ZAMANI TUTMAQ OLMUR
Qələm-kağız götür, yaz,
Yaz ki, unutmaq olmur.
Bu sevgini-sevdanı
Könüldən atmaq olmur.
İçimi sökən qızı,
Dərdimi çəkən qızı,
Göz yaşı tökən qızı
Vallah, ovutmaq olmur.
Xəyalına gətir, yaz,
Bu məktubu bitir, yaz.
Qələm-kağız götür, yaz,
Zamanı tutmaq olmur.
Söz üstə verdim canı,
Ömür hanı, gün hanı?
Səndən sonra dünyanı
Daha yaratmaq olmur.
Qələm-kağız götür yaz,
Yaz ki, unutmaq olmur.
GEDƏK UZAQLARA
Hicrana qəhqəhə çəkək,
Gülüb gedək uzaqlara.
Ömrü dədə malı kimi
Bölüb, gedək uzaqlara.
Faş eləyək həqiqəti,
Sevgi adlı təriqəti.
Kim yazıbsa bu qisməti,
Silib, gedək uzaqlara.
Ver Faiqə öz yükünü,
Bir eləsin yüz yükünü.
Yaxınların söz yükünü
Bilib, gedək uzaqlara.
Açılmaz sirr uzaqlıqdı,
Ən gözəl yer uzaqlıqdı.
Ölüm də bir uzaqlıqdı,
Ölüb, gedək uzaqlara!
ƏYİLİR ADAMLAR
Ağappaq gəlir dünyaya,
Qara əyilir adamlar.
Günəşə dirçəlir, fəqət,
Qara əyilir adamlar.
Sus, sadəcə sus, göynəsən,
Soruşmazlar kimsən, nəsən!
Allah, deyirlər göydəsən,
Hara əyilir adamlar?
Sözdür vücudu titrədən,
Sözdür, söz – bu ruh, bu bədən.
Yoxdan var olubsa, nədən
Vara əyilir adamlar?
Bir sevdadan kam aldıqca,
Ucal, ucal ucaldıqca.
Bel bükülür qocaldıqca,
Gora əyilir adamlar.
NİDAYLA BASDIRIN
Torpaqla, suyla pak edin,
Odla, havayla basdırın
Məni qədim şahlar kimi,
Qalxanla, yayla basdırın.
Ey gülab qatan ətrimə
Məst ol misrama, sətrimə.
Kimsə dəyməsin xətrimə,
Nazla, ədayla basdırın.
Aşkar olar nələr, nələr,
Qəmlə dolar piyalələr...
Ulduz-ulduz kəcavələr...
Günəşlə, Ayla basdırın.
Ruhumu sözdə axtarın,
Bakirə qızda axtarın.
Kamanda, sazda axtarın,
Düyünlə, toyla basdırın.
Yar olmayan hər yar ilən,
Mənəm, gedən rüzgar ilən.
Bu əhd ilən, ilqar ilən,
Eşqə vəfayla basdırın.
Mən asiyəm sirr səsinə,
Titrəyir göy, yer səsinə.
Qulaq verin Sur səsinə,
Bu son nidayla basdırın!
YENƏ GEC GƏLƏCƏKSƏN
Qış ötsə, qar ərisə,
Yaz olsa, nolacaq ki?
Alın yazım yenidən
Yazılsa, nolacaq ki?
Nə dəyişər həyatda?
Hərf eyni, say eyni.
İl həmin il olacaq,
Gün həmin gün, ay eyni.
Yenə gec gələcəksən,
Göz yaşı, Yağış və Yol...
Heç nə dəyişməyəcək,
Mən mən olum, sən sən ol.
Yenə həmin taleyi
Bu Faiq yaşayacaq.
Başqa cür ola bilməz,
Amma, lakin və ancaq...
GÖYLƏRƏ MƏKTUB
Ey mələk, gəl apar bu qara baxtı,
Gəl apar, yenidən düz, mənə göndər.
Ömrümə vurduğun ilmə-düyünü,
Allah xatirinə, çöz, mənə göndər.
Arzuya-muraza çatım Eşq ilən,
Tənhalıq daşını atım Eşq ilən.
Yenidən günaha batım Eşq ilən,
Cənnət almasından üz, mənə göndər.
Adəm övladıyam, tənhayam, təkəm,
Qoyma yalnızlığı tək-tənha çəkəm.
Bəlkə də, mən özüm dərdimə yükəm,
Bir Həvva cildində qız mənə göndər.
Vaz keçdim uğursuz səadətimdən,
Bir sona varmadım nəhayətimdə.
Divlər ölkəsində kəsdim ətimdən,
Yarama qoymağa duz mənə göndər.
