Həyat yuxuda da öz sonuna doğru gedir.
A.Bule
Uzun sürən xəstəlikdən sonra xeyli arıqlamışdı. Bir iynəyə sap olan Ayan əllərini tez-tez yuyur, gözlərini anasının divardan asılmış şəklindən çəkmirdi. Anası Fatimə bir il idi ki, dünyasını dəyişmişdi. Böyrəyində başlayan kəskin ağrılar sonunda yazıq arvadın ölümünə səbəb olmuşdu. Həkimlər ona böyrək çatışmazlığı diaqnozu qoymuşdular. Donor olsa da, Ayangilin imkanları olmadığı üçün çarəsiz qalmışdılar. Ayanın atası çoxdan, hələ Ayanın 3 yaşı olanda onları təkbaşına qoyub, Rusiyaya getmiş, bir daha geri qayıtmamışdı. Sonralar onu görənlər bazarda meyvə satdığını, bir rus qadını ilə yaşadığını söyləmişdilər. Bu xəbər həm Ayanı, həm də anası Fatiməni bərk sarsıtmışdı. Onsuz da çətin vəziyyətdə yaşayan ailəni bu məlumat daxilən sındırmışdı...
Ayan keçən ay iyirmi yaşını tamamlamışdı. Tibb Universitetinin ikinci kursunda oxuyurdu. Anası rəhmətə gedəndən sonra əmisi qızı Leyla ilə bir yerdə qalırdı. Leyla da Tibb Universitetində oxuyurdu. Bu il axırıncı kursda idi. Məzun olandan sonra toyu olacaqdı. Öz xalası oğluna nişanlanmışdı. İmkanlı ailədənidilər. Hərdən Ayana da köməklik edir, bəzi dərmanların alınmasında yaxından iştirak edirdilər. Amma axır zamanlar Ayanın xəstəliyi lap ağırlaşmışdı. Həkimlər onun beynində şiş olduğunu, tezliklə öləcəyini bildirmişdilər. Bu xəstəlik yavaş-yavaş Ayanın sısqa, zəif bədənini bir az da üzmüş, rəngini solğunlaşdırmışdı. “Anam sağ olsaydı, belə olmazdı...” tez-tez bu sözləri təkrar edirdi. Gözləri ağlamaqdan şişmiş, əlləri əsməyə başlamışdı. Hamının sonuncu ümidi də ölmüşdü, heç kim inana bilmirdi ki, qız sağala bilər.
...Payız idi. Hər tərəfi xəzəl bürümüşdü. Yarpaqların xışıltısı küləyin səsi ilə xoş bir ahəng yaradırdı. Ara-sıra yağışlar yağır, şəhərdə çətirlə gəzən adamlar rəngli göbələkləri başında daşıyan cizgi filmlərindəki qəhrəmanları xatırladırdı. Ayan divanda uzanıb, Drayzerin “Kerri bacı” əsərini oxuyur du. Onun ən sevimli yazıçısı Teodor Drayzer idi. “Dahi” əsərini təzəlikcə oxuyub qutarmışdı. “Cenni Herhardt” əsərindən bir parçanı əzbərləmişdi:
“Qatar yola düşdü, Cenni dalğın surətdə pəncərəyə baxmağa başladı. Pəncərə arxasında soyuq yağış altında islanmış və qonurlaşmış intəhasız çöllər, payız fəslinə məxsus çılpaq meşələr uzanırdı. Düzlərdə fermalar, sanki yerdaha sıx yapışmağa can atan alçaq damlı kiçik evlər görünür və bir az sonra geridə qalırdılar. Qatar xırda kəndlərin yanı ilə ötüb keçirdi. Bunlar bir yığın ağ, qonur daxmalar idi, damları yağışdan və pis havadan qaralmışdı. Bir ev Cenniyə Herhardtların Kolumbusdakı köhnə evini xatırlatdı. O, gözlərini dəsmalla örtdü və yavaşca ağladı”.
