Muradın kefi yox idi. Gecədən xeyli keçsə də, yerində qurcalanır, yuxuya gedə bilmirdi. Dünən dərsdən sonra dostu Fəridin dediyi “Zümrüddən əl çək, yoxsa sənin üçün pis olar!” sözləri qanını bərk qaraltmışdı. Dörd il dostluq edib, çörək kəsdiyi tələbə yoldaşından bu sözləri eşitmək ona çox ağır gəlirdi. İş elə gətirmişdi ki, Fəridi qınaya da bilmirdi. Çünki hələ birinci kursda oxuyan zaman Fərid Zümrüdə aşiq olduğunu dostlarına demiş və bu xəbər hamıya yayılmışdı. Murad o vaxt sevmək, ailə qurmaq barədə düşünmürdü. Bütün diqqətini dərslərinə yönəltmişdi. Məqsədi universiteti əla qiymətlərlə başa vurmaq idi. Lakin indi, axırıncı kursda oxuduğu bir vaxtda, evlənmək haqqında düşünmək də lazım gəlirdi. Valideynləri layiqli bir qız tapmaq üçün onu çox tələsdirirdilər.
Murad ata-anasının yeganə övladı idi. Valideynləri onun ailə qurub, yeni həyata qədəm qoymasını böyük səbirsizliklə gözləyirdi. Maddi cəhətdən sıxıntıları yox idi. Muradın atası Habil müəllim iş adamı, anası Nadirə xanım isə həkim idi. Ailənin tək uşağı olmasına baxmayaraq, valideynləri onu ərköyün böyütməmişdi. Atasının başı iş-gücə qarışsa da, anası Nadirə xanım oğlunun tərbiyəsinə xüsusi fikir vermiş, onu daim nəzarətdə saxlamışdı. Yaşının az olmasına baxmayaraq, Murad hərəkətlərinə fikir verən, özünü harada, necə aparmaq lazım gəldiyini yaxşı bilən bir gənc idi. İndiyə kimi istər məhəllədə, istərsə də universitetdə davranışına, tərbiyəsinə görə ona irad tutan olmamışdı.
Telefonun zəngli saatı Muradı yuxudan oyatsada, gözlərini açmaq istəmirdi. Gec yatdığı üçün yuxudan doymamışdı. Amma başqa çarə yox idi. Bir az da geciksəydi, anası dalınca gəlib, onu səhər yeməyinə səsləyəcəkdi.
Geyinib, əl-üzünü yuduqdan sonra masa arxasına keçdi.
– Niyə belə yorğun görünürsən, oğlum? – deyə anası xəbər aldı.
– Narahatlıq yoxdu, ana. Hər şey yolundadır. Görünür, gec yatmışam, ona görə.
– Niyə, başına dönüm?! Ağrıyıb eləmirsən? – Nadirə xanım tez soruşdu.
Murad anasının narahat olduğunu görüb dedi:
– Yox, heç yerim ağrımır. Hərdən olur də.
Muradı fikir aparmışdı. Bilirdi ki, Fəridlə yenidən qarşılaşmalı olacaq. Düşünürdü, necə eləsin ki, dostu ilə münasibətləri korlanmasın, düşmənçiliyə çevrilməsin. Onsuz da yüz Fərid olsaydı belə, Murad Zümrüddən əl çəkən deyildi. Çünki buna haqqı da çatırdı. Murad tələbə yoldaşları arasında yeganə oğlan idi ki, Zümrüd ən çox onunla ünsiyyətdə olurdu. Murada daim qayğı ilə yanaşır, onun hər sorğu-sualını həvəslə cavablandırırdı. Başqalarından fərqli olaraq, bir dəfə də olsun Murada kobud cavab qaytarmamışdı.
Zümrüd ilə Muradın dostluğu əsasən ikinci kursdan başlamışdı. Xasiyyətlərindəki uyğun cəhətlərin çoxluğu onların getdikcə bir-birinə daha da yaxınlaşmasına səbəb olmuşdu. Hər ikisi yalana nifrət edən, sözü ilə əməli düz gələn, haqsızlığa dözməyən, səmimi və dürüst gənc idi. Zümrüd rayondan gəlsə də, kənd qızlarına heç bənzəmirdi. Çox gözüaçıq, diribaş və ayıq idi. Özünü necə aparmaq lazım gəldiyini yaxşı bilirdi. Görünür, bu cür tərbiyə almasında müəllim işləyən valideynlərinin rolu az olmamışdı. Başqa bir səbəb isə oxuduğu bədii kitabların təsiri ola bilərdi. Qruplarında Zümrüddən çox mütaliə edən tələbə yox idi. Oxuduğu kitablar həyatda doğru yol tutmaq üçün ona kifayət edə bilərdi.
Murad fikirlərini cilalayıb, Fəridə nə deyəcəyini götür-qoy edə-edə gəlib universitetə çatdı. Auditoriyaya daxil olanda qarşısına ilk çıxan Zümrüd oldu.
– Niyə belə qaşqabaqlısan, Murad? Kim səni incidib?
– Hər şey qaydasındadır, Zümrüd. Görünür, bir az yorğunam.
– Yalan demə. Daş daşıyan adama oxşamırsan axı. Əgər xətrinə dəyən varsa, de, ənginə birini vurum, – deyə Zümrüd zarafat etdi.
– Baş üstə, – Murad gülümsədi, – elə bir şey olsa, səni mütləq köməyə çağıracam.
