Maşını satdım. Hardasa on gün olar. Bəlkə də, çox, nə bilim? Hesablamağa ərinirəm. Bircə onu bilirəm, daha qırmızı çəpişim olmayacaq. Onu təzə satdığım vaxtlarda əvvəl-əvvəl fikirləşirdim, bir az ucuz qiymətə başqa maşın alaram. Əsas odur, borcları verdim, qalan pulu da saxladım, nəsə alaram. Bir də baxdım, pulun başın açmışam. Əlimdə bir şey qalmayıb. Buna uzaqbaşı Zapı almaq olar, ya da Qalenvagen, Porşe təkəri.
Ona görə qeyri-müəyyən müddətə maşın almaqdan əlimi üzdüm. Düzü, heç əvvəldən maşın həvəskarı olmamışam. On birinci sinfə kimi 05-lə, 07-nin fərqini bilmirdim, heç indi də Yeşqa ilə Çeşqanı bir-birindən ayıra bilmirəm. Adam tanıyıram, yaşadığı rayonun bütün maşınlarının nömrəsini əzbər deyir, mən heç öz maşınımın nömrəsini bilmirdim. Bir dəfə işdə maşınlarımızın nömrəsini siyahıya alırdılar, avtodayanacaqda yer bölüşdürələcəkdi. Deyəndə ki, gedib maşına baxıb nömrəsini öyrənim, təəccübləndilər. Necə ola bilər ki, adam maşınının nömrəsini yadında saxlamasın? Birdən ağlıma gəldi, Facebook səhifəmdə maşının şəkli vardı, ona baxıb nömrəni dedim, aşağı düşmək əziyyətindən də xilas oldum. Birinci maşının nömrəsindən danışıram, ikincininki hələ yadımdadı.
Birinci maşını da təsadüfən almışdım. Bankda işləyirdim, qəfil imkan düşdü, aldım. Sonra onu satıb qırmızı çəpişimi götürdüm.Heç birinə də baxmırdım. Zəhləm gedir maşına baxmaqdan. Mənimki odur, otur sür, vəssalam. Yaxşı ki, şüşəsilən deyilən bir icad var, parpressi təmizləməyə həvəs olmayanda düyməni bas, suyu fışqırdıb özü silsin.
Mənim kimisinə maşın yaraşmır. O maşınlar da məndə necə qalmışdı, xarab olmurdu, möcüzədir. Benzin tökməkdən, yağ dəyişməkdən başqa bir şey eləmirdim, bununla belə, yeriyirdi. Yanımda qranatdan, tyaqadan, nakladkadan, nə bilim, babindən danışanda təəcüblənirdim, elə bilirdim, mənim maşınımın belə detalları yoxdu. Möcüzə idi, möcüzə, xarab olanda da gəlib qapıda dayanırdı, daha yolda qoymurdu.
Yox, bir-iki dəfə yolda qoymuşdu. Özü də düz tıxacın ortasında. Ətrafdakı maşınları gəzib ötürücü axtarırdım. Qəfil kimsə əlində kabel yaxınlaşdı. Ondan əvvəl də bir dəfə yolda qoymuşdu, həmin vaxtı primiçka verən taksi şoferi maşını xodlaya bilməsə də, beş manat alıb getmişdi. Bu dəfə qəfildən kiminsə əlində ötürücü köməyə gəlməsi məni heyrətləndirdi. Elə bildim, Həzrəti İsa zühur elədi açılmaqda olan tıxacın tən ortasında. Həmin adam kabeli verib bircə mobil nömrəmi götürdü, mən də onun, dedi, nə vaxt işin qurtarsa, zəng edib qaytararsan.
İndi qalmışam piyada. Açığı, çox da üzülmürəm. Təkcə uşağa görə narahatam, öyrəşmişdi maşına, hər səhər dərsə aparırdım, axşamda nənəsigildən gətirirdim. Daha bunlar olmayacaq.
Özümə görə qorxum yoxdu. Lap yaxşı, piyada gəzib arıqlayaram. Səhhətim də qaydasına düşər. Avtobus - xoroşo.
Demək asandı, amma hərdən metrodan çıxıb Koroğluda marşrut-taksi şoferləri ilə sərnişinlərin döyüş bölgəsinə düşəndə qırmızı çəpişim yadıma düşür. Adam əlindən avtobusa minə bilməyəndə həmişə getdiyim yola boylanıram, elə bilirəm, şütüyən avtomobillərin arasında mənim maşınım da var, budu, uzaqdan görünən o qırmızı maşın mənimkidir, indicə gəlib keçəcək, içində də mən. Elə vaxtda lap qəribsəyirəm, deyirəm, gəlib dayanardı qabağımda, qaşqasını sığallayardım.
