1.ƏTİR YADDAŞI
Qaraltıya gedib yol tapan qərib kimi
Qarabaqara dalımca düşüb məni yol bilir bu ətir.
Sinib üstümə mənimlə gedir hara gedirəmsə.
Çırpındım, tökülmədi, silkindim, düşmədi,
Yapışdığı yaxamdan qopardım da, qopmadı,
Öz yolundan sapmadı.
Qıdıqlayıb burnumu gün boyu unutmadı,
Sənə o ruh verəni hər an xatırla, – dedi.
Yapışaraq yaxamdan, məndədir sevda, – dedi,
Tanrı mənimlə sənə eşqi yolladı, – dedi.
2.DAĞLARIN KÖLGƏSİ
Dağların qurd nəfəsi qarışmış havasıyla,
meşələrin ahəngiylə böyüdük, usanmadıq.
Qayığa bənzəyən çökəklərdə top oynadıq,
Suyuna baş vurmadıq, şərik çıxmadıq qurbağaya.
Ayaqlarımızı salladıq, buz salxımları da olmadıq.
Üzündə əks edən işığını ovucladıq çayların,
dənizə baxaraq böyümədim, dənizi böyütmədim,
dənizə sevdalanmadım, nə umacaq sular məndən?
Dağları
gecənin zülmətində əjdahaya bənzətdim,
başında şaman ruhu dolaşan əjdahaya.
Dəli-dəli daş qoparıb bağrından
üstümə atacaq, elə bildim.
Ancaq ayın aydınlığında
dağların kölgəsi yerə sərilib
ölü kimi qımıldamadığını görəndə toxdadım,
Rəbbimin zərrəsi olduğunu anladım,
şaman ruhu yerə sərib dağın ruhunu, dedim.
O zaman dağların topa buludlar kimi yeridiyini bilmirdim,
dağın Məhəmmədə tərəf gəldiyini bilmirdim.
Dağ gündüzlər mərdliyim, qürurum,
gecələr əjdahaya dönüb kabusum olurdu.
Biz
dağların havası, meşələrin ahəngiylə ruhlandıq.
Mən dənizə baxaraq böyümədim,
dənizi heç böyütmədim,
dümdüz qum səhraları görmədim.
Axan çayla rəvan oldu ruhum,
axan sulara sevdalandım,
dağları deşən sularla yüyürdüm,
şiş qayalarla yarışdı qürurum.
Dağlar məni düşmən bəllədi.
Dənizin üstündəki qaranlığa vahimələnmədim,
qorxumu eşqə döndərdim.
Kənd qaranlığının yumşaqlığına,
bir az da həya üzünə,
həlimliyinə küsəndim,
doyursun qürurunu qoy mənimlə.
Utancaq havası qarışdı qanıma-düşmən oldu,
Meşələr dəniz kimi kükrəmədi üzümə,
qorxutmadı;
meşələr zümzüməylə oxşadı zövqümü,
ahənglədi dərsimin dərinini...
Atamın kəfən ağından qalan parçanı günlük etdim
pəncərəmə.
İndi yay günü günəşlə, küləklə boğuşurkən bu ağ
günlük
bəlkə də, hayıfsılanır atama sarılıb getmədiyinə o
dünyaya.
Torpaqla bədən arasında nə yaşayacaqdı, kim
Bəlkə, çürüntüsü torpaqdan bir ot olub çıxınca
dincələcəkdi,
yenidən pambıq olub parça olacaq,
top sarınıb taxçaya qoyulacaqdı.
İndi burda kəfəndən artan ağ
qışda lal-kar asılıb, gah işığı ötürür içəri, gah
qaranlığı.
Dar ağacındakı edamlıq kimi tərpənmir qış boyu,
Mənim kimi pəncərədən baxır dünyaya, ya da baxa
Bu gün açıq yay pəncərəsindən azad, asudə
yellənir
çırpılaraq pəncərənin qara barmaqlığına.
“Azadlıq!” deyib vurur özünü barmaqlığa, dəmirə,
sonra da kor-peşman geri qayıdıb farağat durur.
Küləyin fitvasıyla həvəslənib çırpılmaqdan bozardı
Kəfəndən artan günlük …
Ağ günlük, ağ parça, qənd ağı pərdəlik.
Ey Hacı Zeynalabdinin üstündə tapılmayan ağ,
atamın kəfənindən artan ağ,
kəfən ağı,
səni edam edib,
səni dünyayla, günəşlə arama pərdə eləyib
ömür verdim;
qəbirdə çürüməkdən,
taxçada tozlanmaqdan qurtardım, ey kəfən ağı.
