...Yayın qora bişirən ayları idi. Qapı-pəncərəni açıq qoysa da, Sənəm qarı hiss etdi ki, içəridə istidən-bürküdən yata bilməyəcək. Hərçənd ki, yayın qısa gecələrindən biri idi, gecədən də xeyli keçmişdi və sübh çağına da bir elə qalmırdı.
Canı tutmasa da, Sənəm qarı çar-naçar qalıb əringənlik etmədi. Kilimi, yorğanı, yasdığı otaqdan eyvana daşıyıb yerə sərdi.
Ayın aydınlığı idi. Yayın elə bir gecəsi idi ki, göydə ulduzlar bir-birinə göz vurub elə bil öz aralarında nəsə danışır, gizlicə pıçıldaşırdılar. Bir anlığa canındakı soyuqluğu yaddan çıxarıb heyran heyran ulduzlara baxan Sənəm qarı lap qəfildən fikirləşdi ki, görən gecənin bu dərin vaxtında ulduzlar nədən danışır?..
Başına düşən bu fikirdən Sənəm qarının dodaqları qaçdı, hələ bir gülümsəyən təhər də oldu. Elə gülümsəyə-gülümsəyə də Sənəm qarı cavanca bir qız oldu... Ürəyi atlandı. Özlüyündə şəkk-şübhəsi qalmadı ki, belə bir gecədə ulduzlar da yəqin ki, elə sevgidən-məhəbbətdən danışar...
Eyvanda hər tərəf küləkdöyən, açıq olsa da, ona elə gəldi ki, heç buralar da sərin deyil. Ancaq yerinin içinə girib gözlərini yuman kimi qarı əlbəəl yuxuya getdi. Hətta yanında kimsə olsaydı, onun yorğun xorultusunu da eşidə bilərdi...
...Sənəm qarı yuxu görürdü. Və çox qəribə idi ki, yuxulu olsa da, qarı yuxunun içində yuxu gördüyünü elə özü də bilirdi. Yoxsa yayın istisi, bürküsü hara, yuxusundakı qar, çovğun hara?..
Həmin yay gecəsində Sənəm qarının gördüyü yuxuda qışın boranı, tufanı cövlan edirdi... Yuxuda olsa da, qışın bu soyuğu, sazağı elə bil birdən-birə qarının canına doldu.
Bəlkə də, elə bu soyuqdan, şaxtadan idi ki, o, yuxudan üşüyə-üşüyə ayıldı. Qarı yayın bu cırhacırında tir-tir əsirdi. Yuxudan üşüyə-üşüyə ayılan qarı gözlərini bərk-bərk ovuşdura-ovuşdura başının üstündəki açıq göyə baxdı. Bu dəfə göyün ala toranında tək-tük ulduz bir-birinə göz vurub sayrışırdı. Hardasa uzaqlarda yuxudan erkən duran quşlar da səs-səsə vermişdi. Dan qızarır, sübhün də sərin mehi əsirdi.
Sənəm qarı yuxusunu xatırladı. Və birdən birə yenə də onu üşütmə tutdu. Az qala, birdən birə dişi-dişinə dəydi. Qarı “bismillah” deyib gözlərini ovuşdurdu. İçəri otağa keçib bardaqdan su götürüb qırışmış sifətinə, üz-gözünə vurdu. Söz yox ki, oyaq idi, yuxulu deyildi. Bəs bu nə soyuq, üşütmə idi ki, canına dolmuşdu?..
...Sənəm qarı yayın bu isti sübh çağında əynini qalın etsə də, vic-vicəsi keçmədi. Hardansa nadir hallarda tapıb əyninə keçirdiyi yun jaketinin də xeyri olmadı.
Əstəğfürullah! Yayın bu cırhacırında, bəlkə, sobaya çır-çırpı atıb qalasın?! Qarı bu fikirlə, hətta damaltına yollanmaq da istədi.
