Kitabxanada – iş yerində Meltem naharını qonşusu, həm də iş yoldaşı olan Elza ilə birlikdə edirdi. Həmişəki kimi, bu gün də Meltem yeməyini asta-asta, tələsmədən, Elza isə tez-tez, tikələri çeynəmədən yeyirdi. Meltemdən yaşca böyük olan Elza teleserialların fanatı idi; fasilə vaxtı qurtarana qədər, türk kanalından yayımlanan növbəti seriala baxmaqdan ötəri, hər dəfə çörəyini tez yeyib qurtarırdı. O, seriallardan birini belə ötürmək istəmirdi, ona görə də, özünə televizoru göstərən təzə mobil telefon almışdı...
Meltemin isə televizorla arası yox idi. O, sakit bir guşəyə çəkilib, sevdiyi kitabları mütaliə etməyi xoşlayırdı... Bu günün nahar saatları həmişəkindən fərqli keçdi, belə ki, Elzanın baxdığı serialı göstərmədilər, Meltem də ona görə kitab oxuya bilmədi. “Vaxtı öldürmək üçün”, onlar söhbət etdilər. Söz hər ikisinin qonşusu olan İbarədən düşdü. Onun necə adam olduğunu Elza Meltemə başa saldı, çünki Meltem ailəlikcə İbarənin qapıbir qonşuluğuna bir il idi ki köçmüşdü... Elza, qonşu binada yaşasa da, hər şeydən xəbər tuturdu, belə ki, onların məhəlləsi eyni sayılırdı...
* * *
Meltemin həyat yoldaşı Səlim hündürboy, sarışın, xoşxasiyyətli kişi idi... O, müdir işləsə də, sadəliyi, insanlarla qaynayıb-qarışmağı, zarafatcıl olmağı ilə çox həmkarlarından fərqlənirdi, həm də, romantik təbiətli, istedadlı insan idi; oçerklər, kiçik hekayələr, məqalələr də yazırdı... Meltemlə, onun nikah yaşına iki il qalanda, ailə həyatı qurmuşdu: gözəlliyindən daha çox, qızın xəyalpərvər görünüşü, ciddi xasiyyəti onun xoşuna gəlmişdi... Səlim pul “gücü”nə Meltemin sənədini “düzəltdirib”, onu düz iki yaş “böyütmüş” və evlənmişdi... Beş il evli olmalarına baxmayaraq, onların hələ də övladları yox idi. Meltemin işləmək istəyinə qarşı o, etiraz etmədi; onun ali təhsili olmasa da, tanışları vasitəsilə kitabxanaların birində işə düzəltdirdi...
* * *
Axşam yeməyindən sonra Səlim kompüterdə öz işini görməyə başladı... Meltem qabları yuyandan sonra dibçək güllərini sulamaq üçün aynabənddəki pəncərəni açdı... Çölün yaz nəfəsli havası içəri doldu... Meltem başını çölə çıxartmağına peşman oldu; qonşu pəncərədən baxan İbarə onu görüb:
– Qonşu, axşamın xeyir, nətərsən? – soruşaraq, onunla danışmağa can atdı...
Meltem “salam”ı alıb, heç nə demədən içəri keçdi: “Zalımın qızı, elə bil, pəncərədə “bitib”.
Bunun əlindən qapı-pəncərəni də aça bilmirəm! Deyəsən, axı Elza düz deyir ki, ondan uzaq olum! Onun kimiləri çox evlərə nəfs salır, üzə gülüb ayağının altını qazıyır, “yıxılanlar”ı isə baltalayırlar?! Yaxşı, İbarə, səni də mən müşahidə edib öyrənəcəm, görüm, sənin kimi “personaj”a hansı əsərdə rast gəlmişəm?!”
Meltem sözünün üstündə durdu – əvvəllər çöl qapısının arxasından, binanın dəhlizlərindən, eləcə də, həyətdən gələn səslərə, söhbətlərə, qeybətlərə fikir vermirdisə, sonradan diqqət kəsildi... Hər dəfə eşitdiklərini analiz edib, özlüyündə nəticə çıxartmağa başladı...
