Bu dəfə Allah onun üzünə baxmadı. Deyəsən, can çəkişirdi. Əvvəllər onu itirmək qorxusu başımın üzərindən çəkilmirdi. Bu qorxu hər gün bir az da artaraq məni qarabaqara izləyirdi. Lakin günlərin birində onun varlığı mənimçün adiləşdi, heç bilmirəm bu nə zaman baş verdi. Lakin buna baxmayaraq, bu xəbər məni bərk sarsıtdı. Axı onunla xeyli üst-üstə qalaqlanmış xatirələrim vardı. Deyəsən, məsələ təkcə xatirələrdə deyildi, baxmayaraq ki, aramızda son baş verənlər qürurumu alçaltmışdı, mən onu hələ də sevirdim. İşə bax, onu unutduğumu düşündüyüm halda, hələ də sevdiyimi anladım. Lənət olsun, axı mən ona dönük çıxmamışdım. Sadəcə, o, hədsiz laqeydliyi, soyuq münasibəti, ötəri nəzərləri ilə məni özündən soyutdu. Ona bir addım atanda on addım geri çəkilirdim. Onunçün hər şeyin günahkarı mən idim. Günəş onu yandıranda da, yağış isladanda da tək müqəssir və mühakimə olunası mən idim. Buna daş da dözməzdi, amma mən dözürdüm. Hə, eşitdim, yaxşı sualdır. Niyə məcbur idim, hə? Heç özüm də bilmirəm. Əslində onu niyə sevdiyimi heç vaxt bilmədim, günü bu günə kimi. Bir dəfə bir yerdən oxumuşdum ki, bir insanı səbəbsiz sevirsənsə, heç bir səbəb olmadan ona nifrət də edə bilərsən. Bu fikir oxuduğum an beynimə kilidlənmişdi, çox düşündürürdü məni. Bu düşüncələrə qərq olaola bir də baxdım ki, o artıq mənimçün öz həyati əhəmiyyətini itirib, qum dənəciklərinin torpağa qarışdığı kimi cəmiyyətə qarışıb və onlardan biri olub mənimçün. Daha onun adı gələndə həyəcanlanmırdım, onu görməkçün dalanlardan boylanmırdım, gözlərində azmırdım. Yəqin, bütün sevgilər bu cür sona çatır. İşə bax, mən hətta ayrılığımızın da qeyri-adi olacağını zənn edirdim, amma sonra anladım ki, hər kəs necə, mən də elə.
Yaxşı xatirimdədir, o, həmişə insanları aşağılamağa çalışırdı. Onların uğursuzluqlarında özlərini günahkar sayırdı, uğurlarında isə başqalarının payı olduğunu düşünürdü. Bu ədalətsizliyi məni çox zaman qıcıqlandırırdı, onunla dava edirdim. Hər dəfə də eyni sözü deyirdi mənə:
– Tanımadığın adamlara görə mənimlə dava etmə.
Mən onu başa sala bilmirdim ki, mənim onunla davamın səbəbi tanımadığı insanlara qarşı olan münasibəti yox, bütöv bir insanlığa qarşı olan kini idi. Çox zaman da ayağımın tozu olmayan adamlarla məni qısqandırmağa çalışırdı. Bəli, nə zamansa buna nail olurdu, amma sonra dərk etməyə başladım ki, mən əslində qısqanmırdım, onun havasına oynayırdım.
Qırtlağında ömrünün son akkordları çalınanda adımı zümzümə etmişdi. Qarşısında ağlamayım deyə, bayırda ürəyimi o ki var boşaltdım, sonra yanına getdim. Ona qarşı qəlbimdə aşırı qürurum vardı, məni çox incitmişdi, amma yenə də özümə güc gələ bilmədim. İllər sonra yenə yenildim qarşısında. Nə də olmasa, bir zamanlar sevirdim axı onu. Sevmək belə olmur, mən dəli kimi aşiq olmuşdum ona. Onun olmadığı bir dünyanı istəmirdim, amma bundan belə dünyam onsuz olacaqdı. Xəstə yatağında olsa da, əzəmətini hələ də qoruyub saxlaya bilmişdi. Bu qədər zamandan sonra gözləri hələ də mənimçün əhəmiyyətini itirməmişdi. Yenidən o illərin həyəcanı doldu qəlbimə, yenə gözlərimi qaçırdım gözlərindən.
