NƏFƏS-NƏFƏS SIXILIRAM
Mən bilirəm ömür deyil,
Kim bilir, sürdüyüm nədir?!
Hər gün yaşımı sayıram,
Yaş üstə sərdiyim nədir?
Bir candı da, daşıyıram,
Kim deyir ki, yaşayıram,
Görən, kimə oxşayıram,
Güzgüdə gördüyüm nədir?
Diri-diri yox oluram,
Öz içimə yıxılıram,
Nəfəs-nəfəs sıxılıram,
Bu alıb-verdiyim nədir?
QARA GÜNÜN SƏHƏRİYƏM
Sənin qəlbin bir dünyadır,
Mən də onun şəhəriyəm.
Misra-misra, sətir-sətir,
Öz ömrümün əsəriyəm.
Harda idin, sənsiz təkdim,
Ürəyimə dərdlər əkdim,
Bu həsrətə hasar çəkdim,
Ayrılığın çəpəriyəm.
Tut qibləyə ağ üzünü,
Unutma özün özünü,
Qara gözlüm, aç gözünü,
Qara günün səhəriyəm.
GÖR ƏLLƏRİM NECƏDİ
Bax, yenə də gəlirsən,
Bax, yenə də gecədi.
Əl uzat, bir salam ver,
Gör əllərim necədi.
Yenə həyat dayanıb,
Bu kainat dayanıb,
Burda saat dayanıb,
Orda saat neçədi?!
Bir qapı göstər döyüm,
Kimə dərdimi deyim,
Sənin evin ürəyim,
Mənim evim küçədi.
ÜMİDİ ÖLƏN ADAM
Sən mənim qəlbimə yatdığın gündən
Mənim gözlərimin yuxusu yoxdu.
Dünyanın ən gözəl güllərinin də
Sənin saçın qədər qoxusu yoxdu.
Mənimtək əriyir ömrü bir şamın,
Sabahı yoxdur bu sənsiz axşamın,
Bilirsən, ümidi ölən adamın
Daha ölümdən də qorxusu yoxdu.
Bir çiçək sevmişdim, tikanın dərdim,
Açıb ürəyimi yoluna sərdim,
Bütün insanların içini gördüm,
Dünyada Allahdan yaxşısı yoxdu.