* * *
Şənbə və bazar, istirahət günləri olduğundan, Səlimlə Meltem səhər yuxudan gec oyanmağa alışmışdılar... Şənbə günlərinin birində Səlim işə gedəcəyini, hesabat ayı olduğundan, sənədləri tez qaydaya salmaq istədiyini deyib evdən çıxmaq üçün hazırlaşdı...
Ayağını çölə atanda, onun ayaqqabısının altında qoz-fındıq qabıqları şaqqıltı ilə qırıldı... Səlim bir az hirsləndi:
– Bunları kim töküb bura? – dedi və deyinə-deyinə pillələri düşdü...
Meltem, bununla ikinci dəfə idi ki, qapılarından günəbaxan, qoz-fındıq qabıqları təmizləməli olurdu. O, İbarənin hiyləsini yaxşı başa düşmüşdü: onu özündən çıxartmaq, diqqəti özünə çəkmək üçün, məkrli qonşu onların qapısına zibil atmaqdan həzz alırdı. Meltem susmağı üstün tutmuşdu: “Nadanlara baş qoşmaq mənim işim deyil!” – düşünərək, ona pislik edənləri Allaha tapşırmaqla kifayətlənirdi...
Səlimi işə yola salandan sonra Meltem təzədən yatmaq istədi, lakin uzanıb gözlərini yumanda, heç cür yuxuya getmədi, axırda durub ev işlərini görməyə başladı...
Dəhlizdən eşidilən kişi, qadın səsləri, bərk-bərk döyülən hansısa qapının taqqıltısı Meltemi işindən ayırdı. O, yaş əllərini balaca dəsmalla qurulaya-qurulaya, çöl qapısına tərəf getdi, səsləri ayırd etməyə çalışdı; İbarəni danışığından tanıdı... Bir qədər keçəndən sonra, o biri qonşunun qapısı açıldı, qadın səsi gələnin kim olduğunu soruşanda, kişi səsi:
– Sahə müvəkkilidir, sizdən şikayət edən var! – deyərək, niyə qapını gec açdığını soruşdu.
– Namaz üstəydim, ibadət edirdim, – qonşu qadının sakit cavabı eşidildi.
Birdən qadın özündən çıxıb İbarənin üstünə qışqırmağa, dayanmadan şikayət etməyə başladı:
– ...A...a...azz! İndi də “suka”lığa başlamısan, məni “polis”lə qorxudursan? (Sahə müvəkkilinə müraciətlə) Qardaş bilirsiz bu nədi...i...irr?! Nə qədər evlər yıxıb, ara vurub, qan çıxardı...ı...lbb?! Onun üzünə bir baxın da...a...a...! Necə də irişə-irişə məni əsəbiləşdirən sözlər deyir!.. Sizcə, mənim kimi boşanmış, tək yaşamağa məcbur olmuş qadınları hər cür təhqir etmək ola...a...a...r, ancaq, əri-uşağı olub min cür oyunlardan çıxan, şər yaxan arvadlara “gözün üstə qaşın var” da demək olma...a...z?!
Deyəsən, sahə müvəkkili işin nə yerdə olduğunu anlamışdı: “Oğru elə çığırdı ki, doğrunun bağrı yarıldı” məsəlinin əyani şəkildə özünü doğrultması idi bu!.. qadını tək görüb, işığından özlərinə “levıy” işıq çəkən İbarəgil onun şikayət edəcəyini qulaqardına vurmuşdular, hələ üstəlik, onu təhqir edərək “fahişə” adlandırmışdılar! Qadın bu təhqiri uda bilməyib, hər dəfə onları görəndə söyüb ürəyini boşaldırdı; şikayət etməyə isə qorxurdu, çünki şər dünyasında yaşadığını çox gözəl dərk edirdi...
Dava-dalaşın sonu tənha qadının “xeyir”inə bitdi... Sahə müvəkkili ona:
– Siz səbrli olun da, onun səviyyəsinə enməyin də...ə...ə! Biz elələrini çox görmüşük!.. Mən tələsirəm, işim var... Sakitlik yaradın, bir də səsiniz eşidilməsin! – deyib, İbarəni pərt vəziyyətdə qoyub getdi...
