Gecikirsən ay ürək
Arzuları bir-bir gerçək etməyə,
Vaxt azalıb, gecikirsən ay ürək.
Bu həyatda əməl qoyub getməyə,
Gecikirsən, bir az tələs ay ürək.
Çoxdandır heç yoxlamırsan özünü,
Bəlkə sağlam, bəlkə xəstəsən bilək.
Deyirdin ki, qəm bağlayıb üzünü,
Gecikirsən, sil dərdini ay ürək.
Hiss edirəm içində bir boşluq var,
Vaxt ötsə də, dola bilmir bu ürək.
Çox sakitsən, blirəm ki, sözün var,
Töküb, boşalt öz içini ay ürək.
Pünhan tutmusan neçə sirrini,
Bilirəm vəfada tayın yox ürək.
Hərçənd bilməsələr bəzən qədrini,
Gecikirsən üsyan elə ay ürək.
Əvvəlkitək zövq almaqda acizsən,
Əl-qolunu itirmiş bir əlilsən.
Son mənzilin uzaq deyil, bilirsən,
Gecikirsən, aman yoxdur, ay ürək.
Alov kimi
Bu bahar da payız kimi,
Sarı, qırmızı keçdi..
Yaşıllığı görmədim,
Ya da gördüm, hiss etmədim.
Çoxdandı fəsilləri
Yaman qarışdırmışam
Bircə sən qarışmırsan.
Beynimə qoyduğum kimi,
Yerində dayanmısan.
Dünən küləklə qar,
Yaman çovğun yaratdı
Bütün cismim üşüdü.
Təkcə başımdan başqa
Orda elə qalmısan
İsti daş kömür kimi
Məni yaman qızdırır
Xəyalın alov kimi...
Yarımçıq sevgilər
Məhəbbət yolunda yıxılmaq olar,
Yetər ki, qalxmağa bir yolun olsun.
Ayrılıb yenidən sevmək də olar,
Yetər ki, sevməyə bir üzün olsun.
Bir ürək nə qədər sevgi daşıyar,
O olar, bu olar, o biri olar.
Qəlb boxça deyil, kim gəldi tuta,
Axırda cırılıb, partlayıb daşa.
Demə sevənlərim günahkar idi,
Yarı yolda qoyub tərk etdi məni.
De mən qəlbimi açıq qoymuşam,
Hər gələn atını oynadıb getdi.
Bir gün geriyə dönüb baxanda,
Alnının qırışı çaşdırar səni.
Yarımçıq sevgilər bir alov kimi,
İçində qaynayıb yandırar səni.
Mərhum şairə Rəhilə Elçinin xatirəsinə
Bir çiçək idin ki, ömürlük təzə,
Araz yadigarı qalmışdın bizə.
Qəlbində nə böyük gözəl arzular,
Heyf xəyalların düşdü dənizə.
Səndən bizə qalan dəyərli miras,
Təmiz duyğuların, hisslərin oldu.
Yazdığın alovlu, odlu şeirlər,
Bir də kitab dolu xatirən oldu.
Gözəl nümunədir həyat yolların,
Vaxtsız yol çıxdı ömür karvanın.
Bilməzdik Rəhilə ziyarətinə,
Şahidlik edəcək nurlu məzarın.
Nə xoşbəxt insansan, sevənin çoxdur,
Sənin ürəklərdə heykəlin tuncdur.
Uzanır cənnətə indi qolların,
Qovuşar ruhuna Məmməd Arazın.
Məzarlar da danışır…
Məzarlar da zamanla
Dostlaşıb tanış olur.
Bəzi daşlar orda da
Fəhləyə məmur olur.
Məzar var ki, başında
Bir abidə ucalır
Məzar var ki, başında
Adi bir daş dayanır
Məzar var il boyu
Həmişə yada düşür.
Məzar var tarix boyu
Heç ora yolun düşmür
Məzar var yanı hasar
Bir qoruğa bənzəyir.
Məzar var kol-kos basır,
Kim olduğu bilinmir.
Adama elə gəlir
O daşlar da danışır.
Ona yaxın məzarla
Öz dərdini paylaşır.