Ancaq nə işdisə, birdən-birə burasını da bildi ki, xeyr ha, sobanı qalasa da, xeyri olmayacaq.
Bəs, indi neyləsin, necə eləsin?! Qarı, hətta bir ara qəsdləndi ki, çıxıb qapıya düşsün, lap qonum-qonşunu haylasın ki, donuram, üşüyürəm. Mənə bir od-ocaq!..
Sənəm qarının yadına birdən-birə yun köynək düşdü. O yun köynək ki, onu uzun illər bundan əvvəl öz əli ilə toxumuşdu. O yun köynəyi toxuyanda, indiki Sənəm qarı cavanca bir qız idi. Və o yun köynəyi toxuduqca elə bil dilinə gətirə bilmədiyi sözləri ilmələrin dili ilə deyirdi: “Yayda buzumsan, qışda odum, ocağım, a Teyyub!..”
Sənəm o yun köynəyi toxuyub başa çatdıranda yay idi və o köynəyi Teyyub bircə dəfə də olsa əyninə geyə bilmədi. Dava başlamışdı və Teyyub da davaya yola düşdü. Sənəmlə ayrılanda ömür-gün yoldaşının əlindəki yun köynəyə baxa-baxa onu toxtadıb:
– Qışda yollayarsan, – dedi. – Sonra da nə fikirləşirdisə: – Bəlkə, elə o vaxtacan dava da qurtardı, mən də geri döndüm...
Ancaq Sənəm o yun köynəyi doyunca bir yastığa baş qoyub yatmadığı ərinə yola sala bilmədi. Qışacan Teyyubun qara kağızı gəldi. Və elə o vaxtdan da o yun köynək sandıqda qaldı.
Sənəm qarı birdən-birə burasını da bildi ki, onun titrəyən canını qızdıran yalnız o yun köynək olar... Və Sənəm qarı əlləri əsə-əsə sandığı açdı. Əlləri əsən qarı burasını heç bilmirdi ki, əllərinin bu titrəyişi olmaya canındakı soyuqdandır...
Sandığın dibindəki küncdən axır ki, köynəyi götürüb əlinə aldı. Elə bil canındakı soyuq da, az da olsa keçdi. Ancaq birdən elə bil ki, köynəyi tutduğu əllərinə qor düşdü.
Qarının gözlərindən süzülən bumbuz soyuq damcılar oda, közə dönüb əllərini yandırdı və qəribə idi ki, o od, o köz elə bil Sənəm qarının canını da isidirdi.
Bəlkə də ağladığından idi ki, yüngülləşirdi...
Ərinin qara xəbərindən, davadan sonra gözəl göyçək dul qadına elçi düşən çox olmuşdu. Sənəm də hamısını boş, geri qaytarmışdı. Onu qınayanlar da olmuşdu. Sənəm isə hamısının ağzından vurmuşdu: “Yox, Teyyubdan sonra kürəyim qızar, ürəyim yox...”
* * *
...Günəş çırt vurub çoxdan qalxmış, yayın isti bir səhəri açılmışdı. Günortaya da az qalmışdı. Bu vaxtacan toyuq-cücəni dənlətməyən Sənəm qarını həyət-bacada görməyib nigaran qalan qonşular ürəklərinə nəsə damıbmış kimi içəri keçəndə heyrətdə qaldılar. Yayın istisində çarpayısında uzanıb qalan Sənəm qarının əynində yun köynək vardı.
Qonşularını görən Sənəm qarı yarıyumulu gözlərini açıb yerindən dikəlmək istədi.
...Ağlı-huşu başında idi. Amma sayıqlayırdı, ya vəsiyyət edirdi, bilmək olmurdu. “Kəfənimin altından bu köynəyi də əynimə geyindirərsiniz! Ya da... – qarının bir ara səsi qırıldı, – ya da qəbrimə qoyarsız... Yoxsa orada da üşüyərəm...