BİLMİRƏM
Həsrətinin sorğana düşən – mən,
Həsrətindən nə umuram, bilmirəm.
Qısqanclıqdan ürəyimdə üşənən
Xiffətindən nə umuram, bilmirəm.
Ümidimmi məni sənə bağlayan,
Gəlişini gözüm üstdə saxlayan?!
Hər görüşü ayrılıqla haqlayan
Qismətimdən nə umuram, bilmirəm.
Heç bilmirəm hardan endi bu duyğu,
Qəlbə axdı, hissə döndü bu duyğu.
Hansı iman, hansı dindi bu duyğu,
Hikmətindən nə umuram, bilmirəm.
Ömür keçər, ürək yaşa dolarmış,
Gah bahara, gah da qışa dolarmış.
Sevgisilə dönüb yaşıd olarmış,
Xislətindən nə umuram, bilmirəm.
***
Dünya – savaş meydanı,
Zaman, dartma qaytanı.
Ara, axtar, şeytanı
Canına salanı tap.
Sürüyüb, hara çəkib!
Üzünə qara çəkib.
Səni bazara çəkib,
Satanı, alanı tap.
Əgər busa qismətin,
Əkdiyin heç bitməsin.
Zaman, başın itməsin,
Dərdinə qalanı tap.
***
Təkliyin
gövdəsi olur.
Budağı olmur
təkliyin.
Əlini uzatsan,
sənə uzadası
əli yox
təkliyin.
Özündən qeyri
bir
əməli yox
təkliyin.
Bir ayağı
qonşuda olur
həmişə.
Təkliyin
ayağı olur, –
özündən
qaçmaq üçün.
***
Qaradərili
qitə
dişlərini
ağardanda
Dünya
başını itirdi.
***
Qaldı
əllərimi
üzümdən
götürməyim.
Axı
Dünyanın
axırıdır.
Ələyə
nə ehtiyac!
***
Əl verin kuklalara,
ayaq verin.
Can verə
bilməzsiniz, -
canı verən
Allahdır.
Söz verin kuklalara,
meydan verin,
bayraq verin.
Və bir də
yol verin, -
yürüsün
Allahın vermədiyi
haqqına doğru.
***
Ən çox
aşağılanan
sözlər oldu.
Sənə ünvanladığım
sözlər.
Səni
mədh etməyə
məhkum etdiyim
sözlər.
İncidilər,
məni
tərk etdilər
aşağılandıqları
üçün.
***
Elə bilirəm
gözlərimi
açanda
səni görəcəyəm.
Odur ki,
yuxulardan
qayıtmaq istəmirəm.
***
Dünya
öz «axırından»
qayıdırdı,
sakit,
qayğısız
və qorxusuz;
heç bir şey
olmamış kimi.
Doğrudan da…
Nə olmuşdu axı.
Bəşəriyyəti
aldatmışdılar.
İnsanlar
sevgisini
itirən
divanəydi
***
Çiyinləri üstündə
baş gəzdirənlərin
ayağından
daş asdılar ki,
irəliləyə
bilməsinlər.
***
Bizi
öz gözümüzdən
salanlar
qiymətimizi
yaxşı bilir.
Qiyməti öldürüb
satın almaq
isə çətin deyil.
***
Ölümün əlləri –
buz kimi soyuq.
Kimsə tutamaz
bu soyuğu.
Ölümün
dili yox,
nitqi yox –
danışa, dinə.
Amma
bu qədər adama
söz demək gərək.
Bu qədər adama
«döz» demək gərək.
Ölüm haqqında
düz demək gərək…
***
Fələyin
min oyunu,
min bir
qoyunu vardı;
hər qoyuna
bir oyun
düşdü.
biri qaldı
oyundan kənar
vəziyyətdə.
Oyunun olsun,
ay qoyun!
***
Qəlbin peşmançılığı
dərd,
dərdin
peşmançılığı
sevinc
gətirər.
***
Kəlbətin
dişi,
diş
ağrını çəkirdi.
***
Dəniz
köhnə Bakının
içi-içalatı idi.
Büsbütün
ona çəkmişdi;
oğul
atasına çəkən kimi.
***
Təzə Bakı
köhnə Bakının
başı üstündən
boylanıb,
ayağının altındakı
dənizə
baxırdı.
***
Külək
yaxasını açıb
hücuma keçəndə
mən gözlərimi
yumdum ki,
ölümümü
görməyim.
„Ulduz „ jurnalı