***
Axşam olur, günəş batır şəhərdə;
At oynadır küçədəki qaranlıq.
Pəncərədən şəkil düşür otağa,
Darıxıram evdə ikiadamlıq...
Qonşu arvad səs eləyir ərinə,
Diksinirəm, ayılıram bu səsə,
İndi məni qorxudur elə hər şey;
İndi məni üzür, qızım, hər nəsə...
Qarşıdan da payız gəlir, üstəlik
Doğum günüm, ölüm günüm yaxındı.
Sən gedəli əlim yatmır heç nəyə,
Heç kim ilə edəmmirəm yaxınlıq...
Onda sən də balacaydın, uşaqdın,
İndi necə, böyüdümü əllərin?
İndi necə, böyüdümü əlcəyin?
Yəqin, indi məktub yaza bilirsən,
Yəqin, indi cümlələrin oxunur,
Allah haqqı, dediyin o sözlər heç,
Demədiyin sözlər mənə toxunur...
Heç olmasa bu payızda xatırla,
Heç olmasa, bir payızlıq xatırla.
Hər şey, hər şey qoyduğundan betərdi;
Sən gedəli, ölüm kimi həyatdı
Sən gedəli,
Sən gedəli darıxmalı həyatdı...
DUALARA İNANMAQ
(sənə bağlılığın surəsi…)
I
üç dəfə Allaha dua etdim:
azan səsinə görə,
rəsulallaha görə,
bir də ən axırıncı adamı bağışladığına görə...
II
üç dəfə Allaha dua etdim:
dedim ki, İlahi, göyərçin qanadlarına,
payızıdan qopan yarpaqlara,
balaca qızcığazın göz yaşlarına bağışla bu yer
kürəsini
III
üç dəfə Allaha dua etdim:
dedim ki, İlahi, heç vaxt gözlərimizi uzaqlara,
heç vaxt əllərimizi uşaqlara,
heç vaxt nəfsimiıi insanlara möhtac eləmə, sonra ağladım...
IV
bir gün minarədən gələn azan səsinə
qoşuldum,
əllərimi qaldırıb dedim: məni yoxdan yaratmısan,
məni yoxdan yox elə...
V
anamın mübarək əllərinə görə
sənə həmişə diz çökəcəm, Rəbbim,
anamın əllərindən göıəl hədiyyə ola əilməıdi
mənə...
VI
gecədən keçmişdi mən ayılıb pəncərədən
baxanda:
qaranlıq gecəyə, ağappaq göyə baxıb utandım,
mən heç nə yarada bilmərəm, Rəbbim,
hər şeyin gözəli sənə məxsusdu...
VII
bir qoca kişi
gözlərinə eynəyi keçirib ağlayırdı,
deyirdi ki, məni bundan da balaca uşaq eləmədən
öldür, İlahi...
Azan səsində dincəl,
günahlardan düş, yuyun,
gəl səssizcə oturaq
və darıxaq qol-boyun...
dəyişirəm içimdən;
hisslər pinti, həm kobud
bir baxışlıq gəl, qayıt,
gəl, xatirələri ovut...
məndən uzaq olanım,
nə qalıb bağlılıqdan?
yolüstü gətir mənə
bir az uzaqlığından…
özümüzə bir küçə,
bir də seçək qaranlıq,..
harda olsa, yer elə
yanında bir adamlıq...
daha gecsə, eybi yox,
təki üzün ağ olsun,
nə fərqi var, yaxşı, pis,
adı yaşamaq olsun…
səssiz bir gecə olsun,
səssiz bir küçə olsun,
bu gün sən gəl, sabah mən,
hesab heç-heçə olsun...
dəli bir gecə olsun,
lap belə ayrılmasaq,
sonu bəs necə olsun?
