İSTİ YOLLAR
Xəyalında bir tərəddüd, səs-səmir:
Üst-başını qalın elə yolüstü.
Sən gördüyün fevrallara bənzəmir,
Soyuq olur bu şəhərin avqustu.
Bir mövsümün bir ömürlük hədəfi,
İrəlidə çox məqamlar, çox işlər,
Bir yuvanın, bir ocağın, bir evin
İstisində donub qalar gülüşlər.
Mənsizliyin geridəymiş... Nə gözəl,
Mənli ömür nə verəcək, görəsən?
Mən sevgini bəxşiş verdim əlbəəl,
Bir Sən varsan, bir Sən varsan, bir də Sən.
Daha mən də yad elləri gəzmirəm
Ad gününçün.
Bax, yolumun üstüdür.
Bircə Sənin yanmağına dözmürəm,
Yollar daha uzaq deyil, istidir.
YAMAQ YANAQLAR
Dərin qopub yastığına yapışar,
Sümüklərin gizildəyər, bilərsən.
Bilməzsən ki, bu dünyada qəzəb var,
Bilərsən ki,..
Nə deyim ki,
bilirsən.
Doğmaların uzaqlaşar, yadlaşar,
Yadlar gəlib yaxın olar beləcə.
Kimsə durub söhbət yayar, söz qoşar,
Sən özünlə tək qalarsan sadəcə.
Təbəssümün pərdəsini çəkərsən
Göz yaşının parıldayan qisminə.
Yerdə daha nə qaldı ki, tökərsən
Əsəbinlə neçə acı söz mənə.
Sən əslində əzəlindən bilirdin –
Bu yol mənə axır gəlir nədənsə.
Bilirdin ki, bu əzabın, bu dərdin
Mən tərəfi ağır gəlir nədənsə.
İllər keçib – mən düşəli ömrünə,
Daha məni qarğımağa dilin yox.
Körpəmizin bələyi yox bürünə,
Yanağını oxşamağa əlin yox.
Çox məğrursan, yerə dəymir kürəyin,
Başında tac, sinən yerlə sürünür.
Güləndə də qan ağlayır ürəyin,
Yanaqların yamaq kimi görünür.
GEDƏ BİLƏRSƏN
Halal elə, nə versən,
Aparsan da, çox sağ ol.
Gedə bilsən, gedərsən,
Gedə bilsəm, yaxşı yol.
Dünya vəfadan kasıb,
Mən vəfasızın biri.
Eşq başını ot basıb,
Bitmir üzüm, ənciri.
Bəxt hardasa var – dedim,
İntəhası tapılmaz.
Mən tək imandan yetim,
Mən tək asi tapılmaz.
Söyüm havaya, suya,
Bir az içim, dəm olum.
Bir az məğruram guya,
Bir az da möhkəm olum.
Möhkəm olsam, nə dərdim,
Yazığın gələr – görsən.
Gedə bilsəm,
gedərdim.
Sən heç.
Gedə bilirsən.
QƏLBİM
Gəldim, yenə Sənsiz darıxan evlə qovuşdum,
Bica yerə puç sevgini öz ömrümə qoşdum.
Bir dəfə də mən fürsət edib qəlbimi açdım,
Tapmır hələ də istədiyi həmdəmi qəlbim.
Mən kimdən umub gözləyim, ey gül, daha gecdir,
Taa can verirəm, saxta əlac qılmağa gecdir.
Dil alveridir, qəlbə ucuz söz baha keçdi,
Sayəndə səadət sanacaqmış qəmi qəlbim.
Zalım, mənə rəhm eyləmədin, zülmünə dözdüm,
Sən naz elədikcə düşünürdüm ki, əzizdim.
Rahat nəfəs al, mən daha Səndən ümid üzdüm,
Tənha qalacaqdır həmi cismim, həm qəlbim.
İNAM VƏ İNAM
Sən tək, qayğılar çox, həll o kədəəər...
Səni qınamıram, küsmə, əzizim.
Mənisə bağrına basır gecələr
Ən yaxın dostlarım – sağ və sol dizim.
Sən əzab çəkirsən, mən baş qatıram
Nəğməylə, şeirlə, üzdə gülüşlə.
Axşamlar hamıdan rahat yatıram,
Gec də oyanıram, məni bağışla.
İnanmaq çətindir bəzən bir sözə,
Bəzən ən doğru and nağıl görünür.
Axı bu məhəbbət nə verər bizə?
Özü nə gündədir? Yerlə sürünür...
Yalanlar, şübhələr qapını döymür,
Sakitcə, xəbərsiz girir evlərə.
Hər işdə bir məntiq gözünə dəymir,
Ömrümü xərclərəm təsadüflərə.
Həsrət, dərd, əziyyət, papiros, giley –
Çəkməklə bu əzab qurtaran deyil.
Mən də boyun əyib barışardım ee,
Mənimki zillətdir, güzəran deyil.
Mən də dua etdim Sən tapındığın
Tanrıya, məbədə, ocağa, pirə –
Dünyada hər şeydən yazıq sandığın
Narahat qəlbinə əminlik girə.
Bir qənbər də yükdür kövrək dağ üçün,
Sel gələr, axara güvənmə, sonam!
Bir ömrü bir yerdə yaşamaq üçün
Bizə biz lazımıq: inam və inam!
ÇOBANYASTIĞI
Yoxla, inanclar var – tarixi qədim.
Hələ deyimlər var... O söz, o da Sən.
Mənim etirafım çoxdur; edərdim,
Onsuz da nə desəm, nağıl bilirsən.
Bir bax ürəyimə, köksümdən çıxır.
Sənə sübut deyil? Mənə heç deyil!
Mən Səni hələ də sevirəm axı,
Hələ gözləyirəm, hələ gec deyil.
Hələ gec deyil ki, qayıt o günə
Mənə inandığın o günə qayıt.
Mən sənin özünəm – demişdin mənə;
Çalış, gec olmamış, özünə qayıt.
Gülürəm, Sən “məni sevmir” dedikcə,
Gözüm yaxşı seçir qaranı, ağı.
Mənim inandığım sevgidir təkcə,
Sənin inandığın çobanyastığı.
İnancın şübhədir. Eşqin mübarək!
Sən məni hər halda sevəydin gərək...
Ay batil inancım, şirk ibadətim,
Zərərsiz vərdişim, gözəl adətim...