– Ana.
– Hə...
– Mən səni çox sevirəm! Bunu bilirsən?
– Bilirəm.
– Bəs sən məni?
O, yuxarıya doğru ona sevgiylə baxan qızını süzərək ağızucu, – mən də, – dedi. Balaca qəribə məmnunluqla üzünü avtobusun pəncərəsinə çevirib yolu nəzərdən keçirməyə davam etdi. Ana isə hərdən gözucu yavrusunu izləyirdi. Onun üzündəki təbəssüm, günəş kimi parlayan çöhrəsi... Allahım! O nə qədər də xoşbəxt idi, məsum idi, köməksiz idi. İllərcə onunla soyuq davranmasına baxmayaraq, ağızucu söylənən sevgi etirafından necə də məmnun olmuşdu. Qəhər onu boğdu. Göz yaşlarını güclə saxladı. Avtobus dayanacaqda dayandı. O, balacanın əlindən tutdu. Əlin istiliyindən ürəyinin ortası sızladı. Bu elə isti deyildi. Bambaşqa bir isti idi. Başqa bir hiss idi. Avtobusdan düşüb addımladılar. Yol boyu hər ikisi susdu. İki ürəkdə fərqli hisslər... Birində bir günəş parlayırdı; göy çəməndə al-əlvan çiçəklər göz qamaşdırırdı. Hələ göy qurşağı; o bir başqa aləm idi. Quşların cikkiltisi isə bir başqa nəğmə idi. O biri ürəkdə isə dənizin fırtınası baş qaldırmışdı; göy guruldayır, göyün üzü gah tutulur, gah açılır, külək gah o yana, gah bu yana çırpılırdı.
Beləcə, hər ikisi yolun başına necə çatdıqlarını heç hiss etmədi. Sadə görünüşlü bir binaya yaxınlaşdılar. Yaşıl rəngə boyanmış dəmir darvazadan içəri keçdilər. Həyətdə sakitlik idi: “Yəqin ki, dərs vaxtına gəlib çatıblar. Sakitlikdi”, düşüncələri Aliyənin ürəyini azacıq rahatlatmışdı. Binanın girişində yaşlı bir qadından nə isə soruşdu. Qadın əli ilə yolu göstərdi. Uzun dəhlizin sonuna çatıb tünd göy rəngli qapıya yaxınlaşdılar. Yol boyu susan, heç bir şey söyləməyən, soruşmayan qızcığaz, artıq təəccübünü saxlaya bilmədi: “Ana, hara gəlmişik?” – deyə anasına sevgiylə baxdı. Bu gözlərdə zərrə ümidsizlik, inamsızlıq, narahatlıq yox idi. Orada yalnız sevgi var idi. İnsanın ürəyinin ortasına ox kimi saplanan bir sevgi. Aliyə ətrafa boylandı. Koridorun başında iri gül dibçəyilə yanaşı köhnə bir kreslo var idi. O, balacanın əlindən dartaraq kresloya tərəf addımladı. – “Burda sakitcə otur. İşim var, indi gələcəm, yaxşı?” Balacanın başı ilə təsdiqindən sonra üzünü çevirib qapıya doğru getmək istədi. Özündən biixtiyar geri döndü. əyilib onun saçlarından öpdü. Gözlərinə baxmağa cürəti çatmadı. İldırım sürətilə dönüb qapıya doğru irəlilədi.
– Əminsizmi?! – sözlərilə ahıl yaşda, amiranə görünüşlü qadın Aliyənin üzünə belə baxmadan əlini dəstəyə uzatdı. Bir neçə dəqiqədən sonra içəri bir xanım daxil oldu. Aliyəyə gözucu baxaraq, əmrə müntəzir əsgər kimi masanın arxasındakı qadının göstərişini gözlədi.