O gecədəki kimi yenə susur, yenə heç nə demir, məni narahat edən qaranlıqları aydınlatmaq istəmir sanki. Əl atıb yaxasından tutub var gücümlə silkələmək, mənə düzünü deməsi üçün üzərinə basqı etmək istədim. Birdən ayıldım, o, sadəcə, baxırdı, məni süzürdü. Bacısı dedi ki, huşu özündə deyil, heç nəyi xatırlamır.
– Heç dəyişilməmisən, bir az arıqlamısan, yəqin, mənsizlik ağır gəlib...- uzun zamandan sonra aramla, çətinliklə dediyi sözlər məni heyrətləndirdi. Sanki bacısını yalançı çıxarmağa çalışırdı. Bu halıyla da mənə söz çatdırmaqçün özündə güc tapmışdı. Son nəfəsində də özünü inandırmağa çalışırdı ki, onsuz əziyyət çəkmişəm. Bacısı gözlənilməz vəziyyətin təəccübünü yaşayaraq, onun uzun zamandır ağzını açıb danışmadığını, heç su belə istəmədiyini dedi və bizi tək buraxdı. Heç nəyi xatırlamayan adam məni necə xatırlayır axı? Hələ xarici görkəmimdəki bir dəyişiklik də diqqətindən qaçmadı.
– Nədir? Nə süzürsən məni? Niyə gəlmisən? Sualların var? – zarıltılı, ah-ufların içindən bu sözləri zorla seçib çıxarırdım.
– Məni sən çağırmısan bura. Sənə qarşı dürüst olacam. İçimdə sənin adına heç bir hissim yoxdur, sadəcə, çağırdın deyə, gəldim. Suallarım isə bir zamanlar vardı, cavablandırmadın. İndi də mənə lazım deyil.
– Ay yazıq... Yaşının üstünə yaş gəlib, amma hələ də yalan danışmağı öyrənməmisən. Gözlərinin qarası böyüyür məni görəndə. Hələ də o illərin...
– Kəs... O illərdən danışma mənə. Mən səhvlərini sənin üzünə vurmuram ki... Sən də mənim səhvlərimi üzümə vurma. Eşidirəm...
– Səndən sonra həyatımda saysız-hesabsız münasibətlərim oldu, yataqda bitəni də oldu, o tərəfə keçəni də, amma heç biri sənin yerini vermədi. Görürsən, mən də sənə qarşı dürüstəm. Səndə necə oldu, bilmirəm, amma məndə çox ağır oldu bu xiffət. Hər kəsdə səndən bir parça axtarırdım. İş ondadır ki, tapırdım da, amma məni qane etmirdi. Ayrı-ayrı adamlardakı sənə bənzərliklərin hamısını bir arada bir tək səndə istəyirdim. Hələ biri vardı, sənin kimi o da pivəni duzla içirdi. Biri də vardı, eynən sənin kimi qısqanc idi, amma səni qısqandırmaqdan aldığım həzzi ondan almırdım. Ümumiyyətlə, heç biri məni həyəcanlandırmağı bacarmadı...
– Axı sən niyə elə düşünürsən ki, bütün bunlar mənə maraqlıdır? Bir az sus mənimçün, sadəcə, sus və bax...
– Yox, az qalıb vaxta, onsuz da həmişəlik susacam. Heç olmasa, son dəfə gözümün içinə bax, baxışını qaçırmadan bax və nə demək istəyirsənsə, de... lap elə söy, amma gözümün içinə baxaraq et...
– Mənim demək istədiyim şeylər sənin boğazında düyünlənər, həzm edə bilməzsən. Buna görə də xahiş edirəm, dindirmə məni.
– ...
– Əslində mən bir tək səndən yıxıldım, sadəcə, sən anlamadın. Bəzən mənə elə gəlirdi ki, sən olmasan, yaşaya bilmərəm, amma sonra elə oldu ki, anladım, yoxluğunda yaşaya bilməyəcəyim kimsə varsa da, onun sən olmadığını.
