Ağlım kəsəndə bəzi əhvalatlardan, məsələlərdən xəbər tutdum. Təbii ki, günbəgün, aybaay, ilbəil ağlım daha çox şey kəsməyə başlamışdı və əlbəttə ki, mən də çox mətləblərdən hali olurdum.
Ağlım kəsəndə ilk heyrətim o zaman yarandı ki, mənim anam tay-tuşlarımın analarından niyə belə çox qocadır. Anam taytuşlarımın az qala nənələri yaşında idi. Həm də burası da məni çox heyrətə salmışdı ki, oturubdurduğum oğlanlar şuluqluq salıb nadinclik edəndə anaları onları çubuğun altına salır, hədələyib hərbələyir, dişlərinin dibindən çıxan qarğış-qadağa yağdırırdılar. Mən isə dünyanı dağıtsam da, anam mənə nəinki əl qaldırar, heç barmağının ucu ilə də toxunmaz, çırtma belə vurmazdı. Anam başımı sığallayıb qarğış-qadağa nədir, mənə elə xoş sözlər deyərdi ki, mən də yeni-yeni nadincliklər etməyə daha da həvəslənərdim.
...Günlərin bir günü anamın xəlvətə çəkilib, sandıqdan bir şəkil çıxartdığını, dodaqlarına aparıb öpdüyünü, sonra da için-için ağladığını, nəhayət, gözlərinin yaşını silib, şəkli götürdüyü yerdə gizlətdiyini gördüm. Qapının arasından gizlicə anamı güdürdüm. Anam sonra da üzünü divardan asılmış şəklə tutdu. O şəkil mənim idi. Anam mənim o şəklimə baxıb köks ötürə-ötürə:
– Nə ağır ayağın varimiş, a bala, – deyə pıçıldayırdı, – nə ağır ayağın var imiş...
Ağlım kəsirdi və o sirdən də elə həmin agah oldum. Demə, mən doğulan gün məni dünyaya gətirən anam özü bu dünyadan köçüb. Dərdə dözmədiyindən, hər nəsə, atam da anamın dəfninin elə ertəsi günü baş götürüb birdəfəlik kənddən gedib.
Mən də elə o vaxtdan ana bildiyim nənəmin himayəsində qalmışam.
Çox davakar uşaq idim. Ana bildiyim nənəm məni – qəlbiqırıq oğlanı dəcəl böyüdürdü. Bir gün sözüm çəpləşdi, qonşunun oğlunun gözünün altını vurub qaraltdım. Qonşu qadın da balağını əlinə alıb nənəmin üstünə şikayətə gəldi. (Mən belə fikirləşirdim və təbii ki, qaçıb gizlənməyə yer axtarırdım). Ancaq qonşu qadın nənəmə nə şikayət etdi, nə də bir söz dedi. Məni oğlu ilə barışdırıb, sonra da başıma bir sığal çəkib, üzümdən öpüb getdi.
Qonşu qadın gedəndən sonra “anam” da gah hıçqırıb ağlaya-ağlaya, gah da toxtayıb doluxsuna-doluxsuna məni agah etdi ki, bəs mənimlə bir vaxtda doğulan körpələrin anaları o vaxt rəhmə gəlib hələ ana itkisindən bixəbər, aclıqdan zar-zar ağlayan çağanı öz övladlarının süd payına şərik edib əmizdiriblər. Nənəm də ana südündən kəsilənəcən məni beləcə böyüdüb. Mənim o süd analarım kimlər idi, nədənsə nənəm onları mənə tanıtmamışdı... Demə, döydüyüm o qonşu oğlan da mənim süd qardaşım imiş...
O gündən həmyaşıdım olan həmin oğlanı özümə qardaş bildim.
Günlərin birində kəndimizdə bir qızın bantını qoparıb cırnatmışdım. Qız da ağlaya-ağlaya evlərinə qaçmışdı.
