AYRI-AYRI
Hər zaman açıqdı Haqqın qapısı,
Eşq ilə döysən də, döyəmməsən də.
Hökmü bir ayrıdı sözün, qadası,
Gerçəyi desən də, deyəmməsən də.
Yarar gur selləri, qarı, yağışı,
Aşar sıldırımı, çıxar yoxuşu...
Allahın gözündə yaxşıdı yaxşı
Sən onu öysən də, öyəmməsən də.
Ya döşən daş üstə, ya şumda tərlə,
Ya başlar başı ol, ya başı girlə.
Yanaşı dayanır sevinc kədərlə,
Mizanı əysən də, əyəmməsən də.
Hər işi vaxtında görəsən gərək,
Əməlin gülsün ki, güləsən, gülək.
Onsuz da key başa döşəyir fələk,
Axırda döysən də, döyəmməsən də.
Nə gözlər yumulur, nə susur dillər,
Hər yaşa ayrıca güzgüdü illər.
Sonuncu libası geydirir ellər,
Vaxtında geysən də, geyəmməsən də.
İncəyurd, əyilmə fəna dərdinə,
Sevinci ara sən, uyma hər dinə.
Ömür bir dəfədi, dünya bir dənə
Sevib bəyənsən də, bəyəmməsən də!..
KÖNLÜMDƏ BİR ŞEİR TUMURCUQLAYIR
Dönüb məhəbbətin bəyaz tacına
Könlümdə bir şeir tumurcuqlayır.
Qoşulub dünyanın bir ağacına,
Bilirəm nə deyir – tumurcuqlayır,
Könlümdə bir şeir tumurcuqlayır.
O dolan yığnağın saz yağışında,
Xumar baxışların naz yağışında,
Bir leysan xatalı yaz yağışında
Bayaqdan ilhamın göyü gurlayır,
Könlümdə bir şeir tumurcuqlayır.
İllərin, tellərin boyanmağı var,
Gedən yolçuların dayanmağı var.
Yatan “Vağzalı”nın oyanmağı var,
Nişanlı qonşu qız günləri sayır,
Könlümdə bir şeir tumurcuqlayır.
Ey təb, verdiyini Haqqa ucal, ver,
Ağrıdan-acıdan yenə bac al, ver.
A qüssə, a möhnət, a şər, macal ver,
Dilimdə bir xeyir tumurcuqlayır,
Könlümdə bir şeir tumurcuqlayır.
...Qazaxın ən ucqar köyündə bu dəm,
O köylü qocanın öyündə bu dəm,
Allahın Yerində-Göyündə bu dəm
İlahi bir sehr tumurcuqlayır,
Könlümdə bir şeir tumurcuqlayır.
GÜNAH
Ayıq ol, ay adam, alışar yer-göy
Küləyə verdiyin köz günahından.
Yola bax, uçruma urcah olur hey
Azca əyri düşən iz günahından.
Qəfil ildırımtək çaxırsan, olmur,
Çayına qoşulub axırsan, olmur.
Baxmırsan, heç olmur, baxırsan, olmur,
Ürək zulum çəkir göz günahından.
Gördüyün günlərin dəsidi ömür,
Düşün ki, hər günün sonuncu gündür.
Birində bir qarış, birində hündür;
Hərə yıxılacaq öz günahından.
Yaxşılar yerində olmasa əgər,
Yamanlar güc alıb haqqı çiliklər.
Bürüyər dörd yanı biganəliklər,
Zamanə puç olar “döz” günahından.
Durma, yoxuş sanı öndə eniş var,
Diləyin çoxdusa, hələ çox iş var.
Hər zaman, hər yerdə haqqa dönüş var,
Dön, qurtul zamanın boz günahından.
TANIŞ BİR VECSİZƏ
Barmağına çəkic vurub min dəfə,
Ustalanıb gələcəksən axırda.
Tövbə desən hər quyuya düşəndə,
Astalanıb gələcəksən axırda.
Başbiləni başa çəkər bilik, baş,
Gör neçə baş itiribdi itik baş.
Yıxılıb dik yoxuşlardan, a dik baş,
Yastılanıb gələcəksən axırda.
Üz verdinsə təmənnalı həyana,
Bil ki, səni o çəkəcək pis yana.
İçindəki son haraylıq üsyana
Üstələnib gələcəksən axırda.
İnad ilə sinəsini gərmədən
Dözə bilməz hər tufana hər bədən.
Gəlirsənsə haqq yolunu görmədən,
Xəstələnib gələcəksən axırda.
Kimdi isim bədniyyətin felinə?
Döndərəcək ömrü boz ay yelinə.
Bir yanımlıq od olmasan elinə,
Tüstülənib gələcəksən axırda.
ÜSTƏDİ
Ərşi-gürşü dağıdan sərt davalar
Aşıb-daşan bəd marağın üstədi.
Şirinliyi görk eləyən hər nə var –
Hasarını aşan tağın üstədi.
Ruh olmasa, nə şikəstə, nə cəngi?
Nurdu gözün, səsdi sözün ahəngi.
İçin-çölün, yerin-göyün öz rəngi –
Zil qaralar ağappağın üstədi.
Düz olanı düz olan kəs qucaqlar,
Bivaxt döysə yel, sönəcək ocaqlar.
Birdən-birə şəhid olan qoçaqlar
Dolayısı bir alçağın üstədi.
Eşq olmasa, göz yaşını kim silər,
Mehr olmasa, gələn pay da kəsilər.
Qohumluqda, qonşuluqda küsülər
Yalan-gerçək umacağın üstədi.
Dar gününü gen günündən uca tut,
Söz var, onu bayraq elə, söz var, ud.
Gördüyünü görübsən, ay İncəyurd,
Yaxşı günlər çətin çağın üstədi.
ÇƏTİNDİ
Bəxt bitirər hər könüldə lkilən,
Ancaq eşqin candan tərki çətindi.
Tək fikirdi gecə-gündüz çəkilən,
Nə asandı o, nə də ki çətindi.
Qoşa-qoşa dəyirmanda üyündük,
Axırını bilə-bilə sevindik.
Acqarına allı-güllü geyindik, –
Belə görkəm, belə sərgi çətindi.
Yerin-Göyün sehri birdi, seyri – min,
Təki haqqın işıqları səyrisin.
Düyünlüdü taxta başın əyrisi,
Can, ay balta, can, ay kərki, çətindi.
...Leysan olub hər yaz daşmaq olardı,
Səhra keçib, daşdan aşmaq olardı.
Hər nə olsa, razılaşmaq olardı
“Daha yurdum yoxdu” dərki çətindi.
Neyləyəsən, bəd yuxular səngiyə?
Heç üzülmür düşüncədən “nə?”, “niyə?”.
Daşa dönür beyində hər saniyə
Ay gecənin dərdli təki, çətindi!
GƏL
Mənəm, toxu gərəyimi,
Coşan qəlbə sər heyimi.
Səssiz oxu ürəyimi –
Umduğum son avazda gəl.
Dərdi könül varı san da,
İndi bəslə, itir sonda.
İki yolun arasında
Durma gəl, gəl, bir az da gəl.
Aramızda çay var – adda,
Közüm qaldı, üfür, odda.
Ya ahıma can ver udda,
Ya havalan bu sazda gəl.
Nolar, çəkmə dara vaxtı,
Qoyma üzə dura vaxtı.
Dur, indi gəl – ura vaxtı,
Nə qış gözlə, nə yazda gəl...