Əntiqə SƏMƏNDƏR
PAYIZ YAĞIŞI
Tələsər payız yağışı,
Özünü yerə yetirər..
Çətirlərdə bir gizlənmək,
Ömrə xatirə gətirər.
Yol qısalır gözlərində,
Çatmaq istəmir mənzilə.
Getdiyi leysanlı yolu
Dəyişməz ömür yoluna.
Külək üst-başın qurudub,
Xəyallarda susub oğlan.
Pencəyin səndə unudub
O güldüyün kasıb oğlan.
ZALIMIN OĞLU
Sənə ümid boyda yollar,
Mənə qatar boyda həsrət
qalacaq, zalımın oğlu.
Məni şeir ürəyinə,
Səni bir qız qollarına
alacaq, zalımın oğlu.
Gələcək, o gün gələcək,
Ümid boyda bildiyin yol,
Səni bir qatar izinə
salacaq, zalımın oğlu.
VƏTƏN
Yaralı köksünə baxıb,
Ötə bilmədiyim vətən.
Nankor olub, harayına
yetə bilmədiyim vətən.
Əsir, qazi içində
İtə bilmədiyim vətən.
Bir misrada cücərib,
Bitə bilmədiyim vətən.
Yuxular çin çıxarmış,
Vətənə getmək varmış,
Şeirimdən o tərəfə,
Gedə bilmədiyim vətən.
Vasif SÜLEYMAN
QƏDƏR
Hər şey gözəliydi, nə varıydısa,
Köksümə vurduğu yaraya qədər.
Bu ömrün əzəldən bəllidi rəngi,
Qaradan başlayıb qaraya qədər.
Tanrım, bu sevgidir, rəhm eylə bir az,
Bir addım ataqmı, olmaz ki, olmaz...
Vermisən dərdini, dərmanını yaz,
Qalmarıq tapılan çaraya qədər.
İnsanlar, olanı danımmı, – sordum,
O qədər çəkdim ki, həsrəti yordum.
Ürək deyilənin qəsdinə durdum,
Qalmadı bütövdən paraya qədər.
Bir dəli sevgiyə bu dünya darsa…
Haqqı var, köksümü-könlümü yarsa,
Allah ümidinə qalsın, nə varsa,
Qoy getsin, gedəcək haraya qədər.
OLURSAN
Elə sən boydadı, dünya dediyin,
Gözümdə-könlümdə hər an olursan.
Adın çəkiləndə dönərgəm dönür,
Adım çəkiləndə viran olursan.
Tanrı yazdığına neyniyəsiyəm,
Bu boyda saflığın divanəsiyəm.
Mən bu məhəbbətin azan səsiyəm,
And içmək istəsəm, Quran olursan.
Haqqın dərgahından keçdi, ələndi,
Canım bu sevdaya çoxdan bələndi.
Vədəsiz bu sevgi haqdan gələndi,
Bəs niyə, sən mənə haram olursan?..
BƏLKƏ
Gəl görək, neynirik bu dünya ilə,
Yaz deyək, yandıran qışına, bəlkə?
Kimdir çəkən bizi əcəl toruna,
Özümüz keçirik dişinə, bəlkə.
Gecikən, tələsən taleyə yarıq,
Elə bu qismətin rəngində varıq.
Bu qara günlərlə gedib çıxarıq,
O ağ gecələrin tuşuna, bəlkə.
Qalsa, qalmayacaq, özünə qalsa
Əllisinə qalsa, yüzünə qalsa.
Dağılıb gedəcək özünə qalsa,
Qarışaq dünyanın işinə, bəlkə.
MƏNİ
Qızlarım Gültac və Səyalıya
Siz gələn yolların yorğunu oldum,
Dünya yaman çəkdi sınağa məni.
Güllərim, axır ki, açılıbsınız,
Dost-tanış tutmuşdu qınağa məni.
Ağ gün elə buymuş, bəsimdir, bəsim,
Başınız üstündə eşqim, nəfəsim.
Görən, YARADANA çatarmı səsim,
Götürsün sizlərə sadağa məni.
Bəxtimə gec gələn kərəmə şükür,
Mənə qanadsınız, görənə şükür.
Qızlarım, sizləri verənə şükür,
Yaman öyrətdiniz uçmağa məni.
SEVGİNİN DİLİNİ DUYANDAN BƏRİ
Elə həsrətin də bəs eylər mənə,
Hələ ki, eşqinlə dinə bilirəm.
O dünya, bu dünya, fərqi nədir ki,
Ölsəm də çatmaram sənə, bilirəm.
Nə vüsal görmüşük, nə kam almışıq,
Yazdığım bir yarpaq şeirdi sənə.
Ölüb getməyimmi ovudar səni,
Qalıb yanmağımmı xeyirdi sənə?..
Bu zülmət ömürə nə lazım axşam,
Toranı qovuşur haçandan bəri.
Dünyanın dilini yadırğamışam,
Sevginin dilini duyandan bəri.
Faiq BALABƏYLİ
SƏNİ GÖYLƏR ÜÇÜN DOĞUBDUR ANAN
Ürəyim sıxılır, sən ki görürsən
imkan tap, get ordan, görmə ağrımı..
ya da ki qanad aç, pırr elə, uç get,
gözə də görünmə, qon buludlara, –
səni göylər üçün doğubdur anan...
Sifəti şaxtadan qarsımış, donmuş,
əlləri qoynunda tilsimə düşmüş
qocanın, ahılın, – yəni yaşlının
cavanın, çevikin, xoş baxışlının
gözünün toruna düşüb qalma heç,
qanad aç göylərə, mələk misallım,
səni göylər üçün doğubdur, anan...
