Bəri başdan deyim ki, mən siz düşünən qədər də yalan söyləməyi bacarmıram. Bununla belə, yalançılara qarşı hədsiz dərəcədə nifrət, kin-küdurət bəsləmək də təbiətimə yad olan xüsusiyyətdir. Yeri gəlmişkən bildirim ki, (bu, nə qədər qəribə səslənsə belə) həqiqi, inandırıcı dərəcədə yalan söyləmək istedadı da məndən uzaqdır, amma cürbəcür zərərsiz cəfəngiyatları özümlə çəkib aparmağı çox sevirəm.
Bir dəfə jurnallardan biri mənə resenziya yazmağı sifariş verdi. Amma mənim sənətim yazıçılıq olub, resenziya yox, kitab yazmaqdır. Və çox hallarda öz sənətimə sadiq qalmağa səy göstərirəm. Amma bu dəfə vəziyyət elə alındı ki, mən həmin qeyri-müəyyən təklifdən boyun qaçırmamağı qərara aldım. Baxmayaraq ki, kitab barədə resenziya yazmaq çox darıxdırıcı və yorucu bir işdir, amma mən uydurulmuş bir kitab barədə, yəni heç vaxt çap olunmayan bir əsər haqqında əhatəli bir resenziya yazmağı qarşıma məqsəd qoydum. Sözün düzü, ideyamdan hədsiz dərəcədə məmnun qalmışdım. Əvvəla, həyat həqiqətinə oxşar nəsə uydurmaqdan ötrü güc-qüvvət sərf etmək lazım gəlir, amma bunun əvəzində vaxta qənaət etmiş oluram, çünki kitabın özünü oxumağa artıq ehtiyac qalmır. Bundan əlavə, mən həm də eyni zamanda əsəblərimi qorumuş oluram, ona görə ki, başdan ayağa cəfəngiyatdan ibarət olan bu “əsərin” müəllifinə daha söyüş söyüb, acıqlanmaq da lazım gəlmir.
Resenziya dərc olunandan sonra mən demək olar ki, kənardakı təsirlərə, hədə-qorxulara özümü artıq hazırlamışdım. Gözləyirdim ki, “Ayıb olsun, bu qədər də adamı aldatmaq olar!?”, “Mən hər yeri gəzib axtardım, amma bu adda, bu məzmunda kitaba rast gəlmədim” kimi məzmunlu məktublar üstümə axışıb gələcək, məni o ki, var söyəcəklər, hədə-qorxu gələcəklər. Amma bunların heç biri olmadı. Oxuculardan bir məktub belə almadım. Doğrudur, özümü istənilən vəziyyətə hazırlamışdım. Yəni, kənardakı hər hansı təsirin qarşısını almaq iqtidarında idim. Bununla belə, insanların mənim resenziyama bu dərəcədə laqeyd münasibətlərindən sadəcə çox xoş hal olub, rahatca nəfəs aldım. Elə başa düşməyin ki, jurnallarda dərc olunan ədəbi resenziyaları heç kim ciddi qəbul etmir, əlbəttə, belə deməzdim, amma bu məsələdə məndə bəzi şübhə və tərəddüdlər yaranmışdır.
Müsahibə deyilən belə bir şey də var. Bu gün mənə verilən suallara doğru-düzgün, vicdanla cavab verməyə çalışıram. Amma gənc yaşlarımda isə indikindən daha qaba və kobud bir insan idim, çox vaxtlar mənə ünvanlanmış suallara məzəli cavablar verməyi xoşlayırdım. Məsələn, soruşanda ki, hansı kitabları mütaliə edirəm, cavab verərdim: “Son vaxtlar məni Meydzi dövrünün ədəbiyyatı maraqlandırır. Əsasən az tanınan müəlliflərin əsərlərini oxuyuram. Belə hesab edirəm ki, Soqo Mutaqutinin və Qoxeya Osakinin əsərləri müasir müəllifləri ilhamlandıra bilər”.
Məlum məsələdir ki, bu adda, bu nişanda yazıçılar Yaponiyada heç binayi qədimdən olmamışlar. Sadəcə işin gedişində onları mən özüm uydurmuşam. Amma bunu heç kim bilmir. Bir sözlə, boşboğazlıqda mən əsl ustayam. Hər halda bu məsələdə heç vaxt çətinliklərlə üzləşməmişəm.
Yapon dilində belə bir ifadə var: “qırmızı yalan”. Bilirsiniz niyə qırmızı? Ona görə ki, hələ ta Naranın dövründə yalan söyləyənlər, öz uydurmaları ilə ətrafdakıların həyatını korlayanlar barədə ölüm hökmü verilərdi. Hökm çox sərt idi və bu cür yerinə yetirilirdi:müqəssirin ağzına bir dəfəyə düz iyirmi ədəd içi şirin lobya ilə doldurulmuş qırmızı düyü lavaşı qoyulardı. O yazıq lavaşları çeynəmək gücündə olmadığından boğulub ölərdi. Məsələ burasındadır ki, yapon dilindəki qırmızı yalan ifadəsi məni uzun müddətdən bəri düşündürür. On ildən çoxdur ki, bu ifadənin etimalogiyasını aydınlaşdırmağa çalışıram. Amma iş başımdan aşdığından (yenə yalan söyləyirəm) hər dəfə bu məsələdən vaz keçirəm.
İngilis dilində isə “ağ yalan” ifadəsi mövcuddur. Burada söhbət ziyansız yalandan, heç kimə xətər gətirməyən yalandan gedir. “Ağ yalan” həm də müqəddəs yalan, “bədbəxtliklərdən qorunmaq naminə söylənilən yalan” (bu, əsl həqiqətdir) anlamını ifadə edir. Fikrimcə, söylədiyim cəfəngiyatlar hər şeydən öncə bu yalan növünə daha yaxındır. Və onun heç bir ziyanı-filanı yoxdur. Eşidirsiniz? Yoxsa, mənim də ağzıma bir dəfəyə düz iyirmi ədəd içi şirin lobya ilə doldurulmuş qırmızı düyü lavaşı qoyulsa, düz sözümdür, bu cəzadan heç cür salamat çıxa bilməyəcəyəm.
Tərcümə edən
Ağaddin BABAYEV