– Aparın uşağı, otağa yerləşdirin! Siz isə ərizənizi yazın, – deyə qovluğun arasından götürdüyü ağ kağızı biganə bir tərzdə Aliyəyə uzatdı. Saymazlıqdan irəli gəlmirdi onun bu rəftarı. İllərcə gördüyü işi onu belə sərt, biganə etmişdi. İllərlə neçə-neçə valideyn bu imtina ərizəsini yazıb, övladlarını bir əşya kimi bu internata təhvil verirdi. Əlbəttə, imtina etməyənlər də var idi. Vaxtaşırı gəlib övladını oxşayan, imkan olduqca bir-iki saatlığa və ya həftə sonlarına bu soyuq və köhnə binanın divarlarından çölə çıxaran valideynlər də var idi. Yox, əlbəttə ki, pis-yaxşı istiliyi var idi binanın, lakin bir evin, yuvanın mənəvi istiliyinə əsla çatmazdı. Amma belə valideynlər də tək-tək
***
Yağış narın-narın yağır, avtobusun pəncərəsindən süzülüb axır, şüşəni yarı bulanıq hala gətirirdi. Bir də ki, Aliyə üçün avtobusun çölündə nə baş verdiyinin elə böyük önəmi də yox idi. O mexaniki olaraq, fərqinə belə varmadan öz dayanacağında düşdü və yorğun addımlarla evinə doğru addımladı. Qapını yaşlı nənəsi açdı. Aliyənin üzünə belə baxmadan gedib öz yatağında uzandı. Aliyə bir xeyli nənəsinin arxasınca baxdı. Qapıdaca heykəl kimi donub qalmışdı. Nə bir addım geri, nə bir addım irəli ata bilirdi. Bir xeyli keçəndən sonra yavaş-yavaş, var gücünü toplayıb dəhlizdəki studa geyinəkli halda əyləşdi. O anda onu böyüdən, ona ata-anasını əvəz edən bu qadının ona sarılıb, saçını oxşamasını çox istərdi...
Valideynlərini çox erkən itirmişdi Aliyə. Atası şaxtaçı idi. İşdə qəza nəticəsində dünyasını dəyişəndə o, təzə ayaq açmışdı. Anası bu dərdə dözə bilmədi. Hər gün az-az içini yeyərək, həyatına vida etdi. Beləcə, balaca Aliyə və nənəsi bir-birinə sarılıb həyata tutundular. Bu yaşlı qadın onun üçün ata-anadan ötə oldu. Qohumlar dəfələrlə qızcığazı uşaq evinə verməyi məsləhət gördülər. Nənə isə hamının ağzının üstündən vurur, hətta evindən belə qovurdu. Aliyə, oğlunun tək yadigarı idi. Oğlunu dəlilər kimi sevib, onun yoxluğuna alışa bilməyib, özünü şam kimi əridən gəlininə söz vermişdi. “Gözün arxada qalmasın, bala, nəfəsim gəldikcə ona gözüm kimi baxacam”, – sözlərindən sonra gəlini rahatlıqla gözlərini əbədi yummuşdu. Nənəsi Aliyəni pis-yaxşı, bacardığı qədər yedirib, geyindirib, oxutmuşdu. Aliyə ailə quranda isə
sevincinin həddi-hüdudu yox idi. Hətta cavanları öz yanında saxlamışdı. Körpəsi dünyaya gələndə dünyalar onun olmuşdu. Ta ki, balacanı xəstəxanadan evə gətirənə qədər. O gündən ailənin imtahanlı günləri başlamışdı. Körpə qüsurlu doğulmuşdu. “Daun sindromu” ilə. Əri günlərlə uşağın üzünə heç baxmaq istəmirdi. Aliyə də körpəyə qarşı soyumuşdu. Utanırdı körpəsindən. Onu həyətə düşürmək istəmirdi. Yazıq nənə yaşlı halıyla pillələri qucağında körpəylə düşüb, qalxırdı. Sonralar gücü çatmadı. Eləcə