(Rafiq Tağının xatirəsinə)
...Adı Alim idi. Uşaq vaxtlarından zehinli, fəhmli olsa da, oxuyub məktəb-zad qurtara bilmədi, kasıbçılığın üzü qara olsun. Ancaq hardan desən, ordan xəbər verərdi. Elə bil öz adının bəhsinə girmişdi, ata-anasının doğum şəhadətnaməsinə yazdırdıqları adını ağlı ilə doğrultmaq istəyirdi. “Bərəkəllah”. Əşi, adı kimi özü də alim adamdır!” Hərdən ardınca deyilən bu sözləri eşidəndə ürəyi dağa dönərdi. Amma burası da var idi ki, yaman höcət, tərs idi, doğrudur, çox vaxt elə haqlı olsa da hər işə, hər sözə bir qulp, lim qoyardı. Ona görə də bəzən həmsöhbətləri əlindən hirslənib hövsələdən çıxanda acıqlarından Alimin adının əvvəlindəki ”a”nı ixtisara salıb atardılar. Alim əvəzinə Lim deyərdilər, ancaq qulağı öz adına vərdiş etdiyindən o da bunun fərqinə varmaz, elə bilərdi ki, adını eləcə bütöv çağırırlar”: Alim.
Yaşının ixtiyar çağına gəlib çatan Alim dərin zəkasıyla, iti dərrakəsi ilə çox əlləşib, çox çalışsa da, di gəl ki, özgələri kimi pul-para, vəzifə yiyəsi ola bilmədi. Həmişə əlləri xəmirli oldu, qarnı isə ac... Gördü əlindən bir şey gəlmir, Alim də hirsindən-hikkəsindən başladı ağıldan kasıb olsalar da, öz bəd əməlləri, fitnə-felləri ilə dövləti başlarından aşıb daşanlara paxıllıq etməyə, ancaq bir gün burasını da başa düşdü ki, onun bu paxıllığının o varlılara, vəzifə yiyələrinə heç bir isti-soyuğu, ziyanı-filanı yoxdur, hərəsi öz haramzadalıqları ilə pul-paralarının hesablarını daha da artırmaqdadırlar, vəzifə pillələri ilə yuxarı dırmaşmaqdadırlar. Elə o günlərdə tərslikdən Alimin saf-təmiz ürəyi də sancmağa başladı, validol içdi, valerian atdı, xeyri olmadı, gördü keçib getmir, o da məcbur olub həkimə getdi. Həkim Alimin ürəyinin kardioqrammasını çıxartdı, ciyərlərinə qulaq asdı, ora-burasını əlləşdirdi. Axırda da qayıtdı ki, elə bir qorxulu şey yoxdu, ürəyində sıxılma gedir. Ürəyinə nəsə salmısan, indi ürəyin də o yükün ağırlığına tablaşmır, əgər o yükü o nazik ürəyindən çıxarıb atmasan, işin əngəl ola bilər...
Ürəyinin düçar olduğu dərdi düzgün müəyyən etdiyinə görə Alim həkimin savadına özlüyündə bir “sağ ol” dedi, xəstəxanadan evinə gəlib çıxanacan yol boyu ürəyində kin-küdurət bağladığı adamaları söyüb yamanladı, onlarda ölü-diri qoymadı, hələ bir özünə də acığı tutdu. “Vallah, elə mənim də ağlım çaşıb. Rədd olsunlar, əşi, mənim qazancım hesabına dövlət bağlamayıblar ki, mənim yerimi tutmayıblar ki? Özləri bilər, Allahları bilər... Axirət günü soruşaram keflərini, onda baxaram hallarına...”
Beləcə fikirləşə-fikirləşə Alim xeyli yüngülləşdi. Həkimin resseptdə yazdığı dərmanları alıb heç qəbul eləməmiş ürəyinin də ağrısı, sancısı o keçən-keçib getdi...
Alim ürəyində gəzdirdiyi paxıllığını bu dəfə nifrətlə əvəz etdi, nifrət isə paxıllıq deyildi...
Ürəyini soyutmaq üçün Alim bir ara qələmə sarıldı. Başladı şeir yazmağa, yazdıqları o şeirlərlə bir növ ürəyini boşaltdı.
Ağır olub mənim daşım,
Ağır olub dediyim söz.
Çaqqal olub hürən mənə,
Bu dərdə sən gəl indi döz...
Yeyən ağız aş gətirər,
Ağlayan göz yaş gətirər.
Bəxtim mənə daş gətirər,
Bu dərdə sən gəl indi döz...
Onsuz da başdan-binədən Allah adamı olsa da, Alim o gündən sidqi ürəklə şəriəti öyrənməyə girişmişdi.
Elə o vaxtdan da hər gün Alimin bir ayağı məsciddə oldu, mollaların həndəvərində gəzib dolaşar, onlarla oturub-durar, gözlərini də dikərdi ağızlarına, mollaların ağzından nə çıxardı, əlbəəl yığardı çinədanına, maşallah, yaddaşına da söz ola bilməzdi...