***
yağış – göy üzünün kədərlənməsidi,
qadın – kişinin son sığınacağı yerdi,
uşaq – iki insanın məcburi taleyidi…
sevgi – adamın aldanışıdı,
aldanış – adamın təsəllisidi,
təsəlli – insanın ümidi...
göz yaşından təmiz,
qadın əllərindən məsum,
küçələrdən müqəddəs,
ölümdən gerçək heç nə yoxdur,
bir də mən heç kimə çatmadım…
***
KAFKAVARİ
Bir qolumu söykəyib pəncərədən baxıram…
Sənsiz saat üçdümü, ya beşdimi, Milena?
Çirkli bir masaüstü, köhnə tablo, radio...
Belə yaşamaq, de, bir işdimi, Milena?
Qəfil ayılıb gecə baxdım, baxdım yoxmusan,
Gördüm, sən də dumantək çəkilmisən, Milena.
İşğaldan azad olan, vətən kimi doğmasan,
Əbədi, ömür boyu şəkilmisən, Milena?
Tanrı müqəssir deyil, heç nə müqəddəs deyil,
Nə mən dünyada təkəm, nə sən budda, Milena.
Heç nə istəmirəm ki sənin zalım əlindən,
Bir axşamlıq unutma, saxla yadda, Milena.
Eyni eralardayıq, itkinik, bir az yoxuq,
Təqvimlərdə bir kişi unudulub, Milena.
Nə yaxşı rəhmin gəlib, məni qoyub gedəndə,
Saçından düşüb yerə bir tük qalıb, Milena.
Sərsərilik həyatda, hardasa ömür boyu,
Məktub gözləmək ki var, it zülmüdür, Milena…
NOYABR AXŞAMINDA SEVGİ ETÜDLƏRİ
bilirəm, getməli deyildik, bilirəm,
bir-birimizdə bunca xatirələrimiz varkən...
bilirəm, susmal deyildik, bilirəm,
danışılası o qədər söz varkən...
bilirəm, getməli deyildik, bilirəm,
bir-birimizə çatacaq qollarımız varkən...
hopduğun yerlərinə sadiq qalmadın
onsuz da qadınlar belə gedir,
onsuz da bilirdim, yetim qoyacaqdın qollarımı,
mən anamdan bilirəm, o da ağrıyanda dözülməz
qadın olur;
mən anamdan bilirəm qadınları
niyə belə oldu axı, qoyardın çatardım sənə, sonra
bütünlüklə gedərdin,
niyə belə oldu axı, nə tez getdin,
heç qoymadın ötürüm səni,
qayıdım ayaq izlərindən ünvanıma,
niyə belə getdin axı?
niyə qoymadın son dəfəsində deyim ki,
sənsiz qoyduğun bədənimin yerlərində bir it ulayacaq...
niyə qoymadın qucaqlayım səni?
deyim ki, məni səndən sonra hamı tərk edəcək...
burda payız, noyabr, burda isinmir otaqlar,
əzab verir olmamağın, hücum çəkir üstümə.
ürəyimdən də keçmir nəyisə əzizləmək...
burda şəkil də tərk edir görürsən ki, adamı...
nə pis imiş, nə pis imiş gələn günü gözləmək...
sənə yazmaq istəyirəm, uzaqlardan, uzaqlardan
ki, hardasan, necə keçir məndən sonra vaxt,
zaman
qollarının harasıyla darıxırsan,
axşam kölgə düşəndə
səni yenə incidirmi dırnağına saçlarIn ilişəndə?..
quşlar gələr qonar sizin evinizin üstünə,
saçlarına yağış dəyər, dodağına göz yaşı...
ey könlümün darıxanı, ey könlümün gözəli,
pəncərəni açıq tutma, ürəyinə şərf dola,
ey könlümün yaraşığı, ey könlümün sonası,
payız, qışa ümid yoxdu, bir də gördün qripsən,
payız, qışa ümid etmə, qadınlardan betərdi,
darıxdırdı, üşütdüsə, sonrasını bilirsən...