Başım yazmağa elə qarışmışdı ki, saatın necə keçdiyindən xəbərim belə olmamışdı. Hərçənd vaxtlı-vaxtında yatan adam da deyiləm; gözlər kompüter monitoruna baxmağa, barmaqlar qara hərfləri taqqıldatmağa elə öyrəşiblər ki, yuxunu çoxdan yatağındaca boğmuşam, qalan son nəfəsini də ehtiyatla sərf edirəm.
Ancaq bu dəfə lap ağ eləmişdim: yazını bitirmək dərdiylə kompüterdən qopmadan işlədiyimdən handan-hana başımı qaldıranda gecə saat dördə qaldığını gördüm. Yəni ustad demiş, səhərin rişxəndlə qırcanmasına az qalırdı. Saatın əqrəbləri elə bil mənə görə gecə növbəsinə qalmışdılar. Mürgülü-mürgülü, tənbəl-tənbəl üzümə zillənib, az qala dilə gələcəkdilər. Nəhayət, barmaqlarımın gündəlik təzyiqindən yeyilmiş klaviatura düymələrini rahat buraxdım. Kompüteri söndürüb ağırlaşmış göz qapaqlarımın altında “əzilə-əzilə” yataq otağıma keçdim. Əynimə həsrət qalmış gecəliyimə gözucu nəzər saldım. Hər dəfə bu zərif ipəyə kobud paltarlarla xəyanət etdiyimdən o da incik-incik büzüşüb stulun küncündə qalmışdı. Elə pallı-paltarlı özümü yerimə atdım. İstədiyim tək şey gözlərimi yuman kimi yuxuya dalmaq idi. Amma tərslikdən yuxu da gəlmirdi. O tərəf-bu tərəfə dönməkdən bezib yüzə qədər saymağa başladım. Otuzu təzə keçmişdim ki, qapının döyüldüyünü eşitdim. Eşitdimmi? Ya mənə elə gəldi? Bəlkə də, yuxarı mərtəbənin sakinidi?! Əyyaş ərin gecədən xeyli keçmiş gəlib qapı ağzında qaldığına çox qulaq şahidi olmuşdum. Yəqin, yenə də odur…
Qapı bu dəfə əvvəlkindən də bərk döyüldü. Yox, bu, qonşu qapısı deyil, elə düppədüz mənim qapımdı. Gecənin bu vaxtında kim ola bilərdi? Mənim qapımı gündüzün alişığında döyən olmur!.. Gecə kimin yadına düşmüşəm ki?.. Bəlkə də, köhnə sevgililərdən biridir, içib-içib mənim qapımda “sızıb”… Əsəbi halda yerimdən qalxıb dəhlizə qədər iti addımlarla getdim. Sonra hər ehtimala qarşı ehtiyat araya girdi. Sanki qolumdan tutub sürətimi azaltdı. Barmaqlarımın ucunda qapıya yaxınlaşdım. Qapıya çathaçatda bir də möhkəm döyüldü, amma qəribəydi, sanki qapı bayırdan deyil, qulaqlarımın içində döyülürdü. Ola bilər ki, gecələr səs çox yayılır, daha yaxşı eşidilir, ancaq qulaq pərdəmi cırmaqlayacaq qədərmi?
Nə isə, çox əhəmiyyət verməyib qulağımı qapıya dirədim. Gözlüyün qapağını qaldırıb əvvəlcə ovcumu ora tutdum. Bir filmdə görmüşdüm. Daha doğrusu, filmdə gecə döyülən qapıda kimin olduğunu bilmək üçün ev sahibi gözlükdən baxır və… qapının bayır tərəfində olan adam düz gözlükdən gülləni vurur… Güllənin nəticəsində yaranan qorxunc görüntü vaxtilə psixi durumumu necə pozmuşdusa, o vaxtdan gecə-gündüz fərq eləməz, dəlikdən baxmazdan öncə bir neçə saniyəlik ovcumu ora qoyub, guya qarşı tərəfə çaşdırıcı vəziyyət yaradıram.
Qapının növbəti dəfə bərk döyülməsi artıq səbrimi tükəndirdi. Ehtiyatla gözlükdən baxdım: bir qaraltı vardı, amma formasız idi. Ha diqqətlə baxmağa çalışdımsa, bir nəticəyə gələ bilmədim. Geri çəkilib özümü danladım, bu qədər kompüter qabağında oturarsan, axırı belə olar, indi qıy gözlərini, görüm nə qədər qıyırsan.