Elə ki avtobusa mindim, toxtayıram: Burdakılardan nəyin artıqdır? Sən də avtobusla gedib-gələnlərdən biri, ölkədə maşınsız nə qədər adam var, dərd etdiyin şeyə bax!
Özümə acığım tutur. Maşındı da. Adam bu qədər dünyagir olmaz. Allah tərəfi, unuduram da. Sağdan-soldan şütüyən maşınlara heç fikir vermirəm. Amma yol hərəkəti haqqında məlumatları göstərən elektron tablonun altından keçəndə gözüm havanın temperaturunu axtarır. Temperaturu öyrənən kimi yenə maşın yadıma düşür.
Hə, mənim maşınım. Termostatı xarab olmuşdu, qayğıkeş ana qızdırmalı övladının dalınca termometr gəzdirən kimi lobsu avtomatik qoşulmayan maşınım qızdırmasın deyə keçdiyim yollarda gözüm temperatur göstəricilərini axtarırdı, istilik aşağıdırsa, sürmək olar. Çoxdu? Tez rulun altından çıxardığım şnurları birləşdirirdim, pərişə düşsün deyə.
Bəs indi nəyimə gərək hava temperaturu? Heç nəyimə. Sadəcə vərdişdi. Əynim də nazik deyil ki, havanın temperaturu ilə maraqlanım. Hə... Maşına minən kimi peçi qoşardım, salonun istisindən az qala bədənimdən qarı əriyən torpaq kimi buğ çıxardı.
Bir vaxtlar onunla keçdiyim küçələrdən indi piyada keçirəm. Hərdən başımı qaldırıb yola baxır, onu xatırlayıram. Özümə gülməyim gəlir, elə bil bir vaxt maşınla yox, sevgilimlə keçmişəm buralardan. İndi də həmin küçələrdə gəzib “sevgilim”lə olan xoş günləri xatırlayıram.
Axşamlar siqaret çəkməyə həyətə düşəndə gözlərim bir anlıq qırmızı çəpişimi axtarır. Bütün maşınlardan fərqlənirdi, rəngi ilə, ölçüsü ilə, pintiliyi ilə. Nolsun boy-buxundan balaca idi, məhlənin ən gözəgəlimli yerində saxlayardım, ta künc-bucağa soxmazdım. Elə lotu-lotu da dayanardı, lap balacaboy zağar oğlanlar kimi. Bircə əllərini şalvarın ciblərinə salıb qarnını qabağa verməyi çatmırdı. Başqa maşınlar yerini çox tez doldurdular. Elə bil əvvəldən məhlədə bu nişanda həm- cinsləri olmayıb. Maşını satdığım günün səhəri bir az dəm idim. Həyətə siqaretə düşmüşdüm. Sağa-sola bir baxdım, gördüm qırmızı çəpişim yoxdu, özümü itirdim. Bir anlıq elə bildim oğurlanıb. Qəfil yadıma düşdü ki, satmışam.
Başqa maşınlar da elə arxayın dayanmışdılar, elə bil əvvəldən burda qırmızı çəpiş olmayıb. Onlara acığım tutdu. İstədim üzümü maşınlara tutub danlayım: nə tez unutdunuz park yoldaşınızı, insanın vəfasızına dözmək olar, dəmirin yox. Heç olmasa siz etməyin. Yanınızda ovuc içi boyda boş yer saxlayın ona da. Nə bilmək olar, bəlkə, tezliklə keçəcək buralardan. Yolunu azmış övlad kimi burulacaq məhləyə, gəlib dayanacaq əvvəlki yerində, siqnallayıb məni çağıracaq-köhnə sahibini.
Yaxşı ki, maşınlar adamların dilini bilmirlər. Yoxsa bu sözlərimə görə məni əməlli-başlı ələ salıb gülərdilər.
Bəlkə də, çəpişim “malalitrajka” yox, iri maşınlardan olsaydı, heç bu qədər darıxmazdım. Gözüm arxasında qalmazdı. Yəqin, balaca olduğuna görədir, valideyn narahatlığı ilə xatırlayıram onu, elə bil uşağımı əsgər göndərmişəm. Onu satandan sonra başqa maşın alsaydım, bu qədər darıxmazdım, yenisi qırmızı çəpişimi unutdurardı. Yoxsa bir dəmir parçası üçün niyə bu qədər darıxım ki? Bilmirəm nə vaxta qədər xatırlayacam, bəlkə, sabah, bəlkə, sabahdan da yaxın... unudacam. Bəlkə də, növbəti maşını alana qədər. Və bu nisgil hər dəfə maşınsız olmağın çətinlikləri ilə qarşılaşanda polabarotda ürəyimi odlayacaq...