Fərid arxa cərgədəki oturacaqlardan birində əyləşib, sakitcə onlara tamaşa edirdi. Kefi yox idi. Beynində Muradla növbəti görüşünü planlaşdırır, ona nə deyəcəyini düşünürdü. Artıq Murad bu görüşə hazır idi. O, özünə dost bildiyi Fəridlə dalaşmaq, ədavət aparmaq fikrində deyildi. Necə hərəkət etmək lazım gəldiyini yaxşı bilirdi. Bu işdə aldığı tərbiyə, həyatda qazandığı təcrübə ona yol göstərəcəkdi.
Gözəllikdə Zümrüdün qızlar arasında tayı-bərabəri yox idi. Allah ondan heç nəyi əsirgəməmişdi. Ağlına, zərifliyinə, yaraşığına söz ola bilməzdi. Yeganə qüsuru yeriyən zaman sağ ayağını bir balaca çəkməsi idi.
Zümrüd universitetdə oxuduğu ilk günlərdən oğlanların diqqət mərkəzində olmuşdu. Tələbə yoldaşları Zümrüddə olan mədəni davranışı, mehribanlığı görüb, ona eşq elan etməyə başlamışdılar. Əvvəllər Zümrüdə zarafatla söz atan cavanlar indi onun dalınca sürünür, ürəyini ələ almağa çalışırdılar. Lakin heç birinin bu kamallı kənd qızını ram etməyə gücü çatmırdı.
Zümrüd oxuduğu illər ərzində ona qayğı ilə yanaşan hər bir oğlanı diqqətlə izləmiş, saf-çürük etmiş, kiminlə ailə qurub xoşbəxt ola biləcəyini çox düşünmüş və qərarını vermişdi. Dərslərə həmişə hazır gələn, oğlanlar arasında öz səliqəsahmanı ilə seçilən, sözünün sahibi olan, dediyinə həmişə əməl edən, çətin məqamlarda ətrafdakı adamlarla necə davranmaq lazım gəldiyini yaxşı bilən Murad onun ürəyini çoxdan ovlamışdı. Murad da Zümrüdü daim diqqətdə saxlamış, ona həmişə sevgi ilə yanaşmışdı. Ancaq universitetlə vidalaşmağa az qalmasına baxmayaraq, o hələ də Zümrüdə hislərini bildirməmişdi. Zümrüd düşünürdü ki, Murad ağıllı oğlandı, razı olmaz ki, “sevirəm” sözünü ilk dəfə o dilə gətirsin. “Məgər görmür ki, yalvaranlar, dalımca sürünənlər çoxdur. Bəs fikirləşmir ki, birdən kiməsə “hə” deyərəm” – deyə Zümrüd teztez fikrə gedir, Muradın nəyə görə susduğunu heç cür anlaya bilmirdi. Universiteti bitirməyə sayılı günlər qaldığından Zümrüdün narahatlığı getdikcə artırdı.
Sonuncu dərsdən sonra Zümrüd tələbələrə qoşulub universitetdən çıxdı. O, yol boyu ayağını sürüsə də, Murad onu haqlayıb həmişəki kimi evlərinə qədər ötürmədi. Zümrüd Muradın xətrinə dəyməsə də, gün boyu davam edən bu susqunluğu, soyuqluğu başa düşə bilmirdi. Amma hiss edirdi ki, ortada nəsə var.
Murad fikirli halda universitetdən çıxdı. Fərid iri gövdəli palıd ağacının altında dayanıb onu gözləyirdi. Qətiyyətli addımlarla ona yaxınlaşıb dedi:
– Yəqin, məni gözləyirsən?
– Yanılmamısan! – Fərid cavab verdi, – dediyim sözləri unutmamısan?!
– Bilirsən, dost…
– Biz dost-zad deyilik, – Fərid onun sözünü ağzında qoydu, – əgər dost olsaydıq, mənə qarşı elə hərəkət etməzdin.
– Nə etmişəm ki? – Murad soruşdu.
– Ta nə edəcəksən?! Araya girib dostluğumuza xəyanət etmisən, bundan o yanası varmı?
– Fərid, əzizim, olarmı bir dost kimi, ya qrup yoldaşı kimi əsəbiləşmədən, soyuq başla hər şeyi müzakirə edək? Artıq biz uşaq deyilik axı kimsə başımıza ağıl qoysun. Bu gün-sabah müstəqil həyata qədəm qoyacağıq. İkimiz də ziyalı ailəsində böyümüşük. Bizim yaxınlığımız valideynlərimizin də dostluğuna səbəb olub.
– Sözünün canını de! Mən öz sevgimdən keçən deyiləm! Axırıncı sən gəlmisən, sən də getməlisən!
– Elə isə məni dinlə, Fərid. Əgər xəbərin yoxdursa, bil və agah ol. Mən sizin aranıza girməmişəm. Bəli, mən, həqiqətən, Zümrüdü sevirəm, həm də səndən daha çox. Bütün varlığımla! Ancaq bunu hələ də ona deməmişəm. Qorxmuşam ki, “yox” cavabı alaram.
– Doğrudan?! Düz deyirsən? – Fərid təəccübləndi.
– Əlbəttə, doğrudan. Mənim səmimiliyimə şübhə edirsən?
– Yox, etmirəm. Bilirəm ki, sən yalanı sevmirsən.
Araya çökən ani sükutu Fərid pozdu:
– Qağa, elə isə niyə mənə “yox” desin? Fikirləşirdim ki, məni ona pisləyən, gözdən salan sənsən.
