxma, yenə də yadplanetliyə əməliyyat edəcəyik. Heç olmasa tarixə düşək də!
Azər ağıllı-ağıllı etiraz etdi:
– Yox, lazım deyil. Dəlil-zad qoymayaq. Sonra ilişərik. Deyərlər ki, dövlət əmlakına zərər vermisiniz... Onun kodeksdə statyası var e!
Əliş qane olmadı:
– Ədə, nə maddə, nə statya, nə dövlət əmlakı? Bu inoplanetyandı e!
Azər yenə də etiraz etdi:
– Yox, dəlil qoymaq olmaz! İş alınar, lap yaxşı. Alınmasa da, atarıq küçəyə, guya heç xəbərimiz yoxdur! Xarab olmur ki! Gör bir sutkadır meyitdir, heç rəngi-rufu da dəyişməyib.
Həsən incimiş halda söhbətə qarışdı:
– Boş-boş danışmayın! Hara atırsınız bunu! Bu mənim qonağımdır! Likxostisnadan əmanətdir!
– Yaxşı! Səy-səy danışmayın! Gəlin başlayaq! Həsən çip hazırdır? Bax köhnəni çıxardıram a!
– Mən hazıram! Ya Allah, bismillah! Başla görək!
Əliş ehtiyatla çipi çıxarıb steril dəmir qaba qoydu. Həsənin Sədərəkdən aldığı və üzərində dəyişiklər apardığı yeni çipi alıb spirtlədi və yenidən damara tikdi. İşini yeni bitirib yara yerini də spirt ilə təmizləmək istəyirdi ki, qadının gözləri açıldı. Bunu gözləməyən Əliş, Azər və Həsən yerlərindən dik atılıb, bir- iki addım geri çəkildilər. Gözləri bərəlmiş, ağızları açıq halda qadına baxırdılar. Qadın ayağa qalxdı, ətrafına baxdı. Əvvəlcə sağına, sonra soluna və nəhayət, önündə quruyub qalan Həsən, Əliş və Azərə baxdı.
Əliş əsə-əsə əlini qadına uzatdı, dili topuq vura-vura yadplanetliyə rus dilində müraciət etdi:
– Dabro pojalovat! Mı radı znakomstvu!
Həsən titrək səslə Azərin qulağına pıçıldadı:
– Bu səy niyə onunla rusca danışır?
Azər eyni tonda cavab verdi:
– Bu qızlarla tanış olanda rusca danışmağa başlayır ki, fikirləşsinlər ki, şəhər uşağıdır, qağa...
– Nədi?
– Mən o məsələ... Bir az qorxuram e!
– Mən də!
Qadın Əlişin əlini sıxdı, sonra isə melodik səsi ilə Azərbaycanca danışmağa başladı:
– Mənimlə ana dilimizdə də danışa bilərsiniz. – Boynuna işarə etdi:
– İçimdəki mexanizm sayəsində buraya gəldim və bu planetdəki bütün dilləri anlayır və danışa bilirəm.
Bir daha ətrafa göz gəzdirdi və davam etdi:
– Amma siz bu sınıq-salxaq evlərdə, bu şəraitə necə yaşayırsınız? Niyə etirazınızı bildirmirsiniz?
Dostlar bir-birinə baxdı. Azər Həsənin qulağına pıçıldadı:
– Ala, bu çipi haradan aldın?
Həsən təlaşla cavab verdi:
– Sədərəkdən...
– Ədə, sənə demədim ki, onlara söylə, kitayski mal verməsinlər sənə... Görmürsən, çip giydirmədir? İnoplanetyanı müxalifət elədiz qoyduz. Sroçnı bu çipi dəyişin!
