ÜRƏKLƏRİN DƏRDİ
Hər ürəyin
bir dərdi var,
ürəyin dərdi olmasa,
mərəzi olmasa,
gözəl havanı neylər?..
Sürrü-səfanı neylər!..
Ürək də öz dərdinə
dərman axtarır,
Necə ki,
şahlar
qərar verməyə
fərman axtarır.
Hərənin başı dünyada
bir şeyə qarışıb:
kasıb kəndli
hələ də
ununu üyütməyə
kənddə dəyirman axtarır.
Varlı qədim
şəhərdə
reklamı baha olan,
konki-idman axtarır.
Hər kəsin
bir dərdi var:
dünyada əzəldən
bircə ilan
zəhərini dağıtmağa
yuva axtarmır,
bir də arı balını satmağa
adam axtarmır...
Dünyanın
ən gözəl
insanları tək...
***
Deyirlər,
kəndimizdə
bir qoca varmış,
qızlar ərə gedəndə
dəsmalını
alıb əlinə,
oturub
bir daşın üstündə,
qəribsəyib ağlayarmış.
El deyənlər
yalan olmaz,
a qardaş:
Bu məsəlin özü də
bir az həqiqətdi,
bir az nəsihət,
yaxşı
fikir
verən adam,
götürər, əlbət, məsləhət.
Bu dünyanın
dərdi-səri
qocalara qalırmış,
bir gün sən də
qocalanda
bilərsən, yəqin,.. əlbət...
***
Son nəfəsdə
bəzi ad amma,
yazdığı sətirlər qalır.
Bir də çaşıb
bir gün birinə
danışdığı xatirələr.
Dünya
xətir-hörmət arasında
bir körpüdü, deyirlər.
Bu körpüdən
keçən keçir,
keçməyən keçmir –
məktəbdəki
dərs imtahanı kimi.
İnsanlara qalsa,
insanlar çoxdu dünyada.
Bir-birindən
gah yaxın,
gah da aralı gəzir.
Bəziləri də işi düşəndə,
ya da bir ağır işə düşəndə
“haralı” gəzir...
Soyuqqanlılar
havalı,
istiqanlılar
yaralı gəzirlər.
Neyləyək,
dünyanın
işləri belədir,
Onsuz da
kimlərsə
kimlərinsə
yerinə cavab ki
vermir!..
***
Həyatı
bir kitab kimi,
oxumaq
mümkün olsaydı,
yandırmazdı
əzəldən
dünyanı
aqillərin
dərdi.
Ötən əsrlərdən
bu günə
yadigar qalmazdı,
“Süleymana
qalmayan
dünya,
sənə də qalmaz”
məsəli.
İnsan bir də
dünyadan
köçəndə anlayır
sanki:
onu yandıran elə
öz dərdi-öz qəmi.
Dünyanın özünə qalır,
ancaq
dünyanın dərdi.
* * *
(şair Rəsul Rzaya)
Yuxu kimi gözlərimə
dolurdu dəniz,
yuxumu dalğalara
danışdım səssiz.
Elə bil uzaqdan
bir haray gəldi,
qəlbim döyününcə
səsi yüksəldi.
Şair, bu nəğməni
sanki hər vədə
dinləyə bilməyib
təzə dinləyirdim,
yazdığın mənalı
sətirlər kimi.
İndi hər kitabda
yerin görünür,
dənizdə dalğadı
hər gözəl misran.
Dəniz dalğalardan
doymayan kimi,
doymaq da çətindi
yazılarından.
Həyatı yuxuya
bənzətdim bir an,
“Bakı”nı, “Gilavar”ı
ürəklə dinlədiyim an.
* * *
Payız günəşinin
hərarətinə
elə aldanır ki
saralmış otlar,
elə bil təzədən
qışın yerinə
bir anda dönəcək
bu yurda bahar...
Bəzən belə olur,
ağılsız qızlar
aldanır oğlanın
şirin dilinə.
Şirin dil də
nə dil,
əfi ilanı
çəkib yuvasından
çölə çıxardar...
Kaş təmiz sevginin
qədrini bilək,
üstümüzdən keçsə də
yüz belə bahar,
təmiz sevgi güldü
daim ətirli,
sovurmasın kaş onu
acı ruzigar.
Allaha üz tutaq –
böyükdü Allah,
hər gizli dərdə
özü dərman tapar.
ƏMƏLLƏR - ƏMƏLLƏR
Yuxu görürəm elə bil,
biri deyir, gözlərimdə
dəyişib dünya,
o biri deyir,
çətinləşib dünya...
Birinin günü
xoş keçəndə
deyir, gözəlləşib dünya.
Biri çətinə düşəndə
deyir, çətinləşib dünya.
Belə yerdə bizə qalan,
səbir olur, ay bala...
Dünya elə əzəldən
dünyadı dəyişməyən
Gərdişində necə varsa,
eləcə də qalır dünya.
Bizi sınayan Allahdı,
Ondan qalıb bizə dünya.
Dünya necə
yaranıbsa, əzəldən
eləcədə qalır dünya.
Taleyimiz bənzəyir
yaşıl-sarı yarpaqlara.
Yaxşıların ömrünə
yaşıl yarpaqlar düşür,
pislərin də ömrünə
xəzəl kimi saralan
sarı yarpaqlar.
Bizi bizdən sonra
dünyada,
yaşadan da yarpaqlardı;
yada düşəndə
bizdən sonra
bir-bir əməllərimiz,
yaxşıları yada salıb
budaqda
cücərəcək təzədən
yaşıl yarpaqlar,
pislər də inciməsin,
xəzəl olub şəhərin
küçələrində
gərəksiz əməlləri kimi,
töküləcək zirvədən
sarı-sarı yarpaqlar.
Unutmasın qoy dünyada
heç bir insan:
bizi bizə ən sonra
könüllərdə yaşadan –
dillərdə yaşadan
əməllərdi, ah əməllər...