– Əgər məni elə tanımısansa, daha sənə sözüm yoxdur. Özün fikirləş, mən səni necə pisləyə bilərəm, Fərid? Adama deməzlərmi, əgər yaxşı oğlan deyilsə, xeyir ola onunla dostluq edirsən, çörək kəsirsən, evlərinə get-gəl edirsən? Mən səni….
– Məni bağışla, Murad. Sənə qarşı düz hərəkət etmədim. Zümrüdə olan məhəbbətim məni lap dəli edib.
– Belə şeylər olur, Fərid. Ancaq hər şeyi ürəyə salmaq da lazım deyil. Həyat davam edir, – deyə Murad gülümsədi.
– Deyirsən, Zümrüddən əl çəkim?! Axı bu mümkün deyil! Mən onsuz yaşaya bilmərəm.
– Yaşayarsan, dost, yaşayarsan.
– Axı necə?! Mən bu illər ərzində ancaq onun həsrəti ilə yaşamışam, qovuşacağımız günü səbirsizliklə gözləmişəm, – deyə Fərid qaşqabaqla cavab verdi.
– Mənə diqqətlə qulaq as, dost. Gör dediklərim ağlına batır, ya yox? – deyə Murad söhbətə başladı, – mənim fikrimcə, həyatda xoşbəxt olmaq üçün yalnız bir nəfərin sevməsi kifayət deyil. Səni sevməyən bir qadına “həyat yoldaşı“ demək nə dərəcədə doğrudur? Mən hələ bu ailədə böyüyəcək uşaqları demirəm. Sən, qadının sevmədiyi bir kişidən dünyaya gətirəcəyi uşaqların xoşbəxt gələcəyinə inanırsanmı? Qarşılıqlı məhəbbət olmadan birgə yaşayışı mümkünmü sayırsan? Sevilməmək dərdi bir kabus kimi ömür boyu səni təqib etməyəcəkmi?!
Fərid özünü saxlaya bilmədi:
– Əgər Zümrüd sənə “yox” desə, bununla barışarsanmı?
– Əlbəttə, – deyə Murad düşünmədən cavab verdi, – mən ona sözümü bir dəfə deyəcəyəm və cavabına da hörmətlə yanaşacağam. Əgər ürəyində bir başqası varsa, mən araya niyf girim? Hamı insandır. Hər kəsin sevmək, xoşbəxt olmaq haqqı var. Başqasının qismətini əlindən almaq, məncə, kişilikdən deyil.
Fərid bu sözlərdən sonra elə bil ayıldı:
– Düz deyirsən, qardaş. Yalvar-yapışla ailə qurmaq olmaz. Zümrüd mənə dedi ki, başqasını sevdiyi üçün onu rahat buraxım. Görünür, qismətimdə deyilmiş.
– Narahat olma, qardaş, ömür hələ qabaqdadır, nə bilmək olar, bəlkə, ondan da yaxşısına rast gələcəksən, – deyə Murad dostuna təsəlli vermək istədi.
– Çətin, heç inanmıram!
Dostlar əl sıxaraq ayrıldılar. Murad bu görüşdən çox məmnun qaldı. Daha nə anası, nə də Zümrüd ona görə narahat olmayacaqdı.
Evə çatanda artıq anası işdən qayıtmışdı.
– Oğlum, indiyə kimi hardasan? Günorta da evə gəlməmisən. Yəqin, acından birtəhər oldun.
– Narahat olma, ana. Kafedə dostlarla nahar eləmişəm.
– Sağ ol, bala, – anası Nadirə xanım dilləndi, – düz eləmisən. Sənə demişəm də, mədəyə vaxtlı-vaxtında qulluq etməyəndə sonra əzabından qurtarmaq olmur.
Nadirə xanım hiss edirdi ki, oğlunun kefi çox kökdür. Ancaq səbəbini soruşmağa tələsmirdi. Axşam yeməyini hazırladıqdan sonra iki stəkan çay süzdü: oğluna və özünə. Çayları zaldakı masanın üstünə qoyub Muradı səslədi:
– Oğlum, hardasan, gəl çay içək.
Murad elə susamışdı ki, bu təklif lap ürəyincə oldu. Otağından səsləndi:
– Gəldim, ana.
Nadirə xanım çay içə-içə oğlunun yaraşığına, boy-buxununa baxır, ürəyi dağa dönürdü. Əllər uzunu bu günü gözləmişdi; oğlu nə vaxt böyüyəcək, universiteti haçan bitirəcək, nə zaman evlənəcək?! Oğlunun toyunu görüb, arzusuna çatmaq istəyirdi. Fikirləşirdi ki, o günə çox qalmayıb. Üzünü Murada tutub dedi:
– Kefin yaman kökdü, oğlum. Səhər belə deyildin. Olmaya bir xəbər var?
– Var, ana, var! – deyə Murad inamlı şəkildə cavab verdi.
– Ay sənə qurban olum! O nə xəbərdi elə?
– Sizə gəlin tapmışam. Razılığınız olan kimi qıza bildirəcəm.
– Başına dönərəm sənin! Atan gələn kimi muştuluqlayacam. Qəşəng bir sırğa görmüşəm, aldıracam ona, – Nadirə xanım sevincək dilləndi.
– Bəs mənə nə çatır? – Murad soruşdu.
– Evim-eşiyim qurban olsun sənə. Nə istədin ki, atan sənə almadı? Ürəyindən nə keçsə, deyərsən, – deyf anası cavab verdi.
– Zarafat edirəm, ana, – Murad dedi, – sizin sağlığınız mənə bəsdir. Üstümdə o qədər zəhmətiniz olub ki, ömür boyu borcunuzdan çıxa bilmərəm.
