Baxışların məni istədiyi
operaya çevirən dirijor,
əlim sinəmdə
himn oxumaq kimidi
Səni səsləmək.
Hər sevirəm kəlmən
“Oxu”,
“Eşqin adıyla oxu” kimi
səslənər qulağımda.
Hər gecə dodaqlarıma qoyduğun
sevgi vəhylərinin
mən sorğu-sualsız Nəbisi.
Susayarsan gecəyarı,
durub şəklinə baxarsan.
Kəbə divarıtək
üzümü sürtərəm-yanağın
mənim tövbə yerim.
Sevmək samovara atılan odun parçasıtək
ürəyimin son çırpıntıları.
Səadət - hər səhər
sevdiyinin gözlərində doğulmaqdı.
Mən “Big Bang” dən doğulmuş
işığına ac qalaktika,
qollarım planet
sən Günəşə dolanır.
Sən olmayanda
əllərimi unuduram,
ayaqlarım məndən xəbərsiz
həyətinizdə ayaq izlərini sığallayır.
Adam ürəkdən yox,
çiyinlərdən və dizlərdən sevir
bütün varlığınla başını qoymağa.
Ən çox sevdiyin sözə çevrilər
körpə şıltaqlığıyla dediyi
dəli kəlməsi.
Baxışların qəlbimdə imza yeri,
səni sevmək möbiüs lentidir
səndən sənə qaçıram.
Daha saatlar da geri çəkilmir,
bir saat artıq qalasan.
Indi daha çox anlayırsan
Şekspirin obrazlarını.
Başını çıxarıb pəncərədən
qışqırmaq istəyirsən:
Oxuma torağay, oxuma.
inanma
ağzından çıxan kəlmələrə,
Qadının dili ağzında yox,
gözlərindədi.
Tellərində maqnit qasırğası,
barmaqlarım istiqamətini itirmiş
kompas əqrəbidir indi.
Sənsiz yayın ortasında
dişlərim kilsə zəngi.
Iki min il sonra
sənsizliyin çarmıxında
yerə enən İsayam...
BÜRKÜLÜ YAY
Soyundurub şəhərin tərli yerlərini
bürkülü yay,
odlu baxışlar.
Bir azdan yaşıl köynəkli ağaclar
sinəsini cırmağa başlar.
Yaydan insaf diləyir
lələklərini yolub
bir əlçim buluda
özünü çırpan quşlar da.
Dodağı çatlamış asfalt küçələr
silir
dənizdən qayıdan
maşın təkərlərinin tərini.
… Orda,
çoxdandı çimizdirmir
göylər kəndimizi.
Atlar dırnaqlarıyla qaşıyır
kir basmış kənd yollarının belini.
“9” mərtəbəli binalar yığıb başına
“5” mərtəbəli ördək balalarını
kölgəsinin altına.
…Burda yaman susayarsan təklikdən,
Deyərsən:
“Ay xanım,
bəlkə, ovcunuzda bir ürəklik su ola?!”
o da uzada dodaqlarını…
Bircə dəniz idi
bu yaydan həzz alan.
Dalğa-dalğa göz vurub,
aldadıb
şəhərin balıq kimi qızlarını
almışdı qucağına.
TƏNDİR ƏTİRLİ QIZ
Bu kənd bu dağın balası…
Dağların döşündən axan
ana südüdü bulaq.
Bulaq-giləsindən
süd sağır bu qız.
Gözlərində Allahı
gördüyüm qızın
ən gözəl güzgüsüdür
sevdiyin qadının gözləri.
Bezib şəhərdən
qaçdığın bu kənddə
indi gözün götürər təndir ətrini.
Kirayə qaldığın bu qəlb sahibi
“Təndir ətirli qız.”
Sevəsən,
sevəsən,
lap ayrılasan,
üzülməyəsən ayrılığa,
sevinəsən bir sevgi yaşadın deyə.
Çəkər gözlərini səndən kəndinə,
qaralar dünyan,
bu “şəhər” ürəyinə yağış yağacaq?!
Xəyallar bürüyər səni…
Dodaqlarımız arasındakı
bir udumluq havanı
Yarı-yarıya udarıq…
Səni “bic-bic” xəyaldan
diksindirib oyadır
bu kəndin qısqanc itləri.
Mən bir az Sergey Yesenin,
İrana oxşayan bu kənddə sərxoş,
şəhərli oğlana bel bağlamaz
bu kəndin qızı,
uzadar əllərini…
uzağı bir qurtum sərin su verər.
ŞƏHİD OĞLUNUN DEDİKLƏRİ
Darıxır
anamın cehizlik ütüsü
atamın biçənək ətirli
pal-paltarıyçün...
Ütüyə gəlmir ancaq
heç birisi!..
Atamdan qalanlar
sandıq vətəndaşı,
illərdir qırışmır,
anamın əlləri qırışıb ancaq,
ütümüz də qocalıb.
Atamın pal-paltarı
cəzasını çəkir
sandıq küncündə
dərsə hazırlıqsız bir şagird kimi.
Gözləyirəm...
iki ilə,
üç ilə ...
bəlkə, nə vaxtsa...
boyum çata atama.
Geyəm paltarlarını.
yıxam özümü yerdən-yerə,
sürünəm asfalt üstdə,
bəlkə, bir az qırış qatam
bəlkə, bir az çirkləndirəm
sevindirəm anamın əllərini,
sevindirəm ütümüzü...
...Anamı heç elə görməmişdim.
Atamı gətirəndə
sıxmışdı əllərini...
Camaat görməsəydi,
yumruqlardı atamı:
“bu iki yetimə bəs kim baxacaq?!”
...Sonralar
üzümə baxıb,
saçıma əl gəzdirdi
və...
“şəhidlər ölməz” dedi...
Yayın gözü açılan kimi
anam yorğan-döşək
çırpır həyətdə.
Gözündə sevgi,
qolunda nifrət.
Çırpır
ürəyinin çırpıntısını,
çırpır atamın yoxluğunu.
...Atamın izini,
dizini döyür anam.
Sonra nəsə fikirləşib
gözünü döyür anam...
QAR UŞAQ
Qar yağanda
və
daha çox üşüyər
mağazada satılmamış uşaq əlcəkləri.
Mən qar adamam,balaca
Mən isti qaram, lap belə imisti.
Üşütməz əllərini
Yumala ovcunda,
At,
At məni soyuq göyərçin yuvalarına.
Tanıyıram o uşağı
Atasının içdiyi araq şüşələrini
geri qaytarıb çörək alan uşaq.
Görmüşəm gözlərində
dünyanın ən kədərli sevincini.
Babasının verdiyi məktəb xərcliyinə,
döyülməsin deyə
atasına araq alan uşaq.
Tanıyırsan o uşağı,
baxarkən güzgüyə
özündən qoca əlləri
hayqırıb sənin gözlərinə:
əllər əlcəksizlik və çörəksizlikdən yox,
sevgisizlikdən üşüyər...
Qaytar uşaqlığımı!