MOTİVASİYA
Razılaş ki,
içdiyin həblər
çarəsizdi ağrıların önündə,
Onlarla doldurma ciblərinin boşluğunu.
Ürəyin ən zərərli alışqanlığa öyrəncəli,
Gecə-gündüz dərd çəkməklə məşğuldu.
Səndə tərk edilmək adəti
sağlamlığından başladı,
Belə getsə, ürəyində bitəcək.
Sonuncu nəfəsin göy üzünə
Öz əllərinlə təslim ediləcək.
Göyün qatları ağacsız, kölgəsiz;
Addım-addım əzaba yeriyəcəksən.
Günəşdən – bu cəhənnəmdən qovulan od
parçasından ruhunu qoru,
Yoxsa əriyəcəksən.
Razılaş ki, ölüm deyilən
Heç nəyi dəyişməyəcək
dünyandan başqa.
Ölüm ən uzunömürlü tənhalıqdı.
Ayıran cismi ruhdan – səni özündən...
Razılaş...
sən əslində xoşbəxt adamsan,
Çünki həyatın sadəcə nəfəs almaq,
Dünya ilə bərabər boş-boş fırlanmaq deyil.
Bir az yaxın otur, çək əllərini gözlərindən.
Gördüyün boz məhəllə
Onu yaşıl yarpaqlarıyla mükafatlandıran
ağaclara görə xoşbəxtdi,
O yarpaqlar bir gün solsa da.
insanlar da özlərinə görə yox,
özlərinə bəxş olunan səbəblərə görə xoşbəxt
olurlar,
O səbəblər bir gün xatirə olsa da.
ÜRƏK QIRINTILARI
Barmaq-barmaq parçalanıb əllərim,
Sol tərəfim zədələnib dizindən.
Ürəyimin bir ağrılıq canı var,
Hər dəqiqə gedə bilər özündən.
Ümidlərim bir qutunun içində
Toz bağlamış şəkil kimi saralıb.
Kimlərinsə yaddaşından itmişəm,
Gedən gedib, baxım görüm nə qalıb?
Günahlarım nəfəsimi daraldır
Aya həsrət gecələrin birində.
Soyuq otaq, bir stəkan acı çay,
Bir də kədər, darıxqanlıq, sıxıntı
Düzülüblər xoşbəxtliyin yerində.
İndi necə toparlanım, bilmirəm,
Hansı gözəl xatirəyə sevinim?
Hamısına sevinmişəm doyunca.
Hətta bütün üzüldüyüm anları
xoşbəxtliyə, gözəlliyə çevirib,
xəyalımda düşünmüşəm doyunca.
İndi nəyi gözəl sanım, bilmirəm...
İnanıram ki,
Gec-tez hansısa küləyə qarışıb sovrulacaq
bir insandan asılı qalan ümidlər,
gözləntilər.
Və əminəm ki,
Yerdəki ürək qırıntılarını tapdalayanlara qənim
Olacaq
Yer üzündəki bütün saf sevgilər.