Sonra mülayim səslə qadına müraciət etdi:
– Ağbirçək, sən əsəbiləşmə! Prostu, bu çip yaxşı deyil e! Yəni sizə yaraşmaz! Orijinal deyil e! Poddelkadı! O boyda yolu gəlmisiniz! Xoş gəlib, səfa gətirmisiniz! Nə yaxşı oldu ki, gəldiniz... Biz bu yoldaşlar... e-e-e... yəni bəylər... e-e-e... zəhmət olmasa, çipi dəyişsinlər. Yaxşısın qoysunlar. İcazənizlə...
Sonra əliylə Əliyə və Həsənə müraciət edərək, əsəbi halda davam etdi:
– Ədə, tez dəyişin xanımın çipini... Bizi zibilə salmayın.
Əliş əlini qadının boynuna atıb çipi çıxardan kimi yadplanetli guppultuyla yerə yıxıldı. Əliş əllərini yana açaraq, narazı halda dostlarına baxdı:
– Tutun da bunu! Mənim iki əlim var. Mən çip çıxardım, ya bunu tutum? Bu, hər dəfə belə yıxılacaqsa, yüz faiz başqa bir yeri xarab olacaq. Yekə kişisiz, bunu tutun da! Belə əməliyyat olar? Xəstə hər iki dəqiqədən bir şappıltı ilə yerə düşür. Bu, iş deyil axı!
Qadını yenidən köməkləşərək üstünə ağ örtü salınan divana uzatdılar. Həsən qutudan yeni çip çıxartdı. Bu səfər Azər ona yaxınlaşıb soruşdu:
– Bunu da Sədərəkdən almısan?
– Yox, bunu şəhərdəki elektronik dükandan aldım. Bax qutusu da var.
Azər diqqətlə qutunu nəzərdən keçirdi:
– Hə, bax bu başqa məsələ... Görürsən, dövlətin aksizi də var üstündə.
Əliş maraqlandı:
– Aksiz nədir?
– Ədə, kolxoz, bax bu nişanı görürsən? Bu, o deməkdir ki, bu mal ölkəyə ganuni yolla gətirilib. Yəni vergisi, rüsumları ödənilib. Yoxlanılıb və rəsmi qeydiyyatdan keçib. Bunu taxın, görək başımıza nə iş gəlir. Bismillah!
– Bismillah!
– Bismillah! Başladıq!
İkinci çip taxılandan sonra qadının gözlərini açıb ayağa qalxacağına artıq hamı hazır idi. Bunun üçün də müvafiq hərəkətlər heç kəs üçün gözlənilməz olmadı. Bu səfər sözə Azər başladı:
– Mavi Xəzər qoynunda, Odlar yurdu Azərbaycanın şanlı paytaxtı küləklər şəhəri Bakıda sizi salamlayırıq!
Həsən gülümsəyərək Azərin sözünü kəsdi:
– Qonağımızla məzələnməyin. Dünyaya xoş gəldin, Auribiya!..
Auribiya yenidən ətrafına nəzər saldı. Onun ikinci dəfədir təkrarladığı bu hərəkət üç dostun da narahatçılığına səbəb oldu. Üçü də narahatlıqla Auribiyanın nə deyəcəyini gözləyirdi. Auribiya gülümsədi və sözə başladı:
– Nə gözəl bir məkan. Burada alnının təriylə işləyən bir zəhmətkeşin abu-havası hiss olunur. Belə bir yerdə, əmək ocağında yaşamaq bir xoşbəxtlikdir. Ölkəniz haqqında məlumatlıyam. Analoqu olmayan bir ölkədir. Həm yeraltı, həm də yerüstü zənginliklərə malik bir ölkədir. Belə ölkədə heç nədən narazı qalmaq olmaz. İşıq da sönsə, suda kəsilsə, qaz da verilməsə, ancaq və ancaq şükür etmək lazımdır.
Bu sözlərlə Həsənin üzü güldü:
– Əsl mənim adamımdır. Hər şeyə şükür!
Əliş Həsənin sözünü kobud şəkildə kəsdi:
– Ədə, qoyun, burada deputat seçmirik e!
