OLSUN
Dağı dağ, aranı aran eylə gəl,
Mamırdan, yosundan qoy xınan olsun.
Ömrümə-günümə günəş ol, doğul,
Bizi istəməyən qoy sınan olsun.
Vüsal qismət ola qəmin sonunda,
Gedim sabahlara qolum qolunda.
Ömrü qoymuşam ki, sevgi yolunda,
Sən adlı dərdbilən bir yarım ola.
Ümid ağacın ək, könlümə əkək!
Bu ömür yükünü gəl qoşa çəkək.
Sınaqlar önündə duraq qalatək,
Baxıb adımızı bir anan olsun.
AY QIZ
Bu şəhərin bir başı mən, biri sən,
Bu başda mən, o başda sən, gözəlsən.
Həsrətini çəkməkdən can üzülüb,
Sevinərəm durub yola düzəlsən.
Demişdim könlümdə dövlətim, vardı,
Demədim, qəhərim olaydın, ay qız.
Baharda baharım, qışda ağ qarım,
Ömrümdə səhərim olaydın, ay qız.
Bilirəm, sevgidə yarımır hamı,
Vəslə yetən olur, xar olan olur.
Eşq adlı ağacın budaqlarında,
Açılıb bir şirin bar alan olur.
Bu şəhərin o başından bax mənə,
Bu başında nə istəsən, hazıram.
Sual verib cavabını sorursan,
Mən yazıq da bildiyimi yazıram.
SAĞLIĞIMDA GƏLMƏDİN
Baxıram ulduzların
Seyrələn sırasına,
Dünyanın işlərindən
Ürəyim sına-sına.
Bir gül üzəcəyəmmi?
Telə düzəcəyəmmi?
Görən, dözəcəyəmmi?
Bəxtin sırsırasına?
Göz yaşımı silmədin,
Dərdlərimi bilmədin.
Sağlığımda gəlmədin,
Barı yetiş yasıma.
UCA DAĞ
Ey uca dağ, yaşıl meşə,
Cərgənizə qoşun məni.
Sığallasın əsən yellər
Saçlarıma düşən dəni.
Qoşulub çayına axım,
Qışına, yayına baxım.
Gül kimi döşümə taxım
Bu kövrək dumanı, çəni.
Yamaclar sirdaşım olsun,
Qayalar qardaşım olsun.
İki əl, bir başım olsun,
Kəsilsin pisliyə qənim...
GƏLİRƏM
Yar yolu qovğalıdır,
Başdan keçib gəlirəm.
Bulaq kimi qayadan,
Daşdan keçib gəlirəm.
Ürəyindən üzülən,
Kirpiyinə düzülən,
Yanağından süzülən
Yaşdan keçib gəlirəm.
Aşiqlərin xasıyam,
Mən bir haqq davasıyam.
İlin yaz havasıyam,
Qışdan keçib gəlirəm.