hava alması üçün eyvana çıxarırdı. Beləcə, günlər ayları, aylar isə illəri əvəz etdi. Aliyənin zamanla əri ilə olan münasibətləri korlanmağa başlandı. O, Aliyəyə ikinci övladını dünyaya gətirməyə izn vermək istəmirdi. Onun da balaca qızcığaz kimi xəstə doğulmasından ehtiyat edirdi. Günlərin bir günü isə sağlam bir övlad dünyaya gətirə bilməməsilə Aliyəni günahlandıraraq, tamamilə evi tərk etdi. O gündən Aliyə tamam soyudu körpəsindən. Bütün bəlalarının günahkarı onu bildi. “Əgər qızım sağlam bir uşaq olsaydı, bunlar başıma gəlməzdi”, – düşüncəsiylə balasından hər gün daha çox uzaqlaşdı. Zavallı nənə bilmirdi talesiz nəvəsinəmi üzülsün, ya dünyadan bixəbər, anasının sevgisinə doğulduğu gündən həsrət qalan bu günahsız körpəyəmi. Özünü isə tamam unutmuşdu. Aliyəyə hər cür dəstək olmağa çalışırdı. Körpəyə ana sevgisini layiqincə verməyə çalışırdı. Amma nəvəsinin bu qərarıyla heç cür barışa bilmirdi. Günlərdi nənə-bala arasında sözün əsl mənasında müharibə gedirdi. Axı necə vaz keçərdi bu balacadan?.. Onu da Aliyə kimi özü böyütmüşdü. İndi isə Aliyənin onu internata birdəfəlik vermək qərarı zavallı qarını dəli-divanə etmişdi.“ Qızım, yazığın gəlsin. Bu uşağın nə günahı var? Onun da sevilməyə, yaşamağa haqqı var. Evin bir küncündə oynayır, yatır, bir qarın da yemək yeyir. Özüm gücüm çatandan öyrədərəm. Qonşunun qızı Zeynəb bağçada müəllimədi. Xahiş edərəm, vaxtı olduqca məşğul olar qızımızla. Hə, nə deyirsən?!” – daha necə sözlər, necə kəlmələrlə təsir etməyə çalışırdı nəvəsinə. Hətta dözməyib qışqırırdı da üstünə. Bu gün isə öz əllərilə geyindirmişdi balaca qızcığazı. İçi qan ağlayırdı onu yola salanda. Körpənin sevincinin həddi-hüdudu yox idi. “Anası onu gəzməyə aparacaqdı”. “Aman, Allah! Həyatdan bixəbər körpə necə də sevinirdi”.
***
Aliyə beləcə neçə saat əyləşdiyinin heç fərqinə belə varmadı. Evə hüzn verici bir sükut çökmüşdü.
Təkcə otaqdan divar saatının tıqqıltısı bu sükutu müşayiət edirdi. Saat on ikini vuranda Aliyə də cərəyan vurmuş adam kimi ayağa qalxdı. Ətrafa boylandı. Hər yer qaranlıq idi. Qəhər onu boğdu. Bir neçə dəqiqə döyükə durdu, sonra əlilə işığın divardakı düyməsini axtardı. Amma yandırmadı. Eləcə nənəsi olan otağa keçdi.
O gecə üç cüt göz səhərəcən qırpılmadı. Üç ağız səhərəcən kəlmə kəsmədi. Yumulub kresloda oturan Aliyə ara-sıra qalxıb, üzünü divara çevirib uzanan, gözələrini yaşı durmayan nənəsinə yaxınlaşır, lakin səsləməyə cürəti çatmayıb yenə öz yerində əyləşib yumağa dönürdü. Ah, bu nənə ürəyi! Kimə yanacağına çaşmışdı. Üzünü divara çevirsə də, nəvəsinin sanki hər ürək döyüntüsünü, gözlərindən səssizcə, amma sel kimi axan hər damcı göz yaşının səsini eşidirdi. Aliyənin, balasının yastığını qoxlayıb ətrini necə içinə çəkdiyini hiss edirdi.
