Saxla əllərimi, tez qayıdacam,
bir az gözlərimdə su gətirəcəm,
bağrımın başında köz qayıdacam.
Darıxma, əzizim. Söz! Qayıdacam!
Dodağım çat verib bu soyuqluqdan
dodağın məlhəmdi, sürt dodağıma...
... Bir də bu yolları lənətə gəlsin,
Elə hey dolaşır ayaqlarıma...
Amma qayıdacam: Söz! Qayıdacam!
***
Elə bilmə, səndən sonra gün doğmadı dağlara,
Elə bilmə, səndən sonra qar su olub axmadı.
Elə bilmə, səndən sonra tərk edənlər olmadı,
Elə bilmə, tək sən oldun aldadan bu axmağı!
Bu yollarda az olmadı səfil kimi gəzdiyim,
Bu yollarda daş qalmadı dizlərimə dəyməyən.
Bu yollarda qarışqalar, bu yollarda sərçələr,
Bu yollarda ağaclar da dərd ortağım oldular.
Bu yollarda,
bu bozluqda tək sən oldun gözlərimə dəyməyən.
Adam birdən-birə dönüb Tanrı olmaz, a zalım,
Adam birdən-birə belə yoxa çıxmaz, sevdiyim...
Adam birdən-birə dönüb hava olmaz, a zalım,
Adam birdən-birə belə asılı etməz adamı!
***
Əvvəl ağacların kölgəsi, sonra özləri yıxılır...
Əvvəl insanların özü, sonra kölgələri yox olur.
Soyuqqanlı adamam, soyuqqanlı...
Qanın damarında donar, burax əllərimi...
Əvvəl bir küncə qısılır adam,
sonra ürəyi sıxılır...
Əvvəl xatirələr üst-üstə toplanılır,
sonra ruh bədəndən çıxılır...
Mərhəmətsiz adamam, mərhəmətsiz...
Ağlayarsan deyə, ölməyəcəyimi düşünmə.
Burax əllərimi!
***
Doldu göz qapaqlarıma ürəyimin ağrısı,
bundan sonra az fərq edir, ağrıyırsa, ağrısın.
Xoşbəxt edə bilmədiyim, indi axı hardasan?
Gözləmək də bir iş deyil, mən də işdən qaçanam.
Düz on ildir yol gedirsən, düz on illik uzaqsan.
Getməyinə on il getdi, qayıdarsan haçana?!
Uzanmışam, başımı da söykəmişəm divara,
Divarların soyuğunda baş ağrısı keyiyir.
Əllərimdə gizilti var, qollarımda qıcolma,
Gözlərim də, hiss edirəm, son zamanlar göynəyir.
Sinəsindən cırılmağa başlayıbdır köynəyim.
***
Yumdum gözlərimi, yumdum, İlahi,
qoyun sürüsünə cumdum, İlahi;
hamı çoban bildi, canavar idim.
Adam gözləyirdim çox uzaqlardan,
gəlmədi, boynumu burdum, İlahi...
Gedənlər başımda daş izi qoydu,
gələnlər əlində çiçək gətirdi.
Mən isə acmışdım, çox üşüyürdüm...
Sevdim bir gözəli, sevdim, İlahi.
Sevdim, utanmadım yaşımdan belə...
Sən də çox qəddarsan, çox yuxarıdasan,
elə daş atırsan göydən aşağı;
məni tanıyırsan başımdan belə.
Yaxşı ki, gülməyi unutmamışam,
qorxma, ölməyi də unutmamışam!
***
Rafiq Tağının hekayəsindən sonra
(Kənd uşaqlarının xatirələri)
Uşaq idik, tanımırdıq çimərlik,
kinolarda biz baxardıq dənizə.
Kəndimizdə göl var idi: dərin göl
süzdürərdik yastı-yastı daşları,
süzdürərdik bu üzündən o üzə.
Şəhərlərdən qonaq gələn qızlara
vurulardıq yay tətili boyunca.
Günortanın istisində həyətdə
toplaşardıq, oynayardıq doyunca.
İtirməyə nənələrdən başladıq,
Cibimizə noğul qoyan olmadı.
Biz bilmirdik cavanlar da ölürlər,
biz bilmirdik: (heç indi də bilmirik)
başımıza ağıl qoyan olmadı.
Dörd qardaşdıq bir daxmanın içində,
Böyüyərək soyuqlaşıb daş olduq!
Hər küçədən bir daş tapıb özümüzə,
o daşlarla səmimi qardaş olduq.
Kimlərə ki vurulurduq ürəkdən,
məktub yazıb göndərirdik küləkdən!
***
Bir az gecikir adamlar:
bir az –
Hardasa bir ömür.
Bir az gecikir adamlar:
Hardasa sənin kimi.
İndi bir az əşyayam,
indi bir az bədənəm.
Sahibi köçkün düşən
unudulmuş vətənəm.
Nə yaxşı ki, gəlmisən!..
Yığışdır bu dağınıq, bu buz tutmuş adamı,
yığışdır. Ovcunda isit soyuq adamı...