– Buna yaşamaq deyirsən?
– Tərəddüdlərim boğur içimi. Allah xatirinə, mənə bir ümid işığı ver, tutum o işıqdan və səni yenidən ucalara qaldırım.
– Soruş... amma əllərimdən əvvəlkitək tut, soruş, onlar sənə doğrunu deyəcək. Əllərini birləşdirib ovuclarımın içinə aldım və nəfəsimə yaxınlaşdırdım. Gözlərində məmnunluq duydum. Onun təbəssümü yenə də məni xoşbəxt edirdi. Sualımı gözləyirdi, mən isə artıq soruşum, ya soruşmayım deyə bir tərəddüd qarşısında acizanə boynumu bükmüşdüm.
– Qu-z-um, susma, sor-uş, düzünü deyəcəm.
– O şəkildəki sən idin?
– Hə...
– Mənə bunu etməməli idin. Mən sənə sitayiş edirdim e... kirlənərsən deyə, sənə əlimlə toxunmağa qorxduğum halda, sən başqalarıyla yatağı bölüşmüşdün. Bir dəfə məndən soruşdular ki, sənin nəyinəm? Bilirsən, nə cavab vermişdim? Cavab vermişdim ki, heç hələ özüm də bilmirəm onun nəyiyəm. Bilmək də istəmirdim, elə zənn edirdim ki, bunu biləndə bitəcək hər şey. İstəmirdim bitsin...
Mən sözlərimin hələ hamısını deyib bitirməmiş nəfəsi kəsildi, əlləri ovuclarımda soldu, canını tapşırdı. Bitməsini istəmədiyim bir hekayə, nəhayət, bitdi.
ŞİMAL, CƏNUB, ŞƏRQ, QƏRB VƏ SƏN
Bəlkə də, bu, sənə son məktubumdur. İstəyirəm bilib və agah olasan ki, mən səni çox sevirəm. Zəng edib telefonda səsini dinləyən o “səsini çıxart” dediyin mən idim. Əslində mənim səsim hər zaman çıxdı, amma sən eşitmədin. Mənim dilim yalnız və yalnız sənin adını dedi. Görən də yeni dil açanın “ana” deməsinə bənzədərdi. Ömrümün hansı çağında gəlmiş olsaydın, yəqin ki, yenə də sənin adını sayıqlayacaqdım. Səndən başqa heç nə bilmirdim mən. Ağlım heç nə kəsmirdi. Mən bir tək sənin evdən çıxma və dönmə saatlarını bilirdim, yanımdan keçəndə qoxunu həkk etmişdim beynimə. Köhnə adamlar buna “iyini götürmək” deyirlər. Bəlkə də, haqlıdırlar, mən sənin iyini götürmüşdüm. Çox da ağrılı bir şeydir birinin qoxusuna, səsinə bağlanmaq. Ondan o tərəfdə həyat dayanmış olur, səninçün hər şey təfərrüata bənzəməyə başlayır. Başına gəlməsin, yazıqsan. Necə qıya bilərəm ki sənə? Sən məndən bir pillə öndə oldun hər zaman. Mənim gözüm yalnız səndə, səninsə gözün yüksəklərdə oldu. Halbuki mən başqa istiqamət bilmirdim.
Bir dəfə məndən soruşdular ki, neçə istiqamət var? Mən dedim:
– Şimal, cənub, şərq, qərb və sən.
Mənə görə bütün yollar yalnız sənə istiqamətlənmişdi.
Bilmirəm niyə anlamadın sənə olan hisslərimi? Yəni gözlərim bu qədərmi mənasız baxırdı? Lap, tutalım, mənanı görmədin, bəs o boyda səni necə görmədin gözlərimdə? Zibilə qalsın, mənim gözlərim səndən başqa heç nə görmürdü. Düzdür, çox zaman aşırı qısqanclığım olurdu, amma inan mənə, sənə olan bütün mənfiliklərim sevgimdən yaranırdı. Elə bilirsən, özümə ziyan etmədi? Etdi, təbii ki, hələ o yana da keçdi. Axırda özüm öz zəhərimdə boğuldum.
