BİR OVUC KÜL
Məni tanıyan adamları
əvvəl atəş sarar,
sonra
külü ovcumda qalar...
Mən
ocağın külündən alışanam.
Od başına dönüb ulum.
Ruhumda Od eşqi var.
“Od parçası” olmaqdan bezəndə gördüm,
Hər odun sonu külmüş.
İndi
tufanların tərkində
bir ovuc küləm mən də.
Çapır köhlən küləklər...
* * *
Doğma ana qucağına həsrət
körpə kimiyəm, scnsiz.
Ürək yorğun,
Qəlbim yanıq.
Yollar çovğun,
körpü sınıq.
Peşmanlıq saçın yolur.
“Deyirdin, dözərəm yarsız...”
Gəl
Və
Gətir qırdığın qolları.
* * *
Yamyaşıl bir limon ağacını
dibçəkdə əkdim.
Saralmış yarpaqlarını oğlum dənləyir,
qızım sulayır.
...quruyur budaq-budaq.
* * *
SƏHƏR, narahat gecədən sonra
iki büllur qırıldı mətbəxdə...
Axşam, ayaqlar altından
ürəyimin qırıntılarını
“Konkor” toplayırdı...
* * *
Sələmçiyə bənzəyirsən bəzən:
O, pulu,
Sən sevinci
Faizə verirsən.
* * *
Quşlar civildəşir,
salıb hay-haray.
Qarışqalar qaynaşır torpaqda,
torpaq üstə.
İlanlar çıxıb yuvadan.
Ölüm sükutu gəlir havadan.
...zəlzələ olacaq.
KƏBUTƏR BA KƏBUTƏR...
Azad ölkəmin bir şəhəridir
doğulduğum şəhər.
Küçələrində
azmış arzularım
sərgərdan dolaşmaqda...
Doğulduğum şəhər deyil
yaşadığım şəhər.
Bu Şəhər
şehli kirpiklərini Günəşlə qurudar,
yosun-yosun saçlarını yağışla yuyar.
Ağacları –
yaz – gümüşü çiçəkli,
payız – qızılı ləçəkli.
Qucağa sığmayan qovaqlar
Büzülən dodaqlardan uzaq...
Gün altında uzanıb
xumarlanan çəmənlər
necə də xoşbəxtdir.
Bu şəhərin
azadlıq havasının nəğmələri
arzulu könüllərin
aydın səmada
asudə süzən
qanadlarıdır.
Burada sevdalılar
Sevgilərini gizlətməyə məcbur deyillər.
Nə əl-ələ tutmaq,
Nə xəyallar qurmaq yasaqdı.
Eşqdən qanad taxanları
maşınlar fitə basmır...
Sevənlərin
ürək çırpıntıları
çiliklənmir
mentalitetin ayaqları altında.
Qadağalar
və çərçivələr içində böyümüş
bir kənd uşağı üçün
bu şəhəri sevmək çətin deyil, əslində.
Ancaq
Illər şahiddir ki,
Nə nərmənazik ağcaqayınlar,
Nə də nazlı-qəmzəli cökələr
kölgə sala bilmədi
ürəyimdəki
mətin
çinar sevdasına.
Bir gün
sənsiz yaşanan səadətdən –
göz yaşına bürünən gülüşdən qurtulmaq
üçün
çırparam üstümdən
bu şəhəri.
Anladım, dost, anladım...
Qarğalar şəhərində
göyərçinlər
yuva qura bilməz:
Konəd həmcens ba həmcens pərvaz.
Kəbutər ba kəbutər, baz ba baz.*
* “Hər kəs öz həmcinsi ilə uçar, Göyərçin göyərçinlə, şahin şahinlə”. Nizami Gəncəvi
***
Artıq
payız yarpağıtək
rüzgara alışmışam.
Qədim yarım!
Qəlbin səssiz ağlayışlarının
hüzur sahilisən.
Sərxoş gözlərim
yenə doldurulmuş qədəh...
Dodaqlaşmış yanaqlarım.
Bəlkə, yağmur düşmüş
Xatirələrinin izinə – bilməm?!
“Yağmurda mənsiz islanma” – deyərdin,
Bağışla,
yağışlı havada sənsiz yürüdüm.
Hovuzdan əsir bir balıq
dənizə həsrətlə baxar.
Yanğılı xatirələri ovudammır yağış suları.
“Yağmurda mənsiz islanma” – deyərdin.
***
Mətbəxdə üç balıq...
Üç gündür sudan çıxalı...
Əllərimin içində
ürəktək çırpınır.
Qıyammıram su sevdasına...
Üç gündür
soyuducuyla mətbəx masası arasında yol
ölçür
biçarə ixtiyarına verilmiş “bəxtəvərlər”,
Mən bıçağı “itirirəm”,
siz
qələm və varaq “tapın”!
MƏNİM ƏLLƏRİM KƏPƏNƏK
Mənim əllərim kəpənək...
Görərsən!
Kəpənəklər yuxu olar,
al-yaşıllı gül yuxular
tənha odana dolar.
Tanıyarsan bu “yuxu”nu
saçına çəkilən sığaldan,
köksümə yatırılan “ah”dan.
Alar, götürər xatirələrini...
Bu kəpənəklər
qulaqlarına
isti nəfəs kimi toxunan,
deyilməmiş “sevirəm” kəlməsi,
küsmək həvəsi...
Bu kəpənəklər
tikan olar,
ümidlərini qanadan
daş olar...
“kaş” olar.
Mənim əllərim kəpənək…
Bütün arzularım ovcumdadır.
SƏNİNLƏ DANIŞMAQ
Səninlə danışmağın
ən rahat yolu
şeir yazmaqdır.
Şeir yazmaq
səninlə söhbətləşməkdir –
Bir az dənizdən, bir az qurudan,
Bir az ədəbiyyatdan, bir az həyatdan,
Bir az ordan, bir az burdan...
Şeir yazmaq,
gümüşü sularda güzgülənməkdir,
qaranlığa yenilməyib,
Günəşə güvənməkdir.
Ciyərlərimi dağlayan
ayrılıqların yarasını sarmaq,
qürbətdə
məmləkətin nəfəsini duymaqdır
səninlə danışmaq.
İslanmış torpaq qoxusundan
sevdasını duymaqdır
sənə şeir yazmaq.
Oddan qaçmaq istəyidir
səninlə şeirləşmək.
Novruz tonqalında yanmaqdır
yazdığın
köz-köz sözləri oxumaq.
Şeir yazmaq
səninlə söhbətləşməkdir –
Bir az havalardan, bir az küləkdən,
bir az ağaclardan, bir az çiçəkdən...
Təbiətdən danışmaq da elə sevgidən
danışmaqdır...
Rusiya Federasiyası, VORONEJ.