* * *
Hələ yadındadı... hələ yadında...
bu gün mənə gözlərin dedi,
Dilinin ucunda ilişib qalan,
Heç vaxt demədiyin sözlərin dedi.
Hələ yadındadı... hələ yadında...
O soyuq gecə də, isti soba da,
Pəncərə önündə qoşa dayanıb,
Qoşa baxdığımız qarlı sabah da...
Hələ yadındadı... hələ yadında...
O gizli məktublar, gizli görüşlər.
Yanıb külə döndü hicran odunda
O şirin baxışlar, şirin öpüşlər.
Yanında başqası dayanıb indi...
Qalib əsgər kimi durub yanında.
Baxdın, baxışların danışdı, dindi
Hələ yadındadı... hələ yadında...
Hələ yadındadı... hələ yadında...
Bunu bu gün mənə gözlərin dedi,
Dilinin ucunda ilişib qalan,
Heç vaxt demədiyin sözlərin dedi.
Bütün kainatı tutdum beləcə...
Sən adlı, ünvanlı mələk qadında.
Mən səni... mən səni sevirdim necə ?!
Hələ yadımdadı, hələ yadımda.
* * *
Bacara bilmədim mən
Alnımdakı yazıyla...
Səni apardı bu yol
Bir həzin vağzalıyla.
Səni apardı bu yol...
İliyimdən, qanımdan,
Ürəyimdən, canımdan
Aldı, qopardı bu yol.
Enişi-yoxuşuyla,
Küləyi, yağışıyla,
Gözlərimin yaşıyla
Apardı uzaqlara
İndi bu ayrılığı
Yazaq kimin adına?!
Gülüm, amma sıxılma,
Bax, sən Allah, sıxılma,
Məni salıb yadına.
Sirr kimi, sehr kimi,
Bu kövrək şeir kimi
Səni apardı bu yol...
İliyimdən, qanımdan,
Ürəyimdən, canımdan
Aldı, qopardı bu yol,
Apardı uzaqlara
Bir həzin vağzalıyla...
Bacara bilmədim mən
Alnımdakı yazıyla.
* * *
Ya gün olsun, ya da yağış,
Ya yay olsun, ya da ki qış...
Yeri-göyü naxış-naxış
Çəkirəm bir ağ varağa.
Torpaq altda itən kimi,
Boy çıxarıb bitən kimi,
Dərdi cücərdib dən kimi
Əkirəm bir ağ varağa.
Yol gedirəm ölümümlə,
Kədərimlə, dərd-qəmimlə.
Söykəndiyim qələmimlə
Çökürəm bir ağ varağa.
Yollar yorur dizlərimi,
İllər silir izlərimi.
Sənsizlikdə gözlərimi
Tikirəm bir ağ varağa.
* * *
Uzun şeirim haqqında qışa rekviyem
Bir uzaq adamdı bu uzun şeir...
Uzaqda dayanar, görünməz gözə.
Mənim bu oğlum şeir, bu qızım şeir
Nə dilə aldanar, nə də ki sözə.
Səbrimə sığalın çəkib uzanar,
Bu çörəyim şeir, bu duzum şeir.
Qanıma, canıma çöküb uzanar,
Uzaq adam kimi bu uzun şeir.
Uzaq adam kimi bu uzun şeir
Bir uzun çay kimi axıb uzanar,
Bu ceyranım şeir, bu quzum şeir
Yorğun gözlərimə baxıb uzanar.
* * *
Heyif ötən günlərə,
Bir də çətin qayıda.
Ötürdük bu baharı,
Qurtardıq bu yayı da.
Həsrət qaldıq dənizə,
Sahilə də, suya da...
Uçub görünməz oldu
Ağappaq qağayı da.
Qoşa baxardıq suda
Nazlanan o aya da...
Heyif, bu yay da bitdi,
Heyif, çətin qayıda.
Sən də getdin yay kimi...
Üşüdüm sənsiz, gülüm.
Bizsiz qəribsəyibdi,
Darıxır dəniz, gülüm.
* * *
Ölsəm, sıxma üzünə
Sevdiyim dizlərini...
Bir gün yuxuna gəlsəm,
Qapama gözlərini.
İndi şirin xəyaldı...
...Gecə, dəniz qırağı.
Hansı dalğada itdi
Sevgimizin qayığı?!
Sehrli barmaqların
Saçıma daraq oldu,
Sevgimiz vaxtsız solan
Budaqda yarpaq oldu.
Sən mənim qəmli şeirim,
Bayatımsan, ağımsan.
Dünya boyda şirinim,
Dünya boyda ahımsan.
Ölsəm, sıxma üzünə
Sevdiyim dizlərini.
Bir gün yuxuna gəlsəm,
Qapama gözlərini.
* * *
Məni dəyişmək çətin...
Buna heç də çalışma.
Yanıb külə dönərsən,
Alovuma alışma.
Səhər əsən meh kimi,
Ot üstündə şeh kimi,
Sevdiyim şeir kimi
Nəfəsimə qarışma.
Hayqıran sükut olub,
Darıxan bulud olub,
Kaman olub, ud olub,
Ürəyimdə danışma.
Dodaq büzüb getmisən,
Ürək üzüb getmisən,
Özün küsüb getmisən...
İstəyirsən, barışma.
BƏNÖVŞƏ
Rəngini göydən alıb,
Yolum üstə bitərsən.
Beş-on gün qonaq qalıb,
Nağıl olub bitərsən.
Baxışda kəlmə kimi,
Naxışda ilmə kimi,
Kədərli nəğmə kimi
Yavaş-yavaş itərsən.
Yenə şimşəklər çaxar,
Yenə yağışlar yağar,
Yenə evimi yıxar,
Yenə çıxıb gedərsən.
QOŞMA
Gedişin, gəlşin yenə sərindi...
Yenə incimisən, yenə küsmüsən.
Bircə ürəyim var, o da sənindi,
Onu da əlimdən alıb üzmüsən.
Ay qara gecəmin aydın səhəri,
Şerimin, sözümün ay şah əsəri,
Bu qədər hicranı, dərdi, kədəri
Bizim aramıza necə düzmüsən?!
Başımda fikrilər qarışır sənsiz,
Kövrək xatirələr danışır sənsiz,
Yerim də, göyüm də alışır sənsiz
Dünyanı yandıran odmu, közmüsən?!
Məni addım-addım güdənim də sən,
Durub yolum üstə bitənim də sən,
Üzümə baxmayıb gedənim də sən...
De, mənmi düzmüyəm, sənmi düzmüsən?!
Gəl çıxaq borandan, qardan, yağışdan,
Çıxaq bu bədlikdən, qara qarğışdan.
Sevgimiz dil açıb bir ilk baxışdan
Gözünü gözümdən niyə üzmüsən?!
Deyirdin sevirəm səni su qədər,
Sevgisi tükənməz Qu-quşu qədər...
Əgər elədirsə, onda bu qədər
Bu Nazir Rüstəmsiz necə dözmüsən?!