Oxuna bilinmir alnımda yazı,
hansı əlifbadır, nə yazılıb, nə?
Havadan asılı qalmaz sözlərim
yağış damlasıtək tökülər yerə...
Sənisə buludlar ovcuna alar,
başımın üstündə dövrə vurub get,
səni göylər üçün doğubdur anan...
İncimə, demə ki, sildi qəlbindən;
yalandır, yamandır səni unutmaq,
mənim ürəyimin ağrılarından
sənə don biçilməz, ay mələk adam
səninlə göylərə yanaşı uçmaq
mənim taleyimə heç yazılmayıb
mən yerin oğluyam, torpaqdır yerim,
səni göylər üçün doğubdur anan…
MƏN NECƏ BAĞLAYIM SABAHA ÜMİD
Bürüyün məni sevincinizə,
bələyin məni gülüşünüzə,
çöhrənizə qondurun məni,
dodaqlarınızda dondurun məni,
nə edə bilirsinizsə, özünüz edin
yaşadırsız, yaşadın,
öldürürsüz, öldürün…
Mən siz deyən olmadım...
Heç özümün də belə yaşamağa
həvəsim olmaz.
Tıncıxıb qalmışam divar küncündə,
doğma insanlara istilik verən
hərarətim olmaz, nəfəsim olmaz.
Neynirsiz özünüz edin,
mənim sizlər ilə qovğam heç olmaz.
Nəyimə gərəkdir hər gün çıxan gün,
hər gün qürub edən günü neynirəm,
ətrafım bu qədər solğun və küskün;
bu qanqal ömrümdə gülü neynirəm.
Bu çaxan şimşəyin alovu məni
tutmursa,
Göy qurşağının rəngi
alnıma yazılan yazının rəngi kimisə,
mən necə bağlayım sabaha ümid?
Mən necə bağlayım ümid kiməsə,
bir ovuc göz yaşı bəsimdir mənim.
Yuyacam içimin dərdini bu gün hamısın,
həm də ki, hamıdan xəlvət…
GÜNÜN BİRİNDƏ
Mən də öləcəyəm günün birində,
məni də dostlarım yad edəcəklər.
Elə kəndimizin qəbiristanında,
dədəmin, əmimin, əmim oğlunun,
hələ bığ yerinə təzə tər düşmüş
qardaşım oğlunun həndəvərində,
qırx günlük ömrünü kəpənək kimi
yaşayıb köç etmiş böyük qızımın
hələ süd qoxusu verən qəbrinin
yanında məzara ad edəcəklər...
Mən də öləcəyəm, yaxşı bilirəm,
belini bükəcəm qardaşlarımın.
Hıçqıra-hıçqıra yanağı boyu
qızımın dumduru göz yaşlarının
sinəmə tökülən damcılarını
yanan ürəyimə sərinlik bilib
rahat uyuyacam torpağın altda...
Mən də öləcəyəm, yaxşı bilirəm,
oğlumun ürəyi körük daşıtək
qərar tutmayacaq gen sinəsində
çöməlib oturub bir küncdə sakit,
əli dustaq olub lal çənəsində...
Mən də öləcəyəm, yaxşı bilirəm,
mələklər duracaq dörd bir yanımda
adım heca-heca donub qalacaq
məni sevənlərin dodaqlarında...
EY HƏKİM
O gün oğlumla qızım
başımı söhbətə qatdılar,
mürgülədilər danışa-danışa,
palatada,
mənim yerimdə yatdılar.
Oğlumun alnından öpdüm,
qızımın üzündən.
Alnı tər içindəydi oğlumun,
qızımın üzünə yaş qonmuşdu gözündən,
bağrıma basdım o təri, o göz yaşını…
Ramil həkimə pıçıldadım yavaşca:
onlar ürəyimdə yatır hələ də,
sən canın, neynirsən elə, özün bil,
çalış ki, səksənib oyanmasınlar…
YOLUMA ÇIXMA
Bir də yoluma çıxma,
gözləmə məni;
hərdən nəfəsim gedir,
qayıtmaq istəmir,
sənin kimi...
Arada vaxtın olsa, boylan
çiyinlərinin ardından arxada qalan yola,
gör dərdlilər necə girib qol-qola...
Bir də yoluma çıxma,
qaranlıqlardan
gün üzünə çıxmaq qədər
gözləmişdim səni...
* * *
Ay bağrıma sıxmadığım
təkim, göyçəyim, gəl gedək.
Gözlərini nə gizlədib
telin, birçəyin, gəl gedək.
Qar yağmadı bu qış yenə,
yağır qarğış-yağış yenə
özün dedin “yığış” yenə
gəldim, çiçəyim, gəl gedək.
* * *
Bəs necə oldu ki, qoya bilmədin
sən daşı gətirib daş üstə, oğul?
Sənin daşlarını əzizləyərəm,
götürüb qoyaram baş üstə, oğul.
Sən gəl keç bu tərəfə,
tərəfin yoxdu
ətimi kəsiblər, səsim titrəyir,
Allahın verdiyi səbrə dözmürəm,
Allah kəsə bilmir, kəsin səbrimi –
nəfəsim gəlməyir, səbrim titrəyir.
Mənim qucağımda yuva qurubdur
göylərdə sərgərdan uçan durnalar.
Sən getdin, qayıtdın, amma bilmirəm,
qayıdıb gələcək haçan durnalar?..