Az sonra anası incitdiyim qızını qabağına qatıb bizə gəldi. Bu dəfə qaçıb gizlənməyə imkanım olmadı. Həmin qadının nənəmlə necə öpüşüb görüşmələrinə, nənəmin içəri keçib sandığı açıb eşələməyinə, sandıqdan güllü bir yaylıq çıxarıb incitdiyim qızın başına atmağına, bağrına basıb öpməyinə mat-məəttəl baxırdım. İncitdiyim qızın anası məni də bağrına basıb öpəndən sonra nənəmlə qucaqlaşıb ayrıldılar. Onda bildim ki, o qız da, demə, mənim süd bacım imiş. O gündən sonra mən olan yerdə hansı oğlan mənim süd bacıma gözünün ucu ilə də olsa baxa bilərdi ki?..
Beləcə, süd qardaşlarım, süd bacılarım çoxaldıqca tənhalığımı unutmuşdum. Hətta anamın vaxtsız ölümünə ürəyimdə uşaq ağlım ilə az qala sevinirdim ki, anam ölməsəydi, heç bu qədər qardaşım, bacım da olmazdı. Hərçənd ki, artıq ağlımda çox şey kəsirdi...
GÜNƏŞİN OYANMASINI İSTƏMƏYƏN UŞAQ...
Elə bil ağacların budaqlarında gecələyən quş idi.
Quşlar səhərin ala-toranında öz civiltiləri ilə bu boyda dünyanı necə oyandırırdılarsa, oğlan da hər səhər erkən cingiltili səs-küyü ilə evdəkilərin şirin yuxusuna haram qatar, yerlərindən qalxmağa məcbur edərdi. Sübhün ala-toranında oğlanın gözü pəncərədə qalardı. Elə bil günəş də onun oyanmasına bənd idi, oğlan pəncərədən gözlərini qıyıb baxan kimi günəş də onların pəncərəsindən görünən dənizin uzaq üfüqlərində boy verə-verə yuyunub dənizdən çıxardı. Oğlana elə gəlirdi ki, o boyda günəşi də yuxudan oyadan o özüdür. O məmnun olar, yerə-göyə sığmazdı.
Oğlan gecələr nə qədər gec yatsa da, beləcə hər gün yatağından erkən durub günəşlə birgə evdəkiləri də oyadardı.
Hətta bəzən qonaq getdikləri, qalası olduqları evlərdə də yerini pəncərənin qabağında saldırar, səhər açılmamış gözü pəncərədə qalardı.
Oğlan beləcə səhərlər günəşin oyanmasını, axşamlar isə atasının işdən evə qayıtmasını səbirsizliklə, intizarla gözləyə-gözləyə böyüyürdü...
Bəzən dumanlı-çiskinli havalarda günəşin çıxmasını görə bilməyən oğlanın hətta günəşə acığı da tutardı; yolunu gözlədiyini bilə-bilə, niyə günəş dumanın-çiskinin əlində belə aciz qalıb?
* * *
Bir gün oğlan günəşi yenə həmişəki vaxtında qarşıladı. Lakin həmin axşam atasını qarşılaya bilmədi. Atası o gün axşam işdən evə qayıtmadı. Oğlan səhəri dirigözlü açıb atasının yolunu gözlədi. Səhərə yaxın oğlanın bir gözü pəncərədə, bir gözü qapıda qalmışdı. Pəncərədən günəş oğlanı salamlasa da, qapını açan olmadı. Oğlan özünə yer tapa bilmirdi.
Günlər keçirdi...
Yenə səhərlər günəş çıxır, axşamlar isə atası evə qayıtmırdı ki qayıtmırdı...
Oğlanın təsəllisi bu idi ki, nə yaxşı günəş atası kimi onun gözünü yolda qoymur. Yoxsa xiffətindən oğlanın bağrı çatlardı.
Nəhayət, bir gün anası onu geyindirib-kecindirdi, sonra da doluxsuna-doluxsuna: – Hazırlaş, atanın görüşünə gedirik, – dedi.
Oğlan sevindiyindən görüş yerini anasından heç xəbər də almadı.
Hə, demə, görüş yeri evlərindən çox-çox uzaqda, düzün ortasında – daş divarlarla əhatələnmiş bir binada imiş. Binaların künclərində hündür qüllələr ucalırdı və o qüllələrdə əli avtomatlı keşikçilər diqqətlə ətrafa göz qoyurdu.