...Meltem, mətbəxə gedə-gedə, əlini göyə tutub dedi: “Allah, sən bizi təhqirdən, şərdən uzaq elə, qoru! İbarənin çox sifətləri üzə çıxacaq belə getsə... Yaxşısı budur, mən ona heç “salam” da verməyim, yanından “Bismillah!” deyib keçim hər dəfə!..”
Səhər işə gələndə, Meltem kitabxananı “bardak”xana vəziyyətində gördü; stolların üstü kitab bağlamaları ilə örtülmüş, iri qəzet tikililəri, müxtəlif jurnallar döşəməyə səpələnmişdi... Kitabxanada yad qadınlar var idi. Onlar yaxınlıqda yerləşən digər kitabxananın işçiləri idilər. Meltemin təəccübdən bərələn gözlərini görən Elza ona vəziyyəti başa saldı:
– Bunların yerini alıblar... Onlar, müvəqqəti olaraq, kitabları bura yığıblar, sonra Mərkəzi Kitabxanaya göndəriləcək... Biz onlara kömək etməliyik...
Meltem başa düşmədi:
– Yer almaq nədir? Məgər kitabxana ticarət obyektidir ki, alınsın? – deyə, iradını bildirdi...
Bağlanan kitabxananın gənc işçisi, Meltemin inanmadığını görüb dedi:
– İnanmırsızsa, gedib baxa bilərsiz; qapının üstünə də yazılı lövhə vurublar...
Meltem tənbəllik etmədi, gedib baxdı: içəri tərəfdən kitabxananın şüşəsinə üzərində “icarəyə verilir” sözləri yazılmış ağ vərəq yapışdırılmışdı. Sözlərin altından kitabxananın sahəsi, telefon nömrələri qeyd edilmişdi...
O, pərişan halda qayıtdı, heç nə demədi. Onun beynindən: “Maddiyyatla mənəviyyatın arasında “müharibə” gedir! Hansı qalib gələcək?! Onu bircə Allah bilir!” – fikirləri keçdi...
Həmin gün onlar zehni işdən çox, fiziki işlə məşğul oldular; kitabların tozunu silib, səliqə ilə onlardan bağlamalar düzəltdilər, jurnalları, qəzetləri isə, üst-üstə yığıb, kitabxananın əl-ayaq dolaşmayan tərəflərində yerləşdirdilər...
* * *
Yorğun halda evlərinə qalxan Meltem qapılarının yanından səslər eşitdi: Türk ləhcəsində danışan qadın onun diqqətini çəkdi. Kök olan bu qadın, satmaq üçün pillələrin üstünə müxtəlif əşyalardan ibarət olan xeyli yataq dəstləri yığmışdı... O, qapının yanında dayanıb ona qulaq asan İbarəylə sövdələşmək istəyirdi. İbarənin üzündəki kinayəli, hiyləgər təbəssümü görəndə, Meltemi hirs götürdü, hər ikisinin yanından biganə ötmək istəyəndə, alver edən türk qadını:
– Xanım, gözəl yatak destlerimiz var, istemiyorsunuzmu? Kızınıza cehizlik verersiz! – deyəndə, Meltem bircə ifadə işlətdi:
– Bazar olsun!
Qonşunun laqeydliyi, onlara “salam” vermədən içəri – evinə girməyi İbarəni yandırıb-yaxdı. O, ucadan:
– Bunun ədasına baxın e...e...e...yy! Elə bil, yeri-göyü bu yaradıb, özünü dağ başına qoymağına baxın e...e...e...yy! Əri müdir adamdı, heç özünü bunun kimi “yekəxana” aparmır, amma, bu...u...u?.. – dedi.
Meltem evin dəhlizində dayanıb, arxasından deyilənləri eşidirdi; ayaqqabılarını çıxartmadan, İbarənin nəsə alıb-almayacağını bilmək üçün, gözləyirdi. Türk qadını dil-dil ötürdü:
– Ne diyorsun, canım, alıyormusun mallardan? Bak, üstünde pay da veriyorum: Bunu alana bu desti üstünde pulsuz, bunu alana ise bunu pay veriyorum... Haman ucuz, iki yüz elli manat ediyor. Alırmısın canım?..