– Elə demə, sənə qurban, – anası dilləndi, – övlad böyütmək hər bir valideynin borcudur. Bizim də xoşbəxtliyimiz sənə bağlı deyilmi?
– Sağ ol, anacan! Mən ikinizdən də yerdəngöyə razıyam. Allah niyyətinizi gözünüzdə qoymasın! – deyə Murad cavab verdi.
– Di yaxşı, çox yubatma, dözəmmirəm. Tez de görüm, kimlərdəndi?
– Tanıyırsan onu. Bir dəfə görmüsən, ana.
– Harada, başına dönüm?
– Ad günümdə səninlə də oynadı e. Hamıdan gözəl, hamıdan incə, hamıdan yaraşıqlı…
– Dayan, dayan! O topalı deyirsən?! Oğlum, sən heç nə danışdığını başa düşürsən?!
“Topal” sözü elə bil paslı bir xəncər kimi sancıldı Muradın ürəyinə. Donub yerində qaldı. Nitqi tutuldu. Ürəyi elə sancdı ki, yerə yıxılacağını zənn etdi. Fikirləşdi ki, ona bir şey olsa, anası narahat olub özünə əl atacaq, hay-həşir qoparacaq. Xoşbəxtlikdən, vəziyyəti yavaş-yavaş düzəlməyə başladı və hər şey yaxşı qurtardı. Nadirə xanım özü də çox pis oldu. Elə bil uşağı elektrik cərəyanı vurmuşdu. Dediyi sözə peşman idi. Oğlunun könlünü almaq istədi:
– Bala, sənin də xətrinə dəydim… Bilirəm, “könül sevən göyçək olar”, deyiblər. Görünür, bu illər ərzində bir-birinizə isinişmisiz. Ancaq bu ailə məsələsi elə bir şeydir ki, gərək yüz ölçüb, bir biçəsən.
Murad danışmaq istəmirdi. Qanı bərk qara idi. Anasına da hörmət xatirinə qulaq asırdı. Nadirə xanım dedi:
– Hamı bilir ki, sənə qız axtarırıq. Biz elçi getməkdən bizə elçi gəlirlər e, xəbərin var? Ailənə də, sənə də yaxşı bələddilər… Simuzər xalanı tanıyırsan da, qaynı qızı "öləni məsləhət bilir. Qonşumuz Sevinc müəllimə öz qohumunu tərifləyir. Əmiqızın Gülər də deyir ki, hara getsəniz, dayıqızım Leyla kimi qız tapa bilməyəcəksiz. O qızların hamısı da say-seçmə ailələrin uşaqlarıdır. Tərbiyələri, yaraşıqları, diplomları da ki öz yerində. Oğlum, özün fikirləş, bəs adama deməzlərmi ki, elə bunnan yana hay-həşir salmışdınız?! – Nadirə xanım ara vermədən danışırdı, – Oğlum, qızın fiqurası, gözəlliyi səni aldatmasın ha. Allah bilir, hansı dərədən azıb gəlib. Heç ailəsi ilə maraqlandınmı? Öyrənə bildinmi kimlərdəndi? Sayılıb-seçilən qohumları varmı? Ağıllı ol, mənim balam. Sevginin gözü kor olar.Yaxşı-yaxşı fikirləş. Sonrakı peşmançılığın faydası olmaz. Sən ancaq adımıza layiq qızla ailə qura bilərsən.
Bu vaxt Murad dözə bilməyib dedi:
– Ana, məni o qədər də ağılsız bilmə. Zümrüdlə ətraflı maraqlanmışam. Atası sən arzuladığın kimi nə nazir, nə prokuror, nə də ki deputatdır. Valideynlərinin ikisi də sadə kənd müəllimləridir. Zümrüdün tərbiyəsinə söz ola bilməz. Hər şeydən əvvəl məni valeh edən onun davranışı, ağlı və səmimiliyi olub. Elə bilirsən, onun istəyəni yoxdur? Məndən də qəşəng, məndən də imkanlı oğlanlar var e. Heç birini yaxına buraxmır. Deyəsən, könlü mənədir.
Nadirə xanım narahatlığını gizlədə bilmir, Murad isə haqlı olduğunu isbatlamaqda israrlı görünürdü.
– Ana, təəssüf ki, sən onu yaxşı tanımırsan. Biləsən, necə kamallı, necə mehriban qızdır. Danışanda dilindən dürr tökülür, baxanda gözlərindən nur yağır. Əgər Zümrüdlə ailə qursam, xoşbəxt olacağıma inanıram. Sən bunu istəmirsənmi? Yoxsa sənə quru şan-şöhrət, adlı-sanlı qohumlar lazımdır?
– Niyə istəmirəm, ay oğul, – deyə Nadirə xanım bir az yumşaldı, – məgər səndən başqa məni həyata bağlayan ikinci bir şey varmı? Məndə günah yoxdur, bala. Özümdən asılı deyil ki, narahat olmağım. Deyirəm, qızın axsadığını görüb, bizə gülənlər olmasın. Adamın beyninə min fikir gəlir, ay oğul. Heç olmasa, ciddi bir xəstəliyi olmayaydı. Gözlənilməz bir faciə ilə qarşılaşsaq, inan ki, bağrım çatlar. Axı mən nəvə görmfk istəyirəm!
– Elə danışma, ay ana. Allaha dua edək ki, salamatlıq olsun. İnşaallah, hər şey yaxşı olar, ürəyini sıxma.