Gözlərimi möhkəm sıxıb-açmaqla, görmə qabiliyyətimi itiləşdirməyə, fikrimi cəmləşdirməyə çalışdım. Bir neçə dəfə təkrarlayıb yenidən dəlikdən baxdım. Bu dəfə qara paltarlı, boz yaylıqlı, orta boylu bir qadının olduğunu gördüm. Qadın? Bu saatda? Hə… dərketmə beynimə çatanda içim işıqlandı, dərin nəfəs aldım: bu alt qonşudu, hicablı qadındı, yəqin, yenə evlərinə su axıb, o da gecəylə qapını sındırır. Əlimi dəstəyə atıb qapını açdım. Salam əvəzi: “Sabaha qədər sizi sel aparmayacaqdı ki? Gözləyə bilərdiniz”, – deyə qabaqdan gəlmişdik edərək sözə başlamaq istədim. Amma… qapının kandarında heç kim yox idi! Bu necə ola bilərdi axı? İndi bu dəqiqə qadını gördüm, qapını sındıracaqmış kimi döyürdü. Bəlkə, səbri çatmayıb, gedib?.. Ola bilməz. Mənim qapım blok meydançasının ən küncündə yerləşir, ordan pilləkənə qədər gedincə arxadan da olsa mütləq görərdim və ya o, qapının açıldığını eşidib geri dönərdi. Lənət şeytana!
Qapını tez kilidləyib hamama keçdim, əl-üzümə soyuq su çırpıb, beynimi aydınlatmağa çalışdım. Özümü çimdiklədim, üzümü sillələdim. Bəlkə, yuxudayam?! Otağa qayıdıb pəncərəni açdım, gecənin soyuq havası üzümü yaladı. Pərdənin arxasında gizlənib həyətə oğrun-oğrun boylandım: görüm kimsə blokdan çıxacaqmı? “Kimsə” nədi, gecənin bu saatında “nəsə” belə bayırda olmaz. Gözətləməkdən yorulub pəncərədən çəkildim. Şeytanı lənətlərimlə dəng eləyib yatağıma girdim.
Tak, tak, tak…
Ya rəbbim, bu kimdi?
Tak, tak, tak…
Yenə döyülür…
Vəsvəsə bütün hüceyrələrimə doluşdu. Dişlərim bir-birinə kilidləndi. Bədənim uçuna-uçuna yatağımdan çıxdım. Elə bil əl-ayağımdan daş asılmışdı. Dəhlizi ağır-ağır keçib, qapıya çatdım. Bu dəfə heç bir ehtiyat tədbiri görmədən gözlüyün qapağını qaldırıb birbaşa baxdım. Həmin qadın!.. Bəs bayaq hara yoxa çıxmışdı? Bəlkə, gecə-gecə oyun oynamaq düşüb könlünə? Bayaq mən qapını açana qədər ola bilsin ki, pilləkənə qaçaraq gedib. Mən ki pilləkəni gedib yoxlamamışdım. Axı niyə gecə vaxtı mənimlə belə zarafat etmək istəsin?
Yenidən gözlükdən baxdım. Bircə üzünü aydın görə bilsəydim! Amma diqqətlə baxdıqca qəribə, damarlı görüntü əmələ gəlirdi, sanki insana yox, onun gözünün içinə baxırdım. Elə bil yorğunluqdan ağı saralmış, damarların tor atdığı bir göz idi. Gözlər sahibindən öncə yaşlanmışdı, çünki qapı arxasındakı qadın ümumi formasından gənc görünürdü.
Tərəddüd içində qıvrılarkən qəfil səs eşitdim:
– Aç qapını!
Bu səs… qapının bayırındanmı gəldi, beynimin içindəmi səsləndi?! Sanki kimsə ağzını qulağıma dirəyib qışqırdı. Ürəyim köksümdə təbil kimi döyünürdü. Qulağımı yenə qapıya dirədim. Bu dəfə elə bil hənirini, nəfəsini alıb-verməsini, hətta boynumun yad nəfəsdən tərlədiyini belə hiss etdim. Əlimi atıb qapını açdım.
Yenə boşluq…
Yox, bu, gerçəklik ola bilməzdi. Əgər yuxu deyilsə də, tamamən paranormal vəziyyət idi. Mənimlə “zarafat”ı edən bəni-insan deyildi, bu qara paltarlı qadın başqa məxluq olmalıydı. Üzünün görünməməyi, səsinin qulağı dəlib keçməsi, qapının arxasından nəfəsini boyun-boğazımda hiss etməyim… Hə, əlbəttə! Belə məxluqlar yalnız mənim kimi zamanı səhv salanlarla oyun oynaya bilərdilər...