– Azik, sən nə deyirdin? Bu çip rəsmi qeydiyyatdan keçib? Aksizi var?
Azər düşüncəli şəkildə təklifini verdi:
– Yenə dəyişək? Başqa çip var?
Həsən əlindəki iki ədəd çipi göstərdi:
– Biri İranınkıdır.
Azər sözünü kəsdi:
– Baxın a! Mən çarşab-zad almamışam a! O biri nədir? Haranındır?
Əliş söhbəti yarıda kəsdi:
– Ədə, gəlin tutun bunu uzandıraq, yoxsa yenə də yıxılacaq. Bax belə tutarsınız. Çipi çıxardıram ha!
Əliş əllərini təmizləyib masaya yaxınlaşdı.
– Qaqa, gəlin bir fasilə verək, sonra davam edərik. Oturun bir çay içək, məsləhətləşək.
– Nəyi məsləhətləşəcəksən? Görürsən, Həsən ustadı e! Hamısını peridelka elədi, qız özünə gəldi. Ölmədi, yaşayır. Hər şey normaldır. Prosto bu çip məsələsini götür-qoy etməliyik. Yoxsa bu ya müxalifət olur, ya da iqtidar. Bunun bir ortasını düzəltmək olmaz?
Həsən düşüncəli halda:
– Olar e! Amma gərək hər dəfə qoyub baxasan da, hansından çoxdu, bir az azaldasan...
Əliş sözə qarışdı:
– Ay kişilər! Hətərən-pətərən danışmayın. Bu divar saat deyil e, batareyasını çıxardıb-salasan. Canlı orqanizmdir. Çip dəyişməkdən boyun damarı aşsüzənə dönüb. Ay Həsən, sən orada nə edirsən? Azər, bu nə iş görür orada?
– Həsən, ağbirçəyi rahat burax, payalniknən nə eşələnirsən onun boynunda? Əliş, bu nə dəyişdi onun boynunda? Həsən işini bilən adam kim i özündən razı halda dostlarına baxdı. Həzin səslə danışmağa başladı:
– Mən hər zaman namusumla işləmiş, əlimdə olanla kifayətlənmiş, daima Allahıma şükür etmişəm. Uşaqlar, mən bu qıza aşiq olmuşam. Bilmirəm, məni bəyənəcəkmi? Amma buna da o qərar verəcək. Mən onun öz çipini təmir etdim. Bəzi qopmuş naqilləri birləşdirdim. Damarına əl dəymədən də birbaşa o boynundakı mexanizmə bağladım. İndi, yəqin, özünə gələcək. Öz gələcəyini də özü həll etsin. Onun da məndən xoşu gəlsə, mən şəxsən onunla evlənməyə razıyam. Onun nə fikirləşdiyini hələ bilmirəm. Amma oyanması yaman uzun çəkdi. Bəlkə, nəyisə düz birləşdirməmişəm?
Həsən əlini qadının boynuna atmaq istəyirdi ki, qadın onun əlini tutdu. Gözlərini açdı. Mavi gözlərinin dərinliklərində istilik və sevgi hiss olunurdu:
– Həsən, bilirsənmi, sizdə kompüterlərdə axtarış sistemləri mövcuddur. Amma siz bu işə yeni başlamısınız. Planetiniz gəncdir, cavandır. Biz isə əsrlərdir bu axtarış sistemindən ailə qurmaq üçün istifadə edirik. İstək, arzu və tələblərimizi ora daxil edirik və axtarış sistemi Qalaktikada bizə uyğun namizəd tapır. Mənim tələblərimə uyğun namizəd kimi, Həsən, sənin adın çıxdı. Mən də tam qərarımı verməkdən bir neçə ay əvvəldən səni izlədim. Və dünyaya sənin üçün gəldim. Amma yolda problem yaşadım...
Azər bütün bu dialoq əsnasında açıq qalan ağzını bağladı və söhbətə müdaxil oldu:
– Hə, doğrusu, yollarımız o qədər də yaxşı deyil...
