1941-ci ilin yayında qonşu həyətdə Adolf Hitleri asmağa qərar verdilər. Və... asdılar.
Ana saçlarını yolurdu, dırnaqları ilə torpağı cırmaqlayırdı. Oğlu külafirəngidə uzun, göy stolun üstündə uzanmışdı. O, məndən iki yaş böyük idi. Çox sakit, üzügülər, yumşaq xasiyyətli və üzüyola idi. Biz ona Ölməz Kaşşey, casus, Maxno Batka, samuray və hətta Baskervillərin iti deyərdik.
Həmin gün mən oyunda iştirak etmirdim. Bilmirəm o necə və nəyə görə Fürerin rolunu oynamağa razılıq verib, yəqin ki, yenə də öz üzüyumşaqlığından. Oğlanlar, o vaxtkı dünya kimi iki vuruşan dəstəyə ayrılıb müharibəyə başladılar.
Bizimkilərin bütün ənənəvi oyunlarının gedişatına görə, “Fürer” bizimkilərə “təslim olub əsir düşürdü”, ali uşaq tribunalı ona “ölüm hökmü” kəsirdi.
“Hitler”in boynuna ilmə atıb, akasiya ağacının gövdəsinə bağladılar. Birdən onun əlləri ilə tutduğu budaq sındı və o, asılı vəziyyətdə qaldı. Əvvəlcə uşaqlar fikirləşiblər ki, o zarafat edir – ağrıdan gözləri axıb, dilini çıxardıb, sonra qorxulu şəkildə ayaqlarını ağaca vurmağa başlayanda qorxublar və böyükləri çağırmağa qaçıblar.
Biz Hitleri asdıq, o öldü, – onlar xəbər veriblər.
Böyüklər yüyürüb gələndə artıq oğlan yox idi. Oğlanın əvəzinə onun vücudu sallanırdı...
Biz o saat sakitləşdik, müharibə oynamağı tərgitdik. Bizim uşaq həyatımıza əsl müharibə daxil oldu.
Bizim evin yanından əsgərliyə yeni çağırılan gənclər keçirdilər. Onlar müxtəlif millətlərdən, müxtəlif yaşlarda, müxtəlif cür geyimlərdə idi. Biz onlara həsədlə baxırdıq – onlar əsl müharibəyə, düşmənləri əməlli-başlı məhv etməyə, vətəni qorumağa gedirdilər. Bizə elə gəlirdi ki, bu, pedaqoji institutun həyətindəki kimi asanlıqla olur: iki addım önə – süngünü sancmaq, iki addım geri – tüfəngin qundağı aşağı. Bu ərəfədə biz “Əgər sabah müharibədirsə” filminə dəfələrlə tamaşa edirdik. Filmdə hər bir saman tayasından qırmızı ulduzlu tank çıxırdı, hər bir tozağacının altında bizim topumuz gizlənirdi; “üç tankçı”nın öz maşınlarını igidcəsinə, rəşadətlə idarə etməsini seyr edirdik.
Günlərin bir günü mənim atam da müharibəyə getdi. Anamla birgə onu Pişpek yük stansiyasına kimi yola saldıq. Boz şinel geyinmiş insanlarla dolu yük qatarı təkərlərini tıqqıldadaraq dumana qarışdı. Bizim evdə boşluq və sakitlik hökm sürürdü. Gecələr pəncərədən siqnal səsləri eşidilir, küçələrdə əleyhqaz geyinən insanlar qaçırdılar. Biz uşaqlar ya evlərdə qaçışır, ya da zirzəmilərdə gizlənirdik, çünki bizə deyirdilər ki, kim ələ keçsə, hamama aparıb qoxumuş sabunla çimizdirəcəklər.
Mən başa düşdüm ki, bu vaxta qədər uydurulmuş nağıllar aləmində yaşamışam – qapalı dairədə yürüyən, öz-özünə işə düşən yük maşınlarının, hava ilə doldurulan fillər və qatarların aləmində; çörək növbəsində dalaşan, həyasızcasına söyüşən, dəfn mərasimində ağlayan insanları gördüm.
... İlk qar yağdı, şaxta düşdü. Mən bir neçə saat qənd növbəsində qaldım və qulaqlarımı şaxta vurdu. Axşam anam mənim ağrıyan qulaqlarıma qaz yağı çəkib bintlə bağladı. Mən filmdə gördüyüm yaralı tankçıya bənzədiyim üçün özümdən məmnun idim.