4.QANADLI OLMALIYDI
Qanadları olmalı insanın, uça bilməli quşlardan
yuxarı...
Qısa örtüsündən ayaqları çıxmışdı ağappaq,
bir də bir tutam saçı,
qarabuğdayıydı gəlin,
ölüncə ayaqları ağarmış, qara saçları bozarmışdı.
Kimsəsiz olunca örtü qısa ölüyə kəfən dar gələr.
İstədim içəri yığam saçlarını, örtəm ayaqlarını.
Ürpəndim,
Nə dilim söz tutdu, nə əlim tərpəndi.
ruhu vurdu ölünün, bəlkə.
Hissizcə durub baxdım örtüsünə ölünün.
Nə yaşamış, nə xəyallar qurmuş, nə umudları
ölmüşdü içində;
tabutu ağır olacaqdı, bilirəm,
yaşanmamış istəkləri bir tabut dolusu daş kimi
ağrıdacaqdı çiyinləri…
Amma “Çiynində Ağtapa gedim, ay oğul” deməmişdi
heç kimə,
indi onu daşıyan yad çiyinlər duymayacaqdı belə
bir tabut dolusu daşa dönmüş ölü arzu daşıdıqlarını.
Aparıb torpağa tapşıracaqlar,
üstünə daş qoyacaqlar, olum-ölüm tarixini yazacaqlar bədəninin.
Amma arzu-istəklərinin ölüm tarixini kimsə
bilməyəcək,
ruhunun ölüm tarixi olmayacaq…
5.YA NƏSİMİ, YA ŞƏMS
Ya Nəsimi, ya Şəms!
Yıxayıb hüzn dolu könlünü nur ilə
ağacdan yarpaq uman, çiçəkdən ətir,
ölmüş itin dişini gözəl görən,
mənliyi qabıq qoyub çəyirdək çıxaran
ey Nəsimi, ey Şəms!
Eşq var, dedilər, “iman” dedilər…
Varlığı – tək zərrə,
Qərq olub dəryada damla kimi
əriyib yox oldu küllidə…
Pəncərəmə qonan göyərçin kimi ürkək deyil,
İçində can susar…
Hal
qabaran dəniz olub ürkəkliyini udar
göyərçinin
Unutmaram gülün üstündə ləçəyin ürpərərək
titrədiyini,
ətrinin üşüdüyünü;
bir meh belə ona tufandır,
bu yandır, o yandır,
ey Nəsimi, ey Şəms.
Hüzurda dil qıfıl olar,
göz qaralar,
əllər hərarətini itirər,
can titrər,
ürpərən dağların təpəsi tərs dönər,
zövqlərin ahəngində dəyişər iqlimlər.
Ya Nəsimi, Ya Şəms!
Qələm titrər eşq kəliməsi üstündə,
çəkilər qiyamətin damarları,
yenilər dağların zirvələri.
Ahəngini pozmaz varlığın nəfəsi,
gələni gedən, gedəni gələn
söz qovar canın içindən,
eşq arayar sonsuzluğun girdabında,
vurar nəbzi ağzında dili tərpənincə,
Əbabilin dimdiyindəki daş qədər ağır,
başıma qonan dövlət quşudur eşq.
Çırpsa qanadlarını, torlanar məhşər kimi zərrələr…
Tozların hakimliyi…
Kövrələr cəhənnəm mələyi,
Sərinləyər cəhənnəmdə atəş,
Ya Nəsimi, ya Şəms…
Eşq boynunuzun kəndiri,
boynumun kəndiri…
Çəkildi ayağınızdan yer.
Çəkildi ayağımdan yer.
Ya Nəsimi, ya Şəms…
6.ŞAHLANAN NƏFƏS
Eşidirsən...mi...
Səssizliyi eşidirsənmi?..
Deyir, uğuldayır qulaqlarımda sonsuzluq,
qarışır yer-göy bir-birinə,
isti-soyuq qarışır, əksliklər tək olur
doğmalaşan insanlar kimi,
birləşən insanlar kimi.
İçinə yığılan çanaqlı bağadır bu an hər şey:
uçanlar qanadlarını,
qaçanlar ayaqlarını yığıb,
danışanlar sözlərini udub, susanlar səslərini.
Bircə nəfəs diridir,
bircə nəfəs şahlanır dev kimi üstümə,
tərpədir daşa dönmüş varlıqları…
Hər şey canlanır, məhşərdəki kimi qalxır
Yerindən,
Hər şey canlanırkən mən ölürəm.
Tarazlıq pozulmur, ahəng qorunur...
Eşidirsənmi, pozulmur...