– Sənə qurban olum, ay oğul. Sanki bilə-bilə bu başdan özünü oda atırsan.
Murad dedi:
– Narahat olma, ana. Allah qarşısında elə bir günahımız yoxdur ki, qarşımıza pis gəlin çıxsın. Ömrünüzü qeyrətlə, namusla yaşamısınız. Sən də, atam da evimizə haram tikə gətirməmisiniz. Qohumlarla, qonşularla həmişə mehriban olmuşuq. Qapımız evimizə gələnlərin üzünə hər vaxt açıq olub. Odur ki, qəlbini fərəh tut, ürəyini sıxma, ana.
Nadirə xanım nə deyəcəyini bilmirdi. Hiss edirdi ki, oğlunu yolundan döndərmək çətin olacaq. Murad araya çökən sükutu pozub söhbətinə davam etdi:
– Əziz anam, yolumda çəkdiyin əziyyətləri, keçirdiyin yuxusuz gecələri qiymətləndirməsəm, varlığınıza sevinib fəxarət duymasam, verdiyiniz çörək mənə haram olar. Atam bu işə yox deməz. Bəs sən nə deyirsən? İcazə verirsənmi Zümrüdün ağzını arayım?
Nadirə xanım kiriyib qalmışdı. Nə edəcəyini bilmirdi. Nəhayət, özünü ələ alıb dedi:
– Oğlum, bu dünya çox vəfasızdır. Əvvəl insanlara qucaq açır, sonra da onları torpaq altında öz ağuşuna alır. Mənim yeganə arzum səni həyatda xoşbəxt görməkdir. Əgər bu dünyadan köçəndə səndən nigaran getsəm, bil ki, məzarım od tutub yanar. Bax, qorxuram ki, onda ruhum gəlib gecələr səni rahat yatmağa qoymaya. Əgər qızın bir qüsuru olmasaydı, mən nə deyə bilərdim? Qorxuram ki, Zümrüd ana olmağa hazırlaşanda problemlə üzləşək.
Yoxsa mən sənə görə hər şeyə göz yummağa hazıram. Dediyim odur, oğlum, gərək elə hərəkət edək ki, dost-düşməni özümüzə güldürməyək. Onsuz da, onunla sən yaşayacaqsan, mən yox ki.
Murad səsini çıxarmadan sakitcə dayanmışdı. Anası elə zənn etdi ki, övladı onunla razılaşdığı üçün ağzına su alıb durub. Odur ki, oğlunun fikrini öyrənmək istədi:
– Hə, indi nə deyirsən, mənimlə razısanmı?
Murad anasının üzünə baxmadan dedi:
– Qoy atam gəlsin, evin ağsaqqalıdır, sonra qərar verərik.
Burda söhbət bitdi. Çox keçmədi ki, Əzim müəllim də gəlib çıxdı. Evə çökən ağır ab-havanı o dəqiqə hiss etdi. Ailədə nə baş verdiyini anlamaq istəsə də, bunu öyrənməyə tələsmədi. Şam süfrəsi yığışılandan sonra Əzim müəllim dedi:
– Ailədə nə baş verir? Bəlkə, mənə də deyəsiniz?
– …
– Doxtur, səninləyəm. Bu nə sükutdur evi alıb ağzına? Bilmək olmazmı?!
– …
– Oğlum, deyəsən, anan məndən küsüb. Bəlkə, sən danışasan.
– Atacan, mən səninlə təklikdə söhbət etmək istəyirəm, – Murad dedi.
– Nə deyirəm, oğlum, – üzünü həyat yoldaşına tərəf tutdu, – doxtur, sən çıxırsan, yoxsa biz tərpənək?
Nadirə xanım bir söz demədəm sakitcə durub getdi. Əzim müəllim dedi:
– Oğlum, nə məsələdi? Nə dilxorçuluqdu belə? Mənsiz evi idarə etmək belə çətindir?
– Ata, məsələ çox ciddi, həm də üzücüdür.
– Aha, belə de. Danış görək, qulağım səndədi, – Əzim müəllim xəbər aldı.
– Deməli, belə, ata. Anam həm sənin adından, həm də öz adından məni həmişə tələsdirib ki, qız tapım, məni evləndirəsiniz…
– Oğlum, buna görə narahat olma, deyərəm, səni çox yormaz. Anadı da, istəyir toyunu görsün. Elə mən də.
– Ata, sən məni başa düşmədin. Məsələ bunda deyil. Mən neçə illərdir tanıdığım, ağlına, tərbiyəsinə bələd olduğum, məni anlayıb başa düşən bir qıza könlümü açmaq istəyirəm.
– Bunun nəyi pisdir ki, oğlum?
– Atacan, qız kənddən gəlib. Atası da, anası da müəllimdir. Özünün də davranışına, dürüstlüyünə söz ola bilməz.
– Bəs problem nədədir axı? Məni başa salsana?
– Ata, mən istədiyim qız yeriyəndə sağ ayağını bir az çəkir. Ancaq ağlına, tərbiyəsinə, mədəniyyətinə söz ola bilməz.
– Mən indi hər şeyi başa düşdüm. Deyirəm axı doxtur niyə belə qaşqabaqlıdı, – Əzim müəllim azca fikirləşib sözünə davam etdi, – Murad, sən heç ürəyini sıxma. Mən səninlə tamamilə razıyam. Sağ ol ki, mənimlə kişi kimi söhbət edib, hər şeyi anlatdın. Qaldı doxtura, ona görə narahat olma, atan onu haqqa gətirər.
