Sənsizm
(N.H-nı tanıdıqdan sonra)
Səni sevmək
zülm bir iş,
burda doğulmaq kimi.
Alın yazısını
sondan əvvəlinə
oxumaq kimi...
Səni sevmək
müsəlman orucunda iftara gələn
çoxillik şərab kimidi...
bu qədər vazkeçilməz,
bu qədər günah...
Bir az da
qabırğasını çimdikləyib
oynadığım əzrailin
kölgəsində sürünməkdi.
Tellərinin havasına
barmaqlarımın oynaması,
əllərimin hörüklərinlə
əl-ələ tutub yallı getməsidi
səni sevmək...
Saçlarımın qarasını
sığalında itirib,
nağıldakı qurbağanın
dodağından öpməkdi –
bəlkə, sənə çevrildi.
Öpüşlərimi qızılgül ləçəkləri kimi
boynundan asmaq,
çiynimdə mələklər yerinə
saçlarının rəqs etməsidir
sənə tapınmaq.
Əllərim darıxmasın deyə,
Tanrı yaratdı səni.
Qapımızın cəftəsinə çevrilib əllərim
bəlkə, döyəcəksən qapımı.
Heç nə istəmirəm,
hər sabah zəngli saata çevrilsin
yatağımda "oyan" deyən öpüşün.
Yetişməmiş göyəmlər
hədiyyəm olar boynuna
aldığım hər öpüşün əvəzində.
Dillərimizin yerini dəyişərik,
ağzımızda "fransızca".
İndi Adəmlər
yoldan çıxır bir yox, "cüt alma"ya.
Ya özün gəl,
ya da qaytar qabırğamı.
Orda
həbsxana divarları ucalır,
bir ağac boylanır həyətindən.
hər mövsüm gözətçi budayır
divarlardan
azadlığa çıxan budaqlarını.
Azadlığı
məftillərdən kənara çıxan
kölgəsi dadır bu ağacın.
Sənə uzanan əllərimdi o budaqlar...
Getdiyin bütün yollar kölgəmdi mənim.
Heç bir quruluş ovutmur məni
nə kapitalizm, nə də kommunizm
indi hər yer "Sənsizm"di.
13:cü gecə etüdləri
Xınalı əllərin, xanım əllərin
Gündüzlər qızının qara telini,
Gecələr yuxumu qarışdıracaq.
Sabir Yusifoğlu
Evimə oğru girdi,
Kimsə görmədi.
Qəlbimə sən girdin,
hamı gördü,
gördü...
Mən qapımı döyən əzrailə
“Otur, çay iç, dincini al” –
deyən adamam,
sənimi sevməyəcəm?!
Bilyard şarıtək düzüb planetləri
nə qədər ki, Tanrı
vurmayıbdı kilini,
əlini ver əlimə,
çıxaq taleyin süfrəsindən,
qalxaq Allahdan yuxarı.
Daha mövsümüdü gəlişinin,
qapımdan əl izlərini dərirəm.
Hansımız tez çatacaq sənə –
yollar ayaqlarımla qaçır, yarışır.
Qulaqların dodaqlarımdan oğurlayar
hələ deyilməmiş sözləri,
saçların əsir düşər darağıma.
Dodaqların təzə açmış yaz çiçəyi,
mənsə bal arısı...
Ayaqlar getmək üçün yox,
qayıtmaqçündü...
Düşünmə qəlbə gedən yolları,
o yol, bəlkə, elə özünsən.
Səni qısqanan göyərçinlər
həyətinizdən
ayaq izlərimi dənləyir.
Bezər cüt çarpayılıq təklikdən,
hayqırar:
"Daha göyə baxanda ulduzları yox,
səni görmək istəyirəm".
Sənin Adəmin mənəm,
inanmırsan, bax...
qabırğamdakı yerinə...
Daha sənlə yaşamaq yox,
səni yaşamaq istəyirəm.
Düşmən ölkələr arasındakı
səngərə çevrilər
aramızdakı adamlar.
Atlantik və Aralıq kimi
qarışmağa qoymazlar.
Yalnız bir var,
iki birin kölgəsidi.
Nifrət qəlbindəki boşluq,
sillə sığalın aqressiyasıdı.
Dünyanın ən qulaqbatırıcı səsidir
sevdiyin adamın sükutu.
Barmağındakı üzük də soğan kimi
dil açar gözlərində,
xatirələr boğaza dirənmiş ülgücə çevrilər.
Nə fərqi var, Bakı,
ya da ki Ərdəbil,
indi sinəm bütöv Azərbaycandı,
rahat qoy başını
Vətəninə...
VENESİYAYA MƏKTUB
(Birinci məktub)
Bir az əsmər, bir az günəş-şokolad qız,
Sən gedəli
burda şirniyyatların dadı qaçıb.
Venesiyanın suları
gecələr pıçıldayırmı qulağına
Sumqayıtın yalnızlığını?
Heç gördünmü
eşqə qalxmışam desin kimsə?
Hamı düşdü,
düşdü.
Düşmək qalxmaqdı
necə ki, Yusifi endirdilər
qalxmasıyçün
Allahın eşq quyusuna.
Sən də mənim eşq quyumsan
balıqların Marian zirvəsi kimi.
Ayaqlarımın addımlamağı
əllərimi aldatmaqdı,
səcdə edir getdiyin yollara.
Üzümü hara tutum dua edəndə
Məkkəyə, Vatikana,
yoxsa Venesiyaya?
Bədənimdən ayrı düşən ayaqlarım,
"Axilles dabanı"msan.
Kişilər qadınsız yeriyə bilməz bu həyatı.
Günəşə həsrət mamırlar
ayağına dolanıb yalvarırmı
“Getmə, qal, əsmər günəş” – deyə?!
Üzük yerinə
öpsəmmi barmağından?!
...Bəlkə də, bir itimiz olar,
adını Kio qoyarıq.
Sevgi dilində danışır itlər
elə mənim dilimdə.
Çox yorulmuşam, şokolad qız...
Bu həyatdan nə doydum, nə də bezdim.
Yoruldum,
yoruldum, şokolad qız.
Aldadasan hamını...
Elə özünü də,
Tanrını da,
Onun yazdığı 75 illik ömrü də;
33 yaşında
atasan özünü
dənizin qolları arasına.
Cırasan alın yazısının qalan səhifələrini
balıqlar öpə gözündən,
yosunlar anantək bələyə səni.
Allah da köks ötürüb deyə:
"Bağışla...
Bağışla məni".
Mənim gücüm çatan iş deyil bu iş,
alın yazısında proqnozlarım
özünü doğrultmur buralarda heç...
İkiəlli yapışıb tavandakı ipdən
özünü asan gəncin kölgəsi.
Körpüdən ölümünə tərəf boylanan
bir başqasının da kölgəsi
boğulub dənizdə çoxdan...
Kölgəmiz cəsarətli çıxır özümüzdən.
Yuxularımız necə,
onlar da yazılıb alın yerinə?!
Şeytan Allahın,
gecə gündüzün,
yuxular həyatın,
sən mənim kölgəmsən.