Yuxusuzluqdan gözlərim qıpqırmızı olub. Səhərə yaxın cəmi ikicə saat yatmışam. Leyla da mənim günümdədir. Amma qəlbim elə işıqlıdır ki, elə bil dünyanı veriblər mənə. Az qala bir il çalışdığım məsələdə uğura nail oldum – Leylanı yola gətirdim, toya razılıq versin. Taleh də oğuldur ee… İnanın, onu tanıyana qədər inanmazdım ki, dünyada Leylaya layiq oğlan var. Boy-buxun, savad, ağıl, karyera, potensial, nəsil-nəcabət kimi şeylərin hamısını Allah artıqlaması ilə verib ona, üstəlik də rəfiqəmə qarşı inanılmaz bir sevgisi var. Keçən il toyları olmalı idi, amma həmin faciə baş verdi. Leylanın valideynlərinin həlak olmasını deyirəm. Avtomobildə qəzaya düşüb ikisi birdən öldü. Böyük faciə idi. Bu ailəni 2005-ci ildən bəri – universitetdə oxuduğum vaxtdan tanıyıram, evimizdən çox onlarda qalırdım. Leyla tək mənim yox, bütün universitetin gözü idi. Qəribədir ki, o da mehrini mənə salmışdı. Bir sözümü iki eləmir indi də. Ata-anasını itirəndən sonra dedim, zəruri əşyalarını yığ, bağla qapıları, köçürük bizə. Bir ildir bizdə qalırıq və bu bir ildə o gün olmayıb ki, toylarını yubatmamağı xahiş eləməyim. Təkcə bu məsələdə məni eşitmir. Leyla, şükür Allaha, indi rahatam. Bir azdan Taleh də eşidib sevinər, yəqin.
Dünən cümə günü idi. Həmişəki kimi Leylaynan getdik qəbiristanlığa. Üç gün idi başdaşını da qoymuşdular, mən ustaların yanında olsam da, Leyla hələ görməmişdi. Mərmərin üzərindəki təsvir də mənim təxəyyül məhsulum idi; əl-ələ tutmuş kişi və qadın sərv ağacının arxasından harasa sonsuzluğa baxırdılar. Ağac kişinin bir ayağını, qadının isə bir əlini görünməz etmişdi. Onların hər ikisinin əlilliyi vardı axı. Leylanın atası Qarabağ müharibəsində ayağını itirmişdi. Anasının isə hələ uşaq vaxtı kənddə yaşayanda qolunu gürzə çalmışdı, zərdab çatdırana qədər vəziyyəti ağırlaşmışdı. Birtəhər cərraha çatdırsalar da, qolunu kəsməli olmuşdular. Bax belə… Amma onlara əlilliyi olan şəxs kimi baxmaqmı olardı? Tanıdığım adamlardan ən nikbini, ən həyatsevəri Leylanın valideynləri idi. Rəhmətliklər sağ olsaydı, məni bərk danlayardılar ki, əlimizin, ayağımızın olmamasını niyə gizlədirsən, ağacla örtürsən? Məgər ayıbdır əlilliyi olmaq? Amma bu şəkil onların başdaşındadırsa, məntiqlə aydın olur ki, artıq yoxdurlar və mən də belə şeyə cürət edə bilərəm.
Sərv ağacı da Leylanın rəmzidir – mən belə düşünmüşəm. Onların həyat verdiyi, böyütdüyü, təhsil verdiyi, tərbiyələndirdiyi Leyla. Mənim fəxrim, rəfiqəm, gələcəyinə hame kimi inandığım Leyla. Hər ikimiz eyni şirkətdə işləyirik. Valideyəri qəzaya düşəndə hələ kiçik vəzifədə idi, indi, maşallah, o boyda şirkətdə ikinci adamdır.
Olacaq da, orta məktəbdən gələndə rus, ingilis, ərəb, fars dillərini bilirdi, saz, qarmon çalırdı, əla rəqs eləyirdi. Eh, hansını deyim Leylanın məziyyətlərinin, hamısını da ata-anası öyrətmişdi. Bircə övlad olub da ailədə, valideynləri bütün məhəbbətini ona həsr ediblər. Necə olub, nə təhər olub onların həyatı, evlənmələri, vallah, danışsam, görərsiniz, bir dastandır.