Başıma oyun aç, yenə iş artır,
Səmadan torpağa bir az düş artıq;
Dərdimi-qəmimi birəbeş artır,
Ocaq çatmaq üçün köz mənə göndər.
Ta üzüm gəlməyir günah etməyə,
Sirrimdən aləmi agah etməyə.
Allaha dərdimi izah etməyə
Bir kövrək, duyğulu söz mənə göndər.
Verirəm küləyə, rüzgara baxtı,
Yarısı olmayan bu para baxtı.
Ey mələk, gəl apar bu qara baxtı,
Gəl apar, yenidən yaz, mənə göndər.
BU AXŞAM
Hər gəlişin bir dönüşü olursa,
Burax məni, getməliyəm bu axşam.
Bu sevginin əvvəli yox, sonu yox,
Sevməyi tərgitməliyəm bu axşam.
Saçlarımı bəyaz dənə tapşırıb,
Çəmənləri yasəmənə tapşırıb,
Canı Ona, Ruhu Sənə tapşırıb,
Yox olmalı, itməliyəm bu axşam.
Bu eşq ilən Yaradana yar olub,
Yox oluram, yoxluğumla var olub...
Son nəfəsdə bülbül kimi zar olub,
Son nəğməmi ötməliyəm bu axşam.
Sən də öyrən uçmağı tək qanadla,
Yalnızlıqla, intizarla, inadla.
Xatirətək bu soyadla, bu adla
Ürəyində bitməliyəm bu axşam.
Gül ömrü də fəsillərlə solursa,
Buludlar da boşalırsa, dolursa,
Hər gəlişin bir dönüşü olursa,
Mən səni tərk etməliyəm bu axşam.
Bu sevginin əvvəli yox, sonu yox,
Burax məni, getməliyəm bu axşam.
İÇİMDƏ ALLAH YAŞAYIR
Kimdi bu can alan, edər
nələr, öldürər məni?
Yer titrəyər, Göy üstümə
gələr, öldürər məni.
Görər necə öldüyümü,
Şirin-şirin güldüyümü.
Həqiqəti bildiyimi
bilər, öldürər məni.
Dünya dağılar səsindən,
Qopar dağı dərəsindən.
Adımı yer kürəsindən
silər, öldürər məni.
Dənizlər qızıl qan olar,
Torpaq haqqa meydan olar.
Mələk dönüb şeytan olar,
gülər, öldürər məni.
Nəfəsimdə ah yaşayır,
Dərdlərimə şah yaşayır.
İçimdə Allah yaşayır,
Ölər, öldürər məni.
SON
Çaparaq gəlmişəm mən bu ünvana,
Ömrü əldən salıb yormağım da var.
Enişə-yoxuşa salıb yolları,
Yıxılmağım da var, durmağım da var.
Mənzillər duymadı xoş niyyətimi,
Söz ilə qurmuşam ünsiyyətimi.
Allah kəssin mənim xasiyyətimi,
Ürəklər ram edib, qırmağım da var.
Dağları-daşları qum eləməyim,
Xırdanı-quruşu cəm eləməyim,
Hər sözü əridib mum eləməyim,
Hər sözün sonuna varmağım da var.
İlahi göndərib, nə hədd daşına?
Kim qoya bilər ki, sərhəd daşına?
Daha başım dəyib əlhəd daşına,
Həyatı sonuna vurmağım da var.
SEVMİŞƏM
Yüz gözəlin içindən
Seçib sevmişəm səni.
Keçilməyən yolları
Keçib sevmişəm səni.
Mən çəkəni sən də çək,
Nə şübhə qalsın, nə şəkk.
Sərxoş başla şərabtək
İçib sevmişəm səni.
Geyindim söz əynimə,
Düz gəldi, düz əynimə.
Ruhunu öz əynimə
Biçib sevmişəm səni.
Sən dənizsən, mən ada,
Sevdim səni, ay adam.
Qəlbinə bu dünyadan
Köçüb sevmişəm səni.
YOL
Bu yol hardan başlayır,
Harda yetir sona yol?
Tutub bala küçənin
Əlindən bu ana yol.
Azıb-itsə, qayıdar,
Ömür bitsə, qayıdar.
Hara getsə, qayıdar,
Qayıdar tək Ona yol.
Kim ki, tənhadı, təkdi,
Gözü yol çəkəcəkdi.
Yol var, güldü, çiçəkdi,
Var ki, batır qana yol.
Yol budaqdı, yol yarpaq,
Bir az dərə, bir az dağ...
Gah daş olur, gah torpaq,
Girir dondan-dona yol.
HEÇ NƏ
Sevincimi unudub
Kədər yaşasam, heç nə...
