VƏTƏN
Hamı and içər adına,
Adın mənim andım, Vətən.
Səndən əzəl, səndən əfzəl
Nə vardısa dandım, Vətən.
Vətəndə qəriblik çətin,
Necə olum axı mətin?!
Yüz milyonluq bir millətin
Həsrətini andım, Vətən.
Kim əl üzər gözəl gündən,
Qopur əldən yüz əl gündə.
Mən ki sənə əzəl gündən
Həm ruh, həm də candım, Vətən.
İlham verdin hər sözümə,
Nur kimi doldun gözümə.
Təkcə, təkcə mən özümə
Səni həmdəm sandım, Vətən.
SƏNİNLƏ GÖRÜŞƏN GÜN
Bir qərib sərçə olub,
Pəncərənə qonaydım.
Gözlərinə baxınca
Yerimdəcə donaydım.
Əlindən tutmaq üçün
Alışaydım, yanaydım
Səninlə görüşən gün.
Deyəydim ki, gəlmişəm,
Ay başımın bəlası.
Qoy silinsin üzündən
Təkəbbürü, ədası.
Yayılsın yer üzünə
Bu vüsalın sədası
Səninlə görüşən gün.
Yüyürüb sahil boyu,
Dənizə daş ataydıq.
Nisgilli qəlbimizə
Sevinc, nəşə qataydıq.
Xoşbəxtlikdən məst olub,
Səmalara çataydıq
Səninlə görüşən gün.
Yoldan keçən hər kəsə
Sevgidən danışaydıq.
Həyəcandan əllərim
Əlinə yapışaydı.
Nəfəsim üz-gözünə
Dəyəydi, qarışaydı
Səninlə görüşən gün.
Bu sevgi nağılımız
Heç bitməsin, görəydim.
Göydəki ulduzlartək
Yox olaydım, sönəydim.
Ayrılıq saatında
Yanındaca öləydim
Səninlə görüşən gün.
Səninlə görüşən gün...
BİR AZ SEVGİ KİMİSƏN
Bir az dostum kimisən,
Bir az yaxınım kimi...
Bir az doğmam kimisən,
Bir az uzaq tanışım.
Nəfəs kimi yaxınsan,
Xəyallar kimi uzaq.
Sənin sevgini istər
Bədəndə hər qarışım...
Səsin içimdə saxlanıb
Tilsim kimi, sirr kimi.
Gəlsin qulaqlarıma
Qoy od tutum, alışım...
Bir az sevgi kimisən,
Sənlə nədən danışım?
ƏLVİDA YAZ
Ümidin ən son yuxusundayam,
Oyansam, bitəcək...
Ruhumun sənə dustaq bağı çözüləcək.
Uçacaq ən böyük eşqə –Tanrıya tərəf.
Əllərini son dəfə uzat,
sıxım yaralı qəlbimin közünə.
Eşqinə çökən dizim
sızıldayır indi,
qat məni torpağın gözünə.
Mənə əlvida yaz!
Yaz, ey sevdamın nankor üzü...
GEDİRƏM
Bir söz söyləyib
gedəcəm.
Məni duyanım, əzizim.
Dərd ortağım, sonsuz sevdam,
Dinlə məni,
ruh əkizim.
Hanı odlu baxışların,
Hansı külə atəş olub?
Mənə dərdiyin çiçəklər
Güldandadı, çoxdan solub.
Yox, yox,
giley eyləmirəm,
Bir gün gələn bir gün gedər.
Əgər sözlər tükənmişsə,
O sevdaya yol görünər.
Bu səs, nəfəs, bu baxışlar
Sənə yaddır nə zamandı.
Mən gedirəm, eşq donuna
Yamaq olmayım, amandı.
İndi dinlə son sözümü,
Söz vermişəm, ağlamayım.
Ucuz tutduğun sevgiyə
Qoy qaralar bağlamayım.
Bircə şeyi heç unutma:
İnanma üzə gülənə.
Bizə yuva olan bu ev
Ocaq olmaz hər gələnə.
İndi yolçu yolda gərək,
Ver əlinin istisini.
Söndür, sən Allah, ocağı,
Qoy görməyim tüstüsünü.
BAX DÜNYADA GÖZƏLLİYƏ
Bax dünyada gözəlliyə,
Olsun qara gözün haqqı.
Sonra tərif et bizlərə,
O da olsun sözün haqqı.
Xoşbəxtliyi göydən istə,
Bu dünyayla barış,
Küs də,
Yansın günəş sinən üstə,
Olsun qara közün haqqı.
Can ağrısı canı yaxar,
Göz yaşımız qəlbə axar,
Tanrı bizə göydən baxar,
Verər səbir, dözüm haqqı.