Bu sözləri eşidən Murad sevincindən bilmədi nə etsin. Atasını qucaqlamaqdan özünü zorla saxladı. Əzim müəllim üzünü qapıya tərəf çevirib həyat yoldaşını səslədi:
– Doxtur, hardasan? Bir bu yana gəl görək.
Qulağı səsdə olan Nadirə xanım özünü həmən yetirdi. Boş stulların birində əyləşib, ərinə tərəf baxdı. Əzim müəllim dedi:
– Doxtur, mən səni başa düşə bilmirəm. Oğlumuz evlənib bizi sevindirmək istəyir, sənsə muştuluq almaq əvəzinə qaşqabağını tökmüsən. Nə məsələdi?
– Ayağını dedi?! –Nadirə xanım yavaşca soruşdu.
– Əlbəttə, dedi. Məni başa sal görüm, sənə oğlumuzun xoşbəxtliyi lazımdır, yoxsa gəlinimizin yerişi?
– …
Nadirə xanım səsini çıxarmadı. Əzim müəllim sözünə davam edib dedi:
– Arvad, neçə illərdir bir yerdə yaşayırıq. Şükür Allaha ki, bu vaxta qədər aramızda ciddi bir mübahisə, söz-söhbət olmayıb. Bilirsən niyə? Ona görə ki, bir-birimizi sevib evlənmişik. Böyüklərin xeyir-duası ilə ailə qurmuşuq.
Araya ani sükut çökdü. Sonra Əzim müəllim ciddi bir görkəm alıb dedi:
– Doxtur, sənə bir sual verəcəyəm. Sən o sualı mütləq cavablandırmalısan. Deyirəm, bəlkə mən indiyə kimi səni yaxşı tanımamışam. Sən öz cavabınla mənim bütün şübhələrimə son qoymuş olacaqsan. İndi mənə de görüm, sabah mən qəzaya düşüb qollarımı, ayaqlarımı itirsəm, nə edəcəksən? Məni atıb gedəcəksən, yoxsa oğluma sarılıb başıma dolanacaq, gecə-gündüz qulluğumda duracaqsan?!
Nadirə xanım heç nə deməyib susdu. Əzim müəllim əsəbi halda dedi:
– Cavab ver, xanım Nadirə! Səninləyəm!
Nadirə xanım da, oğlu da tutulmuşdu. Murad çaşıb qalmışdı, danışsaydı, dili söz tutmazdı. O, atasını indiyə kimi belə hirsli görməmişdi. Nadirə xanım özünü ələ alıb oğlunun boynunu qucaqladı. Başını qaldırmadan ərinə dedi:
– Bu nə sözdür danışırsan, a kişi?! Allah heç vaxt bizi sənsiz eləməsin. Bağrımızı qan elədin ki. Mən cəhənnəmə, bu nübarımızın ürəyini sıxmayaydın.
– Özün yaxşı bilirsən, onun qəlbinə dəyən kimdir… Bu söhbətə bir də qayıtmırsan. Bir şeyi yadından çıxarma: heç kim bilmir ki, sabah onun başına nə iş gələcək.
Anası oğlunun alnından öpüb getdi. Murad da çox gözləmədi, atası ilə sağollaşıb öz otağına çəkildi. Əslində, tək qalmaq üçün ayrıldı. Yəqin ki, bu söhbətlərdən sonra yatmaq ona çətin olacaqdı.
***
Zümrüd dərsə hamıdan qabaq gəlmişdi. Muradın dünənki biganəliyi onu üzdüyündən gecəni rahat yata bilməmişdi. Səbirsizliklə sevdiyi oğlanın gəlişini gözləyirdi. Nəhayət, Murad gəlib çıxdı. Gözlərinin qızartısından yatmadığı o dəqiqə sezilirdi. Murad gülən gözlərini sevgilisinə tuşlayan kimi Zümrüdün bütün nigarançılığına son qoyuldu. Tənəffüs zamanı söhbətə ilk başlayan Zümrüd oldu:
– Ədə, yekə kişi, dünən məni niyə yola salmadın? Yolumuz bir deyildi ki?
– Bağışla, Zümrüd, şəhərdə xırda-para işlərim vardı. Yaxşısı budur, de görüm, necəsən? – Murad xəbər aldı.
– Sənin kimi, yorğun, yuxusuz.
– Yuxusuz olduğumu hardan bildin? –Murad təəccüblə soruşdu.
– Qızarmış gözlərin haray çəkib hər şeyi xəbər verdi, – Zümrüd bildirdi.
Murad söz tapa bilmədi:
– Haqlısan, Zümrüd… Bu gün dərsdən sonra ətraflı söhbət edərik.
Universitetdən çıxıb üz tutdular həmişə getdikləri “Sevinc” kafesinə.
Kafedə adam az idi. Nahar vaxtı arxada qalmışdı, şam yeməyinin vaxtı isə hələ çatmamışdı. Küncdəki masanın arxasında oturub lal-dinməz bir-birlərinin üzünə baxırdılar. Sözə birinci başlayan Murad oldu:
– Zümrüd, fikrin nədir, rayona getmək, yoxsa Bakıda qalmaq?
– Bakıda?! Evsiz-eşiksiz mənim buralarda nə işim var, ay Murad? Atam-anam bu dörd ildə nələr çəkib, bir Allah bilir.Yenə rayon yerində ötüşmək olur.
Murad gözlənilmədən söhbəti dəyişdi:
– Zümrüd, sən heç ailə qurmaq barədə düşünürsənmi?