Yazıçının əsərlərindəki təsvirlərin yaratdığı xoş təəssürat Ayanı uzun müddət ağrılardan qurtarırdı. Atdığı dərmanlardan çox, mütaliə etmək onun köməyinə çatırdı. Hərdən poeziya üçün darıxır, əlinin altında ehtiyatda saxladığı şeirlər kitabını vərəqləyirdi. Ən çox da Nazim Hikmətin şeirlərini su kimi qəlbinin ən ağrılı yerinə doldurur, içində dolaşan ümidsizliyi az da olsa, azalatmağa nail olurdu:
Başım köpük-köpük bulut, içim, dışım deniz,
ben bir ceviz ağacıyım Gülhane Parkı’nda,
budak-budak, şerham-şerham, ihtiyar bir ceviz.
Ne sen bunun farkındasın, ne polis farkında.
Ben bir ceviz ağacıyım Gülhane Parkı’nda.
Yapraklarım suda balık gibi kıvıl-kıvıl.
Yapraklarım ipek mendil gibi tiril-tiril,
koparı ver, gözlerinin, gülüm, yaşını sil.
Yapraklarım ellerimdir, tam yüz bin elim var.
Yüz bin elle dokunurum sana, İstanbul’a.
Yapraklarım gözlerimdir, şaşarak bakarım.
Yüz bin gözle seyr ederim seni, İstanbul’u.
Yüz bin yürek gibi çarpar, çarpar yapraklarım.
Ben bir ceviz ağacıyım Gülhane Parkı’nda.
Ne sen bunun farkındasın, ne polis farkında.
Xəyalından İstanbulu gəzib-dolaşmaq, qağayılara çörək atmaq, məşhur türk smitinin dadına baxmaq keçirdi. Rəfiqələrindən biri danışırdı ki, İstanbul dünyanın ən sirli, ən romantik şəhəridi. Gecələri lap gözəl olur. Sözlə təsvir etmək mümkün deyil. Gərək o anları yaşayasan…
Hərdən Orxanı xatırlayırdı. Hələ birinci kursda oxuyanda ondan xoşu gəlmişdi. Ona qarşı nələrsə hiss etməyə başlamışdı. Hətta bir gün cəsarətini toplayıb ona şeir də oxumuşdu. Sonra nə oldusa, ondan uzaqlaşmağa başladı. Yəqin, Orxandan bir qarşılıq görə bilməmişdi, ona görə…
Leyla isə artıq ailə qurmuşdu. Toyu rayonda oldu. Ayan onu göz yaşları içində təbrik edib, yola salmışdı. Leyla kədərini gizlətmək üçün xəfif təbəssümlə “Darıxma, hər şey yaxşı olacaq” deyib, sağollaşmışdı. Ürəyinin dərinliyində az da olsa ümid qığılcımı qalmışdı, ancaq Leyla Ayanın nakam taleyi ilə çoxdan barışmışdı...
Saat yorğun halda 12-ni göstərir. Çöldə yağışın səsi otağa yayılırdı. Pəncərədən süzülən damcılar göz yaşlarını xatırladırdı. Uzaqda tıxacda qalan təcili tibbi yardım maşınının siqnalı eşidilirdi. Göyün üzündə qəribə buludlar topalaşmışdı...
Qəfil qapı döyüldü. Ayan əzgin halda ayağa qalxıb qapıya tərəf getmək istədi. Başından qalxan ağrılar bütün bədəni boyu yayıldı. Birtəhər qapını açdı. Yerdə məktub var idi. Əyilib məktubu götürdü, gözucu ətrafa baxdı, heç kəs yox idi. Qapını bağlayıb, məktubu oxumağa başladı: “Əziz Ayan! Bilirəm, indi bu məktubu ağrılar içində oxuyursan. Səni tezliklə sağaldacam. Bunu sirr olaraq saxla. Səni müalicə edib yenidcn həyata qaytarmaq üçün əlimdən gələni edəcəm! Darıxma, hər şey yaxşı olacaq...”