Bu basırıqda məni ən çox da yandıran odur ki, hisslərimin ən gözəlini sənə qarşı duymuşam və ən gözəl sözləri sənə yazmışam. Məsələ gözəl sözlərdə-filan deyil, yalan deyirəm. Məni ən çox yandıran, sənə ürəyimi açmağa tələsməyimdir. Dərd odur ki, etimadımı doğrultmayacağını bilirdim, yenə də özümə qoyulmadım. Həyatımda boş yer qoymamışam, bütün saatlarımı məşğul etmişəm ki, səni düşünməyə ayıracaq bir dəqiqəm belə olmasın. Di gəl ki, çifayda...
Burnumun ucu göynəyir səninçün, amma qüruru qırıb bir kəlmə “salam” yazmaq mənə ağır gəlir. Heç vaxt ağlımın ucundan keçməzdi ki, səni belə vəhşicəsinə sevə bilərəm... Olur belə, quzum, darıxma. Bir də görürsən, elə adamı sevirsən ki, yatsan, yuxuna da girməz nə zamansa o adamı sevəcəyin. Üstünə də bonus “Allahın cəzası” deyək, bir an belə unuda bilmirsən onu. Az qala başını divara çırpmaq istəyirsən ki, onu düşünən beynin dağılsın. Səndən uzaq, qulaqlarını çək, başına gələr…
Hər dəfə sənə bir addım atmaq istəyirdim, on addım geri çəkilirdim. Kəsilə-kəsilə qalırdım. Çox pis adamam, tamam, nə desən, haqlısan. Lakin mən bir insanı ya sevirəm, ya sevmirəm. Orta hədd deyə bir şey yoxdur mənim üçün. Bir adamı ya ürəyimin ən dərin qatlarınacan ötürürəm, ya da bir təbəssüm qədər aralı saxlayıram... Və bir adamı o qədər sevirəm ki, sevgimlə boğub öldürə bilərəm. Büsbütün təslim oluram həmin adama. Onu bütləşdirirəm gözümdə və yalnız ona inanıb, ona sitayiş edirəm. Mən bilmirəm sevmək başqa nə cür olur? Bircə onu bilirəm ki, sən mənim varlığına sığındığım səcdəgahımsan.
Əzbərimə hopmusan, səni şeir kimi əzbərləmişəm. Mən artıq səni o qədər əzbər bilirəm ki, nəyə, harada və necə reaksiya verəcəyin mənə gün kimi aydındır. Bu səbəbdən təkcə özün yox, emosiyaların da, düşüncələrin də, cizgilərin də mənə son dərəcə doğmadır. Adama vətən kimisən, insan sənin yanında rahatlıq tapır, sən olmayanda darıxır. Bir ömürlük sükuta bənzəyir ani səssizliyin. O məlum gün, əslində, sən görməmişdin mən sənin gözlərində batanda. İşə bax, səndə boğulmaq da şirindir.
Adətən gec tanıdığım adamlar haqda belə düşünürəm: görəsən, həyatında pis günü çoxmu olub? Sonra da öz-özümü tənbeh edirəm ki, mən onun pis günlərində yanında ola bilməmişəm. Kaş sənə zərər verə biləcək hər şeydən və hər kəsdən səni qorumağa gücüm yetə... Mən hər yerdə yanında ola bilmirəm, əslində isə mən həmişə səninləyəm, sadəcə sən duymursan. Adının baş hərfi belə üzümün gülməsini təmin edir. Anlamıram, bu necə bir hissdir axı? Yox idin, həyatım sənsiz olmurdumu? “Yenə olacaq” deyərdim, amma tərs kimi sənsiz də olmur... Eybi yox, rədd olsun mənim həyatım,əsas sən məsud ol. Üzün həmişə gülsün, daim xoşbəxtlik çiçəkləri açasan. Səndən bir tək xahişim var, özünü qoru. O qədər qoru ki, kimsənin üfürməyə belə gücü yetməsin. Mən bir gün olmayacam, amma sən hər zaman var ol. Tanrı qarşına yaxşı insanlar çıxarsın. Hə, az qala unudurdum, bir də səni mənim qədər sevən bir adam. Sən də sevəsən onu, amma mənim səni sevdiyim kimi yox, adam kimi sevəsən...