Leyla texniki fənlər üzrə parlaq istedada malik olsa da, humanitar sahədə belə deyildi. Bəlkə də, onu mənə bağlayan mənim yazı-pozuda bacarıqlı olmağım idi. Elə I kursdan başlayaraq məqalələr, hekayələr yazır və dərc etdirirdim. Hamı məni jurnalist kimi tanıyırdı. Elə Leylanın valideynləri də məni bu qabiliyyətiml görə çox qiymətləndirirdilər. Anası Validə xala uşaqlıq, gənclik şəkillərini, video lentlərini qarşıma tökür, öz keçmişindən hərarətlə danışırdı. Atası Qabil də söhbətə qoşularaq gah öz keçmişindən, gah da Validənin həyatından maraqlı şeylər danışırdı. Bu adamların xarakteri məni valeh edirdi. Fiziki cəhətdən çatışmazlıqları hiss olunmurdu. Bəzən mənə elə gəlirdi ki, kamil insan elə belə də olmalıdır, yəni Validə kimi bir əli ilə ev işlərini görməli, Qabil dayı kimi qoltuq ağacı ilə yeriməlidir. Onlar özlərinə aid işləri elə görürdülər ki, adam bu səliqə-sahmana, təmkinə heyran olurdu. Zəkaları aydın, gələcəyə baxışları nikbin, birbirinə sevgiləri sonsuz idi. Ərsəyə gətirdikləri Leyla da göz qabağında idi.
Validə xala 5-ci sinfə qədər siniflərində ən savadlı uşaq kimi hamıdan fərqlənirmiş. Təkcə dərs kitabları ilə kifayətlənmir, çoxlu bədii ədəbiyyat oxuyur, təcrübələr aparır, çöldən daş, bitki nümunələri toplayıb bacardığı qədər tədqiq edirmiş. Elə bu marağının zavalına gəlib – yayda herbari hazrlamaq üçün bitki nümunələri yığarkən kolun dibində qıvrılıb yatan gürzə əlini sancıb, nəticədə qızcığaz qolundan məhrum olub. O, əmlliyyatdan sonra, geridə qalan dərslərini özbaşına öyrənir və yenə yaşıdlarına çatır. Orta məktəbi qurtaranda isə hamının təəccübünə rəğmən, təhsilini davam etdirmir. Ümumiyyətlə, onun xarakterində birdən-birə dəyişiklik olur, özünə qapanır, dinib-danışmırmış. Yavaş-yavaş məsələ bəlli olur. Sən demə, siniflərindəki odalov parçası, ucaboylu Qabilə vurulubmuş. Amma qolunun kəsilməsi onu ruhdan salır və sirrini ürəyində dəfn etmək istəyir. Belə Zeyi gizlətməkmi olar?! Az müddətdə çoxları bu “uğursuz” sevdadan xəbər tutur. Hərə bir cür münasibət bildirir,
amma bunların heç biri Validənin xeyrinə olmur. Heç özü də baş açmır özündən. O cür oğlan hara, “təkqollu” Validə hara?
Qabil üzdə təmkinli davransa da, ona qarşı isti münasibət göstərmirdi. Bəzən də ürəyindən təəssüf qarışıq ilıq bir sızıltı keçirdi ki, kaş əlil olmayaydı Validə. Bu gözəl-göyçək, ağıllı, savadlı qızla necə də xoşbəxt olardılar. Əslində elə indi də razı idi Qabil, amma ətrafdakıların bu sevgiyə birtəhər baxacaqlarını, onu qınaq obyektinə çevirəcəklərini də bilirdi. Bilirdi və çəkinirdi. Qabil Qarabağda müharibə başlayan kimi bir neçə gənclə birlikdə vuruşmağa getdi. Çox keçmədi ki, yaralandı, bir ayağı amputasiya olundu və evlərinə qoltuq ağacı ilə qayıtdı.
Validə xala danışır ki, Qabil evdən çölə çıxmırdı. Ata-anası səhərdən iş-güc dalınca gedəndə gizli-gizli ağlayırdılar. Qabil evdə tək qalan kimi maqnitofonun səsini qaldırırdı. Həzin muğamlar hər tərəfdən eşidilirdi və eşidənlər Qabilin halına acıyırdılar.