Oğlanın maddım-maddım, ətrafa baxdığını görən ana göz yaşları içərisində onu başa saldı ki, hə, oğlum, bura dustaqxanadır. Nənəsinin danışdığı nağıllardan oğlanın yadında qalmışdı ki, hökmdarlar əllərindən qəzəbləndikləri adamları quyuya atıb dustaq edirlər... Ancaq atasının dustaq edildiyi quyu isə yerin üstündə idi...
* * *
Atası ilə qalıb gecələməyə oğlana icazə vermişdilər. Ana sübh erkən gəlib oğlunu aparacaqdı.
Oğlan çarpayıda uzanıb atasına qısılmışdı. Ata oğlu ilə söhbətdən doymasa da, gecədən xeyli keçmiş yorğun dustağı yuxu apardı.
Görüş otağının divarlarının birinin ən hündür yerində dar, bir gözlü pəncərə var idi. O pəncərədən gecənin zülməti içəri dolmuşdu.
Oğlanın gözü pəncərədə, gecənin zülmətində qalmışdı. Birdən-birə ona elə gəldi ki, həmişə nədənsə ləngiyən səhər, oyanmağa gecikən günəş bu dəfə sanki tələsir. Oğlan günəşdən incikliyini güclə boğurdu.
...Və sübhün ala-toranında atasını yuxudan oyadıb ayıltmamaq üçün nəfəsini içinə çəkən oğlan boğula-boğula dodaqaltı dua edirdi ki, kaş günəş bu səhər erkən qalxmasın...
SƏRÇƏLƏR DƏ DİL BİLİR...
(qısa hekayə)
Şikəst idi, ayağını çəkirdi. Dəmi gələndə axsaya-axsaya üst mərtəbədən siqaret çəkmək üçün aşağı – həyətə enərdi. Həyətdə su kranının yanında həmişə dolu vedrələr olurdu. Bir sərçə uçub gələr, həmin dolu vedrələrdən birindən su içərdi.
Həyət sərçəsi idi. Qorxusuz-ürküsüz geniş həyət-bacada belədən-belə uçur, gah hündürə qalxır, gah da aşağı enirdi.
Əvvəllər fikir verməmişdi, demə, o, yerindən tərpənəndə və ya öskürəndə sərçə də ürküb doyunca su içmədən uçub gedirmiş. Sonralar sərçə yanğısını söndürənəcən o, öskürəyini boğar, heykəl kimi qımıldanmadan donub yerində qalardı.
Bir gün də həmişəki yerində oturmuşdu. Vedrələr də yerində idi. Bax, yenə həmin sərçə idi, su içməyə gəlmişdi. O, yenə öskürəyini boğdu, yenə heykələ döndü. Ancaq vedrəyə yaxınlaşan sərçə onun üzünə baxa-baxa uçub getdi.
Qanadlanıb havaya qalxan sərçə çox keçmədi ki, qayıdıb təzədən vedrələrdən birinə yaxınlaşdı. Dimdiyini vedrəyə yaxınlaşdırmadan yenidən aralandı.
O, çaş-baş qalmışdı. Sərçənin vedrədən əyilib su içməyi, neçə vaxtdan bəri onun üçün əsl tamaşa, bir rahatlıq idi. Bəs indi sərçə niyə onu baxıb həzz aldığı bu tamaşadan, qəlb rahatlığından məhrum edir?
Şikəst ayağı ilə yerindən qalxmaq nə qədər çətin olsa da, durub vedrələrə sarı yeridi. Vedrələr boş idi. Əzaba-əziyyətə qatlaşsa da, vedrələrdən birini su ilə doldurub əvvəlki yerinə qoydu. Yəqin ki, sərçə su ardınca yenə qayıdacaqdı. Vedrəni dolu görüb sevinə-sevinə suya cumacaqdı. Yanğısını söndürüb onun üzünə baxa-baxa hələ bir civildəyəcəkdi də.
...Qurtum-qurtum su içən sərçənin bir gözü onda qalmışdı. İçib doyan quş havaya qalxdı. Şən-şən civildəyə-civildəyə elə bil öz quş dilində nəsə deyirdi. Fikirləşdi ki, Süleyman peyğəmbər kimi o da quş dili bilsəydi, sərçənin dediklərini başa düşərdi.
Yəqin ki, sərçə minnətdarlıq edirdi...