Keyimiş əllərimi dəstəkdən buraxmadan bir az da gözlədim, sonra qapını astaca çəkmək istəyəndə, kimsə onu zorla əlimdən geri dartdı. Qolumun gücü qalmadığından dəstək əlimdən asanlıqla sürüşdü, heç dirənməyə macal tapmadım. Aralanmış qapıdan rəngi qaçmış kimi ağappaq əl içəri girdi. Sonra hər şey elə sürətlə baş verdi ki, ardıcıllığını izləyə bilmədim. Bir anda qara paltarlı qadın qarşımda dayandı. Qorxudan yerimdə necə qurumuşdumsa tərpənə, danışa bilmirdim. Gözlərim də dumanlanmışdı.
Gözlərimi yumub-açdım, bir az da qıyıb diqqətlə baxdım: siluetindən, üz quruluşundan qadın mənə çox tanış gəlirdi. Tanış formadan ürəyimə az da olsa təpər gəldi. Yox… nə cin-şeytan, adi insandı! Özü də hər kimdisə, yaxın adamdı, bilir ki, gecəni yatmıram, tək yaşayıram, ziyarətinin səbəbi də, yəqin, alacaqlı olmasıdı…
– Bayaq qapını açanda arxasına baxmaq ağlına gəlmədi? Mən səni daha tədbirli adam bilirdim. Sən ki günorta vaxtı döyülən qapını açmazdın, məni təəccübləndirdin, axmaq! – deyə qadının kal səsi eşidildi.
Yenə də səs sanki üzbəüzdən gəlmirdi, birbaşa beynimin içində dillənirdi. Tanış səs idi. Gözümü yenidən qıyıb diqqətlə qadının üzünə baxmaq istədim, ancaq arakəsmənin tutqun işığında seçə bilmədim. Mən bu səsi harda eşitmişəm? Bu qadını harda görmüşəm?
Hələ də key-key baxarkən qadın evi gözübağlı tanıyırmış kimi arxasına çevrilmədən əlini elektrik düyməsinə uzatdı. Bir anda işıqlanan arakəsmədə gözlərim qamaşdı, əlimin arxası ilə yorğun gözlərimi ovuşdurub yenidən baxdım. Amma bu dəfə gözlərim gördüyünü qəbul etmək istəmədi. Yox, bu mümkün deyildi! Gözlərim yanılırdı: ya mən gerçək dünyada deyildim, ya da yuxu ilə reallığın arasındakı kabusla üz-üzəydim. Çünki arakəsmədə, düz qənşərimdə dayanan qadın… mən özüm idim!
Ola bilsin ki, bütün bunlar xəstə, həmişə oyaq düşüncəmin məhsulu idi. Titrək barmaqlarımı döşəməyə, divara, arakəsmədəki ayaqqabıya sürtdüm. Cisimləri hiss edirdim axı... Yuxuda belə bir hissiyyat olmur, özümü çimdikləyəndə barmaqların təzyiqi, duyduğum ağrı da gerçək idi. Beynimin künc-bucağındakı bütün idrakımı toparlayıb, bu arzuolunmaz görüşün necə davam edəcəyini gözləyərkən qarşımdakı “mən” yenidən hiddətlə danışmağa başladı.
– Gözləmirdin, hə? Bir gün üz-üzə gələcəyimiz heç ağlının ucundan da keçmirdi. İndi qabağımda qorxaq kimi büzüşmüsən. Halbuki illərdi mən sənin içində boğuluram, əzilirəm, kiçilirəm. Amma bu günün gələcəyini də bilirdim, zülmətdən işığa çıxdım. Mən başqa cür də qarşına çıxa bilərdim. Ancaq qapıdan gəlməklə səni yaxşıca qorxutmaq istədim. Deyəsən, bacardım da... – səs yenə də qarşıdan deyil, beynimin içindən eşidilirdi.
– Yox, sən mənim təxəyyülümsən, gerçək deyilsən. Mən indi qapının ağzında deyiləm, yatağımdayam. Sənsə yatmış beynimin uydurduğusan...
Bunu deyən kimi qadın üstümə əyildi, göz-gözə gəldik. İlahi, özümü kənardan, yad adam kimi görmək nə dəhşətdi?! Hə, düz deyir, heç ağlımdan da keçməmişdi. Ən əsası, nə vaxtsa özümün özümdən qorxacağım ağlıma gəlməzdi. Qadının nəfəsindən rütubət qoxusu gəlirdi, amma paltarlarından mənim ətrim... Mənim içimdən çıxıbsa, bu paltarlar hardandı? Axı mənim qarderobumda heç vaxt belə paltar, belə yaylıq olmayıb?
Əlini uzadıb biləyimdən tutdu, uzun, sarımtıl dırnaqları dərimi incitdi.