– Nəyə görə soruşursan? – Zümrüd suala sualla cavab verdi.
– Deyirəm, yəni istədiyin bir oğlan-zad varmı?
– Yox, yoxdur.
– Doğrudan? Bəs sənə necə, aşiq olan biri varmı?
– Var elə bir oğlan, necə ki?
– Sən bir işə bax, mən heç bilmirdim… Onun kim olduğunu bilmək olarmı?
– Əlbəttə, olar. O oğlan illər uzunu mənə qayğı göstərən, hər sevincini mənimlə bölən, dar günümdə, çətin anlarımda yanımda olub, öz köməyini heç vaxt məndən əsirgəməyən dünyalar qədər sevdiyim birisidir.
Murad çox narahat oldu. Sifəti pörtdü. Canına əsməcə düşdü. Fikirləşdi ki, deyəsən, arzuları puç olur, xoşbəxtlik ondan üz döndərir. Dili topuq vura-vura astaca soruşdu:
– O bəxtəvər kimdir elə? Mən onu tanıyırammı?
– Tanıyırsan, Murad. Özü də lap yaxşı tanıyırsan. O adam mənimlə üz-üzə oturub gözlərimin içinə baxan, lakin “səni sevirəm” kəlməsini deməyə cəsarəti çatmayan Murad Camalzadədir.
Murad özünü itirdi. Bilmədi nə etsin. Başını aşağı salsa da, həyəcanını gizlədə bilmədi. Özünü birtəhər toparlayıb dedi:
– Zümrüd, əzizim, bilirsən ki, səni necə çox sevirəm. Düzü, deməyə cürət etmirdim. Qorxurdum, birdən “yox” cavabı alaram, ürəyim buna tab gətirməz.
– Sən bir bunda dilə bax! Bu sözləri hardan öyrənmisən, Murad? – Zümrüd zarafatla soruşdu.
– Əzizim, bilirsən ki, mən utancaq oğlanam. Məni dilə gətirən sənə olan məhəbbətimdir.
– Görürəm, çox utancaqsan! Dil-dil ötürsən, maşallah.
Bir müddət heç biri danışmadı. Sakitcə oturub bir-birlərinə baxdılar. Araya çökən sükutu Zümrüd pozdu:
– Murad, gecdir, bəlkə, gedək?
– Hara? Mənə cavab vermədin axı. Valideynlərimi sevindirə bilərəmmi? Zümrüd ciddi görkəm alıb dedi:
– Məni sevdiyinə, mənimlə ailə qurmaqda qərarlı olduğuna əminsən?
– Əlbəttə, Zümrüd. Məgər sən buna şübhə edirsən? – Murad cavab verdi.
– Elə isə de görüm, bəs niyə indiyə kimi məni üzüntüdən qurtarmırdın? –Zümrüd narazı şəkildə xəbər aldı.
– Axı sənə izah etdim. Əgər “yox” cavabı alsaydım, necə olardım?
– Bəs qorxmurdun ki, bir başqasına könül verərəm?
– Yox, qorxmurdum. Birincisi ona görə ki, əgər həqiqətən məni sevirdinsə, bunu etməzdin. İkincisi də, belə bir fikrin olsaydı, mütləq mənimlə məsləhətləşərdin.
– Ay çoxbilmiş! Gör bir hara qədər hesablamısan. Doğru deyirsən, məntiqlə elədir.
Kafedən çıxıb söhbət edə-edə yola düzəldilər. Söhbətin şirinliyindən bir saatlıq yolun necə tez gəlib keçdiyinə özləri də məəttəl qaldı. Sabaha qədər ayrılmaq lazım idi. Sağollaşma anında Murad Zümrüdün əlini buraxmadı:
– Mənə bir söz demədin, Zümrüd. Fikirləşirdim ki, cavablarımla qarşında bəraət almışam.
– Düz deyirsən, Murad. Səninlə razıyam. Ancaq məni tələsdirmə, nə olar. Bu naz satmaq deyil ha. Özün xasiyyətimə bələdsən. Sabah sənə cavab verəcəyəm. Gecəni rahat yata bilərsən…
Sevgilisi ümid verdiyi üçün Murad evlərinə kefi kök gəlmişdi. Fikirləşirdi ki, Zümrüddən inciməyə dəyməz, axı onun da böyükləri var. Valideynlərinin razılığı, xeyir-duası olmadan o, Murada bir söz deyə bilməzdi. Ən azı anası ilə məsləhətləşməliydi.
Murad mətbəxdə oturub çay içirdi. Nadirə xanım oğlunun başına sığal çəkib dedi:
– Mən nə edirəmsə, yalnız sənə görə edirəm. Təki sən xoşbəxt ol, mənim başqa bir umacağım yoxdur. Özümdən asılı deyil ki, danışıram da. Dünənki söhbətə görə də məndən incimə.
– Allah eləməsin, ana. Oldu, keçdi. Zümrüd yaxşı qızdır, özün görəcəksən. Ağıllıdır, mehribandır. Onu məndən də çox istəyəcəksən.
– Danışdınızmı? Nə deyir? Elçiliyə nə vaxt gedirik? – Nadirə xanım xəbər aldı.
– Darıxma, ana. Sabah Zümrüdlə görüşüb hər şeyi həll edəcəyəm.
Hava işıqlanmağa başlamışdı. Səhərin sayrışan al şəfəqləri pəncərədən Murada əl eləyirdi. Telefonun zəngli saatı hay-küy salmamış, Murad gözlərini açmışdı. Yuxudan tez dursa da, özünü gümrah hiss edirdi. Qalxıb əl-üzünü yudu. Bəzi əl-qol hərəkətləri etdi, səhər yeməyini yeyib, dərsə yollandı.