Anam qərara gəldi ki, mənim üçün qulaqlı papaq alsın, ondan ötrü üç günlük çörək kartoçkalarını toplayıb məni bazara göndərdi və tapşırdı ki, çörəyin hər tikəsini on manata satım. Bazar fırıldaqçıları mənim çörəyimi almasınlar deyə, Sonya xala ilə yanaşı durmağımı tapşırdı. Sonya xala hansısa xalq komissarının arvadı idi, dörd uşağı vardı. Xalq komissarı müharibəyə getdi, bir aydan sonra qara xəbəri gəldi. Sonya xala ordenli cəbhəçinin dul qadını kimi aldığı çörəyi və kolbasanı satmaqdan ötrü hər gün bazara gedirdi.
Çörəyi xüsusi ayrılmış yerdə satırdılar. Burada qadınlar iki yüz qramlıq çörək tikələrini boşqablara düzüb stullarda otururdular. Çörək çox idi, alıcı az. Alıcı gələndə qadınlar öz çörəklərini növbə ilə satırdılar, yəqin ki, belə razılaşmışdılar. Tikələr standart idi, həm də eyni çörəkxanada bişmişdi. Orada millimetrlik xətkeş də var idi. Yoxlamaq istəyirsənsə, yoxla. Mən Sonya xalanın yanında bir saat dayandım, ancaq bir tikə də sata bilmədim. Növbə çox ağır gedirdi. Oradan aralanıb bazarın ən çox insan olan yerində öz çörəyimlə dolaşmağa başladım...
Taxta hasar boyunca yaşlı boya ilə çəkilən şəkillər düzülmüşdü. Gözqamaşdırıcı göy palçıqda zanbaqların arasında ağappaq qu quşları üzürdülər, sahildə ağ atlar kişnəyirdi, qayıqlarda kök, alyanaqlı, saçları mavi lentli xanımlar gitarada çalırdılar; yanaqlarında batıq olan balıq quyruqlu, iri döşlü su pəriləri sahil boyu daşların üstündə oturub öz yaş saçlarını darayırdılar. Bütünlüklə “Atları qoşqudan açın” mahnısının süjeti kimi. Hər bir rübaiyə – bir rəsm əsəri. Səssizlik, sükut – Allahın varlığını hər addımda hiss edirsən... Tabloların qarşısında tamaşaçılar və alıcılar toplaşmışdılar.
– Kim çörək istəyir? – mən astaca soruşdum.
Heç kim mən tərəfə baxmadı. Hamı şah əsərləri seyr etməklə məşğul idi. İrəli getməli oldum.
– Xala, şalvarı neçəyə satırsan? – oğlan soruşdu.
Burada kustar üsülla tikilən şalvarlar satılırdı.
– Doqquz yüz iyirmi beş manat.
– Neçəyə verərsiz?
– Səkkiz yüz əlli manata.
Mən başa düşmədim ki, nəyə görə o səkkizyüz əlli manata satmaq istədiyi halda doqquz yüz iyirmi beş manata deyir.
Şalvarın balağının enini kibrit qutusu ill ölçürdülər. Əgər altı dəfədən çox qoysaq, deməli, otuz santimetrdən çoxdur, daha doğrusu, “frayersayağı”, qısqac şəkilli botinkanın ucunu örtəcək.
– Yeddi yüzə ver, – oğlan alver edir.
– Necə? – satıcı əsəbiləşir.
– Axı şalvarın ətəkləri dardır, elə bil kolbasa fabrikindəndir.
– Sənə hər ayağına yubka lazımdır?! – xala cavab verir. – -şalvar, kimə şalvar? Təmiz, bahalı yun parçadan.
Qə-zetlər! Qə-zetlər! Kim qəzet istəyir?! –qız əsəbi halda qışqırır. Bu Zinkadır. Onu bütün bazar əhli tanıyır. Zinka – bazar uşağıdır. On beş yaşında olan Zinka böyük xalaya bənzəyir... Onun qısa ayaqları, böyük qarnı, şara bənzər döşləri, şişkin üzü var. Qaşlarının üstünə tökülən qısa kəsilən saçların altından səfeh, ağılsız gözləri baxır. Deyilənlərə görə, o, Krım tərəflərdən gəlib. Zinanın valideynləri və qardaşları kəndləri ilə birlikdə məhv olub. Almanlar onların evinə benzin töküb yandıranda qız duza qoyulmuş xiyar və kələm boçkaları olan zirzəmidə gizlənib, on gün orada qalıb, duzlu xıyar və turşudulmuş kələmlə qidalanıb. Bizim əsgərlər onu tapıb bura, arxa cəbhəyə göndəriblər. Bir ildən sonra Zina birdən kökəlməyə başlayıb və həkimlər təyin ediblər ki, o, şizofreniyadır, əsəb sarsıntısı səbəbindən maddələr mübadiləsinin pozulması nəticəsində xeyli çəki alıb. Zinka yayda soyuq su, qışda isə qəzet satırdı.