O gecə otaqda bütün uşaqlar yatmışdı. Təkcə balaca qızcığaz yerində əyləşib, elə hey otağın qapısına baxırdı. Tərbiyəçi ona gah acıqlanır, gah əzizləyir, lakin heç cürə yatmağa razı sala bilmirdi.
Sübh tezdən çöl qapısı sakitcə örtüldü. Ona elə gəlirdi ki, nənəsi yuxulayıb. Ona görə də onu oyatmamaq üçün səssizcə evdən çıxmışdı. Nənə necə yata bilərdi?! Nənənin gözlərinə necə yuxu gedə bilərdi?!
Hava sübh tezdən xeyli soyuq idi. Lakin o bu soyuğu hiss etmirdi. Qəlbinin yanğısı onu bir alov topuyla çəkib aparırdı. Ayaqları eləcə gedirdi. Ünvansız. Sadəcə addımlayırdı. Ona elə gəlirdi ki, evdən çıxsa, ona balasını xatırladan hər şeyi unudacaq. Lakin özünə belə etiraf edə bilmirdi ki, dünyanın sonuna belə getsə, balası onun ürəyinin ta içindədi, damarlarındadı, beyninin hüceyrələrindədi. Onun bir budağıdı. Qoparıb atsa da, yerində onu hər an xatırladan bir izi var. İnsana bəzən elə gəlir ki, ona acı verən nəyisə, kimisə xatırlamasa, unudacaq. Əslində isə o sadəcə xatırlamaq istəmədiyini ürəyinin bir köşəsində gizlədir.
Durmadan addımlayaraq qəlbiylə oynadığı bu gizlənqaçla Aliyə bir neçə küçə keçdi. Başını qaldıranda diksindi. O gəzib, dolanıb evlərinin həyətinə girmişdi. Yorğun addımlarla bloka daxil oldu. Pilləkənləri qalxmağa başladı. Qapıya çatanda alt mərtəbədəki qonşusuyla rastlaşdı. Tədirgin oldu. Nənəsinin halının pisləşdiyini düşündü. Qonşudan bir söz soruşmadan özünü içəri atdı. Otağa hövlnak girdi. Nənəsinin körpənin paltosunu qucaqlayıb oturduğunu gördükdə ürəyi sıxıldı. Qulaqları guyuldamağa başladı.
– Ona nə isə olub, – deyə stulda geyinəkli vəziyyətdə oturdu.
Nənə başını belə qaldırmadan, – Yox! Minənin qalan paltarlarını yığıb verdim qonşuya. Bizdə yer tutunca, uşaqlarının əyni sevinsin. Bunun da düyməsi qopub. Dedim tikib verərəm. Yaxşı deyil belə vermək. Ordan mənə iynə-sap qutusunu gətir, – deyə amiranə səslə göstəriş verdi.
Aliyə yerindən qalxaraq, xalçanın ortasında bardaş qurub oturan nənəsinin qarşısında diz çökdü, paltonu onun əlindən götürdü. Sanki körpəsini iyləyirmiş kimi paltonun iyini bütün gücülə içinə çəkdi. Bir anda sanki otağın ortasında göy guruldadı, buludlar toqquşdu. Aliyənin hönkürtüsünün səsi evlə bir oldu. Nənə öz qırışmış, kobud, lakin isti əlləri ilə nəvəsinin başını tumarladı. Beləcə, bir xeyli nənə-bala baş-başa oturduqdan sonra Aliyə başını qaldıraraq:
– Nənə, – deyə uzun zamandan bəri ilk dəfə nənəsinin gözlərinin içinə baxdı. – Can, nənə! – Nənənin gözlərinin içi güldü balasına. Onun gözündən axan hlr damcı yaş ox olub batırdı qəlbinə. – Nənə, mən neylədim?! Necə, necə?! – o bunları gözündən axan yaşla boğula-boğula, birnəfəsə, durmadan təkrarlayırdı. Nənə çaşıb qalmışdı. Bilmirdi balasını necə sakitləşdirsin. Gah onun gözünün yaşını silir, gah üzünü tumarlayırdı. Elə bil buz daşı ərimiş, sel-daşqın gəlmişdi. Aliyənin qəlbi kimi... Bir anda zavallı nənə özünü toparlayıb nəvəsinə su gətirmək üçün ayağa qalxmaq istədi. Yazıq qızın hıçqırıqdan nəfəsinin kəsiləcəyindən qorxdu. Var qüvvəsilə qalxmaq istəyəndə, Aliyə bərk-bərk nənəsinin əllərindən tutaraq:
– Sən də məni qoyub gedəcəksən?!