Auditoriyaya, demək olar ki, Zümrüdlə eyni vaxtda ayaq basdı. Sanki sözləşib gəlmişdilər. Zümrüdün sifəti açılmış, yanaqları qızarmışdı. Elə bil üzündə ay doğmuşdu. Muradın isə gözləri gülürdü. İkisi də bəxtəvər görünürdü. Dərslərin başlamasına hələ yarım saat qalırdı. Otaqda onlardan başqa kimsə yox idi. Murad dedi:
– Zümrüd, atamgil sizə getmək istəyir, yəni kənddəki evinizə.
Zümrüd gülümsədi:
– Murad, dərsdən sonra çimərliyə gedə bilərik? Mən sənə olan eşqimi Xəzərin qumlu sahilində bəyan etmək istəyirəm.
– Əlbəttə, olar. Səndən cavab almaq üçün dünyanın harasına desən, getməyə hazıram.
Vaxt elə ağır gəlib keçdi ki, Muradı lap hövsələdən çıxardı.
Sevgililər taksini yola salıb dənizin ləpə - döyəninə qədər yeridilər. Günorta saat üç olardı. Dəniz çox sakit idi. Suyun istiliyi çimmək üçün yetərli olmasa da, narın ləpələr üstündə əl-qol atan bir neçə adam diqqəti cəlb edirdi. Murad sevgilisinin əllərindən tutub düz gözünün içinə baxdı. Ona elə gəldi ki, Zümrüdün gözləri Xəzərlə müqayisədə daha dərindir. Bir anlıq ürəyindən keçdi ki, eşqdən alışıb-yanan ürəyini söndürmək üçün Zümrüdü bağrına basıb, dodaqlarından öpsün. Özünü toplayıb bu fikrindən vaz keçdi. Düşündü ki, onsuz da o ana çox qalmayıb. Üzünü sevgilisinə tutub dedi:
– Eşidirəm səni, Zümrüd. Bu da istədiyin qumlu sahil. İndi ürəyindəkiləri deyə bilərsən.
– Murad, səni çox yormaq istəmirəm. İcazə ver, əvvəlcə dənizə bir baş vurum, sonra sözümü deyərəm. Kim bilir, rayona gedəndən sonra Xəzərlə bir də haçan görüşəcəyəm.
– Sən nə danışırsan, Zümrüd?! – Murad heyrətini gizlədə bilmədi, – sənə soyuq olar! Çimərlik dövrü başlamayıb axı! Sən o adamlara baxma. Onlar vərdiş ediblər.
– Sən qəti narahat olma, Murad. Elə mən də öyrəncəliyəm. Çimərlik paltarını geyinib gəlmişəm. Soyuqdan heç bir qorxum yoxdur. Məgər unutmusan, axı mən dağ kəndində böyümüşəm. Gözlərini yum, soyunum, mən deyəndə açarsan.
Zümrüd təkid etdiyindən Muradın razılaşmaqdan başqa çarəsi qalmadı. O, indiyə kimi sevgilisini çimərlik paltarında görməmişdi. Qorxurdu ki, Zümrüdün ağ bədənini, əsrarəngiz gözəlliyini görüb özündən getsin. Muradı xəyaldan Zümrüdün səsi ayırdı
– Yaxşı, bəsdir durub matdım-matdım üzümə baxdın, utanıram axı.
Zümrüd qurşağa qədər soyunmuşdu ki, Murad gözlərini açdı. Sevgilisinin ağappaq sinəsini görüb az qaldı huşunu itirsin. Zümrüd dedi:
– Ay xatakar, sənə deyən oldumu gözlərini aç.
Murad sevgilisinin günəş şüaları altında parlayan füsunkar bədəninə baxıb, ”İlahi, gör necə də gözəldir!” – deyə fərəhindən qanadlandı. Murad Zümrüdün döşlərini şairlərin vəsə etdiyi kimi nə bir cüt almaya bənzətdi, nə də ki nara. Ona elə gəldi ki, Zümrüdün sinəsində sayrışan günəşin bir parçasıdır. Murad özünü itirmişdi. Zümrüd sakitcə dayanıb, gülümsəyirdi. Murad isə sevgilisinin gözəlliyi qarşısında mat qalmışdı, onun cazibəsindən çıxa bilmirdi.
Zümrüd dedi:
– Bəsdir baxdın. Üzünü çevir, yoxsa çıxıb gedəcəyəm.
Murad bir söz deməyib üzünü çevirdi. Və çox keçmədi ki, Zümrüdün məlahətli səsini eşitdi:
– Murad, su soyuq deyil. İstəyirsən, sən də gəl.
Murad yavaşca geri döndü. O, ləpələrin ətəyində qürurla dayanan Zümrüdü görən kimi yerindəcə donub qaldı. Sir-sifəti pörtdü, dünya başına fırlandı. Gözlərinə inanmaq istəmirdi. Zümrüdün sağ ayağı dizdən aşağı protez idi. ”Deməli, buna görə həmişə şalvar geyinirmiş” – deyə düşündü.
Murad özünü itirmişdi, nə edəcəyini bilmirdi. Zümrüdə tərəf baxsa da, gözlərinə anası Nadirə xanımın gah qəzəbli, gah da ki, üzgün sifəti görünürdü.
Zümrüd Murada baxaraq gülümsəyirdi…