– Qə-zetlər! Qə-zetlər! Kim qəzet istəyir?!
– Çarxlar! Çarxlar! Əla çarxlar!
Mən düşündüm ki, day-day çarxların üstündə hansısa bir qeyri-adi oyuncaq satır, camaatın arasından dürtülüb keçdim, az qala öz çörəyimi də itirəcəkdim və gördüm ki, onun əlində kustar üsulla hazırlanan adi kişi tufliləridir.
– Sənin satdığın tufli neçəyədir? – qalife şalvarda olan alıcı soruşdu.
– Min manata.
– Həddən artıq baha demirsən, dayı?
– Bəli, – dayı razılaşdı. – Sən bax, gör necə işdir. Altlığı spirtlidir, təmiz dəridir! – o, altlığı tıqqıldatdı.
Alıcı tuflini götürüb ağırlığını yoxlayırmış kimi azca yuxarı atdı, altlığını tıqqıldadıb iylədi, barmağını tüpürcəyinə batırıb çəkmənin burnunu sildi, altlığı bir-iki dəfə əyib, əllərilə silib təmizlədi və bic-bic gözlərini qıydı:
– Sən nə qədər istəyirsən?
– Sə... səkkiz yüz... – ayaqqabının sahibi nədənsə özünə inamsız dedi.
– Üç yüz! – alıcı qiymət kəsdi.
Satıcı qurbağa kimi gözlərini bərəltdi.
– Sən nə danışırsan, ələ salırsan?!
– Bəs sən axmaq axtarırsan? Altlığı kartondandır! – alıcı ağzından vurdu, sözünü klsdi.
– Eh, siz, karto-on! – satıcı tuflini geri almaq istədi, ancaq alıcı vermək fikrində deyildi.
– Lak sürtmüsən! Biz bu hoqqaları bilirik! Mən çəkməçiyəm!
– Di yaxşı. Bilirsən, sus. Niyə qışqırırsan! Hərkəs istldiyini edir. Axı müharibldir, – satece dedi.
– Milisə gedək, – alıcı sakitcə dedi və getdi.
Çəkməçi alıcının ardınca elə yüyürdü ki, elə bil onun boğazından tutub öz ardınca aparırdı.
– Qulaq as, botinkanı geri ver. Axı mənim uşaqlarım var. Acdılar. Arvadım xəstəxanada tifdən yatır.
– Hansı tipnən? – alecı gülümsədi.
– Əlbəttə, qarın yatalağından. Daha nə olacaq? Epidemiya. Eşidirsən, qardaş. Botinkanı ver. Mən yaşlı insanam, milisə necə gedim? Bütün gecəni yatmamışam, tikmişəm. Mən sənə borclu qalmaram.
Onlar qələbəlikdən kənara çəkildilər və mənə heç diqqət yetirmədilər.
– Fırıldaqçılığa görə sənə iş kəsərlər, onda bilərsən.
– Lazem deyil, oğul. Axı sən də insansan. Günahkar bəndəni bağışla. Əvəzini çıxaram.
– Nə qədər? – birdən “alıcı” ətrafa göz gəzdirərək soruşdu.
– On manat, – satıcı cavab verdi.
– Yaxşı, ver, yola gətirdin, – alıcı razılaşdı.
Çəkməçi ona on manat verib, öz çəkmlsini götürüb əski parçasına bükdü.
– Əzizim, məsələ orasındadır ki, çoxbilmiş adamın başına həmişə iş gələr, – “alıcı” dedi.
– Mən bunu bilirəm, – satıcı kədərli cavab verdi. – Axı müharibədi...
Elə iş də orasındadır ki, müharibədi, – “alıcı” çəkməçinin çiyninə vurdu və camaatın içində itdi. Çəkməçi bir müddət, o gözdən itənə kimi baxdı.
– Çarxlar! Çarxlar! Model üzrə tikilən əla tüflilər! – heç nə olmamış kimi qışqırdı.
– Tufli neçəyədir?
– Minə deyirəm...
– Çarxlar! Çarxlar! Model üzrə tikilən əla tuflilər! Sən niyə çəp gözlərini bərəltmisən? –birdən məni gördü.
– Mən çörək satıram.
– Elə isə öz çörəyini sat! Çarxlar! Çarxlar! Kim çarx istəyir?
Mən öz çörəyimi satmağa getdim...