Əvvəlcə heç nə başa düşmədi. Məktubun kim tərəfindən yazılması bilinmirdi. Kimin gətirdiyini də yəqin etmək olmamışdı. Təkrar oxuyub əlini yumağa getdi. Güzgüdə solmuş üzünə baxıb, “Görəsən, bu məktubu kim yazıb? Məni hardan tanıyır? Doğrudanmı məni müalicə edib sağaldacaq?” Bu suallarla divana uzanıb, bir əlini ürəyinə, o biri əlini alnına qoyub, anasının divardan asılmış şəklinə baxdı. Sonra gözlərini yumub düşünməyə başladı. Bu düşüncələr onu lap yordu. Heç nə və heç kim haqqında şübhəsi yox idi. Tezliklə yuxuya getdi. Saat 2-nin yarısı idi...
Səhər telefon zənginə oyanan Ayan səbirsiz halda ayağa qalxdı. Əlini telefonun dəstəyinə uzadan kimi zəng kəsildi. Bir anlıq özünü gümrah hiss etdiyinin fərqinə vardı. Bənizi durulmuşdu, gözlərində həyat əlamətləri mü şahidə olunmağa başlamışdı. Əvvəlcə inanmadı. Tez vanna otağına keçib güzgüyə baxdı. Çoxdan idi ala gözləri belə hərarətli və dolğun görünmürdü. Həyəcanlandı. Gecə oxuduğu məktubu xatırladı. Anasını gözünün qabağına gətirib kövrəldi. Bəlkə, məktub onun gözünə göründü, cəld məktubu axtarmağa başladı, divanın yanına, stolun üstünə baxdı, otağı ələkvələk eləsə də, məktub deyilən bir şey yox idi. Əli ilə alnını ovuşdurub, pəncərə tərəfə keçdi. Günəş həyətdəki gölməçələrdə güzgü effekti yaradırdı...
Hər səhər atdığı ağrıkəsici dərmanını bu dəfə içmədi. Boz paltosunu geyinib həyətə çıxdı. Mağazada işləyən Habil dayı Ayanı görüb sevindi. Üzündə yaranan “şükranlıq” təsviri aydın sezilməyə başladı. Ayan bir il ərzində ilk dəfə idi görünürdü. Anası öləndən sonra heç kim onu görməmişdi. Uşaq meydançasındakı yelləncəyə tərəf gedib, qum təpəsində oturdu. Onu uzaqdan görən boz pişik miyoldamağa başladı. Ayan pişikləri çox sevirdi. Onun bu sevgisi hamıya məlum idi. Tezliklə Ayanın başının üstünü bütün məhlədəki qonşular aldı. Hamının üzündə sevinc bərq vururdu. Ayanı növbə ilə qucaqlayır, ona sevgisini bildirməyə çalışırdılar. Bu, Ayanın da xoşuna gəlirdi...
İzdihamın içindən toppuş bir uşaq əlindəki məktubu Ayana tərəf uzatdı. Məktubu görən Ayan özünü itirib, qorxu dolu baxışlarla məktubu götürüb, həyəcanla oxumağa başladı: “ Əziz Ayan! Səni saran xəstəlik mənim dualarım qarşısında məğlub oldu. Sən yenidən həyata qayıtdın. Demişdim axı, hər şey yaxşı olacaq! Səni dünyalar qədər sevən anan...”
Yerindən dik atıldı. Gözlərini ovuşdurub, yatağından qalxıb mətbəxə tərəf qaçdı. Anasını görüb onu bərk qucaqladı:
– Ana, ana, nolar məni bağışla...
– Nolub, ay qızım, nə oldu?
– Yuxuda dəhşətli şeylər gördüm. Nolar, məni bağışla, dünən sənin xətrinə dəydim, bir də sənin sözündən çıxmayacam! –titrək səslə anasının əllərini öpdü.
– Yaxşı, Ayan, get üzünü yu, yuxunu da suya danış...
– Yaxşı, ana! Səni çox sevirəm!
– Mən də səni, ay qızım...
Atası olanlardan xəbərsiz divanda oturmuşdu, əlində qəzet, cəlbedici başlıqlar yazılmış xəbərləri oxuyurdu...