Hər ikisi mənim yanımda oturub həyat hekayələrini danışırdılar. Qabil əmi dərindən köks ötürüb dedi:
– Öz-özümə çox fikirləşdim o vaxt. Daxilimdə elə bil kimsə mənə deyirdi ki, Validəyə xor baxdığım üçün tale məni belə cəzalandırdı. Xeyli düşünüb qərara gəldim. Hələ də qəlbimdəki köhnə sızıltı yaşayırdı. Amma indi təəssüflə düşünürdüm ki, kaş ayağımdan əlilliyim olmayaydı. Validəyə ürəyimi açardım və onda mənim məhəbbətimin saflığına inanardı. İndi düşünməzdimi ki, artıq özüm də gərəksiz insana çevrilmişəm və ona sığınıram? Çox çək-çevirdən sonra ürəyimi açmaq üçün məqam gözlədim. Bir gün gördüm ki, Validə bulaqdan su gətirir. Küçədə heç kəs yox idi. Tez taytıya-taytıya yola çıxdım. Amma cəhdə ərimə bəs imiş. Məni səbirlə dinləsə də, razılaşmadı. Dedi ki, sən sağlam birisiylə evlənməlisən ki, dolana biləsən. Doğrusu, çox təsirləndim. Özümü öldürmək istəyirdim.
Validə xala dilləndi:
– Düz demir, ay qızım. Nə özünü öldürmək-filan? Maqnitofonun səsini qaldırır, mahnıların sözləri ilə fikrini çatdırırdı mənə. Əl çəkmirdi, gündə yeni-yeni şeylər tapırdı. Bir gün mənə dedi ki, Validə, sən razı olarsanmı, özümə layiq olmayan birisi ilə evlənim? Özü də əlilliyim olduğuma görə yazığı gəlsin mənə? Mənə sənin qəlbin lazımdır. Mən elə həmin vüqarlı Qabiləm, qoyma qürurum sınsın. Bax onda bağışladım onu və razılaşdım.
Çox keçmir, kəndin hamısı bu əhd-peymandan xəbər tutur. Elə adətincə elçi gedən kim, toya hazırlıq görən kim… Bir sözlə, onların toyu bütün rayonda bayram kimi qeyd olunur. Rayon rəhbərləri söz verir ki, mərkəzdə ev verəcəyik gənclərə. Toy günü tanımadıqları adamlardan qiymətli hədiyyələr, çoxlu xələtlər gəlir. Toy qurtarandan sonra yığılan pulları sayanda gözlərinə inanmırlar. Bu pula həyatlarını tam dəyişə bilərdilər. Ağsaqqallar məsləhət görürlər ki, onlara ev söz verən başçı ilə məsləhətləşsinlər. Uzun sözün qısası, rayonda da bir xeyli pul verirlər gənclərə. Bir neçə aydan sonra Qabil əmi şəhərə gəlib yeni tikilən hündürmərtəbəli evlərdən birində dördotaqlı mənzil alır və köçürlər həmin yerə, – bu onların indi qaldıqları mənzildir.
Bir il sonra Leyla anadan olur. Validə xala danışır ki, uşaq nə qədər başımı qatsa da, öz üzərimdə çalışmağı da unutmurdum. Leyla ali məktəbə girənə qədər üçümüz də dörd xarici dil öyrəndik. Hələ Qabil dayın saz, qarmon da çalır, idmanla məşğul olur. Nə biliriksə, Leylaya vermişik. Onun yaxşı oxuması bizi qanadlandırır, həyata bağlayır. Özümüzü nəinki şikəst hiss etmirik, hətta düşünürük ki, başqa sağlam adamlardan daha gərəkliyik cəmiyyətimizə. Bircə narahatlığımız o idi ki, Leylanın başı qarışıb kitablara, fikri-zikri oxumaqdır, ona görə də ürəyimiz istəyən qədər aktiv deyil həyatda. Amma şükür Allaha, bu barədə də arxayınıq ki, onun sənin kimi fəal, qələmindən od tökülən, gözü hər yerdə işləyən jurnalist rəfiqəsi var.