Nənə bir anda duruxdu. Balasının sözləri, səsindəki hüzn onu çox qorxutdu. Əyilib yerində oturdu. Aliyəylə üz-üzə, göz-gözə. Əllərilə onun üzünü oxşadı. Gözlərinin içinə baxaraq:
– Sən mənim göz bəbəyimsən, gözümün nurusan, bala. Mən səni qoyub hara gedərəm? Bircə ölüm haqdır. Onun qabağını ala bilmərəm. Amma hər sübh azanında Allahdan sənin üçün bir az da möhlət istəyirəm, – nənə sözünü ağzında bitirməmiş Aliyə:
– Can, nənə, elə demə, elə demə, – deyə əllərilə nənəsinin ağzını qapadı, yanaqlarından, əllərindən öpdü, boynuna sarıldı. Sanki bu dəqiqə kimsə nənəsini əlindən alacaqmış kimi ona bərk-bərk sarıldı. Yazıq nənə dediyinə də peşman olmuşdu:
– Day demərəm, başına dönüm. Sakitləş. Dur, üzünə su vur, – deyə Aliyəni ayağa qaldırmağa çalışdı. Gücü çatmadı.
Aliyə nənəsinin bütün dediklərini eşidir, lakin hay verə bilmirdi. Bir anda zamanın nə qədər acımasız olduğunu anlamışdı. Bir anda nənəsinin nə qədər yaşlandığını anlamışdı. Bir anda onu itirməkdən necə qorxduğunu anlamışdı. Bir anda körpəsinin ətri gəldi burnuna. Bir anda artıq heç bir zaman onun gözlərinin içinə baxıb: “Minəm, mən səni çox sevirəm!” deyə bilməyəcəyindən qorxdu. Əlini sinəsinə apardı. Sanki körpəsini əmizdirmədiyi döşləri sızladı. Onu doqquz ay gəzdirdiyi vücudu sızladı. Ətrafa boylandı. Nəfəsi daraldı. Ev üstünə-üstünə gəldi. Bir anda elə bildi ki, balası otaqlardan qaça-qaça üstünə gələcək.
– Nənə, sən onun əlindən tutmadan, qaşlarını tumarlamadan o yatmırdı. Bu gecə onu kim tumarladı? Mən daha gecələr yatandan sonra onu necə qoxlayacam, necə öpəcəm? – deyə bayaqdan bəri onu təlaşla izləyən nənəsinə sual dolu gözlərlə baxdı.