– Qalx, gedək yatağına kənardan bax, gör ordasanmı? – Tanış səsin, yox, öz səsimin burulğanı əks-səda verərək qulaqlarımda hərlənib qarışdı.
Getmək istəmirdim, onun haqlı olacağından qorxurdum. İlahi, kabus olsun, cin-şəyatin olsun, cani olsun razıyam, amma məni özümlə qarşı-qarşıya qoyma!..
Kürəyimdə soyuq əsməcə sürünürdü. Bədənimdən çıxmış müstəqil “mən”imlə yan-yana yataq otağıma doğru gəldik.
– Buna yataq deyirsən? Tək-tənha qıvrıldığın, soyuqdan kiflənmiş yorğan-döşək... Sən təkcə özünü yox, məni də tənhalıqda qocaltdın. Bizə qismət olan hər şeyi öz əlinlə başqalarına ötürdün. Haqqını tələb etmədin. Hər şeydən asanlıqla imtina etdin.
Qorxu yavaş-yavaş yerini rahatlığa verdi, o, məni incitməyə deyil, ayıltmağa gəlmişdi. İçimdəki güclü qadın! Bir vaxtlar yerimiz dəyişik idi – o bu bədənin əsas idarəçisi idi, indiki mən isə bir kölgədə estafeti gözləyirdim. Dişi-dırnağı ilə mübarizə aparan, bir baxışı ilə qorxudan, istədiyi hər şeyə nail olan bu qadın nə vaxt qaranlığa gömülüb yerini mənə verdi, bilmirəm, xatırlamıram. Ancaq o haqlı idi! İndiki aciz mən idarəni ələ alandan bəri tənha, yoxsul, uğursuzam.
– Fərsiz! – O, hiddətlə sözünə davam elədi. –Sənin bu bədəni heç nəyə nail olmadan çürütməyinə imkan vermərəm! Yerimiz dəyişməlidi. İndi sən qaranlıqda əli-qolu bağlı oturmalısan. Çəkil! İndi mənim dövrümdü!
Səs getdikcə pıçıltılara çevrildi, görüntü yavaş-yavaş öləzidi, sonra qəfil gəldiyi kimi də yoxa çıxdı. Bütün vücudumu yuxulu rahatlıq, dinclik bürüdü. Elə bil yupyumşaq buludların üstündə yırğalanırdım. Zülmət qaranlıqda harasa uçurdum; çəkisizlik dırnaqlarımdan başlayıb ayaqlarıma, ordan da üzüyuxarı xoş giziltiylə qalxırdı. İndiyədək özümü bu qədər məmnun, dinc, qayğısız hiss etməmişdim.
Sonra qəfil təkanla oyandım. Sərsəm halda başımı çətinliklə hərəkət etdirib boylanmağa çalışdım. Çənəm keyimişdi, ağırlaşmış göz qapağımın arasından ətrafa baxdım. Hardansa günəş şüasının zolağı süzülüb, qarşımdakı divarda özünə yer eləmişdi. Yarışüurlu vəziyyətdə əzgin-əzgin dirsəklənib qalxdım. Harda olduğumu dəqiqləşdirmək üçün bir də ətrafı seyr elədim. Yataq otağının önündəki dəhlizdəydim. Bütün gecəni burdamı keçirmişdim? Quruca döşəmədə?! Axı yatağıma uzandığım dəqiq yadımda idi. Sonra... qapı döyülmüşdü... Kiminləsə danışırdım... Yox, xatırlaya bilmirəm. Gicgahlarımı ovuşdurmaq üçün əllərimi qaldıranda sol biləyimdə dırnaq izləri gördüm. Yuxuda dərimi cırmışdım? Bilmirəm... Amma içimdə qəribə bir rahatlıq vardı, sanki qollarıma güc gəlmişdi. Çoxdandı yumşaq döşəyimdə heç bu cür bərk yata bilmirdim. Elə bil içimə nasosla enerji vurulmuşdu. Çox qısa müddətə əzginlikdən də heç bir əlamət qalmadı. Əl-üzümü yumaq üçün hamama keçdim. Həmişəki kimi ilk olaraq güzgüyə baxdım, amma həmişəkindən fərqli olaraq, şişmiş göz qapaqları, yorğun, sallaq, narazı üz yerinə sifətimdə qəribə soyuqqanlı ifadə vardı. Yanaqlarım qırmızı, gözlərim daha parlaq idi. Hələ o baxışlar... İndiyədək heç vaxt öz əksimə belə baxmamışdım. Sanki ovunu parçalamağa hazırlaşan dişi aslan idim. Qeyri-ixtiyari gülümsədim. Sanki “Vaxt itirmə, görəcək çox işimiz var” – deyərək öz əksimə göz vurdum.