Düzü, tərifdən sıxıldım bir az. Həm də dərk etdim ki, Leylanın valideynləri onu yetişdirib təhvil verdikləri kimi, özləri olmayanda da arxa, dayaq duracaq insan arzulayırlar. Elə bil vəsiyyət edirlər, onu mənə tapşırırlar. Öz fikrimdən səksəndim və dedim:
– Yox, ay xala! Bilirsiz, o, harada işləyir, hansı uğurlar gözləyir onu? Hələ nişanlısı… Bütün tanışlarının gözü onda olsa da, haqlı olaraq Leylanı seçdi. Siz məni Leylaya tapşırın. Bircə toyu yubatmayın. Taleh bal ayını xaricdə keçirməyi planlaşdırır. Ondan sonra isə hər ikisi dəvətlidir, xaricdə işləməyə gedəcəklər. Onların heç kimin köməyinə ehtiyacı yoxdur. Siz sağ olun ki, belə övlad böyütmüsünüz!
– Düz deyirsən, amma hələ toyunu edək, sonra çox şeylər olacaq, hələ bizim həyatımız bundan sonra başlayr.
Mən onun nəyi nəzərdə tutduğunu dəqiq bilməsəm də, onların gələcəkdə daha yeni sürprizlərlə bizi heyrətləndirəcəkləlrinl əminidim. Bir dəfə Qabil dayı sözarası dedi ki, hər cürə əilliyi olan şəxslərin psixoloji reabilitasiyası üzrə mərkəz açmaq fikrimiz var. Mən əminidin ki, bu niyyətini həyata keçirsə, cəmiyyətimizə çox töhfələr verəcək bu dəyərli insanlar. Elə onların şəxsi nümunələri ən bədbin insanı ruhlandırmaLa kifayltdir. Nə bilim, bəlkə də, tamam başqa şeyi nəzərdə tuturdu? Validə xala həmişə deyirdi ki, cəmiyyətimiz kişilərin əlilliyi olmasına bir az alışıb. Böyük Vətən müharibəsindən qayıdan atababalarımız əlsiz, qolsuz olsalar da, yiyəsiz qalmış adamlara, qadınlara, uşaqlara ümid yeri oldular. Onların fiziki çatışmazlıqları da özləri qədər doğma idi, cəmiyyət onları çox rahatca qəbul elədi. Amma əlilliyi olan qadınlara münasibət bir az ayrıdır. Nəciblik, zəriflik, mükəmməllik rəmzi olan qadının bədənindəki çatışmazlığa o cür asan öyrəşə bilmirik. Biz ər-arvad kimi nümunə göstərsək də, kifayət deyil. Çalışacağıq ki, varlı, imkanlı adamlar belələrinə yardım etməyi özlərinə borc bilsinlər. İslam dininin bu barədəki hökmlərini, əlilliyi olan şəxslər haqqında beynəlxalq qanunları, onların hüquqlarını hər kəsin bilməsi üçün əlimizdən gələni edəcəyik.
Heyhat, belə düşüncə sahibləri, gərəkli vətən- daşlar bir göz qırpımında faciəli şəkildə həlak oldular. Leylanı necə qorudum, sınmağa qoymadım, onu bir Allah bilir. Elə bu gün də onu toy etməyə razı sala bildiyimə görə özümü xoşbəxt sanıram. Taleh özü deyib ki, övladlarımıza Leylanın valideynlərinin adını qoyarıq.
“Budanmış ağaclar daha yaxşı bar verir”. Bu Qabil əminin sözüdür. “Nə qədər ki, əlin-ayağın yerindədir, əlsiz-ayağsızlara kömək elə”. Bu da Validə xalanın sözüdür. Əlbəttə, onların özlərinin heç bir köməyə ehtiyacları yox idi, özləri özlərini firavan dolandırmaqdan əlavə, başqalarına da kömək edirdilər. O sözləri imkanlı adamlara üzlərini tutub deyirdilər və dediklərini də çoxları qəbul edirdi. Haqq sözə nə deyəsən?!
İndi başdaşındakı şəkildə təsvir olunan əl-ələ tutmuş o iki mərd, gözəl simalı kişinin və qadının başı üzərində ucalan sərv ağacı hələ çox boy atacaq, hələ çox pöhrələr verəcək...