Qoca tatar lobya ilə fala baxırdı, qaraçı kartla, kor qadın qabarıq nöqtəli boz kitabçanın üzərində barmağını gəzdirirdi. Onun qısa, yumulan, qırışan barmaqları və sarı dırnaqları var idi. O, aydın, uca səsi ilə tezliklə kiminləsə görüşəcəyini xəbər verirdi. Saqqallı qoca dizlərinin üstündə məktubla dolu uzun yeşiyi tutub saxlamışdı. Onun şəhadət barmağının üstündə payızbülbülü oturmuşdu. Gələcəyi görən kahinin sinəsindən asılan lövhəcikdə durğu işarələrsiz kobud, qrammatik səhvlərlə yazılmışdı:
“Vətəndaşlar!
Kim özünün, doğmalarının, ərinin, arvadının, uşaqlarının taleyini bilmək istəyirsə, siyahıda istədiyi nömrəni tapsın, Allah quşu sizə düzünü söyləyəcək.
Qiyməti 10 (on) manat.
Pulları əvvəldən verin.
Mən özüm lal-karam!”
Sonra sualların siyahısı gəlirdi:
“1. Mənim ərim sağ-salamat qayıdacaq?”
“2. Niyə məktub gəlmir?”
“3. Mən arvadımla görüşəcəyəm?”
“4. Mənim oğlum sağdır?” və s.
Qadın ikinci nömrəni göstərdi. Gələcəyi xəbər verən kahin barmağı ilə yeşiyin içini axtarmağa başladı. Payızbülbülü əyildi və dimdiyi ilə zərfi dartıb çıxartdı. Mən durub gözləyirdim ki, bu Allahın quşu nə vaxt danışmağa başlayacaq. Zərfi açdılar və kimsə ucadan oxumağa başladı.
“Əziz vətəndaş, sənin ürəyində həyəcan var, çoxdandır ki, cəbhədən xəbər almırsan. Sənin əziz adamın sağ-salamatdır, ancaq yaralanıb və hospitalda yatır. Gözləyin və tezliklə görüşəcəyinizə ümid edin...” və s. Qadın başını aşağı dikdi və yaylığının kənarı ilə göz yaşlarını sildi...
Ağ saqqallı bir qoca yaxınlaşdı. Kor payızbülbülü zərf çıxartdı. Açdılar. Orada ancaq bir söz yazılmışdı: “Ruhdan düşməyin”. Qoca zərfi verib, əlini yelləyərək dedi: “Yalan!” – və palçıqlı gölməçə ilə getdi. Falabaxan onun arxasınca baxdı. Görünür ki, o hər şeyi eşidirdi, özünü lal-karlığa qoyurdu ki, onunla mübahisə eləməsinlər.
– Qə-zetlər! Qə-zetlər! – Zinka hardasa yaxınlıqda qışqırırdı.
Kor falabaxan öz işini yarımçıq qoydu.
– Zina! Zinoçka! Bura gəl, əzizim! – torpağa tərəf əyilərək, xeyirxah pərini çağıran kimi ucadan onu səslədi.
– Nə istəyirsiz? – Zinka gəldi.
– Yaxın gəl, əzizim, mənə içalatlı piroq və bir krujka darçınlı şərbət al! – O, otuz manat uzatdı, görünür, bütün qazancı idi.
Zina pulu götürüb adamların içində itdi. Zinkaya pul etibar etmək olardı. Zinka – uşaqdır, aldatmağa ağlı çatmaz, qaçmağa da yeri yoxdur.
– Oğlan, sənin çörəyin neçəyədir?
– On manata.
– Doqquza verərsən? Görürsən necə şax manatlardır.
– Xeyr, özümə papaq almalıyam, – mən dedim.
Pırtlaşıq, çirkli başı olan hisli-paslı qaraçı hər kəsə yaxınlaşıb pul dilənirdi, “başı üstə”, “göbək rəqsi” oynayacağına söz verirdi, amma bazar palçıq idi, onun dayandığı yer isə bazara gələn minlərlə insan ayağının qarışdırdığı lehmə idi.
– Nəyə görə mənim çörəyimi heç kim almır?
– Kim çörək istəyir?
Haradasa qarmon çalırdılar. Səmimi gülüş səsləri eşidilirdi. İnsanlar dairəcik şəklində dayanaraq tum çırtlayır, qəhqəhə ilə gülürdülər. Mərkəzdə iki nəfər gənc “çastuşka” söyləyirdi:
İki qadın dəhlizə çıxır
Və səmaya baxır:
“Görən, kapitan gəlirmi,
Görən, çörək gətirirmi?”