İbarənin səsi eşidildi:
– Yox, almağa pulum yoxdur, maaşları hələ almamışıq...
Satıcı türk qadını nə qədər dilə tutsa da, bir şey alınmadı, necə deyərlər, onun çox danışıb malını tərifləmək özünə qaldı. O, narazı halda deyindi:
– Bu nedir? Burda kime diyorsun, hamı “yok!” diyor! Bunlar “yok”dan başka bir söz bilmiyorlar ya...a?!
Meltemin qadına yazığı gəldi; uzaqdan gəlib əziyyət çəkərək, qapı-qapı düşüb, halal çörək pullarını qazanan insanlara ürəyi yandı: “...Durub vətənlərindən gəliblər ki, burda yaxşı qazansınlar, lakin yanıldıqlarını gec başa düşürlər... Gör biz necə varlı kimi “reklam” olunmuşuqsa, bir arada çinlilər “çəyirtkə axını” kimi tökülüşüb gəlmişdilər, çox mallarını da bir manatdan satırdılar... İndi də türklər axışıblar, elə bilirlər ki, burada hər dəmir qapılı mənzildə varlı-karlı adamlar yaşayırlar...” – düşünə-düşünə ayaqqabılarını çıxartdı, mətbəxə keçib qazı yandırdı və çaydanı su ilə doldurub qaynamağa qoydu...
* * *
Səhər yeməyini yedikləri vaxt, Səlim həyat yoldaşının sifətinin rənginin birdən necə dəyişdiyini sezdi. Meltem çalışsa da, növbəti tikəni udmağı bacarmadı, əlləri ilə ağzını qapayıb tez ayağa durdu, vanna otağına getdi... Bir azdan onun ögümək səsləri eşidildi. Səlim narahat oldu, yeməyini yarımçıq qoyub Meltemin dalınca getdi; qapının arxasından:
– Nə olub sənə? Mən necə kömək edim, Meltem? – deyə soruşdu... Vanna otağından Meltemin səsi eşidildi:
– Narahat olma, keçib getdi, deyəsən, dünən işdə “skvoznyak”a düşdüm, ödümə soyuq oldu, indi də ürəyim bulandı...
Səlim yerinə qayıdıb oturdu; onun fincandan çayı soyumuşdu, durub çayı özü təzələməli oldu... Meltem, üz-gözü pörtmüş halda gəldi, daha onun ürəyi çörək istəmirdi, təkcə limonlu çay içəcəyini bildirdi... Səlim onun da çayını təzələdi, hər ikisi işə tələsirdi...
Qapıdan çıxan zaman Meltemin halı yenə pisləşdi. Səlim pencəyini geyinə-geyinə, yan otaqdan çıxdı, onun vəziyyətini görüb, qayğıkeş səslə:
– Bəlkə, sən bu gün işə getməyəsən? Mən zəng edib müdiriniz Xavər xanıma deyərəm ki, bu gününü üzrlü saysın... Danışdıq, hə...əə?
Meltem etiraz etmədi, amma Səlimin həkim çağırmaq, onu müayinədən keçirtmək istəyinə qarşı çıxdı, çünki, iynə-dərmandan yaman qorxurdu... Belə olan təqdirdə, Səlim ona məsləhət verdi:
– Tez-tez isti çay içərsən, ürək bulanması keçməsə, qatıq içərsən, belinə isti şal bağla, ev işlərini görmə, dincəl! Mən də çalışacam ki, işdən tez qayıdım, sənə zəng edərəm tez-tez, telefonunu söndürmə!
* * *
Bütün günü evdə tək qalmağa məcbur olan Melteme toxtaqlıq verən Səlimin zəngləri idi. Belə anlarda o, hiss edirdi ki, insan insanın qayğısına qalanda necə də xoş olurmuş!..
Səlim, özü dediyi kimi, işdən bir saat tez qayıtdı, Melteme baxanda sakitləşdi, hər şeyin qaydasında olduğunu duydu. Meltem isə Səlimin sözlü adam olduğunu hiss etdi, lakin, ondan heç nə soruşmadı. Ümumiyyətlə, hər şeyə maraq göstərmək, marağını aşkar bildirmək onun xarakterində deyildi!..