Alim ölçüb-biçib, nəhayətdə, belə bir qənaətə gəlmişdi ki, cəhənnəm yüzə yüz faiz varlıların yeridir, cənnəti isə Allah kasıb-kusublar üçün yaradıb. Kasıb əbləh istəsə də, günaha bata bilməz. Bəyəm, kasıb bədəxtin pulu-parası var ki, ayağını yan atıb yolundan azsın, cürət edib cızığından kənara çıxsın?!. Alimin fikrincə, günahların hamısının kökündə-mayasında pul dururdu. Pul! Belə düşüncəli vaxtlarında Alim öz-özünə suallar yağdırar, cavablarını da özü verərdi. Nəyin hesabına fironlaşıb, əstəğfürullah, göyə nərdivan uzatmaq olar? Əlbəttə, pulun!.. Acından yuxudan duran kasıb qurumsaq da belədə Allahlıq etmək iddiasına necə düşə bilərdi?
Hə?.. Sualın cavabı məlum idi...
Ancaq Alim arabir şübhələnir, bədgüman olurdu ki, yaxşı, bəs bu qədər kasıb-kusub o cənnətə necə sığışacaq?!. Şeytana lənətlər yağdıra-yağdıra qara-qura fikirləri tez də başından qovar, cənnət sakinlərindən elə birinin özü olacağına arxayınlaşıb rahat nəfəs alardı.
Əvvəllər yas yerlərindən qorxub uzaq gəzən Alim indi təkcə tanıdıqlarının deyil, hətta tanımadığı adamların da hüzr məclislərindən də qalmırdı. Məsciddə tez-tez göründüyündən mollalarla əməlli-başlı dostlaşmış Alimi onlar da belə məclislərdə yuxarı başa dəvət edər, çəkib öz yanlarında, başda oturdardılar.
Mollalar hüzrə toplaşanlara Qurandan ayələr oxuyar, oxuduqlarını təfsir edər, hədislər söylər, mərhəmətdən, səxavətdən, əliaçıqlıqdan danışar və bu uzun söz-söhbətlərini də axırda belə tamamlardılar ki, bəs, savab qazanıb axirət dünyasını satın almaq, demə, bu dünyada hərənin bir növ elə öz əlində imiş...
Belədə hirs-hikkə Alimi götürərdi. Lənət şeytana, yenə də alış-veriş! Alver üçün də nə lazımdır? Əlbəttə, yenə də pul!..
Bəzən o hüzr məclislərində mollalar Alimə də söz verər, o da eşitdiklərini-bildiklərini bir qədər də bəzəyib-düzəyib danışar, mağardakılar da huş-guşla az qala molladan çox bilən bu adama qulaq asardılar.
***
...Günlərin bir günü bu balaca qəsəbədə mötəbər bir adamın yaxın qohumunun yas məclisi idi. Alimi də yuxarı başda əyləşdirmişdilər. Mağarın dolub-boşalan vaxtları idi.
Birdən mağarın girişində bir canlanma yarandı. Kimə isə yol verir, “buyur-buyur”la yuxarı başa çəkirdilər. Alim də səs gələn tərəfə boylandı. Gələn də hörmətli bir vəzifə sahibi idi. Onu görən kimi Alimin dişi bağırsağını kəsdi. Çox yox, elə bir həftə bundan qabaq Alim düzələn bir iş üçün onun qəbuluna getmişdi. Qanacaqsız oğlu qanacaqsız bu boyda kişini az qala bir saat ayaq üstə saxladı, kreslosuna yayxana-yayxana başını qaldırıb heç üzünə də baxmadı, dilucu da olsa, təklif-filan etmədi ki, əşi, Mıxməmməd kimi nə durmusan, əyləşib arın-arxayın dərdini anlatsana!..
Alim sevinirdi. İndi bu yekəxana oğlu yekəxananın yaxşıca dərsini veəcəkdi.
Vəzifəli şəxs şəstlə göstərilən yerdə oturmuşdu.
Alim də onun oturmağına bənd imiş kimi boğazını arıtlayıb ucadan:
-Peyğəmbər ali peyğəmbərin ruhuna bir salavat!
Məclis əhli əlini üzünə aparıb salavat çevirdi. Alim də səsinin ahəngini danışdığı hədisə uyğun dəyişdirə-dəyişdirə:
-Həzrət Əli(ə)bir gün bir məclisdə idi, - deyə sözə başladı. Məclisdə cəhənnəmə vasil olacaq məlunlardan söhbət düşmüşdü. İmam bu xüsusda buyurdu: “Kim ki, cəhənnəm əhli olan bir kəsi görmək istəsə, baxsın o kişiyə ki, özü oturub, onun qabağında isə camaat ayaq üstə durub...”
Vəzifəli şəxsi elə bil ilan çaldı. Alimi tanımışdı, ona elə gəldi ki, indi məclisdəkilərin də hamısı ona baxır. Kişi çeçəyib əlindəki stəkanı yerə saldı.
Elə bil dünyanı Alimə verdilər.
İndi Alimin iştirak etdiyi hüzr məclislərinə bəzi para adamlar qorxa-qorxa, çəkinə-çəkinə gedir. Alim çoxuna qənim kəsilib.
Hüzr yiyələrinin də çarəsi bir ona qalıb ki, ya Alimi məclisə yaxın buraxmasınlar (Alimsiz də məclislərin nə yaraşığı?), ya da dövlətli, vəzifəli qohum-əqrəbalarının Alimə görə yas yerlərində görünməməsindən inciməsinlər, onları başa düşsünlər, necə deyərlər, ya Alim, ya da ki, onlar!
İndi gəl baş sındır, qərar qəbul et! Belə vaxtda doğru-düzgün bir qərar qəbul etmək isə o qədər də asan məsələ deyil...
“Ulduz” jurnalı