Qəhqəhə. Ancaq mən başa düşə bilmirəmki, əgər kapitan çörəyi yerin üstü ilə gətirirsə, nəyə görə qadınlar göyə baxırlar.
Bu günlərdə kinoya getdim,
“Bağdad oğrusu”na baxdım.
“Bağdad oğrusu”na baxana kimi
Burdakı oğru pul kisəmi apardı!
Qəhqəhə. Papağın içinə mis pullar uçur. Mən isə durub onlara həsəd aparırdım: onlar artistdirlər, hamı onlardan razıdır, onlara pul verirlər. Belə olsa, bir gündə iki papaq pul toplamaq olar. Mən çörək bazarına qayıtmağa qərar verdim. Hər halda orda çörək alırdılar.
Bazarın səs-küyü ilə bərabər, çox gur səslə mahnı səslənirdi.
“Dəniz dalğalanırdı” – sinəsində “rəşadətə görə” medalı parıldayan zolaqlı alt köynəyi geyinən adam oxuyurdu. O, böyük qısqacları olan nəhəng krabı xatırladırdı: ayaqların yerinə – dayaqların üzərində əldə düzəldilən araba. Böyük, güclü əlləri ilə malakeşə bənzəyən taxta ayaqlara söykənirdi. O, çox hündürdən oxudu və səsi batdı. Onun boynu qızardı, yoğun damarları şişdi, sonra tünd qırmızı rəng sinəsinə keçdi. İnsanlar ona pul verən zaman mahnını yarıda kəsib irəliləyirdi.
“Qarı oğlunu nahaq gözləyir...” Sağ ol, qardaş! “Ona deyəcəklər – o ağlayacaq...” Sağ ol, ata! “İnsanlar isə yemək dalınca qaçır...” Sağ ol, bacı. “Qaçırlar və uzaqlarda itirlər”. Əziz qardaş və bacılar, Qara dəniz donanmasının keçmiş əsgərinə kömək edin. Vətənin müdafiəsində hər iki ayağını itirən insana yardım edin!
Yox, o, sədəqə istəmirdi. O tələb edirdi ki, pis günündə ona kömək etsinlər, döyüşdüyü üçün pul versinlər. Birdən fikirləşdim ki, mənim atam da bu cür şikəst qayıdacaq, necə vuruşduqları haqda oxuyacaq, mən isə onun yanınca gəzib insanlardan pul yığacağam. Atamın gözəl səsi var idi, o, işdən gələndən sonra məni çiynində oturdub otaqları gəzərək oxuyurdu.
Mən bütün xırda pullarımı toplayıb əlilə vermək istədim, ancaq vermədim. Əlbəttə, xəsislikdən deyil, sadəcə mən uşaqlıqdan utancaq idim.
Oğul, bura gəl! – dənizçi xırıltılı səslə danışdı.
Mən yaxınlaşdım.
– Dəhşətli dərəcədə acmışam, yemək istəyirəm, bədənim tələb eləyir, ancaq pulum çatmır, bəlkə, səkkiz manata satasan? – o yalvarıb-yaxardı.
Mən sevindim ki, onun üçün nə isə yaxşılıq edə bilərəm və çörək olan sinini ona tərəf uzatdım.
O, çörəyin qırağını seçdi və üstünə səkkiz manat qoydu, – sağ ol, oğlum.
Mən birdən istədim ki, bütün çörəkləri ona havayı verim, ancaq o dəqiqə anamı xatırladım və bütün həftəni yay furajkasında donacağımı yada salıb bu alicənab hərəkəti etməkdən özümü saxlayıb yoluma davam etdim.
– Qulaq as, oğul, bəlkə, yenə bir neçə tikəni səkkiz manatdan verəsən? Hə? Mənim ayağım olmasa da, yemək istəyirəm. Orqanizmim tələb edir, – Qara dəniz donanmasının əsgəri məndən yardım istəyirdi, mən etiraz edə bilməzdim.
O, bir neçə tikəni seçib qoynunda gizlətdi və ciblərində pul axtarmağa başladı. Bu zaman bizi avaralar dövrəyə aldı. Bəziləri ədalətlə mənim haqlı olduğumu qeyd etdilər. Kimsə mənim razılığım olmadan çörək tikəsini götürüb siniyə slkkiz manat atdı, mən reaksiya verənə kimi iki tikə çörəyi də çırpışdırdılar.
– Ey, oğrular, uşağı rahat qoyun! – matros onlara bağırdı.
Gedək, oğlum, mən səninlə hesablaşaram! – O, arabası ilə camaatı dağıtdı. Məni harasa bir kənara çəkdi. Mən onun ardınca getdim.