Bu həyatı yenidən
Hədər yaşasam, heç nə...
Sən solmayan gülümsən,
Səhər-axşam gülümsə.
Axşam ruhum ölübsə,
Səhər yaşasam, heç nə...
Sökülür içim hərçənd,
Sətirbəsətir, bənd-bənd.
Yas tutursa mənə kənd,
Şəhər... yaşasam, heç nə...
Kim verər həvəs mənə,
Yetişməsə səs mənə?
Yaşadığım bəs mənə,
Yetər. Yaşasam, heç nə...
HECA ŞEİRLƏRİM
Necə çıxdı ki, qarşına,
Axı necə şeirlərim?
Dolanır sənin başına
Gündüz-gecə şeirlərim.
Həqiqətə mütalibdi,
Eşqə yenilən qalibdi.
Hansı qüdrətə sahibdi,
Hansı gücə şeirlərim?
Könül verdim ilhamına,
Baxım dadına-tamına.
Ucaldımı məqamına,
Tanrım, uca şeirlərim?..
Hərdən fikirtək dağılır,
Hərdən qəmində boğulur...
Körpə uşaqtək doğulur,
Bax beləcə şeirlərim.
Dünya adlı qəfəsi var,
Qəfəsdə dustaq səsi var.
Öz havası, nəfəsi var:
Mənim heca şeirlərim.
SADƏCƏ
Sadəcə ilham pərim
Sevir məni, sadəcə...
Yəni söz də sevgidi,
Sevgi yəni, sadəcə...
Ahı, amanı gördüm,
Köhnə zamanı gördüm.
Düzdə dumanı gördüm,
Dağda çəni, sadəcə.
Dağları aşmaq qalır,
Sehrli başmaq qalır.
Mənə dolaşmaq qalır
Bu çəməni, sadəcə.
Yollarında yoruldum,
Düşdüm, sındım, qırıldım...
Unutduqca vuruldum,
Sevdim səni, sadəcə.
Axar sular, durulmaz,
Sevən ürək yorulmaz.
Ölməklə sevmək olmaz
Bu vətəni, sadəcə.
EDAM YERİ
Gözündən sirrin görünür,
Mənəm əsirin, görünür...
Yanımda yerin görünür,
Yanımda adam yeri var.
İncidir gözünün suyu,
İçimdə bir dibsiz quyu...
Bu eşqin bir ömür boyu
Könlümdə müdam yeri var.
Dərdini bilmək nə gözəl!
Baş qoyub ölmək nə gözəl,
Sinəndə edam yeri var.
OLMASAYDI
Bir Allah bilir ki, nələr yazardım,
Dilim bu sevgidə lal olmasaydı.
Yağışla, doluyla, qarla gələrdim,
Sənə yer üzündən yol olmasaydı.
Ətir qoxuyarmı güllü kainat,
Sevgisiz bu qaragünlü kainat.
Mənasız olardı külli-kainat,
Bu könül eşqinə qul olmasaydı.
Gəl, ey taleyimin nuru, səhəri,
Dilləndir içimdə dəli kəhəri...
Bu arı ömrümün nəydi dəyəri,
Sənin dodaqların gül olmasaydı?
Qalmadı canımda halım hal kimi,
Gəldin həyatıma bir xəyal kimi.
Düşməzdin içimə qara xal kimi,
Lalətək sinəndə xal olmasaydı.
Bağlanıb adıyla adına Faiq,
Düşürmü arada yadına Faiq?
Min il də yanardı oduna Faiq,
Min il də yanardı, kül olmasaydı.
VƏFANIN AD GÜNÜNƏ
Mən sözü demirəm incitmək üçün,
Yaşaya bilmədim ahla bu ömrü.
Bir dəstə gül kimi basıb bağrına,
Hər gün son nəfəstək qoxla bu ömrü.
Duymadı mənəvi kasıblar məni,
Mən ki bir haqq idim, susublar məni.
Elə bil dilimdən asıblar məni,
Vurublar çarmıxa mıxla bu ömrü.
Ey özü qızılgül, şeiri lalə,
Aylar gəldi keçdi, olmadı halə.
Mən getsəm, bu ömür sənə həvalə,
Arabir gəl baş çək, yoxla bu ömrü.
Ömrü mənə qalıb kar, lal oğlunun,
Zəhər atasının, yağ-bal oğlunun.
Bu Hüseynbəylinin, Bilaloğlunun,
Otur qarşısında, ağla bu ömrü.
Çətin bir də bu Şəms, Qəmər olacaq,
Nə də bir muştuluq, nəmər olacaq.
Kim bilir, qarşıda nələr olacaq?
Qoyma ötüb gedə, saxla bu ömrü...