SUSMA, TANRIM
Tanrım,
Nitsşe yalan deyir,
ölməmisən,
sən dirisən!
Sən yarpaqsız ağacların,
saçsız qadınların
ümid yerisən...
Amma sən susduqca –
sinəm üstə
qadın saçları,
başım üstə
sənin yoxluğunu hiss edirəm...
Pozub əllərimin bəkarətini,
dua edirəm;
"Ey Yusifi o quyudan çıxaran Tanrım,
ağacları payızdan,
qadınları xərçəngdən,
sağ çıxar,
sağ çıxar..."
DİZLƏRİNƏ VƏTƏN DEDİM
Dodaqlarım alnında,
gözlərim əllərində,
nəfəsim saçlarında yuva qurub.
Yaxınların uzaqlığından,
adamların soyuqluğundan
qaçıb sənə gəlmişəm...
Bədənini yorğan elə üstümə...
Qaçıb tənha gecələrdən,
keçib doğma küçələrdən,
dizlərinə vətən dedim.
Dizlərini dərman elə dərdimə...
Kaş dizlərində qocalardı saçlarım,
payızda qocalan yarpaq misalı...
İndi hey dizlərinə qaçır baş ağrılarım...
Ağrılarımı da götürüb,
dizlərinə gəldim,
gəldim sağaldasan məni...
ALİBİ
Bir qadın yarat, İlahi,
Sol çiynində mələk olmasın.
Torpaqdan yox,
Savaşdan yarat, İlahi...
Bir qadın yarat, İlahi,
Duaları sənin olsun,
Saçları mənim