- Adi qətl haqqında məqalə yazmaq mənim üçün elə də çətin deyil. Hər gün eyni cümləni təkrarlamağa öyrəşmişəm, Rafiq. Sən bu saytda redaktor olmamışdan çox əvvəl mən internet mətbuatın kriminal şahzadəsiydim. Odur ki, bu ilki mükafatda mənim olmalıdır. İki min puldan kim qaçar?
- Yox, Batır. Təmkinimi qorumaq xətrinə sakitcə qərarımı açıqlamalıyam. Bu ilki mükafatda iki mini aparacaq adam qeyri- adi qətl haqqında yazmalıdı.
- Sən qeyri- adi yazı axtarırsan, ya qeyri- adi qətl?
- Qeyri- adi qətl.
- İnsafsız olma, Rafiq. Özün bilirsən ki, ipotekanı bağlamaq üçün mənə iki min lazımdı.
- Bizim kimi adamlar kabinetin açarını əlimizə alanda ödənişi insafımızla edirik.
Batır daha sözə yer qalmadığını gözəl anlayırdı. Bir yandan da qürur məsələsi vardı. Ona elə gəlirdi ki, elektron mətbuatda kimsə ondan daha bir addım öndə ola bilməz. Bu əminlik illərdi kölgə görməmişdisə də, bu gün hardasa kiçik bir yarpaq tərpənərək qəfil əsəcək külək ehtimalından xəbər verirdi. Rafiq özü vaxt ilə sayt anlayışını da Batırdan öyrənmişdi. Sonra bir neçə il gözə görünməm iş, adınında unudulduğu bir zamanda redaktor kimi peyda olmuşdu. Təbii , Rafiqin vəzifə aldığına Batır sevinmişdi. Yetirməsindən özünün irəli çəkilməyini, ən azı bir şöbənin direktoru olacağını gözləyirdisə də, zamanla adi kriminal müxbir vəsiqəsini dəyişmək üçün heç kim onu kabinetə çağırmamışdı. İndi isə kreditini bağlamaq üçün göz dikdiyi sonuncu iki mindən də olmaq ehtimalı vardı. Düzdür, hərdən öz güvəninə sarılıb ondan başqa kiminsə kriminal xəbərlərdə fərqlənəcəyini düşünmürdü. Lakin hər bir insanın içində köhnəlməyən “möcüzə gözləmək ümid i” var. Kiminsə Batırdan daha çox nüfuz qazanacağı da məhz möcüzə ola bilərdi. Batır bu möcüzəni artıq hər gün, hər saat gözləyirdi. Rafiq ilə söhbətdən sonra qəti şəkildə anladı ki, bu möcüzəni o özü yaratmasa, mütləq uduzacaq. Möcüzənin adı qeyri-adi qətl idi.
İki həftə sonra sayt rəhbərliyinin təsis etdiyi iki min dollar pul mükafatı “İlin kriminal müxbiri”nə - Batır Elbəyə verildi. Təqdimat mərasiminə gəlmiş mətbuat nümayəndələri hamısı Batırdan müsahibə götürməyə, onunla şəkil çəkdirməyə, hətta ondan avtoqraf almağa tələsirdilər. Gülməlisi o idi ki, tədbirdə Batır haqqında ən yaxşı çıxışı Rafiq etdi, ən böyük gül dəstəsini universitetin birinci kursunda oxuyan oğlu gətirdi, həyat yoldaşının kiçik əl çantasından kağız bağlamada diş fırçası çıxdı. Rafiq var gücüylə mükafatın məhz ona verilməməsinə çalışmışdı, oğlu sevdiyi qıza aldığı gülü utandığından verməmiş, axşam evə gətirmişdi, xanımı hələ iki həftə əvvəl ondan təzə diş fırçası almağı xahiş etmişdi. Ümumilikdə, tədbir çox yaxşı keçmiş, günlərlə Batırın şəkilləri elektron və yazılı, eləcə də vizual mətbuatın gündəmindən düşməmişdi. Hətta universitetin jurnalistika fakültəsinin dekanından gələn dərs ilindən başlayaraq bilik və təcrübəsini tələbələrə öyrətmək üçün müəllimlik təklifi də almışdı. Batır əvvəlkindən daha məşhur və nüfuzlu idi. Ona mükafatı qazandıran qeyri-adi qətl nağılı isə bundan ibarət idi: İyirmi iki yaşlı kino rejissor kirayə qaldığı evin pəncərəsindən asılı vəziyyətdə tapılmışdı. Həmin pəncərəyə qanla “bu, sonuncu kadr idi, sevgilim” yazılmışdı. Polis rəisi açıqlamasında cinayəti törədənin rejissorun sevgilisi qırx iki yaşlı uğursuz aktrisa olduğunu demişdi. Bu, Rafiqin yaşadığı cəmiyyət üçün qeyri-adi qətl idi. “Ər arvadını öldürdü”, “qardaş bacısını öldürdü”, “avtoqəzada iki nəfər öldü” kimi cümlələrin yanında “Ölüm gətirən sevgi” daha möhtəşəm görünürdü. Bu, möcüzə idi!
Batır özü yaratdığı möcüzəsinin uğurunu yeni evində qeyd edəndə isə Rafiq orda yox idi. Ona görə də qonaqların cəmi üç nəfər gənc kino rejissor, ahıl polis rəisi və orta yaşlı aktrisa olduğunu bilə bilməzdi.