Biz göy rəngli taxta budkanın arxasına tərəf gəldik. Matros məndə qalan çörəkləri götürüb qoynunda gizlətdi və otuz iki manatı xırda pullarla ödədi.
Mən o dəqiqə başa düşmədim ki, o elə bu üç tikəni də səkkiz manatdan alıb. Mənim ürəyim bir az sıxıldı. Mən demək istədim ki, qalan tikələri on manatdan satmaq istərdim, ancaq susdum, belə ki, mən uşaqlıqdan, həqiqətən, utancaq idim.
– Sən sovet pionerisən? – o soruşdu, görünür, özümü itirdiyimi hiss etmişdi.
Mən dedim: “Hə”. Onda afərin! – deyərlk güclü əli ilə kürəyimdən vurdu.
Mən bilirdim ki, onsuz da anam məni danlayacaq. Bütövlükdə on iki manatı evəl aparmamaq – bütöv bir tikəni havayı vermək demək idi. Ancaq nə isə yaxşı bir iş gördüyüm üçün ürəyim rahat idi: yazıq əlil palçığın içində sürünməyəcək və boğazını yırtmayacaqdı – mən onu çörəklə yedirib doyurdum.
Hardansa Zinkanın səsi eşidildi. O qışqırırdı ki, kim isə qəzeti götürüb, pulunu verməyib. Mənim ciblərim xırda pullarla dolu idi – qırx manat. Pullar hər addımımda cingildəyir və ciblərimi arxaya çəkirdi. Kəmərim boş idi. Ona görə də şalvarı əllərimlə tutmalı oldum; ancaq ayaqlarım məni şirin tapança, top, xoruz və başqa heyvanlar satılan nabat bazarına gətirib çıxartdı. Biz atamla bura tez-tez gələrdik və mən buradan həmişə başdan-ayağa qədər “silahlanmış” şəkildə gedərdim. Doğrudur, o zaman bu nabatlar daha şirin, al-qırmızı və hamar idilər. İndi isə onlar qəhvəyi rəngdə, kələ-kötür, türşmlzl və düz on dəfə baha idilər.
– Oyuncaqlar! Oyuncaqlar!
– Maşınlar! Motosikllər!
– Tapançalar! Mauzerlər! Brauninqlər!
– Dəvələr! Birdonqarlı! İkidonqarlı!
– Traktorlar!
– Fillər!
Satıcılar məni dövrəyə alıb, bir-birinin sözünük əsərək mallarını təqdim edirdilər.
– Oğlan, traktorlar!
– Oğlan, dəvələr!
Mənim gözlərim dörd oldu, ayaq saxladım. Fikirləşdim ki, birindən alaram, o birisi inciyər. Birdən yadıma düşdü ki, onsuz da evə aparmalı olduğumdan on iki manat az aparıram, əgər nabat alsam, evə lap az pul aparacağam, onda evdə cavab verməli olacağam. Əlili, ola bilsin ki, anam bağışladı. Ancaq onu necə lazımdır, ətraflı başa salmaq lazımdır. Əvvəlcə, əlbəttə, danlayacaq, sonra isə başımı öpüb deyəcək: “Mənim xeyirxah səfehim”, sonra isə əlilə necə kömək etməyim barədə atama yazacaq. Ancaq bütün bunları ona başa salmaq lazımdır. Ancaq nabatlara görə danlayacaq. Əvvəla, evdə qənd var, ikincisi də, məlum deyil ki, nabatı nədən hazırlamağa başlayıblar, həm də pula çox ehtiyacımız var, belə ki, papaq üç yüz manatadır. Bütün bunları düşünərək, mən özümü elə apardım ki, guya heç nə almaq istəmirəm və udquna-udquna oradan uzaqlaşdım.
Kor falçı öz kitabını başlayıb, harasa “baxabaxa” içalatlı piroqu darçınlı şərbətə batıraraq çeynəyirdi; payızbülbülüylə dayı artıq getmişdilər, ya dincəlməyə, ya da ki, onu fırıldağına görə ölüncə döymüşdülər; falçı tatarın yanında “kişi ol” yazılan zərfi çəkib çıxaran qoca oturmuşdu; o, başı ilə salam verib gülümsəyirdi, görünür, paxlalarda hansısa ümid görünürdü.
Sonya xala çörək bazarında yox idi, görünür, öz çörəyini satıb evə gedib.
– Çörək! Vətəndaşlar, çörək! – tanış səs xırıldayırdı.