Nənə ilk dəfə nə deyəcəyini bilmədi. Bu müdrik qadın ilk dəfə bütün olanlar qarşısında aciz qalmışdı. Çaşıb qalmışdı. Aman, Allah! Nəvəsi balasının hər halından xəbərdar idi. Zavallı nəvəsi, illərcə içindəki bala sevgisini necə boğub saxlayıbmış. Bir anda dil susdu. Gözlər danışmağa başladı. “O, məni bağışlayarmı, onu necə çox sevdiyimi anlayarmı?”. “Sevən sevənin gözlərindən anlar, gözümün işığı”. Aliyənin bir anda gözlərində bir günəş parladı. Üzündə bahar çiçəkləri açdı. Nənəsinin durmadan üzünü, əllərini öpdü. Gah boynuna sarılır, gah üzünü tumarlayırdı. Yazıq nənə bilmirdi sevinsinmi, ağlasınmı. Son dəfə onu belə nə zaman gördüyünü xatırlamırdı. Balasının bu halından həm sevinir, həm də tədirgin olurdu. Aliyə bir də nənəsinin yanaqlarından öpüb, bir göz qırpımında ayağa qalxdı, qapıya doğru getdi. Birdən geri boylanaraq, ürkək səslə:
Bizi gözlə, yaxşımı? Heç yerə getmə, bizi qoyub getmə! Biz Minəylə qayıdacayıq, tez qayıdacayıq. – Mən sizi qoyub heç yerə gedən deyiləm. Burda, sizi gözləyəcəm, – deyə nənə balasına bütün qəlbinin sevgisi ilə gülümsündü. Aliyə həyatında heç hiss etmədiyi bir rahatlıqla, gülən gözlərilə razılıq edərək, “qanadlarını da taxıb”, bir göz qırpımında evdən çıxdı.
Onun arxasıyca baxan zavallı qadın, necə də xoşbəxt idi. Bəlkə, bilərkdən Minənin paltarlarını yığıb qonşuya vermişdi ki, Aliyənin buz bağlamış ürəyini əritsin. Bəlkə də, həqiqətən, insanlıq xatirinə. Kim bilir... Amma gördüyü vəziyyətdən çox məmnun idi. Necə də məmnun olmasın?.. İllər sonra Aliyə ilk dəfə sevgi ilə körpəsinə olan hisslərini dilinə gətirmişdi. Demə, balasını içdən-içə sevirmiş. Necə də məmnun olmasın nənə?.. Bilərəkdən, ya bilməyərəkdən Aliyənin ta ürəyinin içini əritmişdi, onun illərcə içində yatıb qalmış ana sevgisini oyada bilmişdi. Bütün bunları düşünə-düşünə azacıq səndələdi. Qorxdu. Özünə görə yox! Nəvəsinə verdiyi sözü tuta bilməməkdən qorxdu. İllər sonra onu bu qədər sevincli görmüşkən, onu yarı yolda qoymaqdan qorxdu. Əllərini Allaha açıb dua etdi. Bolca dua etdi. Möhlət istədi Yaradandan. O qədər içdən istədi ki, qəlbinə qəribə bir rahatlıq gəldi, sanki nurlu üzünə bir başqa nur ələndi nənənin. Gözlərinin içi güldü...
***
Otağın qapısı yavaşca açıldı. Otaqda heç kəs yox idi. Bütün uşaqlar yemək otağında idi. Təkcə Minəni güclə də olsa, apara bilməmişdilər. “Anam gələr, məni tapmaz. Mən burda gözləyəcəm”, – deyə çarpayısında oturmuş, elə hey qapıya baxırdı. O, anasını görcək yerindən atıldı. – Ana, – deyə üstünə cumdu. Aliyəyə çatıb yerində dondu. Aliyə qızının qarşısında diz çöküb: – Minə, mənim balaca Minəm, – dedi. Onun balaca əllərini, yanaqlarını, saçını doğulduğu gündən ilk dəfə belə aşkarca, sevgiylə, susuyaraq öpdü, qoxladı. – Mən səni çox sevirəm! Bunu bilirsən? – Bilirəm, ana, – deyərək Minə yaşına və fiziki durumuna uyğun olmayan bir təmkinlə anasına baxdı. – Bəs sən məni?! O, alacağı cavabı həsrətlə gözləyirmiş kimi yavrusunun gözlərinin içinə baxdı. – Mən də səni çox sevirəm,-deyə Minə anasının boynuna bütün gücülə sarıldı.
***
O gün üç cüt göz gülürdü; əl-ələ evlərinə tələsən, sevgidən, sevincdən aləçəb yanan ana ilə balanın gözləri, bir də aşını dəmə qoyub, dovğasını bulayıb, nəvələrinin yolunu gözləyərək, eyvandan boylanan nənənin gözləri.