BİLMİR
Nə qədər düşünüb-daşınır insan,
Hələ də dünyanın sirrini bilmir.
Açmağa can atır neçə mətləbi,
Birini bilsə də, birini bilmir.
Hökm edir savaşlar, qanlı talanlar,
Saxta təbəssümlər, Pirin yalanlar.
Pul ilə hər şeyi satın alanlar
Yaxşı ki, Allahın yerini bilmir.
Namiq, kimsə qorxmur məhşər odundan,
Göz nurundan düşür, ağız dadından...
insanlıq insanın çıxır yadından, –
Bilmir qibləsini, pirini bilmir.
QALANMIŞAM GÖZLƏRİNİN ODUNA...
Qalanmışam gözlərinin oduna,
Yandığımı görərsənmi? – bilmirəm.
İstəyirəm, yetişəsən dadıma,
Haraylasam, gələrsənmi? – bilmirəm.
Eşqin məni dara çəkib gözümdən,
Həsrətimə qala qurdum dözümdən.
Sənə sarı yol gəlirəm özümdən,
Mənə uğur dilərsənmi? – bilmirəm.
Vüsalını gözlədiyim sevginin,
Gecə-gündüz səslədiyim sevginin,
Sənin üçün bəslədiyim sevginin
Dəyərini bilərsənmi? – bilmirəm.
İstəyirəm, yetişəsən dadıma,
Haraylasam, gələrsənmi? – bilmirəm...
SIXDI BU QƏFƏS MƏNİ
Zaman ötüb keçmədi,
Vaxt yetişib bitmədi.
imkan ələ düşmədi,
Öldürdü həvəs məni.
Bəxtə qara çəkilib,
Qəlbə yara çəkilib.
Cismim dara çəkilib,
Tərk etmir nəfəs məni.
Nə haqsızlıq boğuldu,
Nə ədalət doğuldu...
Nə də dünya dağıldı –
Sıxdı bu qəfəs məni!