Mən dönüb arxaya baxdım və quruyub qaldım: Qara dəniz donanmasının əsgəri mənim çörəyimi satırdı, altı tikənin hamısı yerə sərilən qəzetin üstündə idi. Deməli, o, “orqanizmi”nin “çox yemək istəyi”nə baxmayaraq, heç bir tikəni də istifadə etməyib. Mənim yadıma düşdü ki, o, “pulum çatmır” dedi, sonra isə altından pulla dolu kisəni çıxartdı. O pullara nə qədər nabat almaq olardı!
– Çörək. Tikəsi on manata! – o, xırıltılı səslə deyirdi.
Mən ağzımı açıb yaxına getdim. O, məni gördü və səsini kəsdi. Yəqin, demək istəyirdi ki: “Hər kəs bildiyi kimi yaşayır. Müharibədir”. Ancaq nəyə görəsə heç nə demədi, mənimlə heç vaxt rastlaşmayıbmış kimi başımın üstündən boylanaraq, çənəsini amansızlıqla sıxaraq dedi:
– Çörək! Kim çörək istəyir? Çörək kim istəyir?!
Birdən qanım çox qaraldı. Ya on iki manata görə heyifsiləndim, ya da evdə anama bütün bunları başa salmağın çətinliyindən. Evə getmək istəmirdim. Ağlamaq istəyirdim. Bazarda veyillənməyə getdim. İnsanlar məni hər tərlfdən itələyirdilər, çirkin ayaqqabıları ilə ayaqlarımın üstünə çıxırdılar. Ətrafda danışırdılar, danışırdılar, danışırdılar və danışırdılar. Müxtəlif dillərdə danışırdılar, elə bil ki, yeni Babil qülləsinin layihəsini müzakirə edirdilər. Mən isə elə hey gedirdim. Elə bil ki, qara çay məni hansısa bir yeraltı qaranlıq kölgələr səltənətinə aparırdı.
– Dəvələr! Birdonqarlı! İkidonqarlı! Dəvələr!
Mən yenidən darçınlı nabatlar satılan yerə düşdüm. Ağzım sulanmağa başladı: ”Bir manatdan iki xoruz alaram. Yeyərəm. Anama deyərəm ki, hamısını səkkiz manatdan əlilə – vətənin müdafiəçisinə satmışam. Bu gün danlayar, sabah öpər. Atama yazacaq. Yalan! Hansı yalan? Burada heç bir yalan yoxdur. Hər bir kəs bacardığı kimi yaşayır. Müharibədir. Nabat yemək istəyirəm. ORQANİZMİM tələb eləyir. Xırdavatçılıq eləmək azdır. Niyə mən bu haqda əvvəllər düşünməmişəm?!
” Mən tank kimi izdihamı yararaq nabatlara doğru cumdum. Bir manatdan iki xoruz aldım. Birini elə o dəqiqə yedim və çıxışa doğru getdim. Xoruz dişlərimin arasında şüşə kimi xırçıldadı. Mən bazar müfəttişinin dayandığı qapıya çatanda o nə isə satmağa gələn hər bir kəsi saxlayır və vergi götürürdü, mən ikincisini də yedim. Dayandım. ORQANİZMİM yenə tələb edirdi!
“Gedib tapança alacağam. Beş manata. Ancaq anama deyərəm ki, itirmişəm. Yox. Əlimdən aldılar! Oğlan əlimdən dartıb aldı və qaçdı. Mən onun dalınca qaçdım, çata bilmədim. Mən yenə də tank kimi nabatların arasına girdim.
“Fil alaram! On manata. Samanlıqda gizlədərəm, sabah məktəbə apararam və dərslərin axırına kimi soraram. Əlil haqqında anama heçnə demərəm. Onsuz da inanmayacaq. Mənim pulumu oğurlayıblar. Vəssəlam! Oğurlayıblar və üstəlik, kürəyimdən də vurublar. Möhkəm. Ayaqla. Mən öskürürəm. Mənim dilim pisdir. Bəlkə, məndə vərəm başlayır. Müharibəyə aparmadıqları dayıdakı kimi donqarım əmələ gələcək”, – özümə elə yazəğəm gəldi ki, hətta gözlərim yaşla doldu.
– Dəvələr! Birdonqarlı! İkidonqarlı!