Auribiya davam edirdi:
– Bu problemi də sən həll etdin. Müxtəlif planetlərdə olsaqda, bioloji cəhətdən bir-birimizə uyğun orqanizmlərik. Bizim Likxostisnadan daha əvvəllər də sizin planetin insanları arasında evliliklər olub. Gözəl uşaqları da anadan olub. Buna görə də bu məsələdə də heç bir problem yoxdur.
Əliş də söhbətə töhfəsini vermək istədi:
– Bəs siz ora... Adı nədir onun, Lixtinşteynə getsəniz, Nobar xala nə olacaq?
Həsən gülümsəyərək soruşdu:
– Anamı nəzərə alır.. . Sizin planetə yol uzundur?
– Bu boynumdakı mexanizm ilə bir neçə saniyəyə...
Azər əsl ticarətçi məntiqi ilə:
– Bu mexanizmdən bizə də almaq mümkündürmü?
Əliş Azərin sözünü kəsdi:
– Ədə, dayan görək... Bəs bu mexanizm neçə bədənə yerləşdirilir?
Auribiya bir neçə saniyəlik yox oldu... Dostlar mat-məəttəl bir-birinə baxdılar. Azər dilxor halda Əlişi azarladı:
– Mexanizm necə yerləşdirilir... Ədə, hürkütdü müştərini boş sualların... A-a- a, yenə gəldi.
Auribiya Həsənin boynuna toxundu.
Həsən elektrik çarpmışcasına refleks hərəkət etdi.
Auribiya:
– Bax, bu qədər asan quraşdırılır.
Həsəcn soruşdu:
– Sən hara yox oldun?
Auribiya:
– Evimə getdim, iki dənə bu cihazdan götürdüm.
Azər maraqla:
– Bəs ikincisi kimədir?
Auribiya:
– İkincisi Həsənin anasına. Yox olduğum zaman o cihazı Nobar xalaya taxdım. İndi birlikdə bizim planetə gedək. Ora həm sənin, həm də ananın xoşuna gələcək.
Azər:
– Arvad yaşlıdır. Onu hazırlamaq lazımdır infarkt vurar onu...
Auribiya:
– Xeyr! Cihaz özü bütün məlumatları həyəcana, qorxuya məhəl qoymadan beyinə yerləşdirir.
– Nobar xalanın artıq hər şeydən xəbəri var. İcazənizlə biz gedək. Qorxuram, mənim cihazımdakı problem bir də ortaya çıxar.
Azər:
– Bacı, sən qorxma. Onu Həsən düzəldib. Odur e, fıstırınkə Kamaz nakladkalarla Ferrarini bir ildir sürür. Şikayəcti də yoxdur.
Həsən bir neçə dəqiqəlik bağlı qalan gözlərini açdı:
– Dostlar, bu Likxostisna başqa aləmdir e! Bizdən bir əlli əsr öndədir! Mütləq sizi də oraya aparacam...
Auribiya gülümsəyərək Həsənə baxdı:
– Gedək?
Həsən:
– Gedək də! Uşaqlar bir neçə gündən sonra mütləq gələcəm. Xudahafiz!
Dükanda qalan Azər Əlişə baxdı:
– Bu gün axşam neyləyirsən?
Əliş dodağını büzdü:
– Kluba gedəcəm. Gəlirsən?
Azər kefsiz halda:
– Gedək də! Mənə bax, Həsən gilin o 15-ci mikrorayondakı evini neyləyək?
Əliş düşüncəli:
– Sataq getsin. Çətin bir daha oraya qayıtsınlar. Gecəni yatmamışıq, evə gedib yatım, axşam klubda görüşərik. Sən nə edəcəksən?
Azər:
– Mən də gedim Sədərəyə... Bəlkə, bu mexanizmə oxşar bir şeylər var bu dünyada...