Həqiqətən, Səlim, Melteme nə isə demək üçün, lazım olan məqamı gözləyirdi. Həmin məqam, axşam yeməyindən sonra, televizorda aktual mövzulardan bəhs edən verilişə baxdıqları zaman çatdı: Səlim üzünə ciddi ifadə verib, sakit səslə:
– Səndən şikayət etmək üçün bu gün ofisimə bir nəfər gəlmişdi, – dedi.
Meltem elə bil diksindi, gözünü ekrandan çəkdi, küt baxışlarla Səlimə baxdı və xeyli susduqdan sonra şok vəziyyətdə soruşdu:
– Kim idi? Nəyimdən, hansı hərəkətimdən şikayət edib?!
Səlim Meltemin qorxduğunu görüb, bir az həyəcanlandı, tez mimikasını dəyişib güldü:
– Qonşunun yoldaşı, “lapux”a oxşayan Nurlan iş yerimə gəlib, qəfildən ofisimə girib salamsız-kəlamsız, hirsli halda:
– Sənin çox mərifətsiz, mədəniyyətsiz arvadın var, – deyəndə, mən cin atına mindim, tez ayağa durdum:
– Danışığınıza fikir verin! Bu saat niyə gəldiyinizi deməsəz, sizi qovdurmalı olacam! – deyə-deyə, onun üstünə getdim: həmişə xoş sifətimi görmüş qonşu, sanki qorxan kimi oldu, yumşaldı, mülayim səslə danışmağa başladı:
– Ay qonşu, belə olmaz axı, yaxşı deyil! Qonşuluqda gərək hamı bir-birini saysın, müdafiə etsin! Sənin Meltem xanımın mənim arvadım İbarənin yanından elə yekəxana ötüb keçib ki, daha Allahın “salam”ını da vermir! İbarə də bundan pis olub, necə hirslənibsə, başından ağrıları tutub, təzyiqi qalxıb. Məcbur olub həkim çağırtdırdıq. İndi xəstəxanadadır, qanında şəkəri də çox çıxıb!..
Səlim, danışa-danışa, xanımının reaksiyasını yoxlayırdı: Meltemin dodaqları əvvəlcə büzüldü, sonra yanlara dartıldı; üzünə təbəssüm qondu, təbəssüm gülüşə, gülüşü isə tədricən artan, arasıkəsilməyən qəhqəhəyə çevrildi...
Qəhqəhəsini heç cür dayandıra bilməyən, gözləri yaşaran Meltem oturduğu kreslodan durub yan otağa keçdi, əlində çantası geri qayıtdı və Səlimin yanında – divanda əyləşdi.
O, çantasından balaca dəftərcə çıxardıb açdı, gözlərini silə-silə dedi:
– Elə bilirsən, tək sən bacarırsan yazmağı? Mən də, şair demış: “hərdən uydururam yeri gələndə!” Qulaq as, gör nə yazmışam: “Elə adam tapılmaz ki, ona bu suallardan, ən azı, iki ya üçünü verməsinlər: “Hara gedirsən?” və ya “Hardan gəlirsən?”, “İşləyirsən?”, “Harada işləyirsən?”, “Nə qədər maaş alırsan?”, “Evin varmı?”, “Ailəlisən?”, “Neçə uşağın var?” və s. və ilaxır... Bu cür sualları verənlərin çoxu işi-gücü onun-bunun şəxsi həyatını “öyrənməklə”, “araşdırmaqla” məşğul olan, mənfi enerjiləri ilə yaxşıların rahat yaşayışına mane olan tiplərdir; fərqi yoxdur – bu, qadındır, ya da ki, kişi! İbarə də belə tiplərdən biridir! Bu, yeni ƏSR-in yeni TİPAJIDIR!!!”
Səlim Meltemə maraqla qulaq asırdı. Birdən o, yoldaşının çiyinlərini qucaqladı, əyilib alnından öpərək, duyğulanmış halda:
– Sən mənim balaca, müdrik qadınımsan! – dedi...