Mən səs eşitdim. Səs zəng kimi səslənirdi. Dəvələrə tərəf getdim. “Dəvə alaram. Birdonqarlı və ikidonqarlı.Beşdənə alaram. Gizlədərəm. Hər gün bir dəvə yeyərəm. Ana! Papaq! Nəhayət, biz o qədər də kasıb deyilik ki, çörək satıb papaq alaq. Qoy atamın kostyumunu, paltosunu, ayaqqabılarını, qaloşlarını satsın və mənə papaq alsın. Çoxlu papaq. Qulaqlı. Qulaqsız. Qotazlı. Qotazsız. Atam qayıdacaq? O nə geyinəcək? Kim bilir ki, o mütləq qayıdacaq? Birdən onu da öldürərlər? Onda hamısı mənim olacaq. Əgər ayaqsız qayıtsa, ona ayaqqabı lazım deyil! Yəni anam məni geyindirə bilmir? Tək məni. Yeganə, sevimli oğlunu! Mən atama oxşayıram. Hamı deyir. Hətta anam da. Bu pullar isə mənimdir. Mən onları zəhmətlə, alıntıri ilə qazanmışam. Kartoçkalara əsasən, mənl çörək düşür? Düşür. Mənim ORQANİZMİM isə şirniyyat istəyir. Vəssəlam!
Ana? Axı oğrular mənim bütün pullarımı götürə bilərdilər. Çırpışdırdılar və qaçdılar. Onlar bazarda istədiyin qədərdilər. Bütün pula dəvə alaram. Birdonqarlı və ikidonqarlı! Oğrular bütün pullarımı götürdülər və kürəyimdən vurdular. Mən öskürürəm. Mənim dəvədəki kimi donqarım olacaq. Vəssəlam!”
Qarşıda insan axını var. Onlar dairə şəklində dayanıb susurlar. “Bəlkə, burada nabatdan da təmiz nə isə satırlar? Alaram. Yetərincə pulum var”.
Mənim ORQANİZMİM şirniyyat və tamaşalar tələb edir. Mən camaatı yarıb keçdim və ... geri çəkildim. Dairənin mərkəzində, silindrvari dəri çantada bir insan oturmuşdu, daha doğrusu, insanabənzər, belə ki, onun nə ayaqları, nə də əlləri var idi. Ancaq qısa, kəsik bədən və zabit papaşında böyük baş. Bədəninə hərbi kəmər bağlanan təzə dəri kurtka atılmışdı. Ağ köynək. Qara qalstuk. Yanında əl mexanizmi ilə işləyən araba var idi. Deyirdilər ki, bu arabaları Ruzvelt özü ixtira eləmişdi. Hamı ayaq üstə baxırdı və susurdu. Kreyser kimi nəhəng boylu yekəbığ kişi izdihamı yararaq özünün böyük qaragül papağını çıxartdı, baş əyib qırmızı otuz manatlıq əskinazı arabaya qoydu. Baş narazı halda yırğalandı.
– Götürün. Götürün. O istlmir! – camaat dedi.
– Niyə götürək? Mən ki ona xəncər vermirəm, mən ona pul verirəm, qoy özünə götürsün! – yekəbığ kişi incidi.
– Çox sağ olun, yoldaş. Ancaq onun xətrinə dəyəcək, – köhnə, yaxalığı qaragüldən olan boston palto geyinən qadın dedi.
Qadının boy-buxunluydu, gözəl üz cizgiləri var idi.
– Arvadıdır, – camaat dedi.
Pulumuz bizə çatır. İki nəfərik. Uşaqlarımız yoxdur, – arvadı məlumat verdi. – O deyir ki, mən evdə boş-bekar otura bilmərəm, məni gəzdir, qoy insanlar görsünlər ki, azadlıq necə baha başa gəlir...
Birdən mənə elə gəldi ki, bu, mənim atamdır. O, Rüzveltin arabasında oturub, mən isə rikşa kimi onu yer üzünün bütün şəhərlərini gəzdirirəm ki, hamı azadlığın hansı qurbanlar bahasına başa gəldiyini görsün. O isə oturub insanlara baxır, onun gözlərindəki ifadəni nə sözlə demək, nə nəğmələrdə oxumaq, nə də ən qorxunc nağıllarda söyləmək mümkün deyildi. Onlarda mübarizə əzmi, insan vicdanı var idi. Bu baxışlardan da insan üşüyürdü. Mənim yanımda dayanan qoca qarı başını tərpədib xaç çevirdi. Elə bil ki, qarşısında duran İsa peyğəmbərdir. Ancaq çarmıxa çəkilməyən, insanların həyatı və azadlığı üçün döyüşdüyünə görə şaqqalanan.
Mən ehtiyatla camaatın arasından çıxdım və asta-asta evə getdim ki, çörəkləri əlilə səkkiz manatdan satmağımı, iki manata isə nabat xoruzları almağımı anama danışım. Bəlkə də, mən o vaxt hansı hissləri keçirdiyimi başa düşmürdüm. Sadəcə mən istəyirdim ki, çox vicdanlı və rəhmli olum.
Rus